Ölkəmizdə təhsil infrastrukturunun
yenilənməsi istiqamətində işlər pandemiya
dövründə də davam etdirilib
Regionlarda təhsilin
maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə
yeni məktəb binaları inşa olunur, yaxud əsaslı təmir
edilir
(əvvəli ötən sayımızda)
Məktəbin həyətində qazanxana,
generator, içməli, çirkab və yanğın əleyhinə
su anbarları tikiləcək, idman meydançası yaradılacaq,
abadlıq və yaşıllıq işləri həyata
keçiriləcək. Tikinti işlərinin 2021-ci ilin may
ayında başa çatdırılması nəzərdə
tutulur.
Öz növbəsində, Xaçmaz rayonunda
da təhsil müəssisələrinin infrastrukturunun
yaxşılaşdırılması, maddi-texniki bazanın
müasirləşdirilməsi istiqamətində işlər
davam etdirilir. Verilən məlumata sasən, hazırda 480
şagird yerlik Şəmsəddin Sədiyev adına
Qımılqışlaq kənd tam orta məktəbində əsaslı
təmir işləri aparılır. Məktəbdə
müasir laboratoriya, kitabxana, yeməkxana, müasir avadanlıqla
təchiz edilən kompüter otaqları, emalatxana, idman
zalları və istilik sisteminin yaradılması nəzərdə
tutulub.
Xaçmaz rayonunun Xudat şəhərində
isə 432 şagird yerlik ikimərtəbəli məktəb
binası inşa olunur. Telman Fərzəliyev adına Xudat
şəhər 1 nömrəli tam orta məktəb
üçün yeni binanın tikintisinə ötən ilin
dekabr ayından başlanılıb. Binada sinif otaqları,
laboratoriyalar, gənclərin çağırışaqədər
hazırlığı, əmək təlimi və kompüter
otaqları, idman, 260 yerlik akt zalı, kitabxana və 144 yerlik
yeməkxana olacaq. Yeni təhsil müəssisəsinin
inşası təhsilin keyfiyyətinin
yaxşılaşdırılmasında mühüm rol
oynayacaq. Əvvəlki bina 93 il öncə istifadəyə
verildiyindən müasir tələblərə cavab vermirdi.
Üç korpusdan ibarət təhsil müəssisəsi
müasir istilik və işıqlandırma sistemi ilə təchiz
olunacaq. Yeni məktəb binasının həyətində
qazanxana və su çənləri də tikiləcək.
Bundan başqa, Prezident İlham Əliyevin
müvafiq sərəncamları ilə 2020-ci il ərzində
Xaçmaz rayonunun Tikanoba, Qədimalıqışlaq,
Əbilyataq, Xanoba, Xanlıqoba, Çuxuroba və Hacıməmmədoba
kəndlərində, ümumilikdə, 7 modul tipli məktəb
quraşdırılır. Heydər Əliyev
Fondu tərəfindən bir məktəb binası əsaslı
təmir olunub, eyni zamanda, “Azərbaycan Respublikası
regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı” çərçivəsində
bir məktəb binası əsaslı təmir olunur və bir
məktəb binası isə yenidən tikilib.
Cənub bölgəsinə gəlincə, Təhsil
Nazirliyinin sifarişi ilə Masallı rayonunun Boradigah qəsəbəsindəki
İnqilab Nağıyev adına 2 nömrəli tam orta məktəb
üçün yeni üçmərtəbəli bina
inşa olunur. Verilən məlumata əsasən, ötən
ilin noyabr ayında tikintisinə başlanılan 600 şagird
yerlik yeni məktəb binasında şagirdlərin yüksək
səviyyədə təhsil almaları üçün
lazımi şərait yaradılacaq.
Müasir istilik və su sistemi ilə təmin
ediləcək təhsil ocağının yeni binasında
geniş sinif otaqları, kimya, fizika, biologiya laboratoriyaları,
kompüter otağı, kitabxana, yeməkxana, akt və idman
zalları müəllim və şagirdlərin ixtiyarına
veriləcək. Yeni məktəb binasının bu ilin sonunadək
istifadəyə verilməsi nəzərdə tutulub.
Dağlıq ərazidə yerləşən
Lerik rayonunda təhsilin maddi-texniki bazasını möhkəmləndirmək
məqsədilə yeni məktəb binaları tikilərək
müəllim və şagirdlərin ixtiyarına verilir.
Ötən tədris ilində rayonun Orand kənd tam orta məktəbi
üçün tikilmiş 180 şagird yerlik yeni,
üçmərtəbəli məktəb binası tədris
və idman korpusundan ibarətdir. Tədris korpusunda on bir sinif
otağı, informatika, texnologiya, fizika, kimya,
çağırışaqədərki hazırlıq
kabinetləri, kitabxana və oxu zalı, məktəbəhazırlıq
qrupu və tibb otaqları, bufet var.
Məktəb binasında videomüşahidə,
yanğın əleyhinə xəbərdarlıq sistemləri,
internet xətti mövcuddur. Binanın istiliklə təmin
olunması üçün təbii qazla və ya elektriklə
işləyən, müasir tələblərə cavab verən
qazanxana və nasosxana quraşdırılıb.
Məktəbin elektrik enerjisi ilə təminatı
üçün 100 kilovoltluq transformator yarımstansiyası
quraşdırılaraq generatorla təmin edilib.
Ötən il Lerikdə, həmçinin Təhsil
Nazirliyi tərəfindən 20 yeni modul tipli məktəb
binası tikilərək müəllim və şagirdlərin
ixtiyarına verilib. Rayonun Siyov kənd tam orta məktəbi
üçün inşa edilən 180 şagird yerlik yeni məktəb
binasının tikintisi başa çatıb. Təhsil müəssisəsinin
binası yeni dərs ilində istifadəyə veriləcək.
Qeyd edək ki, Prezident İlham
Əliyevin 2020-ci il 8 avqust tarixli “Azərbaycan Respublikasında
təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər
haqqında” Sərəncamına əsasən 13 rayonda 26 modul
tipli məktəb binasının quraşdırılması nəzərdə
tutulub. Bu məqsədlə Təhsil Nazirliyinə 7
milyon manat vəsait ayrılıb.
Həmin Sərəncama əsasən Lerik
rayonunda dörd ədəd modul tipli məktəb binasının
quraşdırılmasına başlanılıb. Andurma,
Aşağı Çayrud və Laman kənd ümumi orta məktəblərinin
hər biri üçün 40, Loda kənd ibtidai məktəbi
üçün 20 şagird yerlik modul tipli məktəb
binaları quraşdırılır.
Ümumiyyətlə vurğulamaq yerinə
düşər ki, son illərdə respublikamızda ənənəvi
məktəb binalarının inşası ilə
yanaşı, modul tipli məktəblərin
quraşdırılması da həyata keçirilir. Modul tipli məktəblərin
üstünlüyü onların azməsrəfli olması,
qısa müddət ərzində istənilən relyefdə
quraşdırılması, asan daşınması, sinif
otaqlarının sayının şagirdlərin sayına
uyğun olaraq rahatlıqla
azaldılıb-artırılmasıdır. Modul tipli məktəblərin
tikintisində əsasən yerli istehsal məhsullarında
istifadə edilir.
Bütövlükdə, yeni tədris ilinin əvvəlində
Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri
yekunlaşdırılmış 47 məktəb binası
şagirdlərin istifadəsinə veriləcək. Onlardan 8-i
yeni tikilən, 5-i əsaslı təmir olunan, 34-ü isə
modul tipli məktəbdir. Təhsil Nazirliyindən bildirilib ki,
2020-ci ilin sonunadək qurum tərəfindən təmir-tikinti
işləri yekunlaşdırılmış 100-ə
yaxın məktəb binası şagirdlərin istifadəsinə
veriləcək ki, onlardan da 60-ı modul tipli məktəbdir.
Qeyd olunduğu kimi, Prezident İlham Əliyevin son aylarda
imzaladığı sərəncamlara əsasən, ölkəmizin
ayrı-ayrı bölgələrində yeni modul tipli məktəblərin
inşasına əlavə vəsait ayrılıb.
Qarşıya qoyulan hədəf isə budur ki, dağ kəndlərində
və ucqar kəndlərdə modul tipli məktəblərin
tikintisi layihəsi də yaxın iki il ərzində başa
çatmalıdır.
Yeri gəlmişkən, verilən məlumata əsasən,
ölkəmizin hər yerində olduğu kimi şimal bölgəsində
də modul tipli məktəblərin tikintisi davam etdirlir. Belə
ki, son üç ildə şimal regionunda 48 modul tipli məktəb
binası istifadəyə verilib. 2020-2021-ci tədris ilində
isə bölgədə daha 30 məktəb binasının
istifadəyə verilməsi nəzərdə tutulub. Bunlardan
26-sı modul tipli məktəblərdir.
Məsələn, Xaçmaz rayon İlqar Məmmədov
adına Xanlıqoba kənd ümumi orta məktəbi
1963-cü ildə istifadəyə verilib. Təhsil müəssisəsi
istismar müddətini başa vurduğundan yenisi ilə əvəz
olunur. Yeni qurulan modul tipli məktəb binası 80 şagird
yerlikdir. Məktəbin direktoru Əlican Əliyev KİV-ə
açıqlamasında bildirib ki, yeni məktəb müasir
avadanlıqlar və mərkəzləşdirilmiş istilik
sistemi ilə təmin ediləcək. Bu məktəblərin
üstünlükləri azməsrəfli olması ilə
yanaşı, qısa müddət ərzində istənilən
relyefdə quraşdırılması, asan
daşınması, şagirdlərin sayına uyğun olaraq
sinif otaqlarının rahatlıqla
azaldılıb-artırılmasıdır.
Məlumat üçün onu da bildirək ki,
Xanlıqoba kəndi ilə yanaşı, 2020-2021-ci tədris
ilində Xaçmazın daha 8 yaşayış məntəqəsində
yeni modul tipli məktəb binası qapılarını
şagirdlərin üzünə açacaq. Bundan başqa,
Xudat şəhərində 432 şagird yerlik təhsil müəssisəsi
də bu il istifadəyə veriləcək.
Tezliklə Füzuli rayon 17 nömrəli
köçkün tam orta məktəbi üçün
quraşdırılan modul tipli bina müəllim və
şagirdlərin istifadəsinə veriləcək. Binanın
tikinti-quraşdırma işləri Prezident İlham
Əliyevin “Azərbaycan Respublikasında təhsil
infrastrukturunun inkişafı ilə əlaqədar əlavə
tədbirlər haqqında” 2020-ci il 6 may tarixli Sərəncamı
ilə ayrılan vəsait hesabına həyata keçirilib.
Beyləqan rayonunun Şərq qəsəbəsində
quraşdırılan 96 şagird yerlik məktəb binası
11 sinif otağı, direktor və müəllimlər
otağı, sanitar qovşaqdan ibarətdir. Binaya istilik sistemi,
qaz və su xətləri çəkilib. Məktəbin
inventar və avadanlıqları da gətirilib. Hazırda məktəbin
həyətində abadlıq işləri aparılır.
Düşmən işğalına məruz
qalmış Ağdam rayon 9 nömrəli köçkün
tam orta məktəbi üçün isə Bərdə
rayonunda modul tipli məktəb binası
quraşdırılır. Binanın tikinti-quraşdırma
işləri Prezident İlham Əliyevin “Azərbaycan
Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar
əlavə tədbirlər haqqında” 2020-ci il 6 may tarixli Sərəncamı
ilə ayrılan vəsait hesabına həyata keçirilir.
96 şagird yerlik məktəb binası 10 sinif
otağı, müəllimlər otağı, kitabxana və
sanitar qovşaqdan ibarətdir. Hazırda binada son tamamlanma
işləri aparılır. Məktəb binasının yeni
tədris ilində istifadəyə verilməsi nəzərdə
tutulur.
Regionların sosial-iqtisadi inkişafına dair
dördüncü Dövlət Proqramının icrası
istiqamətində Yardımlı rayonunda təhsilin
maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə
yeni məktəb binaları inşa edilir. Prezident İlham
Əliyevin müvafiq Sərəncamına əsasən,
Yardımlı rayonunun Çanaxbulaq kəndində 56, Peştəsər
kəndində isə 80 şagird yerlik modul tipli tam orta məktəb
binalarının quraşdırılması başa
çatdırılıb. Yeni dərs ilində hər iki məktəb
binası müəllim və şagirdlərin ixtiyarına
veriləcək.
Rayonun Qaraqaya kəndindəki tam
orta məktəb üçün inşa edilən 120
şagird yerlik ikimərtəbəli yeni məktəb
binasında da tikinti işləri başa çatmaq üzrədir.Yardımlı
şəhər 4 nömrəli tam orta məktəb
üçün inşa edilən 180 şagird yerlik ikimərtəbəli
məktəb binası isə qapılarını bu ilin sonunadək
müəllim və şagirdlərin üzünə
açacaq.
Qeyd edək ki, son 20 ildə Yardımlıda
50-yə yaxın yeni məktəb binası tikilib.
Tezliklə Bərdə rayon Mollaisalar kənd
tam orta məktəbi üçün quraşdırılan
modul tipli bina da müəllim və şagirdlərin istifadəsinə
veriləcək. Binanın
tikinti-quraşdırma işləri Prezident İlham
Əliyevin “Azərbaycan Respublikasında təhsil
infrastrukturunun inkişafı ilə əlaqədar əlavə
tədbirlər haqqında” 2020-ci il 6 may tarixli Sərəncamı
ilə ayrılan vəsait hesabına həyata keçirilib.
96 şagird yerlik məktəb binası 10 sinif otağı,
müəllimlər otağı, kitabxana və sanitar
qovşaqdan ibarətdir.
Nadir AZƏRİ
Yeni Azərbaycan.-
2020.- 15 sentyabr.- S.7.