Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı çərçivəsində regional və
beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsinə
mühüm töhfə verir
Ölkəmiz QDİƏT-in müvafiq
qurumlarının, o cümlədən QDİƏT Parlament Məclisi,
Qara Dəniz Ticarət və İnkişaf Bankı, Qara Dəniz
Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin
işində fəal iştirak edir
Azərbaycan müstəqillik əldə
etdikdən sonra işğalçı Ermənistan istisna
olmaqla dünyanın bütün ölkələri ilə
ikitərəfli əlaqələr yaratmaqda, nüfuzlu regional
və beynəlxalq təşkilatlarla münasibətlərin
yüksələn xətlə inkişafında maraqlı
olub. Məhz buna görə də Azərbaycan
Respublikası beynəlxalq təşkilatların işində
həmişə fəal iştirak edib. Həmin təşkilatlardan
biri də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatıdır
(QDİƏT). Belə ki, Qara dəniz regionunda
uzunmüddətli və sıx əməkdaşlığın
təşviq edilməsi, eləcə də bir sıra
müvafiq istiqamətlər üzrə iqtisadi aktivliyin
artırılması vasitəsilə regionda sülhün,
sabitliyin və inkişafın təmin edilməsi
QDİƏT-in əsas prioritetlərindən hesab olunur. Təsadüfi deyil ki, bu amilləri əsas
götürən Azərbaycan Respublikası 1992-ci ildən
üzvü olduğu Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatı ilə, o cümlədən təşkilatın
müvafiq qurumları ilə fəal əməkdaşlıq
edir, ölkəmizin qurumdakı nümayəndələri
təşkilatın işində aktiv təmsil olunurlar.
QDİƏT fəaliyyət istiqamətlərində
əsas məqsəd kimi üzv ölkələr arasında
müvafiq sahələr üzrə hərtərəfli əməkdaşlığı
stimullaşdırmağı əsas götürür
Məlumat üçün qeyd edək
ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
25 iyun 1992-ci il tarixində Türkiyənin İstanbul şəhərində
Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan,
Gürcüstan, Yunanıstan, Moldova, Rumıniya, Rusiya,
Türkiyə və Ukraynanın dövlət və ya
hökumət başçıları tərəfindən
Qara Dəniz İqtisadi Əməkdaşlığı
üzrə Zirvə Bəyannaməsinin imzalanması ilə təsis
olunub. Sonradan İstanbul Bəyannaməsi kimi
qeyd edilən həmin sənədə əlavə olaraq, 25
iyun 1992-ci il tarixində 11 ölkənin dövlət və
hökumət başçıları tərəfindən
Bosfor Bəyanatı da qəbul edilib. İstanbul Bəyannaməsində
Qara Dəniz Əməkdaşlığının əsasları,
prinsipləri, istiqamətləri və ilkin mexanizmləri
təsbit edilib. Bosfor Bəyanatında isə İstanbul Bəyannaməsinin
və Qara Dəniz Əməkdaşlığı təşəbbüsünün
vacibliyi geniş əhatə olunub.
Xatırladaq ki, QDİƏT-in
daxilində əməkdaşlığın inkişaf etdirilməsində
30 iyun 1995-ci il tarixində Rumıniyanın paytaxtı Buxarestdə
keçirilən QDİƏT-ə üzv ölkələrin
dövlət və hökumət
başçılarının zirvə görüşü
mühüm rol oynayıb. Həmin zirvə
görüşündə çıxış edən
Ümummilli Lider Heydər Əliyev münaqişələrin
həllində regionda siyasi vəziyyəti sabitləşdirmək
üçün inteqrasiya proseslərinin genişləndirilməsinin
vacib olduğunu bildirib. Zirvə
görüşünün sonunda qəbul edilən Buxarest Bəyannaməsində
region ölkələri arasında iqtisadi əməkdaşlığı
sürətləndirmək, müxtəlif sahələrdə
əməkdaşlığı inkişaf etdirmək,
xüsusi layihələri həyata keçirmək, biznes dairələri
arasında əlaqələri təşviq etmək və
digər məsələlərin vacibliyi vurğulanıb.
QDİƏT-in fəaliyyəti dövründə
ən mühüm hadisələrdən biri isə 5 iyun
1998-ci il tarixində Yalta şəhərində Qara Dəniz
İqtisadi Əməkdaşlıq Təşkilatının
Nizamnaməsinin qəbul edilməsidir. Qeyd edək
ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il dekabrın 1-də
imzaladığı Sərəncamla QDİƏT-in Nizamnaməsi
Azərbaycan Respublikası tərəfindən də təsdiq
olunub. Ümumiyyətlə, sözügedən sənədin
1999-cu ilin 1 may tarixində qüvvəyə minməsi ilə
təşkilatdaxili əməkdaşlıq mexanizmi tənzimlənərək
QDİƏT-in təşkilat statusu təsbit edilib.
2004-cü ildə Serbiyanın da QDİƏT-ə
üzv olması ilə hazırda 12 dövlət təşkilatın
üzvüdür. Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatının nəzdində müşahidəçi
ölkələr sırasına isə Almaniya, ABŞ,
Avstriya, Belarus, Çexiya, İsrail, İtaliya, Xorvatiya,
Polşa, Misir, Slovakiya və Tunis daxildir. Eyni zamanda, Avropa
Enerji Xartiyası Konfransı da QDİƏT-də
müşahidəçi statusuna malikidir. Onu da xatırladaq
ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı
yarandığı dövrdən regiondakı digər ölkələrin
də diqqətini cəlb edir. QDİƏT-ə olan
böyük maraq və üzv dövlətlərin əməkdaşlıq
üçün daim səy göstərməsi təşkilatın
kifayət qədər nüfuza malik olmasının göstəricisidir.
Qeyd edək ki, üzv ölkələrin koordinasiyası,
QDİƏT-in işinin təşkilati cəhətdən təmin
edilməsi QDİƏT-in Daimi Beynəlxalq Katibliyi tərəfindən
həyata keçirilir. Katiblik Türkiyənin İstanbul
şəhərində yerləşir. QDİƏT-in Daimi Beynəlxalq
Katibliyinin Baş katibi, yenidən seçilmək hüququnun
saxlanması ilə, 3 illik müddətə seçilir.
Xarici İşlər Nazirləri Şurası
(XİNŞ) QDİƏT-in ali qərarverici orqanıdır. Təşkilata
üzv olan hər dövlət 6 ay müddətində təşkilata
sədrlik edir. Sədrlik etdiyi dövrdə həmin ölkənin
xarici işlər naziri QDİƏT-in fəaliyyətinin
ümumi koordinasiyasını həyata keçirir.
QDİƏT-in vacib orqanlarından biri üzv
ölkələrin xarici işlər nazirliklərini təmsil
edən Yüksək Vəzifəli Şəxslər Komitəsidir.
QDİƏT-in əməkdaşlıq sahələri üzrə
fəaliyyəti 20 işçi qrup vasitəsilə yerinə
yetirilir. QDİƏT-in digər qurumlarına gəlincə,
onlara QDİƏT Parlament Məclisi, QDİƏT Biznes
Şurası, Qara Dəniz Tədqiqatları üzrə Beynəlxalq
Mərkəz, Qara Dəniz Ticarət və İnkişaf
Bankı daxildir.
Qeyd edək ki, QDİƏT fəaliyyət
istiqamətlərində əsas məqsəd kimi - üzv
ölkələr arasında müvafiq sahələr üzrə
hərtərəfli əməkdaşlığı
stimullaşdırmağı əsas götürür. Buraya ticarət və iqtisadi inkişaf, bank və
maliyyə işi, rabitə və informasiya texnologiyaları,
energetika, nəqliyyat, kənd təsərrüfatı, səhiyyə,
təbiətin mühafizəsi, turizm, elm və texnika, statistik
və iqtisadi məlumatların mübadiləsi, gömrük
və sərhəd xidmətləri arasında əməkdaşlıq,
terrorizmə və qeyri-leqal miqrasiyaya qarşı mübarizə
sahələrini aid etmək olar. Eyni zamanda,
2001-ci ildə qəbul edilmiş və 2012-ci ildə yenilənmiş
“QDİƏT-in Gələcək üçün İqtisadi
Gündəliyi: güclənən QDİƏT tərəfdaşlığına
doğru” sənədinə əsasən, təşkilat
çərçivəsində prioritet əməkdaşlıq
sahələri kimi, ticarət və investisiyalar, gömrük,
energetika, nəqliyyat, ətraf mühitin mühafizəsi, elm və
texnologiyalar, informasiya və kommunikasiya texnologiyaları, təhsilə
investisiyalar, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi,
turizm, kiçik və orta müəssisələrin
inkişafı müəyyən edilib.
Azərbaycan QDİƏT-in təsisçi
üzvlərindən biri kimi təşkilat çərçivəsində
fəallığı ilə seçilir
Məlum olduğu kimi, Azərbaycan
QDİƏT-in yaradılmasının ilkin mərhələsindən
başlayaraq, təşkilatın fəaliyyətində,
İstanbul Bəyannaməsi və Bosfor Bəyanatının
hazırlanmasında bilavasitə iştirak edib. Qara
dəniz hövzəsi və onun ətrafındakı regionda
xüsusi nüfuza malik olan Azərbaycanın QDİƏT-də
iştirakının əsas məqsədlərinə təşkilatın
əhatə etdiyi regionda ölkəmizin rolunu daha da möhkəmləndirmək,
Azərbaycan Respublikasının Avropaya inteqrasiya siyasətini
həyata keçirmək, neft
strategiyasının davamlılığını təmin etmək
və nəqliyyat-tranzit potensialını gücləndirmək,
təşkilata üzv ölkələrlə, o cümlədən
Türkiyə, Rumıniya, Rusiya, Ukrayna və regionun digər
aparıcı dövlətləri ilə Azərbaycan
çoxtərəfli əməkdaşlıq mexanizmi qurmaq
və inkişaf etdirmək daxildir.
Yeri gəlmişkən, onu da qeyd
edək ki, Azərbaycan QDİƏT-in təsisçi üzvlərindən
biri kimi təşkilat çərçivəsində fəallığı
ilə seçilir və nüfuzlu mövqeyə malikdir, həmçinin
QDİƏT-in işinin səmərəliliyinin
artırılmasına yönəldilmiş islahatların təşəbbüskarlarından
hesab olunur. Belə ki, Azərbaycan QDİƏT çərçivəsində
bir sıra prioritet sahələr üzrə
qarşılıqlı maraqlar əsasında əməkdaşlığın
inkişaf etdirilməsini mühüm hesab edir.
Xatırladaq ki, ilk dəfə 2003-cü ilin
mayında 6 aylıq müddətinə QDİƏT-də sədrlik
Azərbaycan Respublikasına həvalə olunub. Həmin
ilin oktyabrında QDİƏT-ə sədrlik müddətinin
başa çatmasına baxmayaraq, üzv dövlətlərin
xahişi ilə təşkilata ölkəmiz sədrliyi ikinci
dəfə öz üzərinə götürüb.
İkinci sədrlik müddətində də Azərbaycan bir
sıra mühüm tədbirlərin keçirilməsinin
fəal təşəbbüskarı olub. Azərbaycanın
ilk sədrliyi dövründə QDİƏT Xarici İşlər
Nazirləri Şurasının IX və XI iclasları
Bakıda baş tutub. Ümumiyyətlə, demək olar ki, Azərbaycan
QDİƏT-də sədrliyi dövründə təşkilatın
gələcək inkişafı üçün vacib olan və
təcili həllini tələb edən bir sıra məsələlərin
müzakirəsini təmin edib. Onu da bildirək ki, Azərbaycan
tərəfindən təşkilat çərçivəsində
indiyədək fəal sədrlik proqramı tərtib edilib və
reallaşdırılıb. Belə ki, enerji, nəqliyyat,
turizm sahələri üzrə nazirlər səviyyəsində
Bakıda iclaslar təşkil olunub və ekspertlər səviyyəsində
bir sıra görüşlər keçirilib.
Yuxarıda qeyd edildiyi kimi, Azərbaycan
Respublikası QDİƏT çərçivəsində
11-dən çox müxtəlif rəsmi sənədin
hazırlanmasında, qəbul olunmasında, müvafiq
işçi qrupların iclaslarının təşkilində
fəal iştirak edib, 2005-2007-ci illərdə enerji üzrə
işçi qrupun fəaliyyətini koordinasiya edib. 2009 və
2018-ci ilin altı ayı ərzində Azərbaycan
QDİƏT-ə sədrlik edib.
Bu məqamda xatırlatmaq yerinə
düşər ki, 26 iyun 2012-ci il tarixində İstanbulda
keçirilən təşkilatın 20 illik Yubiley Sammitində
çıxış edən Prezident İlham Əliyev
QDİƏT-in fəaliyyətini yüksək qiymətləndirərək
Azərbaycanın Qara Dəniz İqtisadi Əməkdaşlıq
Təşkilatında çox fəal olduğunu da
vurğulayıb: “Bu gün bölgədə Azərbaycan tərəfindən
irəli sürülmüş layihələr ümumi
işimizə öz töhfəsini verir. Mən ümid edirəm
ki, gələcək illərdə təşkilatımız
daha da güclənəcək, bu gün müzakirə edilən
və reallığa çevrilən layihələr ölkələrimizi
daha da sıx birləşdirəcəkdir”.
Ölkəmizin QDİƏT-də təmsil
olunması Azərbaycanın əsas
iştirakçısı olduğu beynəlxalq və regional
layihələrin həyata keçirilməsində xüsusi
rol oynayır
Onu da qeyd edək ki, həm regionda, həm də
beynəlxalq müstəvidə geniş siyasi və iqtisadi dəyişikliklərin
baş verməsi QDİƏT-in institusional olaraq gücləndirilməsi
məsələsinin aktuallığını daha da
artırıb. Bu reallığın fonunda Azərbaycan-QDİƏT
əlaqələrinin daha da inkişaf etdirilməsi
mühüm əhəmiyyət kəsb edir.
(davamı növbəti sayımızda)
Qaşqay RAMAZANOV
Yeni Azərbaycan.-
2020.- 16 sentyabr.- S.11.