Heydər Əliyev Fondu tərəfindən
Tovuz, Qazax, Salyan və Neftçala rayonlarında inşa və
təmir edilən təhsil müəssisələrinin
açılışı olub
Heydər
Əliyev Fondu fəaliyyətində təhsil sahəsini hər
zaman diqqətdə saxlayır, bu sahədə müxtəlif
layihələr və proqramlar icra etməklə təhsilin
inkişafına öz töhfəsini verir.
AZƏRTAC Tovuz, Qazax, Salyan və Neftçalada
yeni istifadəyə verilən məktəb və məktəbəqədər
təhsil müəssisələrinin
açılışından xəbərləri təqdim
edir.
Tovuz
Sentyabrın 15-də Tovuz rayonunda Heydər
Əliyev Fondunun dəstəyi ilə tikilən Ş.İ.Xətai
adına Köhnəqala kənd orta məktəbin
binasının əsaslı təmirdən sonra
açılışı olub.
Tədbirdə iştirak edən Təhsil naziri
Emin Əmrullayev və Heydər Əliyev Fondunun nümayəndəsi
Ceyhun Aslanov əvvəlcə Tovuz şəhərində Ulu
Öndər Heydər Əliyevin adını daşıyan
parkda Ümummilli Liderin abidəsini ziyarət ediblər.
Sonra məktəb binası ilə
tanışlıq olub. Məlumat verilib ki, 1980-ci ildə
istifadəyə verilmiş Köhnəqala kənd orta məktəbinin
binası köhnəlmiş və qəzalı vəziyyətə
düşmüşdü. Məktəbin 624 şagird yerlik
yeni binası Heydər Əliyev Fondu tərəfindən
inşa olunub. Bina 2 mərtəbəli 4 korpusdan ibarətdir. Məktəb
zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və
laboratoriyalar isə əyani vəsaitlərlə tam təchiz
edilib. Məktəb binasında 27 sinif otağı, fizika,
kimya, biologiya laboratoriyaları, informatika, hərbi təlim və
tibb otaqları, qızlar və oğlanlar üçün əmək
təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman
zalı və açıq idman meydançası da var.
Məktəbin həyətyanı ərazisində
abadlıq və yaşıllaşdırma işləri
aparılıb.
Tovuz şəhəri A.Qasımov adına tam
orta məktəbin əsaslı təmirdən sonra
açılışı zamanı isə diqqətə
çatdırılıb ki, məktəb binası 90 il bundan əvvəl
tikilmişdi və qəzalı vəziyyətdə idi.
Heydər Əliyev Fondunun dəstəyi ilə əsaslı
təmir olunmuş 624 şagird yerlik yeni məktəb
binası sentyabrın 15-də istifadəyə verilib. Məktəb
3 mərtəbəli tədris korpusundan, idman zalından ibarətdir.
Zəruri mebel və avadanlıqlarla, fənn
kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə
tam təchiz edilib. 21 sinif otağı, fizika, kimya, biologiya
laboratoriyaları, informatika, hərbi təlim və tibb
otaqları, qızlar və oğlanlar üçün əmək
təlimi otaqları, kitabxana, yeməkxana və akt zalı, məktəbin
ərazisində idman zalı var. Məktəbin həyətyanı
ərazisində abadlıq, yaşıllaşdırma işləri
aparılıb.
Daha sonra Tovuz rayonu Dondar Quşçu kənd
tam orta məktəbinin əsaslı təmirdən sonra istifadəyə
verilməsi mərasimi olub.
Məlumat verilib ki, 1984-cü ildə orta məktəbin
inşa olunmuş 2 mərtəbəli binası ötən
illər ərzində fiziki köhnəlmişdi.
Heydər Əliyev Fondu tərəfindən 620
şagird yerlik məktəbin təmirinə 2019-cu ilin
sonlarında başlanılıb. Təmir işləri 2020-ci
ilin avqust ayında yekunlaşıb. Məktəbin ümumi ərazisi
1,5 hektar sahəni əhatə edir.
İkimərtəbəli məktəb
binasında sinif otaqları, fizika, kimya, biologiya
laboratoriyaları, informatika otağı, hərbi təlim, tibb
və əmək təlimi otaqları, kitabxana, yeməkxana,
akt zalı və idman zalı var. Məktəb otaqları zəruri
mebel və avadanlıqlarla tam təchiz edilib.
Məktəbin həyətyanı ərazisində
abadlıq və yaşıllaşdırma işləri
aparılıb, asfalt və qazon örtüyü döşənib,
dekorativ kol və ağaclar əkilib.
Qazax
Həmin gün Qazax rayonu İsmayıl
Şıxlı adına Kosalar kənd tam orta məktəbi də
əsaslı təmirdən sonra istifadəyə verilib.
Əvvəlcə Qazax şəhərində
Ulu Öndər Heydər Əliyevin adını daşıyan
parkda Ümummilli Liderin abidəsi ziyarət edilib.
Kosalar kənd tam orta məktəbinin yeni
binası ilə tanışlıq zamanı bildirilib ki, məktəb
1987-ci ildə tikilib. Fiziki köhnəlmə nəticəsində
binada əsaslı təmirə ehtiyac yaranmışdı.
Heydər Əliyev Fondu tərəfindən
2019-cu ilin iyun ayının sonlarında 1176 şagird yerlik məktəbdə
əsaslı təmirə başlanılıb. Əsaslı təmir
işləri 2020-ci ilin iyun ayının sonlarında
yekunlaşıb. Məktəb iki korpusdan ibarətdir. Birinci
korpus üçmərtəbəli, ikinci korpus ikimərtəbəlidir.
Zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və
laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
30 sinif otağı, fizika, kimya, biologiya
laboratoriyaları, 2 informatika otağı, hərbi təlim,
tibb və əmək təlimi otaqları, elektron kitabxana, akt
zalı, idman zalı və 2 açıq idman
meydançası, güləş zalı var.
Salyan
Salyanın Aşağı Kürkənd kəndində
yeni məktəb binası istifadəyə verilib. Heydər
Əliyev Fondunun dəstəyi ilə inşa edilən təhsil
ocağı 360 şagird yerlikdir.
Məktəbin direktoru Sitarə Təhməzova
bildirib ki, Azər Əliyev adına Salyan rayon Aşağı
Kürkənd kənd tam orta məktəbi 1949-cu ildə
tikilib və birmərtəbəli binada fəaliyyət
göstərib. Ötən müddətdə məktəbin
binası fiziki köhnəlmədən qəzalı vəziyyətdə
olub. Son illər binada cari təmir işləri aparılsa da,
müasir standartlara cavab vermirdi. İstilik sistemi,
işıqlandırma normal olmadığı
üçün tədrisə öz mənfi təsirini
göstərirdi.
Bu məqsədlə Heydər Əliyev Fondu tərəfindən
yeni 360 şagird yerlik məktəbin inşası həyata
keçirilib. Üçmərtəbəli bina 3 korpusdan ibarətdir.
Məktəb zəruri mebel və
avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar isə
əyani vəsaitlərlə tam təchiz edilib. 360 şagird
yerlik binada 20 sinif otağı, fizika, kimya, biologiya
laboratoriyaları, informatika, hərbi təlim, tibb otaqları,
qızlar və oğlanlar üçün əmək təlimi
otaqları, kitabxana, yeməkxana, akt zalı, idman zalı
və açıq idman meydançası var. Məktəbin həyətyanı
ərazisində abadlıq və yaşıllaşdırma
işləri aparılıb.
Məktəb binasının
açılışında Heydər Əliyev Fondunun
nümayəndələri, rayon icra hakimiyyətinin əməkdaşları
iştirak ediblər. Yeni istifadəyə verilən bina ilə
tanışlıq olub, həmçinin şagirdlərlə
görüş keçirilib, onlara dərs ləvazimatlarından
ibarət hədiyyələr verilib.
Məktəb direktoru göstərilən
diqqət və qayğıya, məktəb üçün
inşa edilən yeni binaya görə kollektiv və valideynlər
adından Prezident İlham Əliyevə və birinci xanım,
Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya minnətdarlığını
bildirib.
Salyanda yenidən inşa edilərək istifadəyə
verilən digər təhsil ocağı isə Salyan şəhər
9 saylı körpələr evi-uşaq
bağçasıdır.
1975-ci ildə inşa olunan
uşaq bağçası
uyğunlaşdırılmış binada fəaliyyət
göstərib. İstifadəyə yararsız vəziyyətə
düşən körpələr evi-uşaq
bağçası üçün Heydər Əliyev Fondu tərəfindən
yeni bina inşa edilərək istifadəyə verilib.
Bağçanın müdiri Püstə
Hacıyeva bildirib ki, əvvəllər tədris keçilən
bina birmərtəbəli və 40 yerlik idi. Bina köhnə
olduğu üçün bir sıra çətinliklər
yaranırdı. Lakin Heydər Əliyev Fondunun dəstəyi
ilə qısa müddətdə 60 yerlik ikimərtəbəli
bina inşa olunub. Bağçada yataq və oyun otaqları,
idman və musiqi zalları, mətbəx, yeməkxana, anbar,
tibb otağı, camaşırxana və digər inzibati və
texniki otaqlar mövcuddur.
Müəssisə zəruri mebel və
avadanlıqlarla tam təchiz edilib. Bağçanın həyətyanı
ərazisində yenidənqurma və
yaşıllaşdırma işləri aparılıb.
Yeni istifadəyə verilən binada yaradılan
şəraitə baxış keçirilib.
Neftçala
Heydər Əliyev Fondu tərəfindən əsaslı
təmir edilən Neftçala rayon Rafiq Gözəlov adına
Xıllı qəsəbə 1 saylı tam orta məktəbi
sentyabrın 15-də istifadəyə verilib.
Məktəb direktoru Cəmaləddin Gözəlov
bildirib ki, məktəbin binası 1988-ci ildə inşa
olunduğundan qəzalı vəziyyətdə idi. Bina istifadə
müddətini başa vurduğu üçün istilik
sistemi sarıdan da çətinliklər olurdu. Həmçinin
otaqların işıqlandırma sistemi zəif olduğu
üçün tədrisdə problemlər yaranırdı.
Lakin qəzalı vəziyyətə düşən məktəbin
binası Heydər Əliyev Fondu tərəfindən əsaslı
təmir olunub. Bina 4 korpusdan ibarətdir. Məktəb zəruri
mebel və avadanlıqlarla, fənn kabinetləri və
laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib.
864 şagird yerlik məktəbdə 38 sinif
otağı, fizika, kimya, biologiya laboratoriyaları, iki
informatika otağı, hərbi təlim, tibb və əmək
təlimi otaqları, kitabxana, yeməkxana, akt zalı, idman
zalı və açıq idman meydançası da var. Məktəbin
həyətyanı ərazisində abadlıq və
yaşıllaşdırma işləri aparılıb.
İstifadəyə verilən binada yaradılan
şəraitə baxış keçirilib. Məktəb
direktoru təhsil ocağında yaradılan şəraitə
görə pedaqoji kollektiv və qəsəbə sakinləri
adından Prezident İlham Əliyevə və Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü
ifadə edib.
Xıllı qəsəbə sakini Rauf
Əliyev də qəsəbədə məktəb
binasının əsaslı təmir olunmasını ölkəmizdə
təhsil infrastrukturunun gücləndirilməsi istiqamətində
atılan addımların bariz nümunəsi olduğunu
vurğulayıb. O, köhnə binanın tədrisə də
mənfi təsir göstərdiyini bildirib. “Amma artıq qəsəbəmizin
şagirdləri əsaslı təmir olunan məktəb
binasında təhsil alacaqlar. Bu, tədrisə də öz
müsbət töhfəsini verəcək. Yaradılan şəraitə
görə bu işdə əziyyəti keçənlərə
minnətdarlığımızı bildiririk”, - deyə o qeyd
edib.
Yeni Azərbaycan.-
2020.- 16 sentyabr.- S.6.