Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində regional və beynəlxalq iqtisadi əməkdaşlığın genişləndirilməsinə mühüm töhfə verir

 

Ölkəmiz QDİƏT-in müvafiq qurumlarının, o cümlədən QDİƏT Parlament Məclisi, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Qara Dəniz Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin işində fəal iştirak edir

(əvvəli ötən sayımızda)

 

Belə ki, qeyd olunan dəyişikliklərin yaratdığı təhdidlərə davam gətirmək, təşkilatdaxili inkişafı təmin etmək məqsədilə idarəetmə, koordinasiya, qərar qəbuletmə baxımından təşkilat daxilində islahatların həyata keçirilməsi mühüm önəm daşıyır. Bu islahatların aparılması QDİƏT-in fəaliyyətində uğurların əldə edilməsinə, qarşıya qoyulan vəzifələrin öhdəsindən gəlməyə bilavasitə təsir edir. Öz növbəsində Azərbaycan da sədrliyi dövründə bir sıra iclaslar təşkil edərək, bu islahat məsələlərinin müzakirəsinə təkan verib.

Digər tərəfdən, sədrliyi dövründə Azərbaycan Qara dəniz regionunda ticarətin asanlaşdırılması, orta və kiçik sahibkarlığın inkişafı məsələlərinə də xüsusi diqqət yetirib. Ticarət dövriyyəsini asanlaşdırmaq məqsədilə regionda sahibkarlar və peşəkar sürücülər üçün viza məsələlərinin sadələşdirilməsi, qeyri-tarif maneələrinin aradan qaldırılması kimi məsələlər QDİƏT-in müxtəlif işçi qruplarında müzakirə olunub. Qeyd edək ki, həmin məsələlərlə əlaqədar Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının dəstəyi ilə QDİƏT çərçivəsində həyata keçirilən layihə mühüm əhəmiyyət daşıyır. Belə ki, layihənin nəticəsi kimi, regionda ticarətin asanlaşdırılmasına yönəldilmiş tövsiyələr hazırlanaraq üzv dövlətlərə təqdim edilib.

Qeyd edək ki, Qara dəniz regionunun bilavasitə karbohidrogen ehtiyatları ilə zəngin olduğunu nəzərə alaraq və bölgənin bu strateji üstünlüyünü inkişaf etdirmək məqsədilə Azərbaycan QDİƏT-in Nəqliyyat və Enerji üzrə İşçi qruplarında əlaqələndiriciliyi iki il müddətinə öz üzərinə götürüb. Bu əlaqələndiriciliyin yerinə yetirilməsi məqsədilə Bakıda enerji və nəqliyyat nazirlərinin ayrı-ayrılıqda iclasları keçirilib. Hər iki tədbir çərçivəsində birgə Bakı Bəyannaməsi qəbul edilib.

Onu da xatırlatmaq lazımdır ki, sədrliyi dövründə Azərbaycan dövlətinin diqqət mərkəzində olan digər əməkdaşlıq sahəsi turizm olub. Məlumdur ki, bütövlükdə Qara dəniz regionu, həmçinin Azərbaycan turizmin bütün sahələrinin inkişafı üçün böyük potensiala malikdir. Bu imkanlardan istifadə və turizm sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə 25 sentyabr 2003-cü il tarixində Bakıda QDİƏT regionunda turizm imkanlarına həsr edilmiş konfrans keçirilib. Tədbirin sonunda müvafiq sahənin inkişafına yönəldilmiş tövsiyələri əks etdirən yekun sənəd qəbul edilib.

Bununla yanaşı, qloballaşma şəraitində elm və təhsilin rolunu nəzərə alaraq, Qara dəniz regionunda mövcud potensialı inkişaf etdirmək məqsədilə Azərbaycan tərəfi 15-16 aprel 2004-cü il tarixində Bakıda Beynəlxalq Qara Dəniz Tədqiqatları Mərkəzinin dəstəyi ilə QDİƏT-in Təhsil Nazirlərinin Toplantısını təşkil edib. Səmərəli müzakirələr elm və təhsil sahələrində əməkdaşlığın inkişafını nəzərdə tutan bir sıra müddəaları özündə cəmləşdirən Bakı Bəyannaməsinin qəbul edilməsi ilə nəticələnib.

Vurğulamaq yerinə düşər ki, indiyədək Azərbaycan 4 dəfə (2003, 2004, 2009 və 2018-ci illərdə) QDİƏT-ə sədrliyi öhdəsinə götürüb və təşkilatın 20-dən çox müxtəlifsəviyyəli tədbirlərinin ölkəmizdə keçirilməsini təmin edib. Azərbaycan, həmçinin QDİƏT-in müvafiq qurumlarının, o cümlədən QDİƏT Parlament Məclisi, Qara Dəniz Ticarət və İnkişaf Bankı, Qara Dəniz Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin işində fəal iştirak edir və rəhbərliyində təmsil olunur.

Təşkilatın prioritet istiqamətləri olan enerji və nəqliyyat sahələrində əməkdaşlıq Azərbaycan üçün də mühüm əhəmiyyət kəsb edir

Qeyd edildiyi kimi, müxtəlif dövrlərdə təşkilatın Nüzamnaməsinə uyğun olaraq Azərbaycan Respublikası QDİƏT-in sədrliyini həyata keçirib. Azərbaycanın sədrliyi dövründə əsasən nəqliyyat, energetika, kommunikasiya, ticarət sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üzrə layihələr baş tutub. Ölkəmiz, həmçinin QDİƏT çərçivəsində bir sıra prioritet sahələr, o cümlədən ticarət, gömrük, nəqliyyat, enerji, ətraf mühit, informasiya və kommunikasiya, elmi tədqiqat, texnologiyalar və s. üzrə qarşılıqlı maraqlar əsasında əməkdaşlığın inkişaf etdirilməsinə əhəmiyyət verir.

Eyni zamanda, Azərbaycan QDİƏT-in prioritet istiqamətləri olan enerji və nəqliyyat sahələrində əməkdaşlığa mühüm önəm verir. Belə ki, ölkəmiz tərəfindən istər QDİƏT-ə daxil olan, istərsə də bu təşkilata üzv olmayan dövlətlərlə bu sahələrdə geniş əməkdaşlıq qurulub. Azərbaycanın əsas iştirakçısı olduğu Bakı-Tbilisi-Ceyhan, Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri, Bakı-Tbilisi-Ərzurum, hazırda həyata keçirilən TANAP, TAP qaz boru kəmərləri və bütövlükdə “Cənub Qaz Dəhlizi” kimi enerji layihələri və Bakı-Tbilisi-Qars dəmiryol xətti kimi nəqliyyat layihəsi Xəzər hövzəsi ilə Qara dəniz hövzəsi arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə xidmət edir.

Xatırlatmaq gərəkdir ki, regionun enerji ehtiyatları potensialı ilə seçilən dövlətlərindən biri olan Azərbaycan bütün dövrlərdə bu sahə üzrə fəallıq nümayiş etdirir. 2005-2007-ci illərdə Azərbaycan Respublikası QDİƏT-in enerji üzrə işçi qrupunun fəaliyyətini koordinasiya edib. 2020-2021-ci illərdə işçi qrupunun fəaliyyətinin əlaqələndirici ölkəsi kimi Azərbaycan Respublikasının namizədliyi irəli sürülüb.

Bununla yanaşı, 5-9 sentyabr 2007-ci il tarixində Türkiyənin paytaxtı Ankara şəhərində QDİƏT çərçivəsində Türkiyənin Elektrik Enerjisi Resursları Araşdırma və İnkişaf Administrasiyası tərəfindən “Enerji səmərəliliyi və enerji menecmenti” mövzusunda keçirilən seminarda, həmçinin QDİƏT Üzv Dövlətlərinin enerji üzrə işçi qrupunun 15 may 2018-ci il, 4 dekabr 2018-ci il və 28-30 noyabr 2019-cu il tarixlərində İstanbulda keçirilən iclaslarında Azərbaycan Energetika Nazirliyinin nümayəndələri iştirak ediblər. 4 dekabr 2018-ci il tarixində keçirilən iclasda ölkəmiz Energetika Nazirliyinin nümayəndəsi sədr qismində təmsil olunub.

Yeri gəlmişkən, onu da bildirək ki, təşkilatın fəaliyyəti dövründə QDİƏT-ə üzv ölkələr arasında siyasi və iqtisadi münasibətlərin inkişafına fürsət yaranıb. Üzv ölkələrin xüsusi səyləri nəticəsində təşkilatın fəaliyyəti beynəlxalq iqtisadiyyatda əhəmiyyətli olan regional iqtisadi əlaqələrin, üzv dövlətlər arasında əməkdaşlığın genişlənməsinə, özəl sektorun, ticarətin, mədəniyyətin, turizmin inkişafına təkan verib. Ona görə ki, Qara dəniz hövzəsində yerləşən və ona yaxın ölkələri, həmçinin Azərbaycanı birləşdirən bu təşkilat tarixi İpək Yolunun bərpasında və enerji resurslarının daşınmasında mühüm rola malikdir.

Azərbaycan son dövrlərdə də QDİƏT-in müvafiq qurumlarının fəaliyyətində aktiv iştirak edib

Onu da xatırladaq ki, QDİƏT-in müvafiq qurumlarının fəaliyyətində Azərbaycanın iştirakı və əlaqələri son illərdə daha da genişlənməkdədir. Belə ki, 26 noyabr 2019-cu il tarixində İstanbul şəhərində Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə Mədəniyyət və Turizm sahəsində Əməkdaşlıq üzrə işçi Qruplarının birgə iclası keçirilib. İclasda Mədəniyyət Nazirliyinin və Dövlət Turizm Agentliyinin də təmsil olunduğu Azərbaycan nümayəndə heyəti ilə birgə 11 üzv ölkənin mədəniyyət və turizm nazirliklərinin nümayəndələri iştirak ediblər. Toplantıda QDİƏT-in baş katibi Maykl Kristides və Avropa Şurasının mədəni marşrutlarına dair genişləndirilmiş çərçivə sazişinin icra katibi Stefano Dominioni də iştrak edib.

Həmin iclasda QDİƏT-ə üzv dövlətlərin mədəniyyət və turizm nazirlərinin qəbul etdikləri Bəyannamələr və Birgə Bəyanatların icrası, Avropa Şurasının mədəni marşrutları bağlı yeni layihələrin qiymətləndirilməsi, QDİƏT-in Mədəniyyət üzrə İşçi Qrupuna və Turizmdə Əməkdaşlıq üzrə İşçi Qrupa nümayəndələrinin siyahısının yenilənməsi və digər məsələlərə baxılıb. Eyni zamanda, tədbir çərçivəsində “Böyük İpək Yolu”nda vahid turizm marşrutu, şərabçılıq turizmi, BMT-nin Dünya Turizm Təşkilatı ilə əməkdaşlıq, beynəlxalq film festivallarında iştirak və digər məsələlərlə bağlı müzakirələr aparılıb.

Azərbaycan Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində fəaliyyətini təşkilatdaxili bütün qurumlar səviyyəsində bu gün də aktiv şəkildə davam etdirir. Belə ki, cari ilin avqustun 6-da Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) Baş Assambleyasının onlayn formatda 55-ci plenar iclası keçirilib. Azərbaycanı iclasda Milli Məclisin deputatları - QDİƏT PM sədrinin müavini, qurumda Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev və nümayəndə heyətinin üzvü Eldar İbrahimov təmsil ediblər. Sessiya çərçivəsində əvvəlcə QDİƏT Parlament Məclisi Baş Assambleyasının 62-ci Büro iclası keçirilib. Sonra QDİƏT PM-nin hazırkı sədri, Gürcüstan Parlamentinin sədri Arçil Talakvadze qurumun 55-ci plenar iclasını açıq elan edib. QDİƏT PM sədrinin müavini, Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyevin sədrliyi ilə keçən plenar iclasda tədbirin gündəliyi qəbul edilib, qurumun fəaliyyəti barədə hesabat dinlənilib. Nümayəndə heyətlərinin yeni üzvlərinin seçilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı Azərbaycan nümayəndə heyətinin 6 nəfərdən ibarət yeni tərkibi təsdiqlənib.

QDİƏT PM-in sessiyasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının son dövrdəki fəaliyyəti barədə QDİƏT Daimi Beynəlxalq Katibliyinin Baş katibinin birinci müavini Ebru Barutçu Gökdenizler məlumat verib. Daha sonra toplantıda QDİƏT Parlament Məclisi sədrinin müavinləri seçilib. Bununla yanaşı, iclada QDİƏT Parlament Məclisinin Baş Assambleyasının 2020-ci il payız sessiyasının vaxtı, yeri və gündəliyi ilə bağlı məsələyə baxılıb. İclasın sonunda quruma sədrlik rotasiya üsulu ilə Yunanıstana təhvil verilib.

Beləliklə, qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, Azərbaycan QDİƏT yaranandan bəri təşkilatın regional və beynəlxalq iqtisadi əməkdaşlığa töhfə verən əsas üzv dövlətlərindən biri olub. Təşkilatın müvafiq qurumlarında fəal iştirak edən və qarşılıqlı iqtisadi maraqlara əsaslanmış beynəlxalq əməkdaşlığı dəstəkləyən Azərbaycan üçün QDİƏT-in gələcək fəaliyyətinin ölkəmizin iqtisadi inkişafında, Qara və Xəzər dənizləri regionları arasında əlaqələrin möhkəmləndirilməsində rol oynayacağına heç bir şübhə yoxdur .

 

Qaşqay RAMAZANOV

Yeni Azərbaycan.- 2020.- 17 sentyabr.- S.7.