Azərbaycanın regionlarında müasir infrastruktur quruculuğu geniş vüsət alıb

 

“Yeni Azərbaycan” qəzetinin redaksiyasında keçirilən “dəyirmi masa”da bildirildiyi kimi, Şəki, Neftçala və Daşkəsən rayonlarında regional inkişaf proqramları çərçivəsində yaradılan infrastruktur obyektləri bəhs olunan bölgələrdə iqtisadi fəallığı artırıb, insanların həyatına böyük rahatlıq gətirib

Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı Dövlət proqramları çərçivəsində həyata keçirilən infrastruktur quruculuğu həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır. Ölkəmizdə bir qayda olaraq müxtəlif təyinatlı infrastruktur obyektləri dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılır. Sonradan investorlar ölkə üzrə qurulan müasir infrastrukturdan bəhrələnməklə müxtəlif sahələrə məmnuniyyətlə sərmayələr yönəldirlər. Beləliklə, respublikamızda iqtisadi fəallıq artır. Digər tərəfdən, bütün bölgələrdə infrastruktur təminatının yaxşılaşması insanların həyatına böyük rahatlıq gətirib ki, bu da onlarda məmnunluq yaradır.

Yeri gəlmişkən, bütün bu məsələlər barədə “Yeni Azərbaycan” qəzetinin redaksiyasında “Regionlarda həyata keçirilən müasir infrastruktur quruculuğu böyük iqtisadi və sosial əhəmiyyət daşıyır” mövzusunda videoformatda təşkil olunan növbəti “dəyirmi masa”da ətraflı bəhs olunub. Xatırladaq ki, “dəyirmi masa”da 113 saylı Şəki şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilən Vüqar İskəndərov, Daşkəsən Rayon İcra Hakimiyyətinin İnformasiya təminatı və təhlil sektorunun müdiri Vüqar Məmmədov və Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Mirhəsən Talıbov iştirak ediblər. Tədbir iştirakçıları təmsil etdikləri bölgələrdə regional inkişaf proqramları çərçivəsində görülən genişmiqyaslı quruculuq-abadlıq işlərindən söhbət açıb, infrastruktur quruculuğu ilə bağlı reallaşdırılan layihələrin yerlərdə iqtisadi aktivliyin artmasına və insanların həyat səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərdiyini diqqətə çatdırıblar.

Dövlət proqramları çərçivəsində yaradılan müasir infrastruktur Şəkinin turizm imkanlarını genişləndirib

“Dəyirmi masa”da çıxış edən113 saylı Şəki şəhər seçki dairəsindən Milli Məclisə deputat seçilən Vüqar İskəndərov bildirib ki, regional inkişaf proqramları çərçivəsində Şəkidə reallaşdırılan infrastruktur layihələrinin əhatə dairəsi kifayət qədər genişdir. “Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cari il iyulun 29-da Şəkidə koronaviruslu xəstələrin müalicəsi üçün nəzərdə tutulan modul tipli xəstəxana ilə tanışlıqdan sonra həkimlərlə görüşdəki çıxışında son illərdə Şəkidə infrastruktur quruculuğunun geniş miqyas aldığına xüsusi diqqət çəkib. Həmin görüşdə dövlət başçımız bildirib ki, son illər ərzində Şəki şəhərinin həm infrastruktur layihələrinin icrası, eyni zamanda, tarixi abidələrinin bərpası istiqamətində çox böyük işlər görülüb. Ümumiyyətlə, Şəkidə müvafiq Dövlət proqramları çərçivəsində müxtəlif təyinatlı infrastruktur obyektlərinin tikintisi ilə bağlı statistika kifayət qədər zəngindir. İndiyədək infrastruktur layihələrinin bir çoxunun icrası uğurla tamamlanıb. Görülən işlər nəticəsində Şəkidə qazlaşdırmanın səviyyəsi təqribən 85 faizə çatıb, elektrik enerjisi ilə təchizatda heç bir problem yoxdur. Vaxtilə Şəkidə modul tipli elektrik stansiyası qurulub. Hazırda Şəkidə yol təsərrüfatının yenilənməsi istiqamətində yeni layihələr həyata keçirilir. Bəhs olunan görüşdə də bildirildiyi kimi, rayonumuzda həm kənd yolları, həm də Şəki-Qax-Balakən yolu indi ən yüksək standartlara cavab verir. Bundan başqa, Şəki-Oğuz yolunun yenidən qurulması da nəzərdə tutulur”, - deyə Vüqar İskəndərov qeyd edib.

Milli Məclisin deputatı əlavə edib ki, Şəkidə infrastruktur obyektlərinin tikintisi çətin pandemiya şəraitində də davam etdirilir. Hazırda Şəki şəhərinin su təchizatı və kanalizasiya sisteminin qurulması ilə əlaqədar tikinti-quraşdırma işləri aparılır. 2020-ci ilin yanvar-iyun ayları ərzində 3524 m kanalizasiya xətti, 4906 m su xətti çəkilib. Bəhs olunan dövrdə 545 evə su birləşməsi, 514 evə kanalizasiya birləşməsi verilib və 2300 sayğac quraşdırılıb.

Vüqar İskəndərov bildirib ki, Şəkidə infrastruktur quruculuğu perspektivdə də davam etdiriləcək. O, vurğulayıb ki, Prezident İlham Əliyev bir qədər bundan əvvəl, Şəki şəhərində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında, Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz-Şəki hissəsinin yenidən qurulması ilə bağlı tədbirlər haqqında, həmçinin Şəki rayonunun Qaraməryəm-İsmayıllı-Şəki (134 km)-Şirinbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında müvafiq sərəncamlar imzalayıb. Heç bir şübhə yoxdur ki, bəhs olunan sərəncamların da icrası yüksək səviyyədə təmin ediləcək.

Milli Məclisin deputatının sözlərinə görə, böyük həcmdə dövlət investisiya qoyuluşu hesabına yaradılan müasir infrastruktur Şəkidə insanların həyatına böyük rahatlıqlar gətirməklə yanaşı, iqtisadi fəallığın artmasına da öz müsbət təsirini göstərib. Bunu sosial-iqtisadi inkişafla bağlı statistik göstəricilərdən də görmək mümkündür. COVİD-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq, Şəkidə 2020-ci ilin 6 ayında faktiki qiymətlərlə 268 milyon 604 min manatlıq məhsul buraxılıb. Buraxılmış məhsulun 9,2 faizi dövlət, 90,8 faizi qeyri-dövlət mülkiyyətinin payına düşür. Adambaşına faktiki qiymətlərlə 1424,9 manatlıq məhsul istehsal olunub. 2020-ci ilin yanvar -iyun ayları ərzində orta aylıq nominal əmək haqqı 436,9 manat təşkil edib. Cari ilin ilk yarısında Şəki rayonunda 119 yeni iş yeri açılıb.

Millət vəkilinin sözlərinə görə, 2020-ci ilin yanvar-iyun aylarında əhaliyə 47596,2 min manatlıq ödənişli xidmət göstərilib. Göstərilən xidmətlərin 44580,9 min manatı və ya 93,6 faizi fiziki şəxslərin, 3015,3 min manatı və ya 6,4 faizi hüquqi şəxslərin payına düşür. 2020-ci ilin 6 ayında Şəki rayonunda əmtəə dövriyyəsinin ümumi həcmi 237 milyon 456 min manat olub. Hazırda rayonda 23 sənaye müəssisəsi fəaliyyət göstərir ki, bunların da 9-u kiçik müəssisədir. Bəhs olunan dövrdə Şəki rayonunda sənaye sektorunda 18 milyon 227 min manatlıq məhsul istehsal edilib və xidmətlər göstərilib. 2020-ci ilin birinci yarısında Şəki rayonunda istehsal və qeyri istehsal sahələrinin inkişafına 47 milyon 736 min manatlıq investisiya yönəldilib.

Vüqar İskəndərov yaradılan müasir infrastrukturun Şəkinin turizm imkanlarının genişlənməsinə də öz müsbət təsirini göstərdiyini bildirib. Qədim tarixə, çoxlu sayda memarlıq abidələrinə, gözəl təbiətə, zəngin mətbəxə malik olan Şəki həmişə turistlərin diqqətini özünə çəkib. Təbii ki, zəruri infrastruktur olmadan bu imkanlardan bəhrələnmək də mümkün deyildi. İndi deyə bilərik ki, Şəkidə turizmin inkişafı üçün hər cür şərait vardır. Son illərdə Şəkidə bir sıra yeni, yüksək səviyyəli turist yerləşdirmə obyektləri yaradılıb. “Şəkinin turizm cəlbediciliyinin artırılmasından söhbət açarkən 2019-cu ildə Şəki Xan Sarayı ilə birgə şəhərin mərkəzi hissəsinin UNESCO-nun Ümumdünya İrs Siyahısına salınmasının önəmini ayrıca vurğulamaq lazımdır. Şəki doğrudan da Ümumdünya İrs Siyahısında yer almağa layiq olan bir diyardır. Prezident İlham Əliyev bəhs olunan görüşdə bunu tarixi hadisə, Azərbaycanın növbəti böyük zəfəri kimi səciyyələndirib. Bu uğurun qazanılmasında Azərbaycan dövlətinin məqsədyönlü fəaliyyəti ilə yanaşı, Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondunun rəhbəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səylərini xüsusi qeyd etmək lazımdır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Fond milli mədəniyyətimizin beynəlxalq miqyasda tanınmasını hədəfləyən layihələr həyata keçirir. Bundan qazanan isə ölkəmiz, xalqımız və dünyada layiqli qiymətini alan mədəniyyətimiz olur”, - deyə Vüqar İskəndərov bildirib.

Son illərdə Neftçalada sənaye quruculuğu istiqamətində yaxşı nəticələr əldə olunub

“Neftçala rayonunun ərazisi 1,45 min kv.km-dir. Rayonumuzda 1 şəhər, 3 qəsəbə və 48 kənd yaşayış məntəqəsi var. Neftçalada 88,3 min nəfər əhali yaşayır. Neftçala rayonu Azərbaycanın dövlət müstəqilliyi illərində əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin, son 17 ildə isə Prezident İlham Əliyevin qayğısı sayəsində böyük inkişaf yolu keçib. Qəbul edilmiş regional inkişaf proqramları çərçivəsində reallaşdırılan çoxsaylı layihələr sayəsində rayonumuz günbəgün abadlaşır, yeni iqtisadi, sosial təyinatlı infrastruktur layihələri icra edilir və artıq Neftçalada sənaye quruculuğu geniş vüsət alıb. Son 17 ildə rayonumuz sosial-iqtisadi inkişaf sahəsində böyük uğurlara imza atıb. Belə ki, Neftçala rayonunda 2003-cü ilə nisbətdə 2019-cu ildə məhsul buraxılışı 7,1 dəfə, sənaye 10,9 dəfə, kənd təsərrüfatı 5 dəfə, əsas kapitala yönəldilmiş vəsait 2,5 dəfə artıb. Rayonumuzda 2007-2019-cu il ərzində 259 sahibkara 11 mln 974 min manat , o cümlədən fermerlərə 31,7 mln manat yardım göstərilib. Neftçalada son 17 ildə 9187-si daimi olmaqla 20013 yeni iş yeri açılıb. O cümlədən cari ilin əvvəlindən bəri ödənişli əsaslarla 558 müvəqqəti iş yeri yaradılıb”.

Bu fikirləri bəhs olunan tədbirdə Neftçala Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin aparıcı məsləhətçisi Mirhəsən Talıbov ifadə edib. Mirhəsən Talıbovun sözlərinə görə, son 17 ildə Neftçala rayonunun sosial-iqtisadi inkişafında regional inkişaf proqramları çərçivəsində reallaşdırılan çoxsaylı infrastruktur layihələrinin böyük rolu olub. “Prezident İlhm Əliyev ölkəmizin digər bölgələri kimi, Neftçalanın da sosial-iqtisadi inkişafına hərtərəfli diqqət və qayğı göstərir. Dövlət başçımız Neftçalaya 3 dəfə səfər edib və hər dəfə də rayonumuzda yeni yaradılan infrastruktur obyektlərinin açılışına qatılıb. Dövlət başçımız son 17 ildə Neftçalada yollların yenidən qurulmasına, yaşayış məntəqələrinin qazlaşdırılmasına, su layihələrinə, sosial infrastruktur obyektlərinin tikintisinə lazımi qədər vəsaitin ayrılması ilə bağlı çoxsaylı sərəncamlar imzalayıb. Həmin sərəncamların icrası uğurla təmin edilib və Neftçala ölkəmizin yüksək infrastruktur təminatına malik bölgələrindən birinə çevrilib”, - deyə Mirhəsən Talıbov bildirib.

 

(davamı növbəti sayımızda)

Mübariz ABDULLAYEV

 

Yeni Azərbaycan.- 2020.- 18 sentyabr.- S.7.