Bütün müsəlman dünyası
işğalçı Ermənistanı tarixi-mədəni və
dini-mənəvi irsimizə qarşı barbar, vandalizm hərəkətlərinə
görə qınamalı və onlara layiq olduqları
münasibəti göstərməlidirlər
Azərbaycan hazırda dünya
dövlətləri ilə həm hökumətlərarası
ikitərəfli, həm də beynəlxalq təşkilatlar
çərçivəsində çoxtərəfli
münasibətlərdə müstəqillik tarixi boyunca ən
yüksək siyasi, iqtisadi və hərbi nüfuza malikdir.
Ölkəmiz üçün müsbət beynəlxalq imic formalaşdıran bir çox
ictimai-siyasi, iqtisadi, mədəni, tarixi və strateji amillər
göstərmək olar ki, bunlar da hazırkı mürəkkəb
və ziddiyyətli beynəlxalq münasibətlər sistemində
məhz ölkə başçısı cənab İlham
Əliyevin şəxsi keyfiyyətləri, idarəçilik məharəti
və məsələlərə özünəməxsus
kreativ yanaşması ilə bağlı olmaqla həm ölkədaxili
siyasətə, həm də xarici diplomatiyamıza hər
ötən gün yeni nailiyyətlər əlavə edir.
Bu gün hamımızın xalq, millət
olaraq ən ağrılı və ümdə problemi
işğal altında olan torpaqlarımızın
Dağlıq Qarabağ və onun ətrafında yerləşən
yeddi rayonun erməni tapdağından azad edilməsidir. Aydın görünən budur ki, yeri gəldiyində
dünyanın super gücləri tərəfindən qətiyyətlə
önəm verilən beynəlxalq hüquq, insan haqları və
s. bu kimi demokratik dəyərlər simasız erməni
işğalçılarının yalanları, şər-böhtanları,
riyakarlığı və ya “güclü dostlar”ı
qarşısında heçə enir. Azərbaycan
beynəlxalq hüququn bütün tələblərinə əməl
edən və bu qanlı konfliktdə böyük itkilərə
məruz qalan tərəf olaraq hələ də beynəlxalq
hüququn aliliyinin, haqq-ədalətin bərqərar
olunacağına, BMT-nin Təhlükəsizlik
Şurasının qəbul etdiyi qərarların
qeyd-şərtsiz yerinə yetirilməsində israrlı
olacağına, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin
ədalətli mövqe tutacaqlarına ümidini itirməyərək
səbrlə gözləyir, işğalçının
aqressiyası və həyasızlığı isə
gündən-günə əndəzadən çıxaraq
dözülməz olur. Son bir neçə
ildir ki, işğalçı Ermənistanın
ardı-arası kəsilməyən sərsəm bəyanatları,
münaqişənin sülh yolu ilə həll olunması
istiqamətində aparılan danışıqlarda
qeyri-konstruktiv mövqeyi və istər münaqişə
bölgəsində, istərsə də dövlət sərhədləri
boyunca mütəmadi təxribatları
göstərir ki, işğalçı rejim nəinki
işğal altında olan torpaqlarımızı sülh yolu
ilə azad etmək fikrindədir, əksinə yeni ərazilər
işğal etmək xülyasındadır ki, bu da Azərbaycan
xalqının sözün əsl mənasında səbr kasasını daşdırıb. Ən son bu il dövlət
sərhədinin Tovuz istiqamətindəki iyul döyüşləri
növbəti dəfə nümayiş etdirdi ki, Azərbaycan
xalqı Ali Baş Komandanın bir əmri ilə ayağa
qalxmağa və Qarabağı azad etməyə
hazırdır. Gənc, yaşlı, fərq
etməz, bütün xalq bir gecədə yumruq kimi birləşməyi
bacarırsa, bunun səbəbi cəmiyyətimizdə
mövcud olan yüksək vətənpərvərlik ruhu və
Ali Baş Komandanımıza sonsuz inam və etimaddır.
Xalq-lider-ordu arasındakı bu
sarsılmaz inam və qarşılıqlı etimadı yaradan
başlıca amil ölkə başçısı cənab
İlham Əliyevin Qarabağ həqiqətləri, Azərbaycanın
bu münaqişədəki haqlı və prinsipial mövqeyi
ilə bağlı hər fürsətdə, ən yüksək
beynəlxalq tribunalarda, hökumətlərarası ikitərəfli
və çoxtərəfli münasibətlərdə,
irili-xırdalı bütün beynəlxalq tədbirlərdə,
görüşlərdə qətiyyətlə, cəsarətlə,
tərəddüdsüz və birmənalı şəkildə
mövqe ortaya qoymasıdır. Bir neçə nümunə:
“...1993-cü ildə BMT-nin Təhlükəsizlik
Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycan
ərazisindən dərhal və qeyd-şərtsiz
çıxarılmasını tələb edən 4 qətnamə
qəbul etmişdir. Status-kvo qəbuledilməzdir! Bunu təkcə
Azərbaycan deyil, həm də ATƏT-in Minsk qrupuna həmsədrlik
edən ölkələr deyir. Bu ölkələrin prezidentləri
bir neçə dəfə bəyan ediblər ki, status-kvo dəyişdirilməlidir,
bu, qəbuledilməzdir”. (“Asiyanın Qəlbi - İstanbul
Prosesi” çərçivəsində keçirilən
konfransda İlham Əliyevin nitqi, 01.12.2017). “Dünya tərəfindən
həm Aran, həm də Dağlıq Qarabağ Azərbaycanın
ayrılmaz hissəsi kimi tanınıb. Ermənistan
özü də bu qanunsuz qurumu tanımır. Qarabağ
tarixi, əzəli Azərbaycan torpağıdır. Beləliklə,
Qarabağ Azərbaycandır və nida işarəsi!”
(İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq
Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında
tarixi nitqi, 03.10.2019) “...O ki qaldı, xalqların öz müqəddəratını
təyinetmə prinsipinə, - Ermənistan həmişə
buna istinad edir, - bu prinsip artıq bu münaqişə ilə
bağlı işləmir. Çünki erməni xalqı
öz müqəddəratını artıq müəyyən
edib. Onların müstəqil Ermənistan dövləti var,
hansı ki, qədim Azərbaycan torpaqlarında yerləşir
və biz Azərbaycan torpağında ikinci erməni dövlətinin
yaradılmasına heç vaxt imkan verməyəcəyik!”
(Prezident İlham Əliyevin bir qrup yerli jurnalistə ilin
yekunları ilə əlaqədar müsahibəsi, 23.12.2019)
“...Nə qədər ki, gec deyil, erməni silahlı qüvvələri
bizim torpaqlarımızdan çıxmalıdır. Bunu beynəlxalq
hüquq, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi
tələb edir. Erməni silahlı qüvvələri Azərbaycan
torpaqlarından dərhal və qeyd-şərtsiz
çıxarılmalıdır! Bunu tarixi həqiqət tələb
edir. Çünki Dağlıq Qarabağ bizim tarixi
torpağımızdır.... Mən 7 şərtin
qarşısına bir şərt qoyuram, bir şərt - erməni
silahlı qüvvələri işğal edilmiş bütün
torpaqlardan çıxarılmalıdır, Azərbaycanın ərazi
bütövlüyü bərpa edilməlidir, Azərbaycan vətəndaşları
öz doğma dədə-baba torpaqlarına
qayıtmalıdırlar! Budur, mənim şərtim və
məsləhət görürəm ki, onlar bu şərti qəbul
etsinlər”. (Balakən regional “ASAN xidmət” mərkəzinin
açılışı, 29.07.2020). 2017-ci ildə Azərbaycan
Prezidenti İlham Əliyevin BMT-nin Baş Assambleyasının
72-ci sessiyasının açılışındakı
tarixi nitqində Xocalıda dinc sakinlərin qatili olan, bəşəriyyətə
qarşı bu dəhşətli cinayəti törədən
hərbi kriminallardan biri kimi Ermənistanın o vaxtkı
prezidentini BMT tribunasından bütün dünya ictimaiyyəti
qarşısında birbaşa ittiham etməsi bu mövqeyin ən
bariz nümunələrindəndir. Bu kimi
yüzlərlə beynəlxalq tədbirlərdə cənab
İlham Əliyevin nitqlərindən sitatlar gətirə bilərik
ki, hər çıxışında işğalçı
dövlətin əsl siması ifşa edilir, humanizmdən uzaq
faşist, aqressiv, terrorçu siyasəti bir daha təsdiq
olunur.
Ən son şahidi olduğumuz
kimi, bir neçə gün öncə sentyabrın 7-də cənab
İlham Əliyev İran İslam Respublikasının ölkəmizdə
yeni təyin olunmuş fövqəladə və səlahiyyətli
səfiri Seyid Abbas Musəvinin etimadnaməsini qəbul edərkən
növbəti dəfə işğalçı Ermənistanı
qətiyyətlə ifşa etdi: “Ermənistanın Azərbaycana
qarşı təcavüzü davam edir. Bu təcavüz nəticəsində
torpaqlarımızın təxminən 20 faizi işğal
altına düşüb. Azərbaycan vətəndaşlarının
qaçqın-köçkün vəziyyətinə
düşməsi məhz bu işğalın nəticəsidir.
Bizə - azərbaycanlılara qarşı etnik təmizləmə
siyasəti aparılıb, Xocalı soyqırımı törədilib.
Bizim tarixi-dini abidələrimiz Ermənistan tərəfindən
dağıdılıb. Dini abidələrimiz təhqir edilib.
İşğal edilmiş ərazilərdə məscidlərimiz
ermənilər tərəfindən dağıdılıb və
bəzi məscidlərdə hətta onlar heyvan saxlayırlar.
Bu çirkin əməlləri əks etdirən bir çox
video və foto sənədlər, sübutlar vardır.
Onları internetdə tapmaq olar. Bu, təkcə bizə
qarşı yox, bütün müsəlman dünyasına
qarşı edilən cinayətdir”. Bu yığcam bəyanat,
əslində, son dərəcə mühüm məqamları
özündə ehtiva edir.
Bu məsələ ilə
bağlı daha bir maraqlı məqam: 10 sentyabr 2017-ci il, cənab
İlham Əliyev Astanada İslam Əməkdaşlıq Təşkilatının
elm və texnologiya üzrə birinci Sammitində iştirak
edir və Sammitin “XXI əsrdə elmin cəmiyyətə artan
təsiri” mövzusunda sessiyasındakı nitqində
işğalçıya daha bir diplomatik dərs verir. Sitat: “...İşğal edilmiş
torpaqlarımızda Ermənistan rəhbərliyinin göstərişi
ilə bütün məscidlərimiz dağıdılıb.
Şuşa, Ağdam və digər şəhərlərimizin
dağıdılmış məscidlərinin fotoşəkilləri
erməni vandalizminin sənədli sübutudur. Ermənistanda
islamofobiya pik həddə çatıb. Ermənistan çox
çalışır ki, müxtəlif müsəlman
ölkələri ilə əlaqələrini genişləndirsin.
Onların riyakar və yalan sözlərinə inanmaq lazım
deyil. Azərbaycanda müqəddəs məscidlərimizi
dağıdan Ermənistan müsəlman ölkələrinin
dostu ola bilməz”. İslam Əməkdaşlıq Təşkilatının
Sammitində bu qətiyyətli bəyanatın səsləndirilməsi,
əlbəttə ki, bütün müsəlman
dünyasına ciddi ismarıc idi ki, əzəldən
Türk düşməni olan erməni heç vaxt hər
hansı bir müsəlman dövlətinin dostu ola bilməz. Zaman-zaman müsəlman - türk əhalisinə
qarşı soyqrımı, etnik təmizləmə siyasətini
həyata keçirən, dini, mədəni, tarixi irsə, abidələrə
qarşı da bu səpkidə vandalizm aktları və cinayətlər
törədən, işğal olunmuş ərazilərdə
“tarixi restavrasiya” adı altında Qafqaz Albaniyasına aid irsi
saxtalaşdıran, erməniləşdirən,
bu, mümkün olmadıqda tamamilə dağıdan, xaraba
qoyan və daha da irəli gedib məscidlərdə, tarixən
müqəddəs ibadət yeri olan məbədlərdə
heyvan saxlayan işğalçı Ermənistanı bu barbar hərəkətlərinə
görə bütün müsəlman dünyası
qınamalı və onlara layiq olduqları yeri göstərməlidir.
2020-ci il yaddaşlarda bütün bəşəriyyəti
təhdid edən COVID-19 pandemiyası ilə əlaqədar
dövlətlərarası sərhədlərin
bağlanması, əlaqələrin məhdudlaşdırılması
ili kimi həkk olunacaqdır. Bütün
dünya üçün ciddi sınaq olan və hələ də
davam edən bu ağır pandemiya şəraitində Azərbaycan
beynəlxalq təşkilatlar çərçivəsində
fəaliyyətində bir daha həmrəyliyin,
qarşılıqlı yardımlaşmanın əhəmiyyətinə
diqqət çəkdi. Əminik ki, Azərbaycan bundan sonra da
İslam həmrəyliyinin möhkəmlənməsinə,
dünyada multikulturalizm dəyərlərinin
yaşadılmasına öz töhfəsini verəcək və
bütün müsəlman aləmi həm Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə, həm də
bütün digər məsələlərlə
bağlı birlik, həmrəylik nümayiş etdirəcəklər.
Şəmsəddin
Hacıyev YAP Səbail rayon təşkilatının
sədri,iqtisad elmləri doktoru, professor
Yeni Azərbaycan.-
2020.- 18 sentyabr.- S.5.