Müasir
Naxçıvan inkişaf yollarında
Dövlətçilik fəaliyyəti, idarəçilik peşəsi ağır işdir. Bu işlə məşğul olmaq üçün parlaq təhsil almaq, geniş dünyagörüşə malik olmaq azdır. Bunun üçün çətinliklərə sinə gərmək, dəmir iradə və dözüm, insanlarla işləmək qabiliyyəti, səbr və təmkin, uzaqgörənlik, qətiyyətli mövqe və həyat təcrübəsi lazımdır. Bu keyfiyyətlər adətən insanlarda ömrün orta çağlarında formalaşır. Lakin bəzən elə insanlar da olur ki, nisbətən gənc yaşlarından dövlətçilik və idarəçilik işində nəzərəçarpacaq uğurlar qazanırlar. Bu isə onların şəxsi keyfiyyətlərindən, gendən gələn imkanlardan, düşdükləri tarixi şəraitdən, qarşılaşdıqları görkəmli şəxsiyyətlərdən aldıqları siyasi dərslərdən asılıdır.
Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan öz tarixinin çətin günlərini yaşayırdı. Ermənilər tərəfindən blokadaya alınmış Naxçıvan daha ağır vəziyyətdə idi. Yollar bağlanmış, əlaqələr kəsilmiş, insanların yaşaması üçün vacib olan zəruri vasitələr problemə çevrilmişdi. Məhz belə bir zamanda dünya şöhrətli siyasətçi, qüdrətli dövlət xadimi Heydər Əliyev Naxçıvana gəlməli oldu. Naxçıvana gələn Heydər Əliyev bütün xalqın, eləcə də naxçıvanlıların əzizi idi. Ağır günlər keçirən, çətinliklərlə qarşılaşan, erməni təcavüzünə məruz qalan, blokada vəziyyətində yaşayan Naxçıvan əhalisinin tələbi və təkidi ilə Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçildi. Bundan əvvəl Heydər Əliyevin tam yekdilliklə Azərbaycan SSR və Naxçıvan MSSR ali qanunverici orqanlarına üzv seçilməsi ilə xalqımız ona öz sevgi və məhəbbətini bir daha göstərmişdi. Dünya şöhrətli siyasətçinin Naxçıvanda olması və yaşaması Naxçıvan Muxtar Respublikasını gözləyən təhlükələrdən və bəlalardan xilas etdi. Heydər Əliyev müdrikliyi, xalqa inamı, Heydər Əliyev-xalq birliyi Naxçıvanı xilas etdi.
Böyük dövlət xadimi Heydər Əliyev Ali Məclisin Sədri olduqdan sonra Naxçıvan Muxtar Respublikası Azərbaycanın ictimai-siyasi həyatında mühüm və əhəmiyyətli rol oynamağa başladı. Muxtar respublikada həyata keçirilən tədbirlər, demokratik dəyişikliklər, milli dövlətçiliklə bağlı qəbul edilən qərarlar Azərbaycanın müstəqilliyini möhkəmləndirmək yolunda atılan məqsədyönlü tədbirlər idi.
Ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti muxtar respublikanın düşdüyü ağır vəziyyətdən çıxarılmasına, sərhəd kəndlərinin və muxtar respublikanın təhlükəsizliyinin təmin edilməsinə, sosial vəziyyətlərinin yaxşılaşdırılmasına, iqtisadi islahatların həyata keçirilməsinə, Naxçıvandan rus qoşunlarının çıxarılması və Milli Ordunun formalaşdırılmasına, Naxçıvanın blokadadan çıxarılmasına və beynəlxalq əlaqələrin yaradılmasına, qanunsuz silahlı dəstələrin ləğv edilməsinə və digər vacib məsələlərin həll edilməsinə yönəlmişdir. Qarşıya qoyulan bütün məsələlər Heydər Əliyev uzaqgörənliyi, cəsarət və qətiyyəti sayəsində həll edildi, Naxçıvan qorundu, onun düşmən əlinə keçməsinə imkan verilmədi. Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı xilas etdi.
Görkəmli dövlət xadimi Heydər Əliyevin müstəqil Azərbaycanda siyasi hakimiyyətə qayıdışı zərurəti reallığa çevriləndə o, düşmən təcavüzündən və fəlakətlər girdabından xilas etdiyi Naxçıvanı özünün dövlətçilik məktəbinin yeni nəsil nümayəndəsinə etibar etdi. Məhz bundan sonra Azərbaycanın xilası və inkişafı missiyasını həyata keçirməyə başlayan ümummilli liderin bilavasitə rəhbərliyi altında müstəqilliyin verdiyi real imkanların ümummilli mənafelər naminə səfərbər və istifadə edilməsi kimi mühüm tarixi mərhələ başlandı.
1995-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Baş nazirinin xarici iqtisadi əlaqələr üzrə birinci müavini Vasif Talıbovun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi ilə Naxçıvanda yeni siyasi şərait yarandı, gələcək uğurlu inkişafın əsası qoyuldu və qısa zamanda bu, öz nəticələrini göstərməyə başladı. Çünki Ali Məclisin Sədri muxtar respublikanın qarşılaşdığı problemlərə bələd idi və ondan çıxış yollarını da bilirdi. Qısa müddət ərzində muxtar respublikanın həyatının bütün sahələrində əsl canlanma müşahidə olunmağa başlandı. Quruculuq və abadlıq işləri geniş vüsət aldı. Həm paytaxtın, həm də bütövlükdə, muxtar respublikanın bütün yaşayış məntəqələrinin yeni inkişaf konsepsiyasına uyğun qurulmasının zəruri əsasları təsis edildi.
Müstəqillik illərində, xüsusilə 1995-2019-cu illər, yəni təqribən 25 il müddəti sosial-iqtisadi inkişaf baxımından Naxçıvan Muxtar Respublikasının tarixində mühüm mərhələ təşkil edir.
Blokadanın yaratdığı çətinliklərə baxmayaraq, muxtar respublikanın daxili imkanlarından və ehtiyat mənbələrindən səmərəli istifadə olunmuş, həyata keçirilən sabitləşmə, dönüş və inkişaf konsepsiyası iqtisadi və sosial müstəvidə yüksələn xətlə davam etdirilmiş, iqtisadiyyatda müsbət meyllər daha da möhkəmləndirilmişdir.
Muxtar respublikada inkişafın təmin olunmasında regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramlarının uğurlu icrası mühüm əhəmiyyət kəsb etmişdir. Naxçıvan Muxtar Respublikasında həyata keçirilmiş iqtisadi islahatlar qısa dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermişdir.
İqtisadi və sosial sahədə bütün makroiqtisadi göstəricilərin yüksəlişi təmin edilmiş, ümumi daxili məhsulun (ÜDM) həcmi 1994-cü ildə 37.288 min manat olduğu halda, 2019-cuu ildə 140 dəfə artaraq 2.839 milyon manat olmuşdur. Onun bir nəfərə düşən həcmi 6202 manat təşkil edir.
Muxtar respublika iqtisadiyyatında prioritet sahə kimi qəbul edilən sənaye aparıcı rola malikdir. Muxtar respublika sənayesinin əsas hissəsini emal sənayesi təşkil etsə də, əvvəllər muxtar respublika üçün o qədər də xarakterik olmayan maşınqayırma, metallurgiya, kimya, mədənçıxarma, mebel, eləcə də yüngül və yeyinti sənayesi, kənd təsərrüfatı təyinatlı 900-ə yaxın istehsal və xidmət sahələri də yaradılmışdır.
Muxtar respublikada 90-cı illərin ortalarında 56 sənaye müəssisəsi olduğu halda, 2015-ci ildə 438-ə çatmışdı. 2013-cü ildə sənaye 29 faizlik payla ÜDM-in tərkibində ilk yerə çıxmışdır. 2019-cu ildə 1 milyard 15 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, 442 sənaye müəssisələrində 16.634 nəfər işçi çalışmışdır.
2010-cu ildə muxtar respublikada ilk dəfə olaraq minik avtomobillərinin istehsalını həyata keçirən “Naxçıvan Avtomobil Zavodu” MMC fəaliyyətə başlamışdır. İllik istehsal gücü 5 min ədəd avtomobil olan zavodda 12 modeldə avtomobil istehsal olunur.
Naxçıvan Muxtar Respublikasında sənayeləşmənin həyata keçirilməsi ilə əlaqədar sənaye müəssisələrinin yaradılmasına və inkişafına xüsusi fikir verilmişdir. Yaradılan sənaye müəssisələri daxili bazar üçün məhsul istehsal etməklə yanaşı, ixracyönümlü məhsulların istehsalını da gücləndirmişdir. 2013-cü ildə 241 milyon manatlıq sənaye məhsulu ixrac edilmişdirsə, 2014-cü ildə bu, 321,8 milyon manat olmuşdur.
Naxçıvan Muxtar Respublikasında enerji təhlükəsizliyi də uğurla həll edilmişdir. 1991-1992-ci illərdə yaranmış çətin şəraitə baxmayaraq, blokadada olan muxtar respublikanı elektrik enerjisi ilə təchiz etmək məqsədilə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Türkiyə Cümhuriyyətindən 63 meqavat gücündə 154 kilovoltluq, İran İslam Respublikasından 42 meqavat gücündə 132 kilovoltluq yüksək gərginlikli elektrik verilişi xətləri çəkildi. Əhalini elektrik enerjisi ilə təmin etmək üçün kompleks tədbirlər həyata keçirildi. Naxçıvan Modul tipli Elektrik Stansiyası, Heydər Əliyev Su Anbarı üzərində olan SES, Ordubad rayonu ərazisində - Gilançay üzərində Biləv SES istifadəyə verildi. Ümumi gücü 50 meqavat olan Qaz-Turbin ES-in təbii qazla iş rejiminə keçirilməsindən sonra istismara verilməsi də bu istiqamətdə həyata keçirilən tədbirlərin tərkib hissəsi idi. Arpaçay üzərində iki SES – 20,5 meqavat gücündə “Arpaçay-1” və 1,4 meqavat gücündə “Arpaçay-2” – istismara verilmişdir. 2015-ci ildə 20 meqavat gücündə Günəş Elektrik Stansiyasının tikilib istifadəyə verilməsi və 2017-ci ildə stansiyanın gücünün daha 2 meqavat artırılması, 2018-ci ildə 2 meqavat gücündə Qabıllı Günəş ES-in istifadəyə verilməsi Naxçıvanın etibarlı enerji təminatına səbəb olub. Bu gün Azərbaycan Respublikası üzrə Günəş Elektrik Stansiyasında istehsal olunan elektrik enerjisinin 78 faizdən çoxu muxtar respublikanın payına düşür. Bir müddət bundan öncə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Prezident İlham Əliyevin rəsmi qəbulunda olarkən verdiyi məlumatlar, muxtar respublikanın bütün sahələrdə, eləcə də enerji təhlükəsizliyinin təmin edilməsi barədəki görülən işlər qürur doğurur. Ali Məclisin Sədri qeyd etmişdir ki, muxtar respublikada əvvəlki illərdə cəmi bir elektrik stansiyasının istifadəyə verilməsi, 2018-ci ildə bir il ərzində ixrac edilən 35 milyon kilovata yaxın elektrik enerjisinin miqdarı muxtar respublikanın 2003-cü ildə malik olduğu elektrik enerjisi resurslarından çoxdur. Eyni zamanda muxtar respublikada elektrik enerjisinə olan tələbatın 65 faizdən çoxu alternativ və bərpaolunan enerji mənbələri hesabına ödənilir ki, bu da inkişaf etmiş ölkələr üçün çox nadir göstərici hesab edilir.
Muxtar respublikanın təbii qazla təmin edilməsi sahəsində də böyük uğurlar qazanılmışdır. Məlumdur ki, muxtar respublikaya Ermənistan ərazisi vasitəsilə 1991-ci ildən qaz verilməsi dayandırılmışdı. Muxtar respublikanı vəziyyətdən çıxarmaq üçün 1992-ci il avqustun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyev İran İslam Respublikasında səfərdə olarkən Prezident Əli Əkbər Haşimi Rəfsəncani ilə görüşmüş, muxtar respublikanın qaz tələbatını təmin etmək barədə razılıq əldə etmişdi. Ölkə Prezidenti cənab İlham Əliyevin bilavasitə himayə və qayğısı nəticəsində 2005-ci ildə İrandan mübadilə yolu ilə muxtar respublikaya təbii qaz ötürən kəmər istifadəyə verildi. Qısa müddət ərzində Naxçıvan qazlaşdırıldı. 2005-ci ildə 6770 mənzilə və 195 fərdi evə qaz çəkildi. 2011-ci ilin yanvarınadək 220 yaşayış məntəqəsində 78157 mənzil qazlaşdırılmış, abunəçilərə pulsuz olaraq mətbəx sobaları verilmiş, qaz sayğacları quraşdırılmışdır. 2011-ci ilin sonunda isə muxtar respublika 100 faiz qazlaşdırıldı, 86377 əhali abonenti və bütün təsərrüfat subyektləri mavi yanacaqla təmin olundu.
Ölkəmizdə yaranmış sabitlik, iqtisadi sahədə əldə olunmuş nailiyyətlər muxtar respublikada tikinti-quraşdırma və abadlıq sahəsində də əsaslı işlər görməyə şərait yaratmışdır. Yaranmış şəraitdən düzgün istifadə edilmiş, çoxsaylı inzibati binalar, sosial obyektlər tikilmiş, yüksək səviyyədə quruculuq və abadlıq işləri görülmüş, “Naxçıvan möcüzəsi” yaradılmışdır.
Muxtar respublikanın uzunmüddətli dövrdə dayanıqlı və tarazlı inkişafının təmin edilməsində investisiyaların cəlbi xüsusi rol oynayır. 2015-ci ildə əsas kapitala yönəldilən investisiyaların həcmi 1995-ci ildəki göstəricini 312 dəfə üstələyərək, 951196 min manatdan çox olmuşdur.
Ümumiyyətlə, 2018-ci ildə əsas kapitala yönəldilən vəsaitlər 2003-cü ildəki müvafiq göstəricini 16,1 dəfə üstələyərək 1.017 milyon manatı ötmüşdür.
1996-2018-ci illərdə muxtar respublikada 562 inzibati bina, 284 təhsil müəssisəsi, 285 səhiyyə müəssisəsi, 491 mədəniyyət obyekti,171 nasos stansiyası, 416 subartezian quyusu, 52 idman obyekti, 516 fərdi ev, 982 istehsal və xidmət obyekti, 181 körpü, 4 qəsəbə, 151 kənd mərkəzi tikilmiş, yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur.
Muxtar respublikada tikinti-quruculuq və abadlıq işləri ildən-ilə genişlənir. Yüksək zövqlə, peşəkarlıqla, Şərq və Qərb memarlıq elementlərindən ustalıqla və yerli-yerində istifadə etməklə tikilən binalar, təmir olunan və yenidən qurulan inzibati və sosial obyektlər, salınan gülkarlıqlar, yaradılan səliqə-sahman böyük quruculuq və abadlıq işlərinin yüksək səviyyədə görüldüyünü təsdiq edir. Bütün bu işlərə Ali Məclisin Sədri diqqət və həssaslıqla yanaşır, hər bir tikinti, quruculuq və abadlıq işlərinin ən yüksək səviyyədə, keyfiyyətlə aparılmasına nəzarət və rəhbərlik edir.
Xalqımızın ümummilli lideri Heydər Əliyev 1999-cu ildə Naxçıvan səfəri zamanı burada görülən işlərdən, həyata keçirilən tədbirlərdən razı qaldığını bildirmiş, bu işlərin görülməsində təşkilati və rəhbər rolu oynayan Ali Məclisin Sədrinin işini xüsusi vurğulayaraq demişdir: “Mən məmnuniyyətlə demək istəyirəm ki, Naxçıvanda işlər lazımi səviyyədə gedir. Vasif Talıbovu bu vəzifəyə seçəndə mən onun bir çox xüsusiyyətlərini bilirdim. Amma o çox gənc idi. Daxilən bir az fikirləşdim ki, gəncliyinə görə, bəlkə də ağır, çətin olar. Ancaq o sübut etdi ki, vətəninə, millətinə, xalqına sədaqətli olan adam yaşından asılı olmayaraq böyük işlər görə bilər”.
Ölkə Prezidenti cənab İlham Əliyev Naxçıvan Muxtar Respublikasına hər səfərində keçirilən tədbirləri, görülən işləri, quruculuq və abadlıq sahəsindəki dəyişiklikləri yüksək qiymətləndirmişdir: “Mən çox sevinirəm ki, Naxçıvanda gözəl quruculuq və abadlıq işləri aparılır. Blokada şəraitində yaşayan, Azərbaycanın əsas hissəsindən ayrı düşmüş Naxçıvan yaşayır, güclənir və irəliyə doğru inamla addımlayır. Fürsətdən istifadə edərək mən Naxçıvan rəhbərliyinə və şəxsən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbova görülən bütün işlərə görə öz dərin minnətdarlığımı bildirirəm”.
Muxtar respublika iqtisadiyyatında kənd təsərrüfatı hər zaman öncül mövqeyini qorumuş, əhalinin ərzaq məhsullarına, emal müəssisələrinin isə xammala olan tələbatının ödənilməsindəki rolu, həmçinin əhali məşğulluğunun təmin olunmasındakı əhəmiyyəti nəzərə alınaraq bu sahənin inkişafı diqqət mərkəzində saxlanılmışdır. Kənd təsərrüfatını inkişaf etdirmək üçün əkin sahələrinin strukturunda dəyişikliklər edilmiş, əkin sahələri artırılmışdır. Belə ki, 1991-ci illə müqayisədə 2005-ci ildə kənd təsərrüfatı bitkilərinin əkin sahəsi 25,1 min hektardan 61,9 min hektara, başqa sözlə 2,4 dəfə artsa da, məhsuldarlığın artırılması hesabına ümumi məhsulun həcmi 29 dəfə artmışdır. Taxıl istehsalı 3,5 dəfə artaraq 106,3 min tona, kartof istehsalı 113,5 dəfə artaraq 49 min tona, meyvə və giləmeyvə istehsalı 27,7 dəfə artaraq 66,5 min tona, tərəvəz məhsulları istehsalı 17,8 dəfə artaraq 82 min tona, bostan məhsulları istehsalı 34,5 dəfə artaraq 38 min tona çatmışdır. 2005-ci ildə 98,3 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edildiyi halda, 2019-cu ildə bu, 507,6 milyon manata çatmışdır. 1996-cı ildə qaramalın sayı 55,5 min baş, xırdabuynuzlu heyvanların sayı 278,8 min baş olduğu halda, 2018-ci ildə bunlar müvafiq olaraq 119,8 min baş və 741,6 min baş olmuşdur. 84 quşçuluq təsərrüfatı yaradılmış, quşların sayı 911 min başa çatmışdır. 72.350 arı ailəsi olmuşdur ki, bunlardan 1448 ton bal istehsal edilmişdir. Son illərdə muxtar respublikada keçirilən “Göycə”, “Kətə”, “Arıçılıq məhsulları – bal”, “Ailə təsərrüfatları məhsulları” festivalları, 2019-cu ilin muxtar respublikada “Ailə təsərrüfatı ili” elan olunması kimi tədbirlər aqrar sektorun inkişafına yeni imkanlar yaratmaqdadır.
Həyata keçirilən aqrar siyasətin səmərəli nəticəsi olaraq yerli istehsalın əhatə dairəsi genişləndirilmiş, daxili bazarda məhsul bolluğu yaradılmışdır. 2015-ci il olan “Kənd təsərrüfatı ili”ndə muxtar respublikada kənd təsərrüfatı istehsalı bütün sahələr üzrə 100-400 faiz artmışdır. Muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat yerli istehsal hesabına ödənilir, ixrac potensialı getdikcə artır. Enerji təhlükəsizliyi kimi, ərzaq təhlükəsizliyi də təmin edilmişdir.
Muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətlənməsində nəqliyyat və rabitə sahələrinin də xüsusi yeri vardır. Naxçıvanda 1 Beynəlxalq hava limanı, 5 avtovağzal kompleksi, 797 km uzunluğunda yeni avtomobil yolları çəkilmişdir. Ümumiyyətlə, 2003-2019-cu illər ərzində muxtar respublikada kənd yolları da daxil olmaqla 2 min kilometrə yaxın yol inşa olunmuşdur. Dəmiryol, hava və avtomobil nəqliyyatları muxtar respublikanın iqtisadi inkişafında əhəmiyyətli rol oynayır. Muxtar respublikada hava nəqliyyatının inkişafı istiqamətində yeni hava limanı kompleksi tikilib istifadəyə verilmiş, Naxçıvan hava limanı beynəlxalq status qazanmışdır. 2018-ci il ildə muxtar respublikada nəqliyyat sektorunun yük və sərnişin daşınması 2003-cü illə müqayisədə hər iki halda 2,8 dəfə artıb.
1995-2019-cu illərdə muxtar respublikada rabitənin inkişafı yüksək templə getmişdir. Cənubi Koreyanın “DEU-Telekom” şirkəti ilə bağlanmış müqaviləyə əsasən muxtar respublikada yaşayış məntəqələri telefonlaşdırılaraq abonentlər birbaşa beynəlxalq telefon rabitə sisteminə çıxma imkanı əldə etmişlər. Hazırda muxtar respublikanın yaşayış ərazilərinin 99,1 faizində genişzolaqlı internet, 99,5 faizində isə simsiz internet xidmətləri göstərilir.
Muxtar respublikanın telekommunikasiya şəbəkəsi beynəlxalq Trans-Asiya-Avropa fiber-optik kabel magistralına qoşulmuşdur. Hazırda muxtar respublikanın mövcud telekommunikasiya şəbəkəsinin 98 faizi optik şəbəkəyə birləşdirilmişdir.
Muxtar respublikada informasiya və rabitə sahəsində daha bir yenilik kimi 2016-cı ildə “Naxtel” MMC tərəfindən dördüncü nəsil mobil rabitə şəbəkəsi istifadəyə verilməsidir. “Evədək optika”, “Elektron hökumət”, “Elektron imza”nın tətbiqinə başlanılmışdır. 1997-ci ildən başlayaraq muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmışdır. 2018-ci ildə informasiya və rabitə xidmətləri 51.325 min manat olmuşdur ki, bu da 2003-cü ildəki müvafiq göstəricidən 11,8 dəfə çoxdur.
Muxtar respublikada ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində işlər görülmüş, 16541 hektar sahədə meşəsalma və meşəbərpa işləri aparılmış, 10 milyondan çox ağac və bəzək kolları əkilmişdir. Hazırda muxtar respublikanın ümumi ərazisinin 14 faizini yaşıllıqlar əhatə edir. 1990-cı ildə isə bu göstərici 0,6 faiz həddində olmuşdur. Muxtar respublikanın 27 faizə qədər təbiət ərazisi xüsusi mühafizə olunan ərazidir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə həyata keçirilən tədbirlər əhalinin sosial problemlərinin həllinə kömək etmişdir. Əhalinin işlə təminatı sahəsində əməli addımlar atılmışdır. 1996-2017-ci illərdə 85861 yeni iş yeri açılmışdır, ki, bunun da 59090-ı və ya 68,8 faizi daimi iş yerləridir. Ümumiyyətlə, son 24 ildə 95.188 iş yeri yaradılmışdır. Orta aylıq əmək haqqı 1998-ci ildə 163,2 manatdan 2018-ci ildə 433 manata çatmış, 2003-cü illə müqayisədə 11,3 dəfə artmışdır. Muxtar respublikada əhali gəlirləri 2018-ci ildə 1.866.095 manat təşkil etmişdir ki, bu da 2003-cü ildəki müvafiq göstəricidən 11 dəfə çoxdur. Bu dövr ərzində hər bir nəfərə düşən gəlirlər 9 dəfə artaraq 4105,8 manat olmuşdur.
Pensiyaçılar, müharibə əlilləri, şəhid və aztəminatlı ailələrin sosial müdafiəsinə daim diqqət yetirilmişdir. Muxtar respublika əhalisinin sosial müdafiəsi və təminatına çəkilən xərclər 57,2 dəfə artmışdır. 2003-2013-cü illərdə bu qəbildən olan insanlara 429 minik avtomobili verilmişdir. 52.254 nəfər pensiyaçı hər cür qayğı ilə əhatə olunmuşdur. 2019-cu ildə muxtar respublikada əhalinin sayı 2003-cü illə müqayisədə 22 faiz artaraq 456,7 min nəfərə çatmışdır.
Hər bir cəmiyyətin ən qiymətli sərvəti onun sağlam üzvləridir. Naxçıvanda həyata keçirilən səhiyyə islahatlarının mərkəzində də insan amili dayanır. Son illər burada 230-dan çox tibb müəssisəsi istifadəyə verilmiş, onlar ən müasir tibbi avadanlıqlarla təmin olunmuşdur. Muxtar respublikanın səhiyyə müəssisələrində çalışan 1290 həkim heyəti, 2260 orta tibb işçiləri əhalinin sağlamlığı keşiyində dururlar.
Xalqların və dövlətlərin sürətli inkişaf yolu təhsildən keçir. Təsadüfi deyildir ki, hələ vaxtı ilə ulu öndər Heydər Əliyev cəmiyyət həyatında təhsilin rolunu yüksək qiymətləndirərək demişdir ki, təhsil millətin gələcəyidir. Ona görə də dövlət hansı inkişaf səviyyəsində olsa da təhsilə qayğı göstərməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Ölkə Prezidenti İlham Əliyev təhsilə “Azərbaycanın gələcəyini müəyyən edən prioritet sahə” kimi yüksək dəyər vermişdir. Təhsilə, onun inkişafına xüsusi əhəmiyyət verən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov demişdir: “Təhsilə qoyulan sərmayə ölkənin gələcəyinə qoyulan sərmayədir”.
Müstəqillik illərində çoxsaylı məktəb, uşaq bağçası tikilmiş, onların maddi-texniki bazası möhkəmləndirilmişdir. 1995-2017-ci illərdə muxtar respublikada 40182 şagird yerlik 129 ümumtəhsil məktəbi tikilmiş, 34024 şagird yerlik 52 təhsil müəssisəsi, eləcə də 19 məktəbəqədər təhsil müəssisəsi, 23 uşaq musiqi məktəbi, 3 orta ixtisas təhsil müəssisəsi yenidən qurulmuş və ya əsaslı təmir olunmuşdur.
Bu gün nəinki Naxçıvan şəhərində, hətta ən ucqar dağ və sərhəd kəndlərində də müasir tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüter, elektron lövhələr, zəngin fonda malik kitabxanalar və idman zalları ilə təmin olunmuş məktəb binaları tikilib istifadəyə verilib. Ümumtəhsil məktəblərində 50 min 590 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 6751 müəllim məşğul olur. Məktəblər 6 min kompüter, 650 elektron lövhə, 3 milyon dərslik, 600 min latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyatla təmin edilmişdir.
Təhsildə keyfiyyət dəyişiklikləri hər il artmaqda davam edir. Bunlar ali məktəblərə qəbulda və bu zaman yüksək bal toplayan abituriyentlərin sayında özünü göstərir. 2004-2005-ci tədris ilində 5409 nəfər məzun olmuş, bunlardan 3074-ü ali məktəblərə sənəd vermiş, 1024-ü qəbul olmuşdur (33,3 faiz). 2016-cı ildə 3138 nəfər məzun olmuş, bunlardan 2469-u ali məktəblərə sənəd vermiş, 1538-i qəbul olmuşdur (62 faiz). 2018-ci ildə qəbul olunanların sayı 1781 olmuşdur ki, bu da sənəd verənlərin 71 faizini təşkil etmişdir. 500-700 arasında bal toplayan abituriyentlər 1996-cı ildə 5, 2010-cu ildə 280, 2018-ci ildə 331 nəfər olmuşdur. 2010-2019-cu ildə 79 nəfər tələbə Prezident təqaüdünə layiq görülmüşdür.
Məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin geniş şəbəkəsi qurulmuş, 28 məktəbəqədər, 44 məktəbdənkənar təhsil müəssisəsi fəaliyyət göstərir.
Naxçıvan şəhərində 1 lisey, 3 kollec və 3 ali təhsil müəssisəsi yerləşir. Heydər Əliyev adına Hərbi Lisey, Naxçıvan Tibb Kolleci, Naxçıvan Musiqi Kolleci və Naxçıvan Dövlət Texniki Kollecində hüquq-mühafizə, tibb, musiqi və texniki istiqamətlər üzrə kadrlar hazırlanır. Bu təhsil müəssisələrində 1721 tələbənin təlim-tərbiyəsi ilə 360 müəllim məşğul olur.
Son 25 ildə muxtar respublikada ali təhsil müəssisələrinin həyatında da ciddi dəyişikliklər baş vermişdir. Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti və Naxçıvan Müəllimlər İnstitutunda 8800 tələbə təhsil alır, onlardan 825-i əcnəbi tələbələrdir. Naxçıvan Dövlət Universitetinin 12 fakültəsində 98 ixtisas üzrə 5 min tələbə bakalavr və 78 nəfər magistr, 42 nəfər doktorant və dissertant təhsil alır.
NDU-da 407 nəfər professor-müəllim çalışır ki, onlardan 3-ü AMEA-nın müxbir üzvü, 35-i elmlər doktoru, 187-si fəlsəfə doktoru, 182-si isə müəllim və baş müəllimdir.
“Naxçıvan” Universiteti 1999-cu ildən müstəqil ali məktəbə çevrilib. Hazırda universitetdə 1000-dən çox tələbə, 19 ixtisas üzrə bakalavr və magistr təhsili alır. Ali məktəbdə 88 nəfər müəllim işləyir ki, onlardan 3-ü elmlər doktoru, 20-si fəlsəfə doktorudur.
Naxçıvan Müəllimlər İnstitutu 2000-ci ildən Filial kimi yaradılmış, 2003-cü ildən müstəqil ali məktəbə çevrilmişdir. İnstitutda 1180 nəfər tələbə bakalavr və magistr təhsili alır ki, onların təhsili ilə 94 professor-müəllim məşğul olur. Bunlardan 7-si elmlər doktoru, 40-ı fəlsəfə doktorudur.
1995-ci ilə qədər muxtar respublikada 5 nəfər elmlər doktoru, 100-dən bir qədər artıq fəlsəfə doktoru olduğu halda, hazırda elmlər doktorlarının sayı 38-ə, fəlsəfə doktorlarının sayı 300-ə çatmışdır.
Ümumiyyətlə, muxtar respublikanın bütün təhsil müəssisələrində 58 minə yaxın uşaq, şagird, tələbə və kursant təhsil alır ki, onların təhsili ilə 10 minə yaxın müəllim məşğul olur.
Bəhs olunan illərdə muxtar respublikada dinamik və əsaslı inkişaf edən sahələrdən biri də elm sahəsidir. Azərbaycan milli elminə həmişə hamilik etmiş ümummilli lider Heydər Əliyev siyasi hakimiyyətə qayıtdıqdan sonra elmə dövlət qayğısı artdı.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilən Vasif Talıbov 6 aydan sonra, onun təşəbbüsü və rəhbərliyi ilə “Uluslararası qaynaqlarda Naxçıvan” beynəlxalq simpoziumu keçirildi. Belə bir elmi tədbirin keçirilməsi Naxçıvanda elmi mühitin inkişafına çox ciddi və əsaslı təsir göstərdi. Artıq sonrakı illərdə də muxtar respublikada beynəlxalq konfransların keçirilməsi bir ənənəyə çevrildi.
Ali Məclis Sədrinin təşəbbüsü və Ölkə Prezidenti Heydər Əliyevin sərəncamı ilə 2002-ci ildə AMEA Naxçıvan Bölməsi yaradıldı. Artıq bundan sonra elmin vahid elmi mərkəzdən idarə edilməsi, əlaqələndirilməsi, elmi kadrların hazırlanması, Naxçıvanın hərtərəfli öyrənilməsi istiqamətində fəaliyyət üçün əlverişli şərait yaradıldı.
Elmin inkişafı bilavasitə yüksək ixtisaslı kadrların hazırlıq səviyyəsindən, onların elmi fəaliyyətindən asılıdır. 1998-ci ildən Naxçıvan Dövlət Universitetində dörd ixtisas üzrə, 2006-cı ildən AMEA Naxçıvan Bölməsində üç ixtisas üzrə Dissertasiya Şuralarının yaradılması və fəaliyyəti yüksək ixtisaslı elmi kadrların hazırlanmasına öz müsbət təsirini göstərmişdir. Dissertasiya Şuralarında 276 nəfər fəlsəfə və elmlər doktoru dissertasiyası müdafiə edilmişdir. Dissertasiya Şuralarının yaradılması, yüksək ixtisaslı elmi kadrların hazırlanması Ali Məclis Sədrinin təşəbbüsü, diqqət və qayğısının nəticəsində mümkün olmuşdur. AMEA-ya 2003,2007, 2014 və 2017-ci illərdə keçirilən seçkilərdə Naxçıvandan olan elm və təhsil işçilərindən 3-ü akademik, 13-ü müxbir üzv seçilmişdir. Tədqiqatçıların çoxsaylı kitab və monoqrafiyaları, dərslik və dərs vəsaitləri, məqalə və tezisləri çap olunmuş, bir sıra fundamental ümumiləşdirici əsərlər – iki cildlik “Naxçıvan ensiklopediyası”, “Naxçıvan abidələri ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, “Dədə Qorqud yurdu – Naxçıvan: tarixi-coğrafi və etnoqrafik atlası”, üç cildlik “Naxçıvan folklor antologiyası”, “Naxçıvan tarixi”, “Naxçıvan teatrının salnaməsi”, “Qırmızı kitab”lar, “Naxçıvan Muxtar Respublikasının Ampeloqrafiyası”, “Naxçıvan arxeologiyası”, “Naxçıvan Muxtar Respublikasının təbii sərvətləri” və başqaları elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.
1995-2019-cu illərdə mədəni-maarif sahəsində çox böyük dəyişikliklər baş vermiş, Naxçıvanın mədəniyyət sahələrinin inkişafı heç vaxt bu səviyyədə olmamışdır. Kitabxanaların fəaliyyəti, onların maddi-texniki bazası xeyli möhkəmlənmişdir. Tikilən qəsəbə və kənd mərkəzlərində kitabxana və klublara da yer ayrılmış, onların fəaliyyəti üçün hər cürə şərait yaradılmışdır. Muxtar respublikada 500-ə yaxın mədəniyyət obyekti tikilmiş və ya əsaslı təmir olunmuşdur. Muzeylərin sayı 30-a çatmışdır. Heydər Əliyev muzeyi, M.T.Sidqinin, M.Arazın ev muzeyləri, Açıq Səma Altında Muzey, Milli dəyərlər, Xatirə, Bəhruz Kəngərli, Xalça muzeyləri yaradılmışdır. “Bir xalqı dünyada mədəniyyət qədər tanıdan ikinci bir amil yoxdur”, - prinsipi əsas götürülərək bu sahənin inkişafı üçün çox böyük işlər görülmüşdür. Muxtar respublikada 3 Dövlət teatrı, 4 Xalq teatrı, 2 Dövlət Filarmoniyası, 400-dən çox klub, mədəniyyət evi, kitabxana, mədəni-maarif müəssisələri, 27 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri sakinlərin bədii zövqlərinin formalaşması və inkişafına çalışırlar.
Naxçıvan Muxtar Respublikası tarix və mədəniyyət abidələri ilə zəngin bir diyardır. Ali Məclis Sədrinin xüsusi sərəncamı ilə muxtar respublika ərazisindəki 1213 tarix və mədəniyyət abidələri qeydə alınmış və pasportlaşdırılmışdır. 70-dən çox tarix və mədəniyyət abidəsi bərpa olunmuşdur.
Muxtar respublikada son illərdə daha çox diqqət yetirilən sahələrdən biri də turizmdir. Burada turizmin bir sıra sahələri – dağ-xizək turizmi, dini-ziyarət turizmi, mədəni turizm, müalicəvi turizm, kənd turizmi mövcuddur. Zəngin tarixi və mədəni irsi, nadir təbiət və memarlıq abidələri, müasir infrastruktura malik yaşayış məntəqələri Naxçıvan Muxtar Respublikasında turizmin inkişafını şərtləndirən əsas amillərdir. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması turistlərin marağını xeyli artırmışdır. Muxtar respublikaya 2008-ci ildə 219,1 min nəfər turist gəlmişdirsə, 2019-cu ildə bu, 416 min nəfər olmuşdur.
Naxçıvan Muxtar Respublikasının müdafiəsi və təhlükəsizliyinə daim diqqət göstərilmişdir. Əlahiddə Ümumqoşun Ordusunun yaradılması, onun müasir silah-sursat və hərbi texnika ilə təminatı müdafiə təhlükəsizliyini təmin etmişdir. Ali Məclisin Sədri ölkə Prezidentinə verdiyi hesabatda ordu quruculuğu sahəsindəki inkişafdan bəhs edərək demişdir: “Ümumqoşun ordusu korpusdan Əlahiddə Ümumqoşun Ordusuna qədər yol keçibdir. Bu da Sizin diqqətinizlə yaradılıb. Alınmış silah-sursatla bu gün muxtar respublikanın ordusu da lazımınca təmin olunur, hava hücumundan müdafiə sahəsində işlər həyata keçirilir. Bir sözlə, Sizin qayğınızla muxtar respublikanın müdafiəsi üçün orada yerləşən hərbi hissələr hər bir tapşırığı yerinə yetirməyə tam hazırdır”.
2018-ci ildə Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun 11000 hektar ərazini işğaldan azad etməsi Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizdə ordu quruculuğu sahəsindəki uğurlarımıza əyani sübutdur.
Naxçıvan Muxtar Respublikasında görülən işləri, həyata keçirilən tədbirləri, əldə edilən uğurları aşağıda qeyd olunan bu fakt da bir daha təsdiq edir: Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” ölkədə həyata keçirilən iqtisadi islahatların və sosial siyasətin nəticələrini əks etdirən Azərbaycan Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirmişdir. Naxçıvan Muxtar Respublikası 2017 və 2018-ci illərdə 18 parametr üzrə ən yüksək bal toplayaraq lider olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Naxçıvanda görülən işləri, sosial-iqtisadi və mədəni inkişafda baş verən dəyişiklikləri yüksək qiymətləndirərək deyib: “Siz, Ali Məclisin Sədri Vasif Talıbovun fəaliyyəti nəticəsində bütün bu uğurlara nail olmusunuz. Azərbaycanın digər bölgələri də inkişaf edir. Amma sizə deyə bilərəm ki, bu baxımdan Naxçıvan Azərbaycanda liderdir və ümid edirəm ki, siz gələcəkdə də liderliyi saxlayacaqsınız. Bunu – abadlıq-quruculuq işlərini, yeni binaların yüksək zövqlə, səliqə ilə, diqqətlə tikilməsini Naxçıvana gələn hər bir vətəndaş, qonaq görür. Hiss olunur ki, bu işlər böyük məhəbbətlə görülür”.
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər, irəli sürülən təşəbbüslər, həyata keçirilən islahatlar sayəsində respublikamız çox böyük uğurlar əldə etmiş, lider dövlətə çevrilmişdir. Ölkəmizin ayrılmaz bir hissəsi olan Naxçıvan Muxtar Respublikası da tarixin heç bir mərhələsində bugünkü qədər gözəl, abad və güclü olmamışdır.
İsmayıl
Hacıyev,
AMEA
Naxçıvan Bölməsinin sədri,
akademik
Yeni Azərbaycan.- 2020.- 11 yanvar.- S.
4.