20 Yanvar Azərbaycan xalqının qəhrəmanlıq
salnaməsidir
Sovet imperiyasının Azərbaycan xalqına
qarşı törətdiyi bu qanlı cinayətə ilk
hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən
verilib
Qanlı
20 Yanvar faciəsindən 30 il ötür. Xəbər verildiyi kimi, Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin sərəncamı
ilə “20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə
bağlı tədbirlər planı” təsdiq edilib. Tədbirlər
planı Azərbaycan Respublikası Prezidentinin 20 Yanvar faciəsinin
otuzuncu ildönümü haqqında 2019-cu il
13 dekabr tarixli Sərəncamına əsasən
hazırlanıb. Plana əsasən respublikanın şəhər
və rayonlarında, idarə və təşkilatlarda 20 Yanvar
gününün Azərbaycanın suverenliyi, müstəqilliyi
və ərazi bütövlüyü uğrunda mübarizənin
rəmzi kimi qeyd olunması ilə bağlı tədbirlər,
20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən
konfrans, toplantı və mühazirələr təşkil
ediləcək, mədəniyyət ocaqlarında faciəyə
həsr olunmuş tamaşalar, bədii və sənədli
filmlər nümayiş olunacaq. 20 Yanvar faciəsinin
otuzuncu ildönümü ilə bağlı tədbirlər
kütləvi informasiya vasitələrində geniş
işıqlandırılacaq.
Beləliklə, 1990-cı ilin 20 Yanvar faciəsi
xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi
kimi yazılıb. Xatırladaq ki, sovet imperiyası xalqımızın
azadlıq və istiqlal mübarizəsini “beşikdə”
boğmaq məqsədilə 1990-cı il yanvarın 19-dan 20-nə
keçən gecə fövqəladə vəziyyət elan
edilmədən Bakı şəhərinə böyük hərbi
qüvvə yeritdi, müasir silahlarla silahlanan imperiya ordusu tərəfindən
günahsız insanlar qanına qəltan edildi, misli
görünməmiş vəhşiliklər törədildi və
yalnız cinayət başa çatandan sonra - ertəsi gün
Azərbaycanda fövqəladə vəziyyət elan edildi. Bu faciə imperiyanın tək Azərbaycan
xalqına qarşı yox, həm də bəşəriyyətə,
humanizmə, insanlığa qarşı yönəldilmiş
soyqırımı siyasəti idi. Xalqımızın
Ümummilli Lideri Heydər Əliyev törədilən
böyük faciə ilə bağlı sonralar belə deyirdi:
“O, ayrı-ayrı insanlara qarşı törədilən qəsd,
təcavüz deyildir. Bütün Azərbaycan xalqına, Azərbaycan
millətinə, Azərbaycan ölkəsinə edilən hərbi
təcavüz idi...”
Həmin müdhiş gecə xalqımız böyük
bir faciə ilə üzləşsə də,
özünün Vətənə, torpağa sədaqətini,
qəhrəmanlığını, azadlıq və müstəqillik
uğrunda mübarizə əzmini,
sarsılmazlığını bir daha nümayiş etdirdi. Rəsmi məlumata görə,
həmin gün təkcə Bakı şəhərində 131
nəfər xüsusi amansızlıqla qətlə yetirildi,
744 nəfər yaralandı, 841 nəfər isə həbs
olundu. Həlak olanlar arasında qadınlar,
uşaqlar, qocalar da vardı. Əsasını ermənilər
təşkil edən vəhşiləşmiş hərbçilər
tərəfindən 200 ev və mənzil talan edilərək
yandırıldı, 80 avtomaşın, o cümlədən təcili
yardım maşını, külli miqdarda şəxsi və
dövlət əmlakı məhv edildi.
Bu qanlı faciəyə ilk olaraq Öz etirazını
bildirən, Azərbaycan xalqının başına gətirilən
bu qətliamı dünyaya çatdıran Ulu Öndər
Heydər Əliyev oldu. Təbii ki, milli azadlıq istəyi ilə
ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini
alçaltmaq və sovet hərb maşınının
gücünü nümayiş etdirmək məqsədi ilə
həyata keçirilən bu müdhiş faciə qəlbi vətən
eşqi və amalı ilə döyünən xalqın mərd
və mübariz oğlunu narahat etməyə bilməzdi.
Çünki dahi insan, uzaqgörən şəxsiyyət
yaxşı görürdü ki, bu faciə totalitar kommunist
rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü
və cinayətidir. Beləliklə, qanlı faciənin
ertəsi günü həyatını təhlükə
qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi
nümayəndəliyinə gələn xalqımızın
Ümummilli Lideri Heydər Əliyev 20 Yanvar faciəsinin təşkilatçılarını
dünya ictimaiyyəti qarşısında qəzəblə
qınadı, ifşaedici və cəsarətli bəyanat
verdi: “Mən belə hesab edirəm ki, 19-20 yanvarda baş
vermiş bu faciə həm Sovet İttifaqının siyasi rəhbərliyinin,
şəxsən M.S.Qorbaçovun böyük
günahının nəticəsidir, onun diktatorluq meyillərindən
əmələ gəlmiş bir haldır və eyni zamanda, Azərbaycan
rəhbərlərinin xalqa xəyanəti və cinayətin nəticəsidir”.
Mətbuat
konfransında səsləndirdiyi kəskin bəyanatı ilə
kifayətlənməyən Ümummilli Lider elə həmin
gün Azərbaycan KP Mərkəzi Komitəsinə, Ali Sovetə,
Nazirlər Kabinetinə, Azərbaycan xalqına
ünvanladığı teleqramda: “Mən bu
düşünülmüş aksiyanı pisləyir, onu
antihumanist, antidemokratik, qanuna zidd hesab edirəm” deməklə
bu ağır gündə xalqın dərdinə şərik
olduğunu bildirməklə yanaşı, onu təmkinli
olmağa, həmrəyliyə və birliyə
çağırırdı.
Bəli,
vurğulandığı kimi, 1990-cı il
yanvarın 19-dan 20-nə keçən gecədə törədilən
vəhşilikdə əsas məqsəd ayağa qalxan
xalqın inam və iradəsini qırmaq və sovet hərb
maşınının gücünü nümayiş etdirmək
idi. Eyni zamanda Azərbaycanın ozamankı rəhbərlərinin
cinayətkar qətiyyətsizliyi, milli maraqlara zidd
addımları xalq hərəkatının
formalaşmasına və onun tədricən milli azadlıq hərəkatına
çevrilməsinə zəmin yaratdı.
Onu da qeyd edək ki, bu dəhşətli faciə
totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi
təcavüzü və cinayəti olsa da, həmin cinayətin
üstünü ört-basdır etmək mümkün
olmadı. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti
və cəsarəti sayəsində bu faciəyə əsl
hüquqi-siyasi qiymət verildi. Belə ki,
1990-cı ilin noyabr ayında dahi şəxsiyyətin
böyük siyasi nüfuzu sayəsində 20 Yanvar faciəsinə
prinsipial hüquqi-siyasi qiymət verilməsi məsələsi
yenidən gündəmə gəldi. Bu mənada
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci
sessiyasının noyabrın 21-də keçirilən
iclası tarixə düşdü. Heydər
Əliyev xalq deputatı kimi “1990-cı ilin yanvar ayında
törədilmiş Bakı hadisələrinə siyasi qiymət
verilməsi haqqında” qərar layihəsini işləyib həmin
sessiyada Ali Məclisin müzakirəsinə təqdim etdi.
Sessiyadakı çıxışında xalqımızın
hərbi, siyasi, mənəvi təcavüzə məruz
qalmasından narahatlıqla danışan Ulu Öndər Heydər
Əliyev ürək yanğısı ilə yanaşı, həm
də qətiyyətlə deyirdi: “...Mən belə fikirdəyəm
ki, Böyük Vətən müharibəsi qurtarandan sonra
Sovetlər İttifaqında, ölkənin daxilində -
heç bir yerdə, heç bir regionda bu qədər, bu
miqyasda qırğın olmamışdı. Bunu
da edib sovet ordusu. Və bunun nə qədər
böyük miqyasda olmağını onunla ölçmək
olar ki, bu hərbi aksiyanın həyata keçirilməsi
üçün SSRİ müdafiə naziri Yazov, SSRİ
daxili işlər naziri Bakatin vaxtından qabaq gəlib
Bakıda oturub bu əməliyyatlara rəhbərlik ediblər.
Müharibə vaxtı hərbi nazir az-az cəbhəyə
gedərdi, ancaq görün bu hərbi əməliyyatlara
bunlar nə qədər böyük fikir veriblər. Demək, bu, Azərbaycan xalqına qarşı
göstərilən hərbi təcavüzdür, təhqirdir.
Azərbaycan xalqının qarşısında cinayətdir...”
Amma təəssüflər
olsun ki, Ulu Öndər Heydər Əliyevin Naxçıvanda
yaşayıb-işlədiyi dövrdə Onun uzaqgörən
təşəbbüsü ilə Naxçıvan Muxtar
Respublikası Ali Məclisində dövlətçiliyimizin bərpası,
müstəqilliyimizlə, eləcə də digər
taleyüklü məsələlərlə bağlı qəbul
olunan tarixi və siyasi əhəmiyyətli qərarlara
ozamankı respublika rəhbərləri qısqanclıqla
yanaşdığından muxtar respublika parlamentinin Azərbaycan
Ali Soveti qarşısında qanunvericilik təşəbbüsü
ilə qaldırdığı məsələlərə əhəmiyyət
verilmirdi. Məhz buna görə də yalnız
Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə
xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıdışından sonra 1990-cı ilin Qanlı Yanvar faciəsinə
dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət
verildi. Belə ki, Ümummilli Lider Heydər Əliyev
1994-cü il yanvar ayının 5-də 20
Yanvar faciəsinin dördüncü ildönümünün
keçirilməsi ilə bağlı Fərman imzaladı. Fərmanda Milli Məclisə tövsiyə olunurdu
ki, faciəyə tam siyasi-hüquqi qiymət verilsin. Bunun
ardınca isə 1994-cü il yanvarın 12-də dövlət
komissiyasının geniş iclasında Ümummilli Lider Heydər
Əliyev Azərbaycan Respublikası Ali Soveti Milli
Şurasının 1992-ci il 19 yanvar tarixli qərarını
xatırladaraq bu qərarda 20 Yanvar hadisələrinin əsl səbəblərinin
açıqlanmadığını, həqiqi
günahkarların aşkar edilmədiyini, iki il ərzində
həmin qərarın özünü
doğrultmadığını diqqətə
çatdırdı.
Ümummilli
Lider Heydər Əliyevin bu istiqamətdə gərgin əməyinin
nəticəsi kimi, 1994-cü il mart
ayının 29-da ölkə parlamenti tərəfindən
“1990-cı il yanvarın 20-də Bakıda törədilmiş
faciəli hadisələr haqqında” adlı xüsusi qərar
qəbul edildi. Bununla da Azərbaycan
xalqının məruz qaldığı dəhşətli
faciəyə - 20 Yanvar hadisələrinə siyasi-hüquqi
qiymət verilmiş oldu.
Ümummilli Liderimizin rəhbərliyi ilə 20 Yanvar faciəsinə
siyasi-hüquqi qiymət verilməsi milli dövlətçiliyimizin
bərpası istiqamətində də mühüm rol
oynadı. Həmin gün tariximizə faciə kimi daxil olsa da,
Ümummilli Liderimizin sözləri ilə desək, həm də
xalqımızın həyatında dönüş mərhələsi,
dönüş nöqtəsi oldu.
Ulu Öndərimiz Heydər Əliyevin
xalqımızın müstəqilliyi uğrunda mübarizə
aparan insanların xatirəsinə ehtiramı, bu istiqamətdə
həyata keçirilən diqqət və qayğı siyasəti
bu gün də yüksək səviyyədə davam etdirilir.
Prezident İlham Əliyev mütəmadi olaraq 1990-cı ilin 20
yanvarında şəhid olmuş soydaşlarımızın
xatirəsini yad edir, onların ailə üzvləri ilə
görüşlər keçirir. Eləcə də şəhid
ailələrinin məişət problemlərinin həlli
istiqamətində mühüm addımlar atılır. Bu gün 20 Yanvar şəhidlərinin ailələri
dövlətimizin qayğısı ilə əhatə
olunublar. Ölkə başçısının Fərman və
sərəncamları ilə həmin ailələrə birdəfəlik
və aylıq müavinətlər verilir, onların mənzil,
eləcə də digər sosial problemləri öz həllini
tapır. Azərbaycan xalqı öz qəhrəman
övladlarını heç zaman unutmur!!!
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2020.-
14 yanvar.- S.11