Heydər Əliyev yoluna sədaqətin bariz
nümunəsi
Müasir dünyamızda qlobal
iqtisadi böhranın mənfi təzahürlərinin meydana gəldiyi,
tarazlaşma proseslərinin ağrılı keçdiyi bir
dövrdə sosial-iqtisadi inkişafa nail olmaq və ya
mövcud inkişafın dayanıqlılığını təmin
etmək yalnız elmi əsaslara söykənən düzgün
iqtisadi siyasət nəticəsində mümkündür.
Belə bir şəraitdə
ölkəmizlə quru yolu ilə birbaşa əlaqəsi
olmayan, əlverişsiz geopolitik transformasiyalar nəticəsində
ana vətəndən ayrı düşərək blokada
şəraitində yaşayan Naxçıvan Muxtar
Respublikasının daxili resurslar hesabına yüksəlişini
inamla davam etdirməsi, yeni-yeni nailiyyətlərə imza
atması müstəqil Azərbaycan dövlətinin ən
böyük uğurlarından biridir.
Bütün bunların
başlıca səbəbi Ulu Öndər Heydər Əliyev
və Prezident İlham Əliyevin əsasını qoyduğu
inkişaf strategiyasının muxtar respublikada Naxçıvan
Ali Məclisinin sədri cənab Vasif Talıbov tərəfindən
uğurla davam etdirilməsidir. Vasif
Talıbov Azərbaycanda müstəqil dövlətçiliyin
qurulması, respublikanın ərazi
bütövlüyünün qorunması, ölkədə
hüquqi dövlətin bərqərar olması kimi ali məqsədlər
naminə Ümummilli Lider Heydər Əliyevin respublika rəhbərliyinə
qayıdışı uğrunda mübarizənin
öncüllərindən olmuş və müdrik rəhbərin
yanında olmaqla əsl mənada Onun məktəbini
keçmiş, yaxın silahdaşı olmuş, həyata keçirilən
siyasi kursun reallaşmasında fəal iştirak etmişdir. Cənab
Vasif Talıbovun bütün fəaliyyəti Azərbaycanda,
onun ayrılmaz hissəsi olan Naxçıvan Muxtar
Respublikasında cərəyan edən mühüm siyasi,
ictimai və mədəni proseslərlə sıx
bağlıdır. Habelə onun apardığı məqsədyönlü
iş sayəsində qonşu xarici dövlətlərlə -
Türkiyə Cümhuriyyəti və İran İslam
Respublikası ilə normal münasibətlər inkişaf
etdirilmiş, çoxsaylı müqavilələr
imzalanmışdır. Belə münasibətlər
Naxçıvanda sərbəst ticarətin, iqtisadi əlaqələrin,
elm, təhsil və mədəniyyətin daha da inkişaf etməsinə
kömək etmişdir.
Faktlara nəzər yetirdikdə əminlik
yaranır ki, muxtar respublikada mövcud olan ictimai-siyasi sabitliyin
fonunda davam etdirilən bu siyasət daha böyük uğurlara
yol açmaqdadır.
Naxçıvan Muxtar
Respublikasında infrastrukturun yenilənməsi, müasir müəssisələrin,
yeni iş yerlərinin yaradılması istiqamətində
sistemli tədbirlərin həyata keçirilməsi
uzunmüddətli və hərtərəfli inkişaf
konsepsiyasının reallaşdırılmasına əsaslı
töhfələr verib. Bu gün
çoxşaxəli iqtisadiyyatın
formalaşdırılması istiqamətində məqsədyönlü
islahatların aparılması, mühüm əhəmiyyətə
malik Dövlət proqramlarının
reallaşdırılması nəticəsində
Naxçıvan sosial-iqtisadi inkişaf baxımından ölkəmizdə
liderliyini qorumaqdadır. Qeyd edək ki,
İslam mədəniyyətinin paytaxtı və ölkəmizin
Gənclər paytaxtı kimi mühüm tarixi missiyanı
yerinə yetirən Naxçıvanda iqtisadi və sosial sahələrin
inkişafını təmin etmək üçün tədbirlər
ötən 2019-cu il ərzində də davam etdirilib, dinamik
inkişaf qorunub saxlanılıb.
İnkişafın ən
mühüm göstəricilərindən biri, yəni istər
maddi istehsal, istərsə də qeyri-maddi xidmətlər sahələrində
iqtisadi fəaliyyətin son nəticəsini xarakterizə edən
amillərdən başlıcası ümumi daxili məhsulun
artım həcmidir. Həyata keçirilən
məqsədyönlü siyasətin nəticəsidir ki, muxtar
respublikada sənaye müəssisələri, kənd təsərrüfatı
məhsullarının istehsalı, tədarükü,
saxlanması, emalı və satışı kompleksləri
yaradılıb, bir sıra ərzaq məhsulları üzrə
daxili istehsal xeyli artıb. Bütün bu müsbət
proseslər ümumi daxili məhsulun artımına səbəb
olub. Belə ki, ötən il ümumi daxili məhsul
istehsalının həcmi 2 milyard 839 milyon manatdan çox
olub. Bu da bir il öncəki müvafiq göstəricini 1,5 faiz
üstələyir. Hər bir nəfərə düşən
ümumi daxili məhsulun həcmi ötən ilin müvafiq
dövrünə nisbətən 1,6 faiz artaraq 6202 manatı
ötüb.
Bir sıra istehsal sahələrində
məhsul istehsalının həcminin artması, investisiya fəallığının
güclənməsi, sahibkarlığın
stimullaşdırılması və təşəbbüskarlığa
geniş meydan verilməsi muxtar respublikanın iqtisadi
dayaqlarını xeyli möhkəmləndirib. 2019-ci il ərzində
iqtisadiyyatın əsasını təşkil edən sənayenin inkişaf etdirilməsi
üçün rəqabət qabiliyyətli müasir istehsal
sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının
yaxşılaşdırılması istiqamətində
mövcud layihələrin icrası davam etdirilib,
stimullaşdırıcı tədbirlər həyata
keçirilib. Bu sahədə mühüm
malların istehsalının təmini muxtar respublikada sənayenin
iqtisadiyyatda xüsusi çəkisini qoruyub saxlayıb. Ötən
il ərzində ümumi daxili məhsulun tərkibində ilk
yeri sənaye sahəsi tutub və maddi istehsalın payı 58
faiz təşkil edib.
Muxtar respublikada quruculuq və abadlıq işləri
geniş vüsət alıb. Yeni parklar
salınır, inzibati binalar, o cümlədən məktəblər,
uşaq bağçaları, səhiyyə ocaqları, idman
obyektləri, icra nümayəndəlikləri və bələdiyyə
binaları ən modern üslubda, lakin milli və yerli
memarlıq xüsusiyyətləri nəzərə
alınmaqla yüksək sürətlə və
zövqlə inşa edilib vətəndaşların
ixtiyarına verilir. Bütün obyektlər müasir kommunikasiya,
o cümlədən yüksək sürətli internetlə
tam təmin edilib.
Kənd təsərrüfatı, turizm,
informasiya-kommunikasiya texnologiyaları, emal sənayesi
Naxçıvanda əsas prioritet sahələrdəndir.
Ekspertlər bu sahələr arasında kənd təsərrüfatının
əhəmiyyətini xüsusi qeyd edirlər. Belə ki, muxtar
respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır.
Müasir dövrdə ən aktual problemlərdən biri kəndlərdən
şəhərlərə köçməyin kütləvi
hal almasıdır. Naxçıvanda isə belə bir problem
yoxdur. Kəndlərdə ticarət və xidmət obyektləri
daxil olmaqla hər cür zəruri infrastrukturun yer
aldığı nümunəvi kənd mərkəzləri
yaradılıb. Habelə kəndlərdə yaşayan əhalinin
məşğulluğu təmin edilib. İnsanların kənd
təsərrüfatı ilə məşğul olmaları,
bol məhsul əldə etmələri üçün şərait
yaradılıb. Yaşayış məntəqələrində
müasir infrastrukturun qurulması, ölkəmizdəki ən
keyfiyyətli yolların çəkilməsi, qazın,
işığın davamlı verilməsi, bütün kəndlərin
telefonlaşdırılması, kənddə şəhər
rahatlığının ən yüksək səviyyədə
təmin olunması insanların torpağa bağlılığını
daha da artırıb, kənd təsərrüfatının
inkişafını təmin edib. Məlumat üçün
bildirək ki, bu ilin məhsulu üçün muxtar
respublikada 62 min 970 hektar sahədə əkin aparılıb. Məhz
görülən məqsədyönlü işlərin nəticəsidir
ki, ötən il 507 milyon 641 min manatdan artıq kənd təsərrüfatı
məhsulu istehsal olunmuş, bunun da xeyli hissəsi ixrac
edilmişdir.
Yeri gəlmişkən qeyd edək
ki, regionun strateji əhəmiyyətini nəzərə alaraq
və təhlükəsizlik mülahizələri rəhbər
tutularaq muxtar respublikada əhalini təzə və keyfiyyətli
ərzaq məhsulları ilə təmin etmək məqsədilə
qida təhlükəsizliyi sistemi ən yüksək səviyyədə
qurulmuşdur. Bu baxımdan, kənd təsərrüfatının
əsasını təşkil edən
taxılçılıq aqrar sektorun digər bölmələrinin
inkişafında həlledici rol oynayır. Taxıl öz
kaloriliyinə görə insanın ərzaq balansı
rasionunun yarısını təşkil edir. Bu sahənin
inkişafına qayğı, diqqət göstərmədən
bir çox sahələrin inkişafı mümkün deyil.
Taxıl istehsalının artırılması blokada vəziyyətində
yaşayan Naxçıvan üçün xüsusilə əhəmiyyətlidir.
Sevindirici haldır ki, bu sahə muxtar respublikada
hər il daha da inkişaf etdirilir, yeni-yeni nailiyyətlər əldə
olunur. Ötən dövrdə muxtar respublikada
taxılçılıq üstün istiqamət kimi
saxlanılıb və 33 min 308 hektar sahədən 102 min tondan
artıq məhsul götürülüb.
Sahibkarlığın inkişafı ilə
bağlı həyata keçirilən ardıcıl tədbirlər
muxtar respublikanın istehsal sahələrinin genişlənməsinə
və iqtisadiyyatın çoxsahəli inkişafına səbəb
olmuşdur. Cari ilin ötən dövründə
sahibkarlara 24 milyon 546 min manat kredit verilmiş, 72 yeni istehsal və
xidmət sahəsi fəaliyyətə
başlamışdır ki, bunun da nəticəsində hazırda
muxtar respublikada 383 növdə məhsul istehsal olunur, 350
növdə məhsula olan tələbat isə tamamilə
yerli istehsal hesabına ödənilir. İstehsal edilən
sənaye məhsulunun həcmi artaraq 1 milyard 15 milyon manata
yaxın olmuşdur.
Xüsusi vurğulamaq lazımdır ki, blokada
şəraitində olmasına baxmayaraq, muxtar respublikada
bütün nəqliyyat və logistika sahələrində
infrastrukturun yenilənməsi tədbirləri davam etdirilir. Belə
ki, ötən il ərzində muxtar respublikada 93,9 kilometr
uzunluğunda yeni asfalt yol salınmış, 3
körpünün tikintisi, 3 körpünün isə əsaslı
təmiri başa çatdırılmış, 97 min metr
fiber-obtik, 143 min metr rabitə xətləri çəkilmişdir.
Muxtar respublikanın iqtisadi inkişafında əsas
prioritetlərdən biri də xarici ticarət əlaqələrinin
genişləndirilməsi, ixrac potensialının gücləndirilməsidir.
Sahibkarlığın inkişafı ilə
bağlı həyata keçirilən sistemli tədbirlər,
xüsusilə ixracın stimullaşdırılması,
istehsal olunan məhsulların ixrac imkanlarının
artmasına və xarici bazarlarda tanınmasına şərait
yaratmışdır. 2019-cu ilin ötən dövründə
muxtar respublikanın xarici ticarət dövriyyəsi 494
milyon 574 min ABŞ dolları təşkil etmişdir. Ticarət
əməliyyatlarının 86,0 faizi, yaxud 425 milyon 539 min
ABŞ dolları ixracın payına düşmüş,
müsbət saldo yaranmışdır.
Sevindirici haldır ki, əhali arasında
hüquq maarifi və profilaktik tədbirlərin gücləndirilməsi
nəticəsində cinayətkarlıq üzrə göstəricilərin
aşağı səviyyədə olması qorunub
saxlanılmışdır. Sosial-iqtisadi sahədə
əldə edilmiş uğurlar, sabitlik və təhlükəsizliyin
təmin edilməsi muxtar respublikada məşkunlaşmanın
və əhali rifahının yaxşılaşmasına
öz təsirini göstərmiş, muxtar respublika əhalisinin
sayı artaraq 460 min nəfərə yaxın olmuşdur.
Bütün bu amillər heç şübhəsiz,
turizm sahəsinin inkişafına da ciddi təkan vermişdir. Turizmin inkişafı sahəsində görülən
işlərin və yaradılan şəraitin nəticəsidir
ki, 2019-cu ilin ötən dövründə muxtar respublikaya
ölkəmizin digər bölgələrindən və xarici
ölkələrdən 416 minə yaxın turist gəlmişdir.
Böyük Britaniyada nəşr olunan dünyanın ən məşhur
səyahət jurnalı “Vanderlast” isə Naxçıvan
şəhərini səyahət edilən 50 ən təhlükəsiz
və gözəl şəhərlər sırasına daxil
etmişdir.
Təsadüfi deyil ki, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin Sədri
olduğu və dünyanın 70 ölkəsinin 5 mindən
artıq şirkət və təşkilatını birləşdirən
“Caspian European Club” 2017-ci ildə ölkədə həyata
keçirilən iqtisadi islahatların və sosial siyasətin
nəticələrini əks etdirən Azərbaycan
Respublikası regionlarının illik investisiya reytinqini müəyyənləşdirdiyi
zaman Naxçıvan Muxtar Respublikası ən yüksək
ümumi bal toplayaraq liderliyə yüksəlib.
Məlum olduğu kimi, Naxçıvan Muxtar
Respublikasının Azərbaycan Respublikası ilə quru sərhədləri
mövcud deyil. Cənubdan xarici dövlətlərlə, yerdə
qalan istiqamətlərdə isə Azərbaycan
torpaqlarını işğal etmiş düşmən Ermənistan
Respublikası ilə həmsərhəddir. Bu faktor
Naxçıvan üçün təhlükəsizlik
probleminin strateji baxımdan nə dərəcədə əhəmiyyətli
olduğunu müəyyən edir. Ona görə də,
Naxçıvanda daim silahlı qüvvələrə diqqət
və qayğı ən yüksək səviyyədə həyata
keçirilmişdir. Ordunun maddi-texniki təchizatı
ən müasir dünya standartlarına uyğun təşkil
olunmuş, mütəmadi keçirilən hərbi təlimlər
nəticəsində daim hərbə hazır vəziyyətə
gətirilmişdir. 2013-cü ildə Naxçıvanda yerləşən
hərbi hissələrin əsasında Naxçıvan
Əlahiddə Ümumqoşun Ordusunun yaradılması
burada dislokasiya olunmuş silahlı qüvvələrin
döyüş qabiliyyətini daha da
artırmışdır. Belə ki, təkcə
2018-ci ildə keçirilmiş Günnüt əməliyyatı
nəticəsində 11 min hektardan artıq ərazi
düşməndən təmizlənmiş, Ermənistanın
strateji kommunikasiyaları ordumuzun nəzarətinə
keçmişdir. Ümumiyyətlə Naxçıvanda
güclü silahlı qüvvələrin mövcudluğu
daim İrəvanı təhdid altında saxlayaraq
bütövlükdə ölkəmizin strateji təhlükəsizliyinə
mühüm töhfə verməkdədir.
Göründüyü kimi, 30 ilə
yaxındır, blokada şəraitində yaşasa da,
Naxçıvan Muxtar Respublikası hərtərəfli və
dayanıqlı inkişafa nail olub. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev bu barədə
deyib: “...Naxçıvan uğurla, sürətlə inkişaf
edir. Son illər ərzində muxtar respublikada böyük
abadlıq-quruculuq işləri görülmüşdür.
Naxçıvan Muxtar Respublikası bütün iqtisadi
göstəricilərinə görə çox sürətlə
inkişaf edən respublikadır. Son 15 il ərzində
respublikanın ümumi daxili məhsulu on dəfəyə
yaxın artıbdır. Bu, məncə, dünya miqyasında
rekord göstəricidir. Bütün uğurlar münasibətilə
Naxçıvan Muxtar Respublikasının rəhbərliyini,
bütün sakinlərini ürəkdən təbrik etmək
istəyirəm”.
Yuxarıda sadalananlar Naxçıvan Muxtar
Respublikasında bütün sahələrdə inkişafa
nail olunmasının göstəriciləri, böyük
uzaqgörənliklə müəyyənləşdirilmiş
inkişaf strategiyasının nəticələridir. Bu isə
muxtar respublikanın şəhər və kəndlərinin
simasını köklü şəkildə dəyişdirir.
Hazırda Naxçıvanın hər bir sakini quruculuğun,
sosial-iqtisadi inkişafın, davamlı yüksəlişin
real nəticələrini öz gündəlik həyatında
hiss etməkdədir.
Bütün bu nailiyyətlərin
əldə edilməsində hələ təhsil
aldığı və əmək fəaliyyətinə
başladığı dövrlərdən doğma
torpağına və xalqına qırılmaz tellərlə
bağlı bir ziyalı, Prezidentimiz İlham Əliyevə
sadiq və bacarıqlı dövlət xadimi kimi cənab Vasif
Talıbovun misilsiz xidmətləri var.
Öz mənalı ömrünün 60-cı ilinə qədəm
qoyan Vasif müəllimə bundan sonra da vətənimiz,
dövlətçiliyimiz, xalqımız və qədim Azərbaycan
torpağı Naxçıvanımızın çiçəklənməsi
naminə göstərdiyi xidmətlərinə görə
daha böyük müvəffəqiyyətlər
arzulayır, şəxsi və ictimai-siyasi fəaliyyətində
yeni-yeni nailiyyətlər, möhkəm
cansağlığı diləyirik.
Uğurlar olsun!
Siyavuş Novruzov
Milli Məclisin İctimai birliklər və
dini qurumlar komitəsinin sədri,
YAP İcra katibinin müavini
Yeni Azərbaycan.- 2020.- 14 yanvar.- S.9