Akademik Ramiz Mehdiyevin “Azərbaycanın
inkişafını XXI əsrin
çağırışlarına uyğunlaşdıran Lider”
adlı kitabı çapdan çıxıb
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,
akademik Ramiz Mehdiyevin “Azərbaycanın
inkişafını XXI əsrin
çağırışlarına uyğunlaşdıran Lider”
adlı kitabı çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, kitabda şərh edilən məsələlər
akademik Ramiz Mehdiyevin Prezident İlham Əliyevin Administrasiyasının rəhbəri
vəzifəsində işlədiyi
16 il ərzində müşahidə etdiklərinin
nəticəsidir.
“Mənim üçün müasir
Azərbaycanın inkişaf
tarixi ilə bağlı açıq suallar qalmayıb. Ölkənin ümdə problemlərinin həllində
iştirak etməli olanlar qeyri-ordinar transformasiyaların şahidlərinə
çevrilir, ən mühüm məqamları
gözləri ilə görmək və onun həqiqi miqyasını real zaman rejimində qiymətləndirmək
imkanı əldə edirlər. O zaman
istər-istəməz inanırsan
ki, insanın quruculuq istedadının bənzərsizliyi mahiyyət
etibarilə heç də təsadüfi deyil”, - bu fikirlərlə
başlayan kitab Azərbaycanın dövlət
başçısı vəzifəsində
böyük siyasi və görkəmli dövlət xadimi Heydər Əliyevdən
sonra ölkəmizin sükanını böyük
bacarıqla idarə edən Prezident İlham Əliyev haqqında kitabın bir fəslidir.
Qloballaşma proseslərinin fəallaşdığı
şəraitdə, yeni
minilliyin əvvəlində
Azərbaycanın üzləşdiyi
təhdidlər, XXI əsrin
əvvəlinin reallıqları,
dövlətin inkişafının
yeni mərhələsində
onun qarşısında
duran mürəkkəb
məsələlərin öhdəsindən
gəlmək, Azərbaycanın inkişafı ilə bağlı genişmiqyaslı
planları həyata keçirmək və İlham Əliyevdən Ümummilli Lider Heydər Əliyevin siyasi və sosial-iqtisadi kursunu davam etdirmək üçün zəruri
olan xüsusi qabiliyyətlər tələb
edildiyini yazan akademik Azərbaycanın inkişafında 2003-cü ilin
oktyabrından başlanan
yeni mərhələnin mahiyyətini
təhlil edib: “Prezident İlham Əliyev ölkənin innovasiya texnologiyaları əsasında ümumi modernləşdirilməsinə yönəlmiş dövlət
idarəçilik sistemini
reallaşdırmağa başladı”.
İlham Əliyevin hakimiyyətə
gəlməsi ilə Azərbaycanın həyatında
keyfiyyətcə yeni mərhələnin əsasının
qoyulduğunu vurğulayan
akademik Ramiz Mehdiyev Prezident İlham Əliyevin Öz vəzifələrinin
icrasına “Azərbaycan
Respublikasında sosial-iqtisadi
inkişafın sürətləndirilməsi
tədbirləri haqqında”
(noyabr 2003), “Azərbaycan
Respublikasının regionlarının
sosial-iqtisadi inkişafının
dövlət proqramının
təsdiq edilməsi haqqında (2004-2008)” (fevral
2004) fərmanları ilə
ölkənin sosial-iqtisadi
inkişafının sürətini
müəyyən edərək
start verdiyini bildirib.
Kitabda qeyd olunur ki, hərtərəfli düşünülmüş iqtisadi siyasət sayəsində Azərbaycanın
xeyli irəliləməsi,
neft amilindən asılılığın əhəmiyyətli
dərəcədə azalması,
“Neftdən asılı
dövlət” modelinin
artıq keçmişdə
qalaraq iqtisadiyyatın
şaxələndirilməsində ciddi uğurlar qazanılması, dövlətin sahibkarlığa
və aqrar sənaye kompleksinə ciddi kömək göstərməsi, bu illər ərzində vergi-büdcə siyasətinin
iqtisadi artımın ən mühüm amilinə çevrilməsi,
Azərbaycanın ərzaq
mallarının əksəriyyəti
üzrə özünü
təmin etmək səviyyəsinə çatması,
ölkənin güclü
ordusu və güclü xarici siyasətinin olması, ictimai-siyasi sabitliyin, icra intizamının təmin edilməsi, vətəndaşların hər
sahədə məsuliyyətinin
artırılması, həmçinin
ölkə rəhbərliyinin
ölçülüb-biçilmiş hərəkətləri Azərbaycanın
qüdrətli dövlət olmasını
göstərir və bütün bunlar dövlət səviyyəsində
aparılan islahatların
əsasını təşkil
edir.
Müəllif Azərbaycanda həyatın
bütün sahələrində
islahatlar strategiyasını
müəyyənləşdirən Prezident İlham Əliyevin təkcə ölkənin deyil, dünyanın müxtəlif
KİV-lərində də
fəaliyyətinin çox
yüksək qiymətləndirildiyini
qeyd edib. Türkiyənin NTV telekanalına müsahibəsində Prezident
İlham Əliyevin əsl siyasətçi olduğunu nəzərə
çatdıran ABŞ dövlət
katibinin Avrasiya regionunda münaqişələr
və Xəzər məsələləri üzrə
xüsusi nümayəndəsi
Stiven Mann Azərbaycan xalqının
İlham Əliyevin timsalında çox yaxşı Prezidenti olduğunu vurğulayaraq əlavə
edib: “Hesab edirəm ki, ölkədə siyasi islahatlar davam etdiriləcək, neftdən
alınan gəlirlər
sıravi vətəndaşların
həyat səviyyəsinin
yaxşılaşdırılmasına yönəldiləcək”.
Bundan əlavə, kitabda
“The American Interest” nəşrində
Amerika Xarici Siyasət Şurası yanında Mərkəzi Asiya və Qafqaz
İnstitutunun direktoru,
“Azərbaycan müstəqillik
günündən sonra”
adlı kitabın müəllifi Svante Kornellin məqaləsində
Prezident İlham Əliyev tərəfindən
həyata keçirilən
islahatların, onların
regionda inkişafa
təsirinin təhlili
təqdim edilir: “S.Kornellin fikrincə, ölkədə cari islahatlar əsl vaxtına düşüb.
Budəfəki islahatlar 2015-ci ildə
neftin qiymətinin azalması ilə bağlıdır, hərçənd
Azərbaycanda bundan əvvəl də islahatlar aparılırdı.
Məsələn, 1999-cu ildə
Norveç modeli üzrə Dövlət Neft Fondu yaradıldı.
2012-ci ildə Azərbaycanda
“ASAN xidmət” işə
salındı”. Müəllif
hesab edir ki, “ASAN xidmət” sayəsində vətəndaşlarla
dövlət qulluqçuları
arasında əlaqələr
məhdudlaşdırılıb, korrupsiya faktları aradan qaldırılıb.
Kitabda dünyanın
aparıcı nəşrlərindən
olan “Harvard Business Review” jurnalında (sentyabr 2000-ci
il) dərc edilmiş “Tanınmış
lider olmağın yolu” sərlövhəli məqalənin müəllifləri
Robert Qoffi və Haret Consun
fikirləri dərc olunub. Onlar yazırlar:
“İntuisiya siyasi liderin əvəzedilməz
keyfiyyətidir. Belə
adamlar haqqında deyirlər ki, onlar şəraiti yaxşı hiss edirlər. Onlar ətraf mühitdən gələn siqnalları instinktiv olaraq qəbul edir və nə baş verəcəyini əvvəlcədən duya
bilirlər, hərçənd
bu hadisələrin bütün təfərrüatını
onlara heç kəs izah etməyib.
O, ən kiçik eyhamların mənasını
başa düşür
və müşahidə
qabiliyyəti az olan insanların nəzərindən qaçan
cəmiyyətdə əhval-ruhiyyənin
cüzi dəyişmələrini
izləyir. Bütün
görkəmli şəxsiyyətlər
kəskin intuisiyaya malik olan insanlardır”.
Kitabın “Postneft dövrünün
islahatları” adlı
bölməsində isə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin postneft dövründə iqtisadiyyatı
bacarıqla idarə edərək ölkəni
yeni inkişaf yollarına çıxarmasından,
2016-cı ildə Azərbaycan
iqtisadiyyatında xarici
şokların və əsas ticarət tərəfdaşlarının resessiyasının təsiri
altında baş vermiş qısamüddətli
tənəzzülün 2017-ci ildə sabitləşmə
və 2018-ci ildə iqtisadi artımla əvəz olunmasından danışılır. Eyni
zamanda, Prezident İlham Əliyev tərəfindən qısa
müddətdə mühüm
qərarların qəbul
edilməsinin əsas istiqamətlərindən söz
açılır.
AMEA-nın “Elm”
nəşriyyatında çıxan
və 168 səhifədən
ibarət olan əsərdə öz əksini tapan materiallar Azərbaycan və rus dillərində
təqdim edilir.
Yeni Azərbaycan.-
20202.- 16 yanvar.- S.4