Qafqaz Müsəlmanları
İdarəsində 20 Yanvar
şəhidlərinin xatirəsini
anma tədbiri keçirilib
Yanvarın 16-da Qafqaz Müsəlmanları
İdarəsində (QMİ) 20 Yanvar şəhidlərinin
xatirəsini anma tədbiri keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbirdə 20 Yanvar şəhidlərinin ailə
üzvləri, Qafqaz Müsəlmanları İdarəsinin
Qazılar Şurası
və Elmi-Dini Şurasının üzvləri,
Azərbaycanda yaşayan
dini konfessiyaların rəhbərləri, tanınmış
ictimaiyyət nümayəndələri,
elm və din xadimləri iştirak ediblər.
Şəhidlərin ruhuna dualar oxunduqdan
sonra Qafqaz Müsəlmanları İdarəsinin
sədri, Şeyxülislam
Allahşükür Paşazadə
çıxış edərək
20 Yanvar faciəsinin tarixi və xalqımızın azadlıq
mübarizəsi haqqında
danışıb. A. Paşazadə
bildirib ki, Azərbaycan xalqının
tarixi yaddaşına dərin hüzn, eyni zamanda, milli
qürur məqamı
kimi həkk olunmuş 20 Yanvar faciəsi nə qədər zaman keçsə də əsla unudulmayacaq. Milyonlarla azərbaycanlının
qəlbinə azadlıq
toxumu səpən 20 Yanvar faciəsindən 30 il keçir. Amma zaman bu günün
ağrısını və
yaratdığı qürur
hissini qəlbimizdən
silə bilməz. Şəhidlərimizin unudulmaz
xatirəsi qarşısında
illərdən bəri
ürəklərimizdə gəzdirdiyimiz
vətəndaşlıq qüruru
və qan yaddaşımızı əsrlər
belə silmək iqtidarında deyil. Azərbaycan dövlətçiliyinin
bərpası uğrunda
qurban getmiş, Allah-Təalanın nəzərində
ən yüksək məqamlardan sayılan şəhidlik zirvəsinə
ucalmışlara ehtiramımız
tükənməzdir. Xocalı
faciəsi, Ermənistan-Azərbaycan
münaqişəsi nəticəsində
canlarından keçən
şəhidlərimiz bizim
müstəqil, azad yaşamağımız üçün
öz canlarını
fəda ediblər. Şəhidlik bir zirvə, qəhrəmanlıq
məktəbidir.
Şeyxülislam vurğulayıb ki,
20 Yanvar günü bütün faciəsi ilə yanaşı, xalqımızın milli müstəqillik, Vətənimizin
azadlığı uğrunda
şəhidliyə hazırlıq
ruhunun və yenilməz iradəsinin rəmzinə çevrildi.
20 Yanvar bizi müstəqilliyə, iqtisadi
tərəqqiyə, milli
və dini dəyərlərin bərpasına aparan yolun ilk mübarizəsi
və ilk mənəvi qələbəsi
oldu. Azərbaycanın taleyi, hətta
xəritədəki varlığı
şübhə altında
olduğu bir vaxt bu səsi
ilk olaraq Moskvadan xalqımızın
mərd oğlu, müdrik dövlət xadimi Heydər Əliyev ucaltdı, qanlı cinayətin təşkilatçılarını qəzəblə ittiham etdi, törədilmişləri
hüquqa, demokratiyaya, humanizmə zidd hadisə kimi səciyyələndirdi.
Diqqətə çatdırılıb ki, bir milyondan
artıq insan təqiblərdən, hətta
ölümdən belə
qorxmayaraq şəhərin
baş meydanına axışdı, azadlıq
uğrunda qurban getmiş şəhidlərin
ruhuna and içərək onları
torpağa tapşırdı.
Beləliklə, 20 Yanvar
xalqımızın birlik
və vəhdətini təcəssüm
etdirən məqama çevrildi. Qafqaz Müsəlmanları İdarəsi xalqımızın
ağır günlərində
faciə qurbanlarının,
milyonlarla vətəndaşın
yeganə ümid yeri oldu, hadisələrin
ilk dəqiqəsindən
qərargaha çevrildi,
yanvarın 22-də şəhidlərin
misli görünməmiş
dəfn mərasiminin təşkilati rəhbərliyi,
yaralılara dərman
və maddi yardım göstərilməsi,
şəhid ailələrinə
ərzaq paylanması,
40 gün ərzində
təmənnasız dini
xidmətin təşkili
- bütün bunlar
QMİ-nin fəaliyyətinin
yalnız görünən
tərəfi idi. O məqamda İdarə bütün şərəf
və ləyaqəti ilə imperiya siyasətinin riyakarlığına
meydan oxudu, informasiya blokadasını
yararaq baş verənləri dünyaya bəyan etdi və xalqa həqiqi
mənəvi dəstək
oldu.
A.Paşazadə bildirib ki, Qafqaz Müsəlmanları
İdarəsi qanlı
hadisələrin ilk günündən 20 Yanvar
faciəsinin dünya ictimaiyyətinə, nüfuzlu
beynəlxalq təşkilatlara
çatdırılması, haqq işimizə dəstək qazanılması,
törədilən cinayətin
bəşəriyyətə qarşı yönəldilən
amansız cəza tədbiri kimi qiymətləndirilməsi
üçün var qüvvəsi ilə çalışdı.
Dini lider olaraq, zamanında SSRİ prezidenti
Mixail Qorbaçova göndərdiyi qəzəb
dolu məktubunda hadisələrə sərt
və prinsipial münasibətini nümayiş
etdirmiş Şeyxülislam
təəssüf hissi
ilə deyib ki, 20 Yanvar faciəsi
bu günədək tam beynəlxalq hüquqi, siyasi qiymətini almayıb,
cinayətkarlar məsuliyyətə
cəlb olunmayıb. Azərbaycan xalqının
tam mənəvi haqqı var ki, öz qatillərini
- M.Qorbaçovu və
onun əlaltılarını
məhkəməyə cəlb
etsin. Dünya bilməlidir ki, XX əsrdə totalitarizmin törətdiyi ən qanlı terror aktları sırasında Azərbaycan xalqına qarşı kütləvi
terror - Dağlıq Qarabağ münaqişəsi,
20 Yanvar cinayəti də var. QMİ bu günədək 20 Yanvar faciəsinin hər ildönümündə
dünya ictimaiyyətinə
ünvanlı bəyanatlarında
bunu təkidlə israr edir.
Şeyxülislam deyib ki, məhz Azərbaycan xalqının böyük
oğlu Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra
20 Yanvar faciəsi əsl hüquqi-siyasi qiymətini aldı.
1994-cü il mart ayının 29-da Azərbaycan
parlamenti “1990-cı il
yanvarın 20-də Bakıda
törədilmiş faciəli hadisələr haqqında” Qərar qəbul etdi. O vurğulayıb ki, şəhidlərin ruhuna ən böyük töhfə Qarabağ zəfəri, Vətənimizin
qüdrəti, xalqımızın
xoşbəxtliyidir.
Şəhid ailələrinin hər zaman Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın diqqət mərkəzində
olduğunu vurğulayan
A.Paşazadə 20 Yanvar
şəhidlərinin ailələrinə
başsağlığı verərək onlara Allahdan rəhmət diləyib.
Sonra Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının rəhbəri
Aleksandr İşein, Bakı Dağ Yəhudiləri Dini İcmasının sədri
Melih Yevdayev, Dini Qurumlarla İz üzrə Dövlət Komitəsinin
sədri Mübariz Qurbanlı və başqaları çıxış
edərək 20 Yanvar faciəsindən və xalqımızın azadlıq mübarizəsindən
danışıblar. Bildirilib
ki, 20 Yanvar hadisələri Azərbaycan
xalqının milli oyanışından, azadlıq
və müstəqillik
mücadiləsindən xəbər
verən tarixi bir gerçəklik idi. Azərbaycana hərbi müdaxilə, ilk növbədə, milli azadlıq hərəkatını boğmağa,
xalqımızı nəyin
bahasına olursa-olsun əsarət altında saxlamağa yönəlmişdi.
Vurğulanıb ki, xalqımızın verdiyi qurbanlara, yaşadığı qanlı
faciəyə baxmayaraq,
20 Yanvar təkcə faciə günü yox, eyni zamanda,
tariximizin şərəfli
səhifəsi olmaqla mübarizlik və qəhrəmanlıq nümunəsidir.
Daha sonra
Qafqaz Müsəlmanları
İdarəsinin 20 Yanvar
faciəsinin 30-cu ildönümü
münasibətilə bəyanatı
oxunub.
Sonda 20 Yanvar
faciəsi ilə bağlı sənədli
film nümayiş etdirilib.
Yeni Azərbaycan.- 2020.- 17 yanvar.- S.4