Multikulturalizm Mərkəzi
“Qafqaz Albaniyasının
etno-mədəni irsi”
adlı kitab çap edib
Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin
(BBMM) “Qafqaz Albaniyasının
etno-mədəni irsi”
adlı yeni nəşri işıq üzü görüb.
BBMM-in mətbuat
xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan, rus və ingilis dillərində təqdim olunan nəşrdə Qafqaz Albaniyasını tarixi, arxeoloji, etnoloji, etnoqrafik, memarlıq və incəsənət aspektindən
tədqiq edən məqalələr toplanıb.
Rusiya, Polşa, Türkiyə, Norveç,
İtaliya, Yaponiya və Azərbaycan alimlərinin araşdırmalarından
ibarət topluda ermənilərin Qafqaz Albaniyası irsini sahiblənməsi faktlarına
da aydınlıq gətirilib.
Mazzola Françeskonun “Antik
xristian Qafqaz memarlığı”, Olbrayt
Marek Janın “Parfiya dövründə Albaniya”, Vegge Byornun “Qüdsdən Kişə aparan yol”, Hiros Yokonun
“Dağlıq Qarabağla
bağlı kompleks perspektivlər: azərbaycanlılar
və ermənilərin
baxışlarının müqayisəsi”
və digər bu kimi məqalələr
əsaslı tədqiqatın və dərin təhlilin nəticəsidir. Toplunun Azərbaycan dili ilə yanaşı, rus və ingilis
dillərində də
nəşri Qafqaz Albaniyası həqiqətlərini
beynəlxalq səviyyədə
təqdim etmək imkanı yaradır.
Qafqaz Albaniyası
Azərbaycanın tarixi-mədəni
irsi və onun ayrılmaz tərkib hissəsidir. “Qafqaz Albaniyasını öyrənirik” layihəsi
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
fəaliyyətə başladığı
ilk günlərdən
həyata keçirdiyi
önəmli layihələrdən
biridir. Layihə çərçivəsində
Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə
aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı yerli və xarici ölkə alimlərini araşdırmaları diqqət
mərkəzində saxlanılır.
Tədqiqatların geniş
auditoriyaya çatdırılması
məqsədilə mütəmadi
olaraq konfranslar, təqdimatlar və dəyirmi masalar təşkil edilir .
“Qafqaz Albaniyasının etno-mədəni
irsi” məqalələr
toplusunun ön söz müəllifi və baş redaktoru Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti,
akademik Ramiz Mehdiyev, ideya müəllifi və elmi məsləhətçisi
BBMM-in Himayəçilik
Şurasının sədri,
akademik Kamal Abdullayev, elmi redaktorlar AMEA-nın müxbir üzvü professor
Fəridə Məmmədova
və AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı
elmi işçisi Ülviyyə Hacıyeva, nəşrə məsul
BBMM-in icraçı direktoru Rəvan Həsənov və Azərbaycan Respublikası
Prezidenti Administrasiyasının
humanitar siyasət, diaspora, multikulturalizm və dini məsələlər
şöbəsinin aparıcı
məsləhətçisi
Anar Əlizadədir.
Məqalələr toplusunun BBMM tərəfindən
“Azərbaycan multikulturalizmi”
fənninin tədris edildiyi dünyanın nüfuzlu ali təhsil ocaqlarında və mərkəzin xarici ölkələrdə
fəaliyyət göstərən
filiallarında təqdimatlarının
keçirilməsi nəzərdə
tutulur.
Yeni Azərbaycan.- 2020.-
17 yanvar.- S.7