Azərbaycanın regionlarında fermerlərə
dəstək tədbirlərinin əhatə dairəsi
genişləndirilir
Ölkə üzrə daha 45348 fermerə
payızlıq əkinlərə görə subsidiya ödənilib
və bununla da müvafiq dövrdə payızlıq əkinlərə
görə subsidiya almış fermerlərin sayı 227998 nəfərə
çatıb
Azərbaycanda 2004-cü ildən
etibarən uğurla reallaşdırılan regionların
sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət
proqramlarında qarşıya qoyulan əsas hədəflərdən
biri bölgələrdə yerli potensialdan səmərəli
istifadə etməklə bitkiçilik və heyvandarlıq məhsullarının
istehsalını artırmaqdan ibarətdir.
Ötən 17 ildə regional inkişaf proqramlarının
icrası çərçivəsində görülən
işlər, eləcə də kənd təsərrüfatında
aparılan islahatlar, dünyanın qabaqcıl ölkələrinin
təcrübəsinə əsaslanan yeni yanaşmaların tətbiq
olunması bunun üçün münbit zəmin
formalaşdırıb. Paralel şəkildə fermerlərin
maliyyə mənbələrinə çıxış
imkanları asanlaşdırılır, onlara göstərilən
dəstək tədbirlərinin əhatə dairəsi getdikcə
genişləndirilir. Təkcə 2020-ci ildə
İqtisadiyyat Nazirliyi nəzdində Sahibkarlığın
İnkişafı Fondu (SİF) tərəfindən sahibkarlara
müvəkkil kredit təşkilatları vasitəsilə
ümumi dəyəri 397 milyon manat olan 908 investisiya layihəsinin
maliyyələşdirilməsinə 126,9 milyon manat güzəştli
kredit verilib. Bu kreditlər hesabına 2700-dən çox
yeni iş yerinin açılması imkanı yaranıb.
Kreditlərin 57 faizi aqrar sektorun (istehsal və emal), 43 faizi sənaye
məhsullarının istehsalı və emalı və digər
sahələrin inkişafına yönəldilib. Verilmiş
kreditlərin 79 faizi regionların, 21 faizi isə Bakı qəsəbələrinin
payına düşür. Güzəştli kredit alanların
99 faizdən çoxu mikro, kiçik və orta sahibkarlıq,
1 faizdən az hissəsi isə böyük sahibkarlıq
subyektləridir.
Respublikanın bütün bölgələrində
fermerlərə payızlıq əkinlərə görə
subsidiya ödənişləri davam etdirilir
Son illərdə ölkə üzrə fermerlərə
dəstək tədbirləri çərçivəsində,
həmçinin subsidiyaların həcmi artırılıb,
eləcə də subsidiya alan sahibkarlıq subyektlərinin əhatə
dairəsi daha da genişləndirilib. Bunun nəticəsi olaraq
respublikamızda fermerlərin bir sıra perspektivli sahələrə
marağı artıb. Dəstək tədbirlərindən bəhrələnən
fermerlər müxtəlif sahələrə məmnuniyyətlə
investisiyalar yönəldirlər.
Kənd Təsərrüfatı Nazirliyindən
verilən məlumata görə, qurum 2020-ci ilin
payızlıq əkinlərinə görə fermerlərə
subsidiya ödənişlərini davam etdirir. Aparılan
monitorinqlərin nəticələrinə uyğun olaraq
müraciətləri təsdiqlənmiş daha 45,348 fermerə
əkin subsidiyası ödənilib. Bununla da, müvafiq
dövrdə payızlıq əkinlərə görə
subsidiya almış fermerlərin sayı 227998 nəfərə
çatıb.
Məlumatda bildirilir ki, ümumilikdə 335 min nəfərdən
artıq fermer Elektron Kənd Təsərrüfatı
İnformasiya Sistemində 2020-ci il üzrə payızlıq əkinləri
bəyan edib. Fermerlərin əkin bəyanları təlimatlara
uyğun olaraq yoxlanılır və müvafiq qaydada subsidiya
ödənişləri həyata keçirilir. Subsidiya
qaydalarına uyğun olaraq, ödənişlər fermer
kartlarına 25 faiz nağdlaşdırıla bilən və 75
faiz nağdsız hissə şəklində ödənilib.
Fermerlər subsidiyanın nağdlaşdırıla bilinməyən
hissəsi ilə gübrə, pestisid, toxum və ting təchizatçılarından
təsərrüfatlarına lazım olan məhsulları
POS-terminal vasitəsilə ödəniş həyata
keçirməklə əldə edə bilərlər.
2021-ci ildə aqrar sahədə
çalışan sahibkarlara əlavə əkin
subsidiyası ödəniləcək
Respublikamızda müxtəlif dəstək tədbirləri
vasitəsilə fermerlərin mümkün risklərdən
qorunması davamlı hal alıb. O cümlədən
ölkəmizdə dizel yanacağının qiymətindəki
dəyişikliklərin kənd təsərrüfatına
mümkün təsirini aradan qaldırmaq məqsədilə
dövlət tərəfindən fermerlərə
stimullaşdırıcı dəstək tədbirləri davam
etdirilir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin verdiyi müvafiq
tapşırığa əsasən, Aqrar Subsidiya
Şurası kənd təsərrüfatı bitkiləri
üzrə 2021-ci ildə fermerlərə əlavə əkin
subsidiyası verilməsi barədə qərar qəbul edib.
Şuranın qərarında yeni əkin əmsalları
öz əksini tapıb. Bu məqsədlə hökumət
tərəfindən 2021-ci ilin dövlət büdcəsində
əlavə vəsaitin ayrılması nəzərdə
tutulur. Yeni əkin əmsalına uyğun
artırılmış subsidiya məbləğinin ödənişi
cari il ərzində həyata keçiriləcək. Əkin əmsallarının
artırılması fermerlərin müxtəlif istehsal vasitələrinin
alınması ilə bağlı xərclərinin əkin
subsidiyası hesabına daha böyük hissəsini qarşılamağa
və bununla da dizel yanacağının qiymətinin
artmasından yaranan əlavə xərclərini kompensasiya etməyə
imkan verəcək. Subsidiyalar fermerlərə Elektron Kənd Təsərrüfatı
İnformasiya Sistemi üzərindən verilir.
Ölkə üzrə mineral gübrələrin
səyyar satışının həyata keçirilməsi
fermerlərin işini asanlaşdırır
Aqrar sektorda məhsuldarlığın
artmasında gübrə təminatı mühüm rol
oynayır. Buna görə də respublikamızda fermerlərin
gübrələrlə vaxtında təchiz edilməsi diqqət
mərkəzində saxlanılır. Yeni əkin
mövsümü ilə əlaqədar olaraq “Aqroservis”
Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən
rayon bölmələrindən uzaq məsafədə yerləşən
kənd və qəsəbələrdə mövsümi
mineral gübrələrin səyyar satışına
başlanılıb ki, bu da fermerlərin işini
asanlaşdırır.
Fermerlərin gübrələrə olan tələbatını
vaxtında ödəmək üçün “Aqroservis” ASC
anbarları mövsümi mineral gübrələrlə tam təchiz
edib. ASC tərəfindən gün ərzində paralel olaraq
10-dan çox istiqamətdə səyyar satış xidmətləri
təşkil edilir. “Aqroservis” əməkdaşları
rayon bölmələrindən uzaq məsafədə yerləşən
kəndlərə və qəsəbələrə gedərək
fermer və sahibkarların tələbatlarına uyğun
mövsümi gübrələrin satışını həyata
keçirir, əksər hallarda mineral gübrələrin
fermerin ünvanına kimi ödənişsiz
çatdırılmasını təmin edirlər. Ümumiyyətlə,
aqrar sahədə aqrotexniki qulluq işlərinin mövsümə
uyğun, vaxtında və operativ həyata keçirilməsi
məqsədilə “Aqroservis” ASC gücləndirilmiş iş
rejiminə keçib. Fermerlər şənbə və bazar
günləri də daxil olmaqla ASC-nin istənilən rayon
bölməsinə yaxınlaşaraq heç bir əlavə
sənəd və vəsait ödəmədən mineral
gübrə əldə edə bilərlər.
Fermerlərin mineral gübrə və
pestisid sifarişlərinin operativ qəbul edilməsi və səyyar
xidmətlərin keçirilmə ünvanlarının fermerlərin
istəyinə uyğun təşkil edilməsi
üçün ASC-nin yeni 4 rəqəmli (1659) əlaqə xətti
(Satış Mərkəzi) fəaliyyətə
başlayıb. Həmçinin fermerlər Kənd Təsərrüfatı
Nazirliyinin 1652 Çağrı Mərkəzinə də
müraciət edərək, səyyar satışla
bağlı təklif və şikayətlərini ünvanlaya
bilərlər. “Aqroservis” ASC mineral gübrələrə olan
tələbatın ödənilməsi ilə yanaşı,
rayon bölmələrində olan texnikalar vasitəsilə
fermerlərin aldıqları gübrələrin sahələrdə
istifadəsi üçün onlara aqrotexniki xidmətlər də
göstərir.
Qeyd edək ki, Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin imzaladığı müvafiq Fərmana
əsasən, “Kənd təsərrüfatı məhsulları
istehsalının subsidiyalaşdırılması
Qaydası”nda dəyişiklik edilib. Dəyişikliklərə
əsasən, ayrılan subsidiya daxilində alınan gübrə
və biohumusun dəyərinin 30 faizinin fermerlər tərəfindən
nağd şəkildə ödənilməsi qaydası ləğv
edilib. Bundan sonra aqrar sektorda çalışan sahibkarlar
aldıqları biohumusun və gübrənin tam dəyərini
“Fermer kartı”nın nağdlaşdırılmayan hissəsindəki
vəsait hesabına ödəyə biləcəklər. Xatırladaq ki, bəhs olunan Qaydalarda dəyişikliklər
fermerlərin çoxsaylı müraciətləri nəzərə
alınmaqla edilib. İndiyədək regionlarda aqrar sektorda
çalışan sahibkarlar “Fermer kartı”nın
nağdlaşdırılmayan hissəsindəki vəsaitdən
tam şəkildə istifadə etməkdə çətinliklərlə
üzləşirdilər.
Azərbaycanda ilk dəfə mal-qaranın
sığortası kalkulyatoru istifadəyə verilib
Müasirləşməni strateji hədəf
kimi müəyyənləşdirən respublikamızda aqrar
sahədə həyata keçirilən islahatlar innovativ səciyyə
daşıyır. O cümlədən ölkənin kənd təsərrüfatında
yeniliklər tətbiq olunarkən informasiya-kommunikasiya
texnologiyalarının yaratdığı imkanlardan geniş
istifadə olunur. Respublikamızda dövlət dəstəyi
ilə aqrar sığorta mexanizmi çərçivəsində
ilk dəfə olaraq kənd təsərrüfatı
heyvanlarının sığorta kalkulyatorunun istifadəyə
verilməsi deyilənlərə daha bir nümunədir. Aqrar
Sığorta Fondunun məlumatına görə, artıq
mal-qara və heyvandarlıq təsərrüfatının
sahibləri bu kalkulyatorun köməyi ilə öz
heyvanlarının sığorta haqqını müstəqil
şəkildə hesablaya biləcəklər. Kalkulyatorun
istifadəyə verilməsində məqsəd fermerləri
aqrar sığorta tarifləri, o cümlədən
heyvanların sığortası haqları barədə daha
aktiv məlumatlandırmaqdır.
Aqrar sığorta kalkulyatorundan
istifadə üsulu sadədir. İstənilən şəxs
kalkulyatora daxil olaraq ona məxsus olan kənd təsərrüfatı
heyvanlarının növünü, sayını və qiymətini,
eləcə də istədiyi təminatı və
sığorta müddətini sistemə daxil etməklə
ödəyəcəyi sığorta haqqını
asanlıqla hesablayacaq. Kalkulyatordan istifadə edərkən
sığorta haqqının ümumi məbləği ilə
yanaşı, dövlətin və fermerin ödəyəcəyi
məbləğlər də ayrıca göstərilir. Bu da kənd
təsərrüfatı sahəsində
çalışanların sığorta tarifləri və
haqları ilə daha asan şəkildə tanış
olmasına, öz gəlirlərini və xərclərini
planlaşdırmasına kömək edəcək.
Ölkədə ilk dəfə tətbiq edilən
dövlət dəstəyi ilə aqrar sığorta mexanizmi
vasitəsilə hazırda 1-7 yaşlı südlük inək
və camışları sığortalamaq
mümkündür. Aqrar sığorta qaydalarına görə,
hesablanmış aqrar sığorta haqqının 50 faizini
dövlət ödəyir.
Qeyd edək ki, bundan əvvəl Azərbaycanda
ilk dəfə olaraq əkin sahələrinin aqrar
sığortası üzrə kalkulyator da istifadəyə
verilib. Hazırda Aqrar Sığorta Fondu 1 növ heyvanı
(südlük inək-camışlar), 14 növ bitkini
(buğda, arpa, çəltik, qarğıdalı, kartof,
üzüm, naringi, limon, portağal, fındıq, çay,
pambıq, tütün, çuğundur) və balıqları
sığortalayır. Bu bitkilər ölkədəki
bütün əkin sahələrinin 85 faizini təşkil
edir. Gələcəkdə sığortalanan bitki və
heyvanların siyahısının daha da genişləndirilməsi,
nəticədə, aqrar sığortanın ölkədəki
bütün əkin sahələrinin 95 faizini əhatə etməsi
nəzərdə tutulur.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2021.- 1 aprel.- S.7.