Ermənilər azərbaycanlılara
qarşı törətdikləri soyqırımını
çox amansızlıq və qəddarlıqla həyata
keçiriblər
Milli Məclisin deputatı, Azərbaycan
Qaçqınlar Cəmiyyətinin sədri Əziz Ələkbərli
www.yap.org.az saytına müsahibə verib:
- Əziz müəllim, hər il 31 mart tarixi
ölkəmizdə azərbaycanlıların
soyqırımı günü kimi qeyd edilir. Azərbaycanlılara
qarşı ermənilərin törətdikləri qətliamların
kökləri və səbəbləri haqqında fikirlərinizi
bilmək istərdik...
- Tarixdə çox az fakt tapmaq
mümkündür ki, bir əsrdə bir xalq digər xalqı
etnik və dini mənsubiyyətinə görə, ən
azı dörd dəfə soyqırımı və
deportasiyaya məruz qoysun və buna görə də heç
bir hüquqi və siyasi məsuliyyət daşımasın.
Bəli, ermənilər XX əsrdə xalqımıza
qarşı dörd dəfə belə vandalizm hərəkətində
olublar: 1905-1906-cı illərdə, 1918-1920-ci illərdə,
1948-1953-cü illərdə və 1988-ci ildən 2020-ci ilə
qədər.
Buna görə də 1918-ci ilin
31 mart günü tariximizə azərbaycanlıların
soyqırımı günü kimi daxil olsa da, bu
soyqırımı təkcə həmin tarixlə və təkcə
Bakı şəhərində minlərlə dinc azərbaycanlı
əhalinin ermənilər tərəfindən
soyqırımına məruz qalması ilə məhdudlaşmır.
Xalqımıza qarşı bu
soyqırımının ilk mərhələsi hələ
1905-1906-ci illərdə həyata keçirilmişdir, həm
də bütün Azərbaycan torpaqlarında - Bakıda,
Naxçıvanda, İrəvanda, Qarabağda, Zəngəzurda,
Gəncədə, Qazaxda və s. Bu barədə Məmməd
Səid Ordubadinin “Qanlı sənələr”, Mir Möhsün
Nəvvabın “1905-1906-cı illərdə erməni-müsəlman
davası” adlı xatirələrində və başqa mənbələrdə
ətraflı yazılıb.
Eyni fikri 1918-1920-ci illər
soyqırımı haqqında da demək olar. 1905-1906-cı
illərdə olduğu kimi, 1918-1920-ci illərdə də dəhşətli
soyqırımına məruz qalmış bölgələrimizdən
biri də Qərbi Azərbaycan dediyimiz indiki Ermənistan ərazisi,
bu ərazidəki bütün tarixi mahallarımız -
İrəvan, Zəngəzur, Dərələyəz,
Göyçə, Vedibasar, Gərnibasar, Zəngibasar,
Ağbaba-Şörəyel, Loru-Pəmbək, Dərəçiçək,
Dilican, Qaraqoyunlu və s. mahallar olub.
Hər yerdə ermənilər bu
soyqırımını, demək olar ki, eyni ssenari ilə həyata
keçiriblər: dinc əhalini böyük damlara doldurub
diri-diri yandırıblar, insanların qolunu-ayağını
kəsərək işgəncə ilə öldürüblər,
hamilə qadınların qarnını yarıb, qarnındakı
körpəni süngüyə keçiriblər və s. Həm
də bu soyqırımlar kortəbii yox, planlı şəkildə
həyata keçirilib. Belə ki, bütün I Dünya
müharibəsi dövründə Çar Rusiyası tərəfindən
Osmanlı dövlətinə qarşı vuruşan ermənilər
1917-ci ildə Rusiyadakı fevral inqilabından sonra üzlərini
Cənubi Qafqaza çevirirlər. General Nazaryanın
komandanlığı və general Dronun müavinliyi ilə 35
min nəfərlik erməni korpusu yaradılır. Bu korpus
üç diviziyaya bölünür. Bölgüyə
görə general Andronikin başçılığı altında
1-ci diviziya Naxçıvan, Zəngəzur və
Qarabağın dağlıq hissəsində; general Dro və
Arişyanın başçılığı altında 2-ci
diviziya İrəvan, Üçkilsə, Qurdqulu, Zəngibasar,
Gərnibasar, Vedibasar, Dərələyəzdə;
polkovnik Silikov-Silikyanın başçılığı
altında 3-cü diviziya isə Göyçə mahalında
azərbaycanlıların soyqırımını həyata
keçirməli idi. Və doğrudan da hər üç
diviziya hər üç istiqamətdə öz çirkin
niyyətlərini son dərəcə qəddarlıqla həyata
keçirdi.
- Ermənilərin azərbaycanlılara
qarşı qətliamları çox amansız və qəddar
olub. Bu barədə nə deyə bilərsiniz?
- Faciələrin miqyasını təsəvvür
etmək üçün bir neçə faktı
xatırlatmaq istəyirəm. Zəngəzur qəza rəisinin
teleqramında deyilirdi: “Andronikin
başçılığı ilə 30 müsəlman kəndinin
əhalisi qırılıb, yandırılıb, kəndlər
dağıdılıb, əmlakları talan edilib,
qaçıb qurtara bilməyənlər vəhşicəsinə
öldürüblər”.
Bir daşnak isə öz xatirələrində
yazırdı: “Mən Basarkeçərdə
ağına-bozuna baxmadan tatarları qırıb
tökdüm. Hərdən adamın gülləyə heyfi gəlirdi.
Bu köpəklərə qarşı ən etibarlı vasitə
döyüşdən sonra sağ qalanların
hamısını yığıb quyuya doldurmaq və
üstündən də ağır daşlar
yığmaqdır ki, onlardan heç biri sağ qalmasın. Mən
belə də edirdim”.
O vaxtın arxiv və tarixi sənədlərində
belə faktlar istənilən qədərdir. Məsələn,
o vaxt ən dəhşətli qırğınlardan biri də
İrəvan çuxurundakı Vedibasar mahalında baş
vermişdi. Zəngəzurun Tatev monastırında qərargah
salan Andronikin quldur dəstələri 1918-ci ilin dekabrında
Vedibasar kəndlərinə də gəlib
çıxırlar. O vaxt mahalın aran kəndləri Abbasqulu
bəy Şadlinski tərəfindən qorunduğundan ermənilər
Dərələyəzdən keçərək mahalın
Çanaxçı dərəsindəki kəndlərini
mühasirəyə alırlar. Yerli əhalini
inandırırlar ki, bölgədə əmin-amanlıq
yaratmaq məqsədilə hökumət adından gəliblər.
Bu adla kəndlərə girən ermənilər az sonra
mahalın Çanaxçı dərəsindəki
bütün müsəlman kəndlərində
soyqırımı törədirlər. Xüsusilə
Şahablı, Qədirli, Qaraxaç və başqa kəndlərin
dinc müsəlman əhalisi kütləvi şəkildə
qırğına məruz qalır. Ermənilər bu kəndlərin
əhalisini son nəfərinə qədər qətlə
yetirirlər. Həm də tam bir vəhşiliklə. Tam olaraq
bir Xocalı soyqırımı kimi! Şahablı Aşıq
Cəlil məhz həmin soyqırımı zamanı dili
kökündən qopardılaraq, özü gərmə
qalağında diri-diri yandırılır. Yeri gəlmişkən,
xatırladım ki, elə həmin günlərdə
Göyçəli Aşıq Nəcəf də kürəyinə
qaynar samovar bağlanaraq öldürülmüşdür.
O vaxt ermənilərin Çanaxçı dərəsi
kəndlərində törətdiyi soyqırımı o qədər
dəhşətli olub ki, hətta dövrün tarixi sənədlərində
də öz izini buraxıb. Məsələn,
Naxçıvan Müsəlman Milli Komitəsinin ovaxtkı
katibi Mirzə Bağır Əliyev gündəliklərində
yazırdı ki, “Vedi qəryəsinin əhli Şəmsəddin
bəy Mahmudbəyov Vedibasar müsəlmanlarının barəsində
Naxçıvana gəlib böylə məlumat verdi: İran
və Naxçıvan nümayəndələri
İrəvana azim olandan sonra erməni qoşunu Vedibasar nahiyəsində
bulunan müsəlman köylərinə, məsələn, Kərkab,
Ağasıbəyli, Keşişdağı, Dəhnəz,
Qaraxaç, Qədirli, Şahablı və Çimən kəndlərinə
hücum edib 20 mindən ziyad müsəlman əhalisini kəsib,
balaca balaları, qadınları və əlil kişiləri
evlərə toplayıb, tamamən bıçaq və xəncər
ilə kəsib, nizəbuş ediblər... Xülasə,
Vedibasar tərəfində müsəlmana olmazın zülmlər
və cəfalar ermənilər tərəfindən olundu”.
Bu qırğının əks-sədası
uzun müddət eşidildi, çox-çox uzaqlardan
dolanıb gəldi. Bu faciə barədə Paris Sülh
Konfransının sədrinə ünvanlanmış 16-19
avqust 1919-cu il tarixli məşhur sənəddə də
xüsusi bəhs edilmişdir. Həmin sənəddə erməni
daşnaklarının Vedibasar mahalında törətdikləri
vəhşiliklər barədə oxuyuruq: “...”Van”,
“Sasun” adları altında müxtəlif erməni hərbi hissələri
müsəlman əhalisini qılıncdan keçirdi, kəndləri
toplardan və zirehli qatardan atəşə tutdu,
öl-dürülənlərin qarnını yırtıb,
gözlərini oydu, bəzi cəsədləri
yandırdı, əhalini taladı, ümumiyyətlə, eşidilməmiş
vəhşiliklər etdilər. Yeri gəlmişkən,
Vedibasar rayonunda belə bir dəhşətli fakt da baş
verdi ki, Qaraxaç, Qədirli, Qarabağlar, Ağasıbəyli,
Dəhnəz kəndlərinin kişiləri sonuncu nəfərə
qədər qətlə yetirildilər”.
- Ermənilərin azərbaycanlılara
qarşı düşmənçilik siyasəti sovet
dövründə də davam edib. Bu dövrü necə
xarakterizə edərdiniz?
- Təəssüf ki, ermənilər
xalqımıza qarşı düşmənçiliklərini
sovet dövründə də davam etdirdilər. Azərbaycanın
tarixi torpaqlarında 1918-ci ildə yaradılmış 9 min kv.
km-lik tarixdə ilk erməni dövləti - Ararat daşnak respublikası
sovet dövründə Azərbaycan torpaqları hesabına
birdən-birə üç dəfədən çox
böyüdülərək 29,8 min kv. km-ə
çatdırıldı. Bundan ruhlanan ermənilər dinc
metodlarla azərbaycanlı əhalini dədə-baba
yurdlarından sıxışdırıb
çıxardılar.
1945-ci ilin noyabr-dekabr aylarında
ermənilər II Dünya müharibəsindən qalib
çıxan dövlətlərin - Rusiya, Amerika və
Böyük Britaniyanın dövlət
başçılarından Şərqi Türkiyənin
alınıb Ermənistana verilməsini istədilər, bu
baş tutmayanda İ.Stalindən ovaxtkı Dağlıq
Qarabağın Ermənistana verilməsini xahiş etdilər,
bu da baş tutmayanda İ.Stalinə xaricdən erməni əhalinin
Ermənistana köçürülməsi barədə sərəncam
verməsi üçün yalvardılar və axır ki, buna
nail oldular. Heç bir il keçməmiş
guya Ermənistanın xaricdən gələn ermənilər
üçün darısqallıq etdiyini bəhanə gətirərək
İ.Stalindən 100 min nəfər azərbaycanlı əhalinin
Ermənistandan Azərbaycana deportasiya edilməsini xahiş
etdilər və qısa vaxtda 100 min nəfər əvəzinə
150 min nəfər soydaşımız dədə-baba yurdundan
deportasiya olundu.
Bu da yetmədi, 1988-1991-ci illərdə
Qarabağ münaqişəsinin ilk mərhələsində
Qərbi Azərbaycan dediyimiz indiki Ermənistan ərazisindəki
300 min nəfərə yaxın soydaşımız öz
tarixi yurdlarından vəhşicəsinə qovuldu. Əslində,
bu, deportasiya deyildi, 200-dən artıq insanın qətlə
yetirildiyi, 400-dən artıq insanın
ağır yaralandığı, evləri, malları-mülkləri
zorla əllərindən alındığı, evlərin, kəndlərin
od vurulub yandırıldığı, 300-dən artıq məscidin,
500-dən artıq müsəlman qəbiristanlığının
yer üzündən silindiyi vandalizm aktı -
soyqırımı idi. Lakin o vaxt
Qarabağ münaqişəsi Qarabağ müharibəsinə
çevrilməkdə, Azərbaycanın ərazi
bütövlüyü təhdid edilməkdə,
soydaşlarımız məcburi köçkünə
çevrilməkdə idi və Qərbi Azərbaycan
qaçqınları bu ümumi faciə önündə
öz faciələrini sinələrinə gömməyə
üstünlük verdilər.
- Soyqırımı həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması istiqamətində
dövlətimiz tərəfindən sistemli tədbirlər həyata
keçirilir...
- Yalnız müstəqillik illərində
keçmişimizin gerçək mənzərəsini yaratmaq
və xalqımıza qarşı dəfələrlə
törədilmiş soyqırımı cinayətlərinə
siyasi-hüquqi qiymət vermək imkanı qazandıq. Bu
baxımdan Ümummilli Lider Heydər Əliyevin 1998-ci il
martın 26-da imzaladığı “Azərbaycanlıların
soyqırımı haqqında” Fərman mühüm tarixi əhəmiyyət
kəsb edir. Həmin sənəddə XIX əsrin
əvvəllərindən müasir dövrümüzə qədər
Azərbaycan torpaqlarının zəbti, kütləvi
qırğınlar, deportasiya və etnik təmizləmələrlə
müşayiət olunan faciələr “ermənilərin azərbaycanlılara
qarşı düşünülmüş, planlı surətdə
həyata keçirdiyi soyqırımı siyasətinin
ayrı-ayrı mərhələləri” kimi qiymətləndirilmiş
və “31 Mart - Azərbaycanlıların Soyqırımı
Günü” elan edilmişdir. Bu Sərəncama əsasən,
ölkəmizdə hər il 31 mart “Azərbaycanlıların
Soyqırımı Günü” kimi qeyd olunur,
soyqırımı qurbanları anılır.
2018-ci ildə bu bəşəri
cinayətlər barədə həqiqətlərin ölkə
və dünya ictimayyətinə daha dolğun
çatdırılması məqsədilə 1918-ci il azərbaycanlıların
soyqırımının 100 illiyi haqqında Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
müvafiq Sərəncamına əsasən,
geniş tədbirlər planı həyata keçirilib.
2013-cü ildə Heydər Əliyev Fondunun dəstəyi ilə
yaradılan Quba Soyqırımı Memorial Kompleksi ötən əsrin
əvvəlində ermənilərin azərbaycanlılara
qarşı həyata keçirdikləri soyqırımı,
etnik təmizləmə, dinc əhalinin amansızlıqla qətlə
yetirilməsini faktlarla əks etdirən muzey və kütləvi
məzarlıqdan ibarətdir.
Artıq 44 günlük Vətən müharibəsində
qazandığımız möhtəşəm qələbə
bölgədə yeni bir reallıq yaratmışdır. Bu
reallığın baş qəhrəmanı müzəffər
Ali Baş Komandanımız, şah əsəri qüdrətli
Azərbaycan dövlətidir. Artıq ermənilər
təkcə 30 ildə Qarabağda etdikləri vandalizm hərəkətlərinə
görə yox, həm də son iki yüz ildə bütün
tarixi Azərbaycan torpaqlarında, o cümlədən,
xüsusilə Qərbi Azərbaycanda - indiki Ermənistan ərazisində
xalqımıza qarşı törətdikləri cinayətlərə
görə cavab verməlidirlər və verəcəklər.
Yeni Azərbaycan.- 2021.- 1 aprel.- S.7.