“Yeni Azərbaycan” qəzeti 28
yaşında
Söz və məlumat azadlığı, fikir
plüralizmi müasir cəmiyyətlərin demokratik
inkişafının əsas parametrlərindən birini təşkil
edir. Azərbaycan Respublikası da demokratik dəyərlərə
sadiqlik nümayiş etdirən bir dövlət kimi söz və
məlumat azadlığının tam təmin
olunmasını, müstəqil mətbuatın
inkişafını strateji prioritetlərdən biri kimi müəyyənləşdirib.
Lakin çox təəssüf hissi ilə qeyd etmək lazımdır
ki, müstəqilliyin ilk illərində bu ümdə amala
çatmaq, mətbuatın azadlığını təmin
etmək mümkün olmamışdı.
“Yeni Azərbaycan” qəzeti Ulu Öndər Heydər
Əliyevin xeyir-duası ilə yaranıb
Bu gün 28 yaşını qeyd
edən “Yeni Azərbaycan” qəzeti də məhz belə bir
çətin dövrdə - 10 aprel 1993-cü ildə nəşr
olunmağa başladı. Qəzetimiz Azərbaycanın
müstəqillik dövrünün salnaməsini yaradan nəşrlərdən
biri olduğuna görə onun keçdiyi tarixi yola nəzər
yetirmək məqsədəuyğun olardı.
“Yeni Azərbaycan” qəzetinin ilk
nömrəsi respublikamızın çox çətin
zamanlarında, mürəkkəb şərtlər fonunda
işıq üzü gördü. Məlum olduğu kimi,
1992-ci il noyabrın 21-də Naxçıvanda müasir Azərbaycan
dövlətinin taleyində çox mühüm rol oynayan,
dövlətçiliyimizin möhkəmləndirilməsi
və müstəqilliyimizin qorunmasında müstəsna xidmətlər
göstərən Yeni Azərbaycan Partiyasının təsis
konfransı keçirildi. Həmin dövrdə müxalifətdə
olan Yeni Azərbaycan Partiyasının təşkilatlanması
və fəaliyyətinin ictimaiyyətə
çatdırılması üçün kütləvi
informasiya vasitələrinə çıxış vacib idi. Ona görə də partiyanın rəsmi mətbu
orqanının yaradılması ideyası ortaya
çıxdı. Təşəbbüskarlar bu ideyanı gerçəkləşdirmək
məqsədilə partiyanın yaradıcısı Ulu Öndər
Heydər Əliyevlə məsləhətləşmək
üçün Naxçıvana yola düşdülər.
1993-cü il mart ayının 26-da Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevlə
görüşən və Onun xeyir-duasını alan redaksiya
heyəti aprel ayının 10-da qəzetin ilk nömrəsinin
işıq üzü görməsinə nail oldu. Təsadüfi deyil ki, qəzetin ilk nömrəsinin manşetində də məhz Ulu
Öndər Heydər Əliyevin təbriki yer
almışdı. Dahi şəxsiyyətin məsləhətləri,
Onun siyasi sistemin inkişafı və ölkəmizdə
mövcud problemlərin aradan qaldırılması ilə
bağlı dəyərli fikirləri “Yeni Azərbaycan”ın ideya mənbəyini və fəaliyyət
istiqamətini təşkil etdi. İlk gündən
partiyanın və onun ətrafında birləşməyə
başlayan onminlərlə insanın real tribunasına
çevrilən, ölkə həqiqətlərini ictimaiyyətə
doğru-dürüst çatdıran “Yeni Azərbaycan” qəzeti
çox qısa zamanda böyük nüfuz qazandı,
respublikada aparıcı mətbu orqanlardan biri olmağı
bacardı. Siyasi konyukturanın yaratdığı əngəllərə
baxmayaraq, qəzetin ilk dövrlərdə həftədə
bir nömrəsi nəşr etdirilə bilirdi. Lakin ona olan
marağın artması və qəzetin maddi-texniki
imkanlarının genişlənməsi “Yeni Azərbaycan” qəzetinin
bir müddət sonra gündəlik nəşrinə şərait
yaratdı.
“Yeni Azərbaycan” qəzeti dövlətçiliyimizin
və müstəqilliyimizin qorunması istiqamətində
öz üzərinə düşən vəzifələri
layiqincə yerinə yetirir
“Yeni Azərbaycan” qəzeti daim Heydər
Əliyev ideyalarına sadiq qalaraq dövlətçiliyimizin və
müstəqilliyimizin qorunması istiqamətində öz
üzərinə düşən vəzifələri ləyaqətlə
yerinə yetirir. Yeni Azərbaycan Partiyasının fəaliyyətini
geniş şəkildə işıqlandıran qəzet
ideoloji işin effektiv həyata keçirilməsində də
müsbət rol oynayır. Bu gün minlərlə oxucu hər
gün obyektiv və doğru xəbərləri həm də
“Yeni Azərbaycan” qəzetindən alır. Jurnalistikanın
dəyişməz prinsiplərinə və dövlətçiliyə,
xalqımızın milli maraqlarına sadiqliyin göstəricisidir
ki, siyasi əqidəsindən və baxışlarından
asılı olmayaraq, ictimaiyyətin bütün kəsimlərindən
olan vətəndaşlar “Yeni Azərbaycan” qəzetinə
hörmətlə yanaşır, onun fəaliyyətini
yüksək qiymətləndirirlər.
Bütövlükdə, “Yeni Azərbaycan” qəzeti
1993-cü ildə yaradılarkən öz qarşısına
qoyduğu məqsədlərə, üzərinə
götürdüyü vəzifələrə bu gün də
sadiqdir. “Yeni Azərbaycan” qəzeti Ulu Öndər
Heydər Əliyevin ideyalarına söykənərək
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın rəhbərliyi
ilə Azərbaycan dövlətinin inkişafı,
xalqımızın rifahı yönündə həyata
keçirilən siyasətə informasiya dəstəyi verir,
bu siyasətin geniş ictimaiyyət arasında təbliği
istiqamətində öz üzərinə düşən
missiyanı layiqincə yerinə yetirməyə
çalışır.
“Yeni Azərbaycan” qəzeti partiya həyatını
geniş işıqlandırır
Əlbəttə, “Yeni Azərbaycan” qəzetinin
bu cür populyarlıq qazanması və özünəməxsus
ciddi imic formalaşdırmasında Yeni Azərbaycan
Partiyasının rəhbərliyinin tövsiyələri
mühüm rol oynayır. Yuxarıda
vurğuladığımız kimi,
qəzet partiya həyatını geniş
işıqlandırır. Partiyanın bütün tədbirləri
“Yeni Azərbaycan”ın səhifələrində dolğun surətdə
əks olunur. Eyni zamanda, müxtəlif rubrika və layihələr
çərçivəsində YAP-ın rayon və şəhər
təşkilatlarının fəaliyyəti, o cümlədən
partiyanın gənc və qadın üzvlərinin fikir və
ideyaları ictimai rəyə geniş təqdim olunur.
Xüsusi olaraq qeyd etmək
lazımdır ki, Yeni Azərbaycan Partiyasının VII
qurultayında ölkə Prezidenti, partiyamızın Sədri
cənab İlham Əliyev müasir dövrün
reallıqları və çağırışlarına
uyğun olaraq partiyanın qarşısında yeni vəzifələr
qoydu. Ümumiyyətlə, Yeni Azərbaycan
Partiyasının VII qurultayının əhəmiyyətindən
bəhs edərkən onu da qeyd etmək lazımdır ki, YAP
daxili struktur etibarilə yeni keyfiyyət dəyişikliyinə
nail oldu və siyasi təşkilat olaraq daha da gücləndi. Eyni zamanda, qeyd etdiyimiz kimi, partiyamız ölkənin
gələcəyi baxımdan yeni prioritet məqsəd və vəzifələri
müəyyənləşdirmiş oldu, monolit siyasi güc
kimi ölkənin perspektiv inkişafında da mühüm rol
oynayacağını nümayiş etdirdi. Bütövlükdə, həm Yeni Azərbaycan
Partiyasının fəaliyyətində, həm də ölkəmizin
gələcək inkişafı baxımından yeni mərhələnin
əsası qoyulmuş oldu. Əlbəttə, “Yeni Azərbaycan”
qəzeti də bəhs olunan strateji məqsədlərin
uğurla həyata keçirilməsi üçün
ümumxalq partiyası olan YAP-ın rəsmi orqanı kimi
öz üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə
yetirəcək.
“Yeni Azərbaycan” ölkəmizdə sağlam
ictimai rəyin formalaşmasına mühüm töhfələr
verir
Yeni Azərbaycan Partiyasının rəsmi
orqanı olan qəzet bütövlükdə ötən illər
ərzində ölkəmizin ən çox oxunan və sevilən
ictimai-siyasi qəzetlərindən birinə çevrilib. “Yeni
Azərbaycan” qəzeti fəaliyyət göstərdiyi illər
ərzində ölkəmizdə sağlam ictimai rəyin
formalaşması işinə mühüm töhfələr
verib və bu gün də verməkdədir. Eyni
zamanda, “Yeni Azərbaycan” qəzeti milli mətbu
orqanlarımız içərisində obyektivliyi və milli-mənəvi
dəyərlərimizi geniş təbliğ etməsi ilə
seçilib, dünyada baş verən hadisələri analitik
təfəkkürün süzgəcindən keçirərək
Azərbaycan ictimaiyyətinə ötürmə
missiyasını uğurla yerinə yetirib. “Yeni Azərbaycan”
hazırda sayı 760 mindən çox olan Yeni Azərbaycan
Partiyasının üzvləri ilə bərabər, həm də
bütövlükdə Azərbaycan xalqının qəzetidir.
Qəzet ümumi-kütləvi auditoriyaya müraciət edən
çoxtirajlı qəzetlərdən, milli media nümunələrindən
biridir.
“Yeni Azərbaycan” qəzeti dövlətin
mediaya hərtərəfli qayğısını daim öz
üzərində hiss edir
Bu gün milli mediamız məhz
Azərbaycan Prezidentinin hərtərəfli diqqəti və
qayğısı ilə əhatə olunub. Əsası Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən
qoyulmuş milli mətbuatımıza diqqət və
qayğı siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi
ilə uğurla həyata keçirilir. Jurnalistlərin
peşə nüfuzunun artırılması üçün
tədbirlər həyata keçirilir, onların məişət
və maddi problemlərinin həlli, redaksiyaların maddi-texniki
təminatının gücləndirilməsi, media təmsilçilərinin
peşəkarlığının artırılması istiqamətində
ardıcıl işlər görülür. “Yeni Azərbaycan”
qəzeti də digər media nümunələri kimi bu
qayğını öz üzərində hiss edir.
Milli mediamız öz
missiyasını təkcə kağız üzərində
deyil, internet resursları üzərində də həyata
keçirir. Əlbəttə ki, əgər qəzet
dünyada baş verən proseslərlə ayaqlaşmaq istəyirsə,
mütləq mövcud texnologiyaların imkanlarını,
hazırkı operativ oxucu tələbatını nəzərə
almalıdır. “Yeni Azərbaycan” qəzeti də hazırda
elektron səhifəsi olan internet qəzetlərdən biridir. Həmçinin
qəzetin sosial şəbəkələrdə səhifələri
də fəaliyyət göstərir.
Vətən müharibəsi zamanı “Yeni Azərbaycan”
qəzeti də öz fəaliyyətini ümummilli mübarizəmizin
fəlsəfəsinə uyğun surətdə çevik və
effektiv surətdə davam etdirdi
Xüsusilə qeyd etməliyik ki, 44
günlük Vətən müharibəsi zamanı “Yeni Azərbaycan”
qəzeti də öz fəaliyyətini milli maraqlara,
ümummilli mübarizəmizin fəlsəfəsinə
uyğun surətdə çevik və effektiv surətdə
davam etdirdi. Bu dövr ərzində hadisə və
proseslərin mahiyyətinə müvafiq olaraq “Yeni Azərbaycan”
qəzetinin səhifələrində analitik məqalələr,
müsahibələr və ekspert rəyləri yer aldı.
Eyni zamanda, Azərbaycanın haqlı mövqeyini,
ardıcıl qələbələrini əks etdirən, Ermənistanın
təcavüzkar simasını - işğalçı mahiyyətini,
erməni yalanlarını ifşa edən faktlar və məlumatlar
tərəfimizdən tirajlandı.
Bunlarla yanaşı, qəzetimizin
səhifələrində Azərbaycan xalqının Müzəffər
Ali Baş Komandanımıza, şanlı ordumuza qətiyyətli
dəstək göstərməsi, ölkəmizdə siyasi
birliyin, milli həmrəyliyin hökm sürməsi və digər
məsələlərlə bağlı təhlil xarakterli
yazılar və müsahibələr geniş əksini
tapdı. Dünyanın nüfuzlu nəşrlərinin Azərbaycanın
ardıcıl hərbi qələbələri barədə
materiallarının xülasələri, gənclərin,
ziyalıların mövqeyi də
xüsusi rubrikalarımız vasitəsilə
oxucularımıza çatdırıldı.
“Yeni Azərbaycan” bundan sonra da milli
missiyasını uğurla icra etməyə
çalışacaq
Gələcək
planlarımıza gəldikdə isə, hər şeydən əvvəl,
əsas vəzifə bir milli media nümunəsi kimi dövlətimizin
informasiya təhlükəsizliyinin keşiyində durmaqdan,
ölkəmizin, xalqımızın maraqlarını informasiya
platformasında qorumaqdan ibarətdir. Eyni
zamanda, “Yeni Azərbaycan” qəzeti olaraq kifayət qədər
rəngarəng olan milli media məkanında oxucu
auditoriyasının tələblərinə cavab verən
informasiyalar və analitik yazılarımızla ictimai-siyasi
proseslərin düzgün təhlili, ölkəmizin
bütün sferalarda qazandığı nailiyyətlərin
obyektiv şəkildə
işıqlandırılması işində üzərimizə
düşən vəzifəni bundan sonra da layiqincə yerinə
yetirməyə, milli missiyamızı uğurla icra etməyə
çalışacağıq.
Yeni Azərbaycan.- 2021.- 10 aprel.- S.4.