Vətəndaşlar mütləq şəkildə vaksinasiya prosesində aktiv olmalıdırlar

 

Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da əhalinin yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndlənməsi prosesi aparılır. Yeri gəlmişkən, TƏBİB bu məsələdə əsas hədəfin ölkəmizdə əhalinin 80 faizinin vaksinasiya edilməsindən ibarət olduğunu bəyan edib. Qeyd edək ki, COVAX platforması çərçivəsində Azərbaycana 84 min doza vaksin göndərilib.

Əhalini qaydalara riayət etməyə, tibbi maska taxmağa, sosial məsafəni qorumağa, insanlarla az təmasda olmağa, kütləvi toplaşma yerlərindən uzaq olmağa, ictimai-iaşə obyektlərinə mümkün qədər üz tutmamağa çağırıram. Əgər qaydalara əməl olunmazsa, yoluxma sayları daha böyük rəqəmlərə gəlib çıxacaq. Bununla yanaşı, vətəndaşları mütləq şəkildə vaksinasiya prosesində aktiv olmalıdırlar. Çünki əhalinin 80 faizi vaksinasiya olunduqda virus həyatımızda qalsa belə, pandemiya dönəmi bitəcək”.

Bu fikirləri qəzetimizə açıqlamasında Bakı Sağlamlıq Mərkəzinin infeksiyaya nəzarət bölməsinin rəhbəri Ləman Qalimova deyib.

Mütəxəssis bildirib ki, bundan başqa, vaksinasiya cəmiyyətdə virusa qarşı ümumi immunitetin yaranmasının yeganə yoludur: “Bu gün dünyada onlarla dövlət hələ vaksin ala bilməsə , Azərbaycanda artıq peyvənd problemi həll olunub vaksinasiya işləri həyata keçirilməkdədir. Son statistikaya əsasən, vurulan vaksin dozalarının sayı 1,2 milyona yaxınlaşır. Vətəndaşlar koronavirusla mübarizədə həmrəylik göstərməli, karantin tədbirlərinə əməl etməklə yanaşı, vaksinasiya prosesində çox aktiv olmalıdırlar”.

Ötən il olduğu kimi, bu il Ramazan ayı pandemiya dövrünə təsadüf edir. Ölkəmizdə tətbiq olunan karantin qaydalarına əsasən, kütləvi toplaşma tədbirləri qadağandır. Qaydalara əməl etməklə, vaksinasiya prosesinə fəal qoşulmaqla gələn il Ramazan ayını öz sevdiklərimizlə, doğmalarımızla, qohum-tanışlarımızla birlikdə keçirməyə nail ola bilərik”, - deyə L.Qalimova bildirib.

 

 

MÜŞFİQƏ

Yeni Azərbaycan.- 2021.- 15 aprel.- S.8.