Azərbaycançılıq
ideologiyasının təbliğində vətəndaş cəmiyyəti
institutlarının üzərinə böyük məsuliyyət
düşür
QHT-lər gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyəsində və xalqımızın milli-mənəvi
dəyərlərinin qorunmasında mühüm rol
oynayırlar
Hər bir ölkənin inkişafını təmin
edən mühüm amillərdən biri milli maraqların və
xalqa məxsus milli-mənəvi dəyərlərin
qorunmasıdır. Mütərəqqi
baxışları özündə ehtiva edən milli
ideologiyanın təbliği bu prosesdə mühüm rol
oynayır. Çünki bu, bir tərəfdən xalqın
vahid amal ətrafında sıx birləşməsini təmin
edirsə, digər tərəfdən də gənc nəslin vətənpərvərlik
ruhunda tərbiyəsinə mühüm töhfə kimi
çıxış edir. Şübhəsiz ki, bütün
bu proseslərdə bir sıra subyektlərlə yanaşı,
vətəndaş cəmiyyəti institutları da
mühüm rol oynayırlar. Belə ki, həmin
təsisatlar müxtəlif layihələr vasitəsilə vətəndaşların
və bütövlükdə cəmiyyətin milli maraqlar ətrafında
səfərbər olunmasına töhfə verir, ictimai həmrəyliyin
və milli birliyin təmin olunmasında fəal iştirak edirlər.
Bu kontekstdə Azərbaycan nümunəsi də müsbət
örnək kimi diqqəti cəlb edir.
Məlum olduğu kimi, ölkəmizdə
xalqımızı vahid amal uğrunda sıx birləşdirən
milli məfkurə məhz azərbaycançılıq
ideologiyasıdır. Azərbaycançılıq
ideologiyası gənc nəslin tərbiyəsində, vətənə
bağlılığında, milli maraqlarımızın
qorunmasında mühüm əhəmiyyətə malikdir. Azərbaycançılıq,
eyni zamanda, milli həmrəyliyi təmin edən mütərəqqi
dəyərlər sistemidir.
Bu məqamda qeyd etmək yerinə düşər
ki, Azərbaycançılıq ideologiyasının təbliğində
vətəndaş cəmiyyəti institutlarının üzərinə
də böyük məsuliyyət düşür. Qeyri-hökumət təşkilatları (QHT) gənc
nəslin vətənpərvərlik ruhunda tərbiyəsində
və xalqımızın milli-mənəvi dəyərlərinin
qorunmasında mühüm rol oynayırlar. Ümumiyyətlə,
ölkəmizdə milli birliyin və həmrəyliyin
formalaşmasında vətəndaş cəmiyyəti
institutlarının, QHT-lərin rolu böyükdür. Bu gün dövlətimizin diqqət və qayğısı
ilə əhatə olunan vətəndaş cəmiyyəti
institutları həyata keçirdikləri layihələrlə
istər gənc nəslin milli ruhda tərbiyə
olunmasında, istərsə də azərbaycançılıq
ideologiyasının təbliğində mühüm rol
oynamaqdadırlar. Eləcə də Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasında mühüm rol oynayan QHT-lər
44 günlük Vətən müharibəsi dövründə
də öz üzərlərinə düşən vəzifələrin
öhdəsindən layiqincə gəldi desək,
yanılmarıq. Həmin dövrdə
ölkəmizdə fəaliyyət göstərən QHT-lərin
milli həmrəylik nümayiş etdirərək
işğalçı Ermənistanda qarşı birgə bəyanat
qəbul etməsi, beynəlxalq təşkilatlara müraciətlər
ünvanlaması haqq səsimizin dünya ictimaiyyətinə
çatdırılmasında mühüm rollardan birini
oynadı.
Məsələ ilə bağlı fikirlərini
bölüşən Milli QHT Forumunun (MQF) prezidenti Rauf Zeyni
öncə bildirib ki, ölkəmizdə vətəndaş cəmiyyətinin
inkişafı hər zaman dövlətimizin diqqət mərkəzində
olub. Ulu Öndər Heydər Əliyevin
1993-cü ildə xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıdışının ardından vətəndaş
cəmiyyətinin inkişaf etdirilməsi yönündə əsaslı
addımların atıldığını diqqətə
çatdıran Rauf Zeyni deyib ki, 1999-cu ildə təsis olunan
MQF-nin fəaliyyət istiqamətləri arasında
milli-mənəvi dəyərlərin qorunması və təbliği,
milli birliyimizin gücləndirilməsi, dünya azərbaycanlıları
arasında azərbaycançılıq məfkurəsinin təbliğ
edilməsi xüsusi yer tutur. Belə ki, qurum ötən illər
ərzində istər ölkə daxilində, istərsə də
xaricdə azərbaycançılıq ideologiyasının təbliği
istiqamətində mühüm tədbirlər həyata
keçirib: “MQF gənclər arasında milli vətənpərvərlik
ruhunun yüksəldilməsi, o cümlədən beynəlxalq
müstəvidə Xocalı soyqırımının
tanıdılması üçün davamlı fəaliyyət
həyata keçirməkdədir. Xüsusi
vurğulanmalıdır ki, rəhbərlik etdiyim qurum
“Xocalıya ədalət!” kampaniyasının işində fəal
iştirak etməkdədir. Qeyd etmək istərdim
ki, məhz Prezident İlham Əliyevin yürütdüyü
uğurlu dövlət siyasəti ölkəmizdə QHT hərəkatının
daha yüksək şəkildə fəaliyyətinə yol
açıb. 2007-ci ildə MDB məkanında ilk dəfə
olaraq QHT-lərə Dövlət Dəstəyi Konsepsiyasının
qəbul olunması, 2008-ci ildə Prezident yanında QHT-lərə
Dövlət Dəstəyi Şurasının
yaradılması bunu təsdiq edir. Bu gün Azərbaycanın
milli maraqlarının müdafiə olunması və milli
birliyimizin daha da möhkəmləndirilməsi istiqamətində
QHT-lər çoxsaylı layihə həyata keçiriblər”.
R.Zeyni onu da qeyd edib ki, Milli QHT Forumu bəhs
olunan istiqamətlər üzrə ölkəmizdə ali təhsil
müəssisələri, dövlət strukturları ilə də
sıx əməkdaşlıq həyata keçirir. Bundan
başqa, beynəlxalq təşkilatlarla da əməkdaşlıq
fəaliyyəti təşkilatın əsas prioritetlərindən
birini təşkil edir. R.Zeyni əlavə edib ki, MQF mütəmadi
olaraq milli və hərbi vətənpərvərliyin gücləndirilməsi
istiqamətində gənclər arasında, hərbi hissələrdə
geniş tədbirlər keçirib. Onun sözlərinə
görə, MQF mütəmadi olaraq ziyalıların, milət
vəkillərinin, media nümayəndələrinin,
tanınmış şəxslərin döyüş bölgələrinə
səfərlərini təşkil edir. 2020-ci ilin yayında ermənilərin
Tovuz rayonu istiqamətində törətməyə
çalışdıqları hərbi təxribatlarla
bağlı yüzlərlə QHT-nin beynəlxalq təşkilatlara
müraciət etdiyini önə çəkən MQF prezidenti
deyib ki, 44 günlük Vətən müharibəsi
başlanan gün - 27 sentyabrda rəhbərlik etdiyi qurumun təşəbbüsü
ilə 1128 təşkilat ölkə Prezidentinin
apardığı siyasəti dəstəklədiyini
bildirən bəyanat yayıb: “Bununla
yanaşı, ermənilərin Gəncədə, Bərdədə,
Füzulidə və digər bölgələrimizdə dinc əhaliyə
qarşı terror törətməsi, raket hücumu həyata
keçirməsi ilə bağlı öz
etirazımızı bildirmişik, bütün beynəlxalq təşkilatlara
müraciətlər etmişik, o regionlara səfər edərək
mülki əhaliyə dəstək olmuşuq. Biz şərəf
duyuruq ki, öz ictimai səngərimizdə mübarizə
aparırıq”.
Tərxis Olunmuş Hərbçilərin
Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri
Emin Həsənli isə bildirib ki, Ulu Öndər Heydər
Əliyevin təşəbbüsü ilə ölkəmizdə
vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi
üçün əsaslı addımlar atılıb. QHT-lərlə bağlı qanunvericilik
bazasının formalaşdırıldığını,
QHT-hökumət münasibətlərinin inkişafı
istiqamətində mühüm addımların
atıldığını deyən E.Həsənli QHT-lərin
dövlət qeydiyyatının da
asanlaşdırıldığını diqqətə
çatdırıb. Onun sözlərinə görə,
bu fəaliyyət Prezident İlham Əliyev tərəfindən
uğurla davam və inkişaf etdirilir: “Bu gün ölkəmizdə
vətəndaş cəmiyyətinin sağlam inkişafı
üçün hər cür şərait mövcuddur. QHT-lərimiz
də bütün sahələr üzrə fəal fəaliyyət
nümayiş etdirməkdədir. O cümlədən
gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə
olunması, ordumuzun, silahlı qüvvələrimizin təbliği
mövzusuna xüsusi diqqət yetirilir. Ölkəmizdə
şəhid ailələri, Qarabağ müharibəsi əlilləri,
müharibə veteranları, ehtiyatda olan hərbçilər,
20 Yanvar şəhidləri və əllilləri və
digər istiqamətləri öz fəaliyyətində ehtiva
edən QHT mövcuddur. Onların fəaliyyəti
üçün Azərbaycan dövlət hər bir şərait
yaradıb. Bu QHT-lər hər zaman dövləti, xalqı,
dövlətçiliyi dəstəkləməkdədir,
öz bilik və təcrübələrindən gənc nəslin
vətənpərvərlik ruhunda yetişməsi
üçün istifadə edir. Eləcə də QHT-lərimiz
dövlətlə sıx əməkdaşlıq edir. Şəhid
ailələrinin, Qarabağ müharibəsi əlillərinin,
müharibə veteranlarının problemlərinin həlli istiqamətində
mütəmadi olaraq təkliflər hazırlayır və təqdim
edir. Bu əməkdaşlığın nəticəsində
sözügedən kateqoriyadan olan insanlarımızın bir
çox problemləri öz həllini tapır. Bununla
yanaşı, vətəndaş cəmiyyəti
strukturlarının nümayəndələri bir sıra
nazirliklərin yanında ictimai şuralarda fəaliyyət
göstərirlər. Ən əsası isə, Azərbaycan
dövləti vətəndaş cəmiyyəti və
xüsusən vətənpərvərlik yönündə fəaliyyət
göstərən QHT-lərə də hər cür dəstək
verir”.
Emin Həsənli onu da qeyd edib
ki, rəhbərlik etdiyi Tərxis Olunmuş Hərbçilərin
Gəncləri Maarifləndirmə İctimai Birliyi də gənc
nəslin vətənpərvərlik ruhunda tərbiyə
olunması üçün bir çox layihələr həyata
keçirir: “Təhsil, Gənclər və
İdman nazirlikləri ilə yaradılan əməkdaşlıq,
Gənclər Fondunun, Prezident yanında QHT-lərə Dövlət
Dəstəyi Şurasının maliyyə yardımı nəticəsində,
o cümlədən Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Komitəsinin
dəstəyi ilə yay düşərgələri təşkil
olunur. Orada müharibə əlillələrinin, şəhid
ailələrinin övladları istirahət edirlər. Eyni zamanda cəbhə bölgələrində
yaşayan əhali ilə davamlı olaraq dövlət sirrinin
qorunması, gənclərin vətənpərvərlik ruhunun
yüksəldilməsi ilə bağlı maarifləndirici
söhbətlər aparılır, əsgərləri yolasalma
və qarşılama tədbirlərində iştirak edilir.
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Komitəsinin
bütün regionlarda “Vətənin mühafizəsinə
hazıram” devizi ilə təşkil etdiyi tədbirlərdə
yaxından iştirak edirik. Eləcə də vətənpərvərlik
mövzularına həsr olunmuş rəsm, yazı müsabiqələri
təşkil edirik. 2020-ci ilə qədər mütəmadi
olaraq ali təhsil ocaqlarında tələbələrlə,
orta məktəblərdə şagirdlərlə
görüşlər keçirmişik, müharibə
veteranlarının, Milli qəhrəmanlarımızın
görüşlərini təşkil etmişik”, - deyən
E.Həsənli onu da əlavə edib ki, rəhbərlik etdiyi
QHT Qarabağ müharibəsində fərqlənmiş qazilərin
qardaş Türkiyəyə səfərlərini təşkil
edib. Bu səfərlər çərçivəsində
qazilərimizin Türkiyə Prezidenti Rəcəb Tayyib
Ərdoğanla və digər dövlət rəsmiləri ilə
görüşləri baş tutub.
Milli vətənpərvərliyin
yüksəldilməsini özü üçün əsas
istiqamət seçmiş QHT-lərin
“qardaşlığımız əbədidir” platformasında
fəaliyyət göstərdiyini önə çəkən
E.Həsənli bu platformanın qardaşlıq əlaqələrimizin
genişlənməsinə də mühüm töhfələr
verdiyini diqqətə çatdırıb: “Təşkilatımız
gənc nəslin azərbaycançılıq ideologiyası əsasında
tərbiyə olunması istiqamətində
çalışır. 44 günlük Vətən müharibəsi
bir daha təsdiq etdi ki, Azərbaycanda vətənpərvər
gənclik mövcuddur. Hər birimiz gənclərimizlə
qürur duyuruq”.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2021.- 14 aprel.- S.8.