Azərbaycançılıq ideologiyasının təbliği rəssamlarımızın yaradıcılığında da özünəməxsus yer tutub

 

Bir çox rəsm əsərlərində azərbaycançılığın təməl prinsipləri öz əksini tapıb

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin zəngin irsi indiki və gələcək nəsillər üçün əvəzsiz sərvət, böyük qürur və iftixar mənbəyidir. O cümlədən Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyası milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Qeyd edək ki, 1993-cü ilin iyunundan bu günə kimi üzləşdiyimiz ağır sınaqlardan uğurla çıxmağımızın, o cümlədən 44 günlük Vətən müharibəsində şanlı Zəfərə imza atmağımızın kökündə duran əsas məqamlardan biri də məhz xalqımızın azərbaycançılıq ideologiyası ətrafında sıx birləşməsidir.

Əksər ekspertlərin vurğuladıqları kimi, bu ideologiyanın təbliği istiqamətində dövlət qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının, həmçinin şair, yazıçı, dramaturq, rejissor və rəsssamların da üzərinə mühüm vəzifə düşür. Biz ötən yazılarımızda ədəbiyyat və mədəniyyətin bir sıra sahələrində azərbaycançılıq ideologiyasının təbliği istiqamətində görülən işlərədən bəhs etmişdik. Bu dəfə isə rəssamlıqda azərbaycançılığın təbliği məsələsinə işıq salmağa çalışacağıq.

Azərbaycançılıq ideologiyası rəsm əsərlərində necə əks olunur?

Vurğulamaq yerinə düşər ki, ümumiyyətlə, Azərbaycan təsviri sənəti, eləcə də təsviri incəsənəti azərbaycançılıq ruhunda köklənib. Öz növbəsində, son illər ərzində də bu istiqamətdə çox böyük işlər görülür. Aparıcı dövlətlərdə Azərbaycan sərgiləri keçirilir, Azərbaycanın incəsənət xadimlərinin əl işləri sərgilənir. Eləcə də Azərbaycanın regionlarında rəsm qalereyaları açılır, orada yerli rəssamların, digər incəsənət xadimlərinin əsərləri nümayiş etdirilir ki, bu sənət əsərləri də öz gücünü azərbaycançılıq ideologiyasının prinsiplərindən alır. Daha dəqiq desək, sənətkarların son illər ərsəyə gətirdiyi rəsm əsərlərinin leytmotivini azərbaycançılıq, dövlətçilik, Azərbaycanın müstəqilliyinin tərənnümü, Qarabağ ağrısı, milli faciələrimizlə bağlı mövzular təşkil edib.

Bir sözlə, azərbaycançılıq məfkurəsinə bağlı olan sənətkarlar böyük əsərlər yaradır və bu əsərlərdə xalqın taleyi, düşüncəsi, əqidə və inamı əks etdirilir. Beləliklə, azərbaycançılıq məfkurəsinin təbliği hər zaman olduğu kimi, bu gün də rəssamların yaradıcılığında özünəməxsus yer tutur.

Məsələ ilə bağlı fikirlərini bölüşən Xalq rəssamı Sakit Məmmədov qəzetimizə açıqlamasında bildirib ki, biz həm bir sənətçi, həm də vətəndaş kimi azərbaycançılıq ideologiyasının inkişafında iştirak etməliyik: “Hər birimizin əsas vəzifəsi, işimiz azərbaycançılıq ideologiyasına xidmət etməkdən ibarət olmalıdır. Təbii ki, şüarlarla deyil, işimizlə, əməlimizlə, davranışımızla, millətimizə, dövlətimizə xidmətimizlə vətənpərvər olmalıyıq. Mədəniyyət, ədəbiyyat, musiqi, rəsm, kino sahəsində gördüyümüz bütün işlərlə özümüzü, yəni xalqımızı təqdim eləməyi bacarmalıyıq. Şəxsən mənim üçün bu ideologiya mənsub olduğum bu xalqı, doğulduğum bu torpağı sevməkdir, onun milli-mənəvi dəyərlərini yaşatmaq və təbliğ etməkdir. Biz bu ölkənin daim var olmasını, bu mədəniyyətin yaşamasını istəyiriksə, hamımız birmənalı şəkildə azərbaycançılıq ideologiyasının təbliğatçısı olmalıyıq”.

Xalq rəssamı onu da bildirib ki, vətənpərvərlik mövzularının təbliği gənclərimizin vətənpərvər ruhda yetişməsində və formalaşmasında böyük rol oynayır: “Biz də rəssamlar olaraq üzərimizə düşən missiyanın yerinə yetirilməsi üçün əlimizdən gələni edirik və bundan sonra da edəcəyik. Keçdiyimiz yol, əldə etdiyimiz uğurlar, Vətən müharibəsində qazandığımız şanlı qələbə onu deməyə əsas verir ki, azərbaycançılıq ideologiyası öz müsbət nəticələrini verməkdədir”.

Bu məqamda qeyd edək ki, dünya şöhrətli rəssam öz əsərlərində azərbaycançılıq ideologiyasının hər zaman təbliğinə önəm verib. Buna misal olaraq Qarabağa həsr olunmuş “Cıdır düzü” əsərini nümunə göstərmək olar. Sənət əsərində ölkəmizlə bağlı bir neçə rəmz birləşdirilib. Belə ki, sənət əsərində xarı bülbül, Qarabağ atlıları və bülbülləri, çövkən, ağ atın üzərində oturmuş Xan qızı və uzaqda qürurla dalğalanan Azərbaycan bayrağı təsvir edilib. Bu əsər II Elizabetə təqdim edilib. Sakit Məmmədov Londonda səfərdə olan zaman əsərdə Cıdır düzü, milli adət-ənənələrimiz, at cinslərimiz, musiqi alətlərimiz, Şuşanın xarı bülbülü və çövkən oyununun təsvir olunması barədə kraliçaya şəxsən məlumat verib. Onu da vurğulayaq ki, sözügedən əsər Aprel döyüşləri zəfərindən sonra çəkilmişdi.

Qələbənin tablosu “Qarabağnamə” və yaxud 44 günlük müharibənin rəng çalarları

Qeyd etmək yerinə düşər ki, Xalq rəssamı qələbə münasibətilə “Qarabağnamə” əsərini yaradıb. 6 aydır ki, əsərin üzərində çalışdığını deyən rəssamın sözlərinə görə, bu ideya 30 ildir onun ürəyində nisgil olaraq qalmışdı. Bu gün bu arzusunu həyata keçirməyin sevincini yaşayır: “Qarabağnamə”ni 44 günlük müharibədən sonra qazandığımız qələbəyə həsr etmişəm. Bu sənət əsərində 30 ilin nisgili var. Həyata keçirmək istədiyim arzular var. Bu günü mən uzun zamandır gözləyirdim. Nəhayət ki, bu arzum çin oldu. Bu əsəri çəkmədən öncə gecə-gündüz tarixi faktları araşdırdım, qarabağlılarla söhbətləşib onların xatirələrini dinlədim. Nəhayət, əsər hazır olmaq üzrədir. Çalışacağam ki, mayın 28-nə kimi əsəri tamamlayım. Əsərin təqdimat mərasimini də keçirməyi planlaşdırıram. Qələbə tablosu nəinki Azərbaycanda, hətta bütün dünyada səs salacaq. 5 metrlik rəsmdə Qarabağa aid hər bir ornament, atribut təsvir olunub. Bu əsər əsl azərbaycançılıq və vətənpərvərlik ruhunu özündə əks etdirir”.

Vurğulanması vacib olan əsərlərdən biri də “14 gözəl” əsəridir. Sənətkarın da qeyd etdiyi kimi, rəsm əsərində dünyanın ən nüfuzlu 14 ölkəsi sırasında Azərbaycan da yer alıb. Belə ki, Yaponiyadan İngiltərəyə qədər sıralanmanın tən ortasında Azərbaycan çəkilib. Azərbaycanla bağlı hissədə Bakının neft buruqları, Nizami məqbərəsi, qaval, tar və kamança, xonça, səməni, şəkərbura, paxlava, Şirvanşahlar sarayı, o cümlədən Heydər Əliyev Mərkəzi və s.əks olunub. Bir sözlə, ölkəmizin gözəlliklərini rənglərin dili ilə vəsf edən sənətkar kətana köçürdüyü işləri ilə Azərbaycanın adını daha da zirvələrə ucaldır. Eyni zamanda, xalqımıza xas xüsusiyyətləri fırçanın gücü ilə nümayiş etdirir.

Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində rəssamlar da öz sözlərini deyirlər

“Azərbaycan gəncinin üzərinə düşən başlıca vəzifə müstəqil dövlətin layiqli vətəndaşı olmaq və ölkənin ümumi inkişafına töhfə verməkdir. Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər ölkəmizin daha da inkişafı və güclənməsi üçün səylə çalışırlar”. Bu fikirləri isə qəzetimizə açıqlamasında rəssam Aygün İsgəndərova deyib.

Onun sözlərinə görə, bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır: “Bu gün ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyub və əvvəlki illərdə olduğu kimi, bundan sonra da azərbaycançılıq ideologiyasının təbliği işinə diqqət yetirilməlidir. Yəni ideologiyanı gənc nəsil arasında daha da möhkəmləndirmək üçün hər kəs əlindən gələni etməlidir. Ümumiyyətlə, harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Azərbaycan sevgisi ilə yaşamalı, dövlətin mənafelərini qorumalı, azərbaycançılıq ideologiyasının prinsiplərini üstün tutmalıdır”.

Qeyd olunub ki, vətənpərvərliklə və Azərbaycan sevgisi ilə yanaşı, azərbaycançılıq həm də dünyəvilik, tolerantlıq və humanizmi təbliğ edir: “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi xüsusi əhəmiyyət daşıyır. Təbii ki, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində rəssamlar da öz sözünü deyir”.

“Onu da deyim ki, bacım Elnurə İsgəndərova da rəssamlıqla məşğul olur. Biz bütün əsərlərimizdə azərbaycançılığı əks etdirməyə çalışırıq. 10 illik fəaliyyətimiz ərzində bütün tədbirlərimizi azərbaycançılıq ideologiyasına həsr etmişik. Bu ərəfədə Ümumilli Liderimizə həsr olunmuş müsabiqələrin, sərgi-tədbirlərin həm münsif heyəti, həm iştirakçısı, həm də bir neçəsində ölkə daxili və ölkədən kənarda qalibləri olmuşuq. Biz bir çox səfirliklərlə, dövlət qurumları ilə birgə çalışırıq. “Azərbaycanın xilaskarı”, “Vətənə həsr olunmuş ömür” adlı rəsm müsabiqələri və “Unudulmaz dərdimiz - Qarabağ”, “İslam sivilizasiya və mədəniyyətinin vəhdəti”, “Formula-1 yarışları multikulturalizmin mənbəyi olan Azərbaycanda”, eləcə də Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Gövhəri-laməkan” adlı sərgilərə imza atmışıq”, - deyə A.İsgəndərova əlavə edib.

Elnurə İsgəndərova isə bildirib ki, Azərbaycan gəncliyi hər zaman dövlətin qayğısını hiss edir: “Gənclik cəmiyyətdə böyük qüvvədir. Azərbaycanda gənclər siyasətinin başlıca prinsipləri gənc nəslin vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik prinsipləri əsasında, xalqımızın tarixinə, mədəni irsinə, adət-ənənələrinə, dövlət dilinə və rəmzlərinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə olunmasıdır. Vurğulamaq istəyirəm ki, dövlət gənclər siyasətinin prioritet istiqamətlərindən biri istedadlı gənclərə dövlət qayğısıdır. Bu sahədə görülən iş yaradıcı və istedadlı gənclərin aşkar edilməsi, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılmasından ibarətdir”.

Doğma torpaqlarına qayıdışın həyəcanını yaşayan Elnurə məcburi köçkün düşdükləri Ağdamda da bir-birindən zəngin işlərə imza atacaqlarını deyib: “Ağdam rayonundan məcburi köçkün düşmüşük. Vətən həsrəti ilə alışıb-yanırdıq. Bunu öz işlərimizdə də əks etdirməyə çalışırdıq. Şükürlər olsun ki, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm zəfər əldə etdi. 44 günlük Vətən müharibəsində torpaqlarımızı işğaldan azad etdik. Qələbədən sonra, şübhəsiz ki, çoxlu sayda yaradıcılıq işləri ərsəyə gələcək. Bizim də sırf məqsədimiz rəssam olaraq öz sahəmizdə azərbaycançılıq ideologiyasına söykənərək yeniyetmə və gənclərimizi qəhrəmanlığa, ana Vətəni göz bəbəyi kimi qorumağa, sevməyə çağırmaqdır”.

Beləliklə, göründüyü kimi, milli dövlətçiliyimizin inkişafında mühüm rola malik olan azərbaycançılığın təbliği istiqamətində rəssaqmlar da önəmli addımlar atır. Daha doğrusu, azərbaycançılıq ideologiyasının təbliği rəssamlarımızın yaradıcılığında da özünəməxsus yer tutub.

Müşfiqə BAYRAMLI

 

 Yeni Azərbaycan.- 2021.- 20 aprel.- S.8.