Akademik Zərifə xanım Əliyeva
oftalmologiya elminin inkişafına böyük töhfələr
verib
Görkəmli elm adamları, ziyalılar,
yaradıcı şəxsiyyətlər, onlardan yadigar qalan
maddi və mənəvi irs mənsub olduqları xalqın,
dövlətin, eləcə də bəşəriyyətin sərvətidir.
Hər bir xalq özünün istedadlı şəxsiyyətləri,
elm və mədəniyyət adamları, siyasi xadimləri ilə
qürur duyur, onların xatirəsini əziz tutur. Bu
baxımdan Azərbaycan xalqı xoşbəxt sayıla bilər,
çünki ölkəmiz bir çox sahələrdə
istedadlı şəxsiyyətlər yetirib. Belə şəxsiyyətlərdən
biri olan Zərifə xanım Əliyevanın zəngin həyat
yolu hər bir azərbaycanlıya örnəkdir. Aprelin 28-də
dünya şöhrətli alim, tibb elmləri doktoru, professor,
Əməkdar elm xadimi, Azərbaycan Respublikası Elmlər
Akademiyasının həqiqi üzvü Zərifə
Əliyevanın anadan olmasının 98-ci ildönümü
tamam olur.
Zərifə Əziz qızı Əliyeva 1923-cü
ilin 28 aprel tarixində dövrünün görkəmli
ictimai-siyasi və elm xadimi Əziz Əliyevin ailəsində,
Şərur rayonunun Şahtaxtı kəndində dünyaya gəlib.
Onun valideynləri Əziz Əliyev və Leyla Abbasova qədim
Azərbaycan diyarı olan İrəvan mahalında anadan olublar.
Ermənilərin azərbaycanlılara qarşı məqsədli
şəkildə həyata keçirdiyi soyqırımı
siyasəti və təqiblər onları Naxçıvan
Muxtar Respublikası ərazisinə köçməyə məcbur
edib.
Ömrünü tibb elminə həsr
etməyi qarşısına məqsəd qoyan Zərifə
xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan
Dövlət Tibb İnstitutunun müalicə-profilaktika
fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla
qiymətlərlə bitirir. Qısa
müddətdən sonra Zərifə xanım Əliyeva həmin
dövrdə Azərbaycanda gözü zədələyən
və ağır nəticəyə, hətta tam korluğa səbəb
olan geniş yayılmış traxoma infeksion xəstəliyinə
qarşı mübarizə aparır. Bu xəstəliyə
qarşı təsirli müalicə üsullarının
olmadığı bir dövrdə Zərifə xanım Azərbaycanda
traxoma xəstəliyinin daha geniş yayıldığı
rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali
arasında maarifləndirmə aparırdı.
Eyni zamanda, Zərifə xanım Moskvada
Ümumittifaq Mərkəzi Həkimləri Təkmilləşdirmə
İnstitutunda ikiillik ixtisaslaşdırma kursunda həkim-oftalmoloq
ixtisasına yiyələnir. Vətənə qayıdan Zərifə
xanım Əliyeva 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat
Göz Xəstəlikləri İnstitutunda elmi işçi
kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə
aspiranturaya qəbul olunur. O, bu müddətdə həm praktik
əməli həkim fəaliyyəti ilə məşğul
olaraq, həm də elmi axtarışlarını davam etdirir. Traxoma xəstəliyinin aradan
qaldırılmasını qarşıya məqsəd qoyan Zərifə
xanım tədqiqat işini traxomanın müalicəsi ilə
bağlı məsələlərə, o dövr
üçün yeni olan antibiotikdən - sintomisindən istifadə
olunmasına həsr edir. Zərifə xanım
Əliyevanın bu sahədə tədqiqatlarının nəticələri
1960-cı ildə “Sintomisin terapiya metodlarının başqa
birləşmələri traxomanın müalicəsi”
mövzusunda uğurla müdafiə etdiyi namizədlik
dissertasiyasında öz əksini tapıb.
Zərifə xanım haqlı olaraq hesab edirdi ki,
həkimin peşə mövqeyi onun xəstəyə
münasibətini müəyyənləşdirən
başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir
ki, xəstənin ağrılarını məhz
özünün ağrıları hesab edir. Belə
bir həkim üçün hər dəfə xəstəni
qəbul etmək, hər dəfə xəstəliyə
düçar olmuş insanla söhbət etmək həm xəstə
qarşısında, həm də cəmiyyət
qarşısında, ən başlıcası isə, öz
vicdanı qarşısında əxlaqi məsuliyyət
deməkdir”.
Zərifə xanım yalnız
çalışdığı institutda fəaliyyət
göstərməklə kifayətlənmirdi. O,
respublikanın şəhər və rayonlarında olaraq xəstəliyin
yaranma səbəblərini araşdırır və xəstəlik
ocaqlarında kompleks şəkildə müalicə-profilaktik
tədbirləri həyata keçirirdi. Böyük alim
uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar
arasında yayılan traxoma xəstəliyinin
qarşısını almaqda da xüsusi xidmət göstərib.
Zərifə xanım Əliyevanın bu sahədə gərgin
fəaliyyəti tezliklə öz nəticələrini verdi.
Belə ki, məhz onun təklif etdiyi müalicə metodunun
respublikada tətbiq olunması nəticəsində ölkəmiz
bu xəstəlikdən xilas olub.
Sonrakı illərdə Zərifə xanım
oftalmologiya elminin digər mühüm istiqamətləri
üzrə tədqiqatlar həyata keçirdi. Onun qlaukoma xəstəliyi
ilə bağlı tədqiqatları klinik göz xəstəliyi
sahəsində çalışan həkimlərin biliklərinin
genişlənməsinə müsbət təsir göstərib.
Zərifə xanım Əliyeva 1960-1967-ci illərdə
Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində
çalışıb. Bu sahədə apardığı dəyərli
tədqiqatlara, gördüyü işlərə görə
1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona
“Oftalmologiya” ixtisası üzrə böyük elmi
işçi adını verib.
1967-ci ildə Zərifə xanım Əliyeva
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun göz xəstəlikləri kafedrasına dosent
vəzifəsinə dəvət olunur. Bu dövrdə həkimlik
fəaliyyətini davam etdirən Zərifə xanım göz
xəstəlikləri üzrə təkmilləşdirmə
kurslarında iştirak edən həkimlərlə də
pedaqoji iş aparıb.
Oftalmologiya sahəsində tədqiqatları
davam etdirən Zərifə xanım respublikada bununla
bağlı az öyrənilən sahələrə daha
çox diqqət yetirirdi. 1968-ci ildən başlayaraq Zərifə
xanım Əliyeva az tədqiq olunan, lakin kifayət qədər
aktual bir problem olan görmə orqanının patologiyası
ilə məşğul olmağa başlayır. O, həmçinin
insanlarda peşə fəaliyyəti ilə əlaqədar əmələ
gələn göz xəstəliklərinin aradan
qaldırılmasına xüsusi diqqət göstərib.
Bundan sonra da Zərifə xanım Əliyeva
elmi fəaliyyətini uğurla davam etdirib. Tezliklə Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə
İnstitutunun oftalmologiya kafedrasının professoru seçilən
Zərifə xanım 1983-cü ildə həmin kafedranın
müdiri olur. O, kafedranın bazasının
yaxşılaşdırılması sahəsində bir
sıra işlər görərək 1977-ci ildə Bakı
şəhərində Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti
İdarə Heyətinin plenumunun keçirilməsinə nail
olub. Bakıda ilk dəfə keçirilən bu plenumun Azərbaycanda
və keçmiş SSRİ-nin ən yaxşı akademik
müəssisələrində oftalmologiya xidmətinin
inkişafında, elmi-pedaqoji kadrların hazırlanmasında
xidmətlər göstərib.
Zərifə xanım
Əliyevanın Azərbaycanda görmə orqanının
peşə patologiyasının öyrənilməsi üzrə
ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyası
yaradılması haqqında təklifi plenumda bəyənilib.
1979-cu ildə Azərbaycan Elmlər Akademiyasının
Fiziologiya İnstitutunda yaradılan həmin laboratoriyada bu sahədə
dəyərli tədqiqatlar aparılıb.
Zərifə xanım Əliyeva müxtəlif
xəstəliklərin diaqnostikası və müalicəsi
problemləri ilə yanaşı, həkim etikası və
tibbi deontologiya məsələləri ilə də
maraqlanıb. O, gənc həkimlərin tərbiyəsinə,
onların peşə fəaliyyəti ilə bağlı
problemlərinin öyrənilməsinə və həlli məsələlərinə
böyük diqqət göstərib. Onun “Yüksək etimad”
kitabı cəmiyyətdə həkimin şəxsiyyət
kimi formalaşması prosesinə dəyərli töhfədir.
Zərifə xanım Əliyeva səhiyyədə kadr
hazırlığına və həkimlərin
ixtisasının təkmilləşdirilməsinə gərgin
əmək sərf edib. Onun birbaşa rəhbərliyi
altında cavan alimlərin və həkim-oftalmoloqların
böyük bir nəsli formalaşıb. Böyük xidmətlərinə,
çoxillik elmi-tədqiqat işlərinə görə
professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan
Respublikası Elmlər Akademiyasının akademiki
seçilib.
Tibb sahəsində
çoxşaxəli fəaliyyəti ilə bərabər,
akademik Zərifə xanım Əliyeva ictimai işlərdə
də fəallıq göstərib, keçmiş SSRİ-nin
Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan
Sülhü Müdafiə Komitəsi sədrinin müavini,
“Bilik” Cəmiyyəti İdarə Heyətinin və
keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti
İdarə Heyətinin üzvü olub. Zərifə xanım
həm də “Oftalmologiya xəbərləri” jurnalının
redaksiya heyətinin üzvü idi.
Azərbaycan elminə verdiyi töhfələrə
görə Zərifə xanım Əliyeva bir sıra orden və
medallara layiq görülüb, Azərbaycanın Əməkdar
elm xadimi fəxri adını alıb.
Zərifə xanım həm də
qayğıkeş ana, layiqli ömür-gün yoldaşı
olub. Bu keyfiyyətləri o, öz ailəsində
gördüyü yüksək mənəvi mühitdən
qazanıb. Zərifə xanım və onun həyat
yoldaşı Ümummilli Lider Heydər Əliyev sahib
olduqları nəcib keyfiyyətləri, ali mənəvi dəyərləri
layiqli vətəndaş kimi yetişdirdikləri
övladlarına ötürüblər. Həm Zərifə
xanım Əliyeva, həm də Ulu Öndər Heydər
Əliyev həyatlarının sonunadək gərgin fəaliyyətləri
ilə ömürlərini Azərbaycana həsr ediblər. Vəfalı
həyat yoldaşı olmaqla bərabər, Zərifə
xanım Ulu Öndərə mənəvi dayaq olub. Zərifə
xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində
dünyasını dəyişib.
Dövlətimiz bu dəyərli alimin xatirəsini
əbədiləşdirib. Hazırda Bakıda Göz Xəstəlikləri
İnstitutu onun adını daşıyır. Bakının
Binəqədi rayonu ərazisində Zərifə
xanımın adına istirahət parkı salınıb.
Paytaxtda, eləcə də Naxçıvan şəhərində
Zərifə Əliyevanın adını daşıyan
küçə var.
Azərbaycan xalqı, o cümlədən
respublikanın elmi ictimaiyyəti bu görkəmli alimin tibb
elminə verdiyi töhfələri unutmur, hər il onun həyat
və yaradıcılığının tədqiqinə həsr
olunan yeni-yeni əsərlər yaradılır. Oftalmologiya
elminə verdiyi töhfələri bu gün də
aktuallığını saxlayan, biliyi ilə yanaşı,
insanpərvərliyi ilə də seçilən Zərifə
xanımın həyatı və yaradıcılığı
hər zaman dərin hörmətlə yad olunur.
Cavanşir PAŞAZADƏ
Milli Məclisin deputatı,
YAP Təftiş
Komissiyasının üzvü
Yeni
Azərbaycan.- 2021.- 21aprel.- S.5.