Şuşa şəhərinin
memarlıq irsinin bərpa-eskiz layihələrinin
onlayn təqdimatı olub
Aprelin 21-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU)
Şuşa şəhərinin
memarlıq irsinin bərpa-eskiz layihələrinin
onlayn təqdimat mərasimi keçirilib. Beynəlxalq Abidələr
və Tarixi Yerlər Gününə
həsr olunmuş tədbirdə Təhsil Nazirliyindən, Milli Məclisdən, Azərbaycan
Memarlar İttifaqından,
ali təhsil müəssisələrindən qonaqlar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, universitetin
rektoru, professor Gülçöhrə Məmmədova
qonaqlara layihə barədə ətraflı
məlumat verib. Rektor qeyd edib ki,
Memarlıq fakültəsində
təhsil alan tələbələrin təşəbbüsü
ilə ərsəyə
gələn Şuşa
şəhərinin şəhərsalma
inkişafı və tarixi memarlıq irsinin bərpası layihəsi üzrə işlər bir il əvvəl başlayıb. “Tələbələrimiz
və müəllimlərimiz
layihə üzərində
işə başlayanda
Şuşa, eləcə
də digər rayonlar hələ işğal altında idi. Amma biz
inanırdıq ki, tezliklə o torpaqlar öz sahiblərinə qayıdacaq, biz bu layihələri orada gerçəkləşdirəcəyik.
Bu gün çox sevinirik ki, arzumuza çatmışıq”.
G.Məmmədova layihənin hazırlanmasında
əsas məqsədin
Azərbaycanın tarixi
şəhəri olan Şuşanın nümunəsində
tarixi şəhərlərin
inkişafı və memarlıq irsinin qorunması, abidələrinin
bərpasından ibarət
olduğunu vurğulayıb.
Eyni zamanda, o, tezliklə Şuşa şəhərində tələbələrin
təqdim etdiyi şəhərsalma strukturuna
dair yeni inkişaf layihələri
ilə əlverişli,
müasir tələblərə
uyğun yaşayışın
bərpa olunacağına
inamını ifadə
edib.
Rektor diqqətə çatdırıb
ki, təxminən bir il çəkən
bu layihənin hazırlanması üçün
tələbələr Şuşanın
abidələri, infrastrukturu
haqqında tarixi məlumat toplayıblar, arxivlərdə işləyiblər,
mövcud arxiv sənədləri ilə
tanış olublar. İki istiqamətdə hazırlanan layihələrin şəhərsalma strukturunun
inkişafı üzərində
işləyən tələbələrə
AzMİU-nun dosenti, Əməkdar memar Yeganə Hacıyeva, abidələrin bərpası
istiqaməti üzrə
işləyən tələbələrə
isə AzMİU-nun professoru, memarlıq doktoru Səbinə Hacıyeva rəhbərlik
edib.
Sonra layihə
mərasim iştirakçılarına
təqdim olunub. Layihədə şəhərsalma strukturunun inkişafı istiqaməti üzrə tələbələrə rəhbərlik
edən Y.Hacıyeva Şuşa şəhərinin
2020-2040-cı illər üzrə
baş plan layihəsi barədə danışıb, tələbələrin
iştirakı ilə
görülən işlər
izləyicilərə təqdim
olunub. Bildirilib ki, birinci mərhələdə
əsasən ictimai, yaşayış və qeyri-yaşayış zonaları,
sənaye, istirahət
və yaşıllıq
əraziləri üzrə
işlər görülüb.
Sonrakı mərhələdə yeni yaşayış zonaları təklif olunub, şəhərin mövcud ərazisinin
2040-cı ilə qədər
yeni sərhədləri
ilə bərabər təyini, Şuşa üçün ekoturizm marşrutunun, ümumi yaşıllıq sahəsinin
rekreasiya zonasının
yenilənməsi, yeni
tikililər üçün
ərazilərin ayrılması,
küçələrin şəhər
ətrafı kateqoriyalarının
bölünməsi, ayrılması,
piyada turist marşrutlarının təyini
və s. həyata keçirilib.
Memarlıq irsinin
bərpası istiqaməti
üzrə məlumat
verən Səbinə
Hacıyeva qeyd edib ki, ümumilikdə
Şuşada 165 tarixi
abidə var, amma tələbələr
onların bir qismi üzərində iş aparıblar. “Biz layihəyə başlayanda Şuşa şəhəri işğal
altında idi, biz ora gedə
bilmirdik. Tələbələr yalnız arxivlərdən
əldə etdikləri
məlumatlar, eskizlər
əsasında işləyiblər.
Şuşanın ayrı-ayrı
memarlıq abidələrinin
arxivlərdən eskizləri,
cizgiləri, fotoşəkilləri
və s. kimi məlumatlar götürülərək
onların tarixi, memarlıq-dekorativ xüsusiyyətləri tədqiq
edilib, internet resursları vasitəsilə
indiki vəziyyəti araşdırılıb və
eskiz-bərpa layihələri
işlənib”.
Sonra tələbələr Aşağı və Yuxarı Gövhər Ağa məscidi, Xan qızı Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün,
Həsən bəy Vəzirovun və başqalarının ev-muzeyləri,
hamam, karvansara və bulaqların bərpa-eskiz layihələrini
təqdim ediblər.
Bərpa layihələri
təqdim edilən abidələrin 3 D görünüşü
tələbələr tərəfindən
işlənib.
Təqdimatın sonunda layihənin nəticəsi kimi tələbələr müasir
kompüter proqramlarından
istifadə edərək
Şuşaya ilk gediş marşrutunu təqdim ediblər.
Mərasimdə təhsil nazirinin
müavini Firudin Qurbanov, Milli Məclisin deputatları - Hicran Hüseynova, Aydın Mirzəzadə və Hikmət Babaoğlu, Azərbaycan Dövlət Mədəniyyət
və İncəsənət
Universitetinin rektoru, professor Ceyran Mahmudova tələbələrin
təşəbbüsünü alqışlayaraq bu layihədə əməyi
keçən müəllimlərə
təşəkkür ediblər.
Onlar görülən
işləri yüksək
qiymətləndiriblər, işğaldan
azad olunmuş şəhər və kəndlərimizin yenidən
qurulması, bərpası
və inkişafı prosesində AzMİU-nun professor-müəllim, tələbə
potensialından istifadənin
vacibliyini vurğulayıblar.
Yeni Azərbaycan.- 2021.- 22 aprel.- S.3.