“Əl Hərir”
portalı iordaniyalı
alimin Azərbaycandakı
tolerantlığa dair
məqaləsini yayıb
“Əl Hərir”
informasiya portalı iordaniyalı alim Mərvan Sudanın “Azərbaycanda xristianlar və kilsə” sərlövhəli məqaləsini
yayıb.
AZƏRTAC xəbər verir ki, dini
mənsubiyyəti xristian
olan, dini dözümlülük haqqında
silsilə məqalə
və kitabların müəllifi Mərvan Sudan Azərbaycandakı tolerantlığı bütün
Şərq ölkələri
üçün örnək
adlandırıb. O yazıb:
“İordaniyaya dost və qardaş ölkələr sırasında
Azərbaycan həm qəlbimdə, həm də yazdığım kitablarda xüsusi yerə malikdir. Artıq 12 ildir ki, mən bu
gözəl ölkədə
baş verən proseslər barədə ərəb və rus dillərində xəbərləri yaxından
izləyirəm. Heç
vaxt şahidi olmadım ki, Azərbaycanda dini mənsubiyyətinə görə
kimisə təqib etsinlər. Bunun səbəbi azərbaycanlıların
başqa dinlərə
və etnik qruplara dərin ehtiram ruhunda tərbiyə alması, bu keyfiyyətlərin xarakterik xüsusiyyət halına gəlməsidir.
Mərhum Prezident Heydər
Əliyevin əsasını
qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi dünyaya örnək olacaq yüksək tolerantlıq
və başqa dinlərə hörmət
siyasəti Azərbaycanda
dinindən və milliyyətindən asılı
olmayaraq bütün insanların, ölkənin
hər bir vətəndaşının
azad və harmoniya şəraitində
yaşamasına zəmin
yaradıb. Məhz bunun nəticəsində Azərbaycan məğrur və ləyaqətli insanlar ölkəsidir, burada hər kəsin vicdan azadlığı, hüquqları
təmin olunub”.
Bəzi insanların Azərbaycanın
öz torpaqlarını
işğaldan azad etmək uğrunda Ermənistana qarşı ədalətli müharibəsinin
dini mahiyyət daşıdığı fikirlərinə
etiraz edən müəllif yazıb ki, bu cür
iddialar Azərbaycana qarşı haqsız informasiya müharibəsinin
tərkib hissəsidir.
Əsas məqsəd isə diqqəti BMT Təhlükəsizlik Şurasının
qətnamələri və
digər beynəlxalq təşkilatların qərarları
ilə təsbit olunmuş ermənilərin
işğalçı mahiyyətini
ört-basdır etməkdir.
Əksinə, bütün
beynəlxalq ictimaiyyət,
o cümlədən ərəb
mediası Ermənistanı
dini azadlıqlara
və qonşu dövlətlərin ərazi
bütövlüyünə hörmətlə yanaşmağa
məcbur etməlidir.
“Lakin bu
ümumbəşəri humanitar
çağırışlar Ermənistana təsir etmir və ermənilər
qədim alban kilsələrini öz adlarına çıxaraq
beynəlxalq aləmdə
guya dini hüquqlarının pozulması
barədə yanlış
təsəvvür formalaşdırmağa
çalışır, hay-küy
salırlar”, - deyə
müəllif vurğulayıb.
Yeni Azərbaycan.-
2021.- 21 aprel.- S.6