Ümummilli Lider Heydər
Əliyevin siyasi irsinə elmi-fəlsəfi və sinergetik
yanaşma
Yüksək dəyərlərin əsas təhlil
predmeti siyasətdə və fəlsəfədə şəxsiyyətin
böyüklüyü və onun zəngin, geniş
dünyagörüşünün əhəmiyyətinin elmi
şərhi ilə cilalanır. İnsan
düşüncələrində fəlsəfi fikrin
aparıcı mərhələlərinin, xüsusilə onun
siyasi istiqamətlərinin aydın və konkret şəkildə
təhlilində Heydər Əliyev fenomeni artıq öz zirvə
yerini, yüksək mövqeyini tutmuşdur. Müasir Azərbaycan fəlsəfi fikrinin rəyinə
istinad eləsək, ümumbəşəri hadisələrin
fundamentində insanın xeyirxah əməlləri,
yaradıcı fəaliyyəti və işıqlı fikri, dərin
düşüncəsi dayanır. İnsan
və Dünya konsepsiyasında fəlsəfənin idrakı,
imkanları, ən ümdəsi isə gerçəklik
fenomenlərinin, bir də daha önəmli sayılan siyasi
elmin nəzəri imkanlarının öyrənilməsinin
şərhi verilir. “ŞƏXSİYYƏT və
FƏLSƏFƏ”, “FƏLSƏFƏDƏ
ŞƏXSİYYƏT” konsepsiyasına üstünlük verən
ümumbəşəri duyğu və düşüncələrlə
müasir fəlsəfi təlimlərin və nəzəriyyənin
real problemlərinə fəal və yaradıcı nəzər
yetirsək, görərik ki, əsasən, milli fəlsəfədə
ŞƏXSİYYƏT predmetinin təkzibolunmaz və
dolğun çalarlarında Heydər Əliyev fenomeni həmişə
ön plana çəkilir.
Həmin
fəlsəfi fikirlərdə Heydər Əliyev şəxsiyyəti
ictimai ideyaların Azərbaycanın milli-mənəvi sərvətlərinin
(xüsusilə, ana dilimizin təmizliyinin qorunması, zənginləşdirilməsi
və inkişaf etdirilməsi...) ölkəmizin ictimai
münasibətlərinin, insanların intellektual sahədəki
yaradıcı fəaliyyətinin və ünsiyyətinin ifadəsi,
həm də bir subyekt kimi araşdırılır. Rəhbərin şəxsiyyət kimi xalq, dövlət
qarşısındakı keyfiyyətlərinin təcəssümü
cəmiyyətin qlobal proseslərinin inkişafını
müəyyənləşdirir və sürətləndirir.
Bu, əsasən, tarixi planda, şərh edildiyi
üçün bütün həyati aspektlərdə
özünü büruzə verir.
Məlumdur ki, müasir fəlsəfi fikirdə şəxsiyyət
haqqında iki əsas və başlıca konsepsiya, yəni
hadisələri başlıca nöqteyi-nəzərdən mənalandırma
və ona obyektiv nəzəri baxış əsas
götürülür. Bu dərketmə üsulundan ən öncəsi
şəxsiyyətin əsas və funksional xarakteristikası və
ictimai-siyasi həyatda fəaliyyəti, rolu başlıca amil
kimi qəbul edilir. İkinci konsepsiya isə
şəxsiyyətin öz mahiyyəti ilə səciyyələndirilir
və mənalandırılır. Hər
iki dərketmə üsulu ilə və hər iki əsas
nöqteyi-nəzər kimi şərtləndirilən
baxışda Heydər Əliyev tarixi şəxsiyyət kimi
öz fenomenliyini artıq təsdiq etmişdir. Tarixi proseslərə obyektiv surətdə
güclü təsir göstərən bütün başqa
amillər, konkret olaraq desək, ictimai-siyasi, geosiyasi,
sosial-iqtisadi şəraitlə şərtləndirilir. Çünki müasir Azərbaycan milli ideyanın əks-sədası
kimi artıq Heydər Əliyev şəxsiyyətinin rolunu
prioritet kimi üzə çıxarır, Ümummilli
Liderimizin tarixi şəxsiyyətlər sırasında öz
yerini möhkəmləndirməsi rəhbərin böyük
yaradıcı vətəndaş mövqeyi və siyasi hünəri
ilə əlaqələndirilir. Böyük
dövlət xadimi Heydər Əliyevin ideyaları müasir Azərbaycanın
təcəssümü kimi qiymətləndirilir.
Bugünkü Azərbaycan fəlsəfi fikri, Heydər
Əliyev şəxsiyyətinin müstəqil, müasir Azərbaycanın
yaranması, möhkəmləndirilməsi, tərəqqisi
naminə və xalqımızın inkişafı
üçün həyata keçirdiyi vəzifələr, məhz
müasir fəlsəfədə nəzərdə tutulan,
özünəməxsus yeri olan “fəaliyyət
kateqoriyası” kimi mənalandırılır. Heydər
Əliyev şəxsiyyətinin fəaliyyət kateqoriyasının
fəlsəfəsinin bir tərəfi xilaskarlıq
missiyası ilə bağlı idisə, digər tərəfi
yüksəliş mərhələləri ilə
tamamlanırdı.
Atəşkəsin
zəruriliyi, “Əsrin müqaviləsi”nin imzalanması, Azərbaycan
Konstitusiyasının hazırlanıb, qəbul edilməsi, Azərbaycanın
beynəlxalq əlaqələrinin qurulması, Azərbaycan
diasporasının formalaşması, Azərbaycanın Avropa
Şurasına qəbul edilməsi, “Böyük İpək
Yolu” lahiyəsindəki fəallıq və müasir,
güclü ordu quruculuğu və s. Bütün bunlarla bahəm
söyləmək yerinə düşər ki, Heydər
Əliyevin bir tarixi şəxsiyyət kimi fəaliyyət
kateqoriyası bir də ona görə zəngin və təkrarolunmazdır
ki, O, dövlət quruculuğu ilə birgə yenilməz bir
Lider kimi milli-mənəvi dəyərlərin
qorunub-saxlanılmasına, inkişaf etdirilməsinə Öz
dövlətçilik fəaliyyətinin tərkib hissəsi
kimi baxırdı.
Bizim fikrimizcə, Heydər Əliyevin dövlətçilik
fəaliyyətindəki misilsiz yeniliklər, yüksəlişlər
və siyasi, zəngin irsindəki elmi- fəlsəfi, nəzəri
milli ideya ölkəmizin bugünkü və gələcək
inkişafı üçün möhkəm təməlin əsas
fundamenti kimi artıq öz təzahürünü
tapmışdır. Əgər bu prinsipləri, prosesləri fəlsəfi
dillə söyləsək, “milli-mənəvi təkamül nəzəriyyəsi”
də adlandırmaq olar. Heydər Əliyevin həm nəzəri
səviyyədə, həm də praktikada həyata
keçirdiyi norma və dəyərlərin
məcmusuna konsolidasiya edilmiş demokratiyanın həyat
qabiliyyətli modelinə çevrilməsi Onun dəyərlər
məcmusunda milli ideya və milli mənlik şüurunun
formalaşmasında milli faktor rolu kimi önəmli yerlərdən
birini tutur. Azərbaycanın müasir milli fəlsəfi
fikrində hələ ki, nisbətən az
tədqiq edilən milli mənlik şüurunun bir problem kimi
araşdırmalar meydanına gətirilməsi də ilk dəfə
məhz elə Heydər Əliyevin siyasi irsinin
araşdırılması zamanı öz əksini
tapmışdır. Məlumdur ki, bu məsələ
filosoflar tərəfindən tədqiq edilməmişdən əvvəl
“milli faktor” amili kimi mühüm əhəmiyyət kəsb
etmirdi. Azərbaycanın elmi ədəbiyyatında “milli
inkişaf”, “milli mənlik” şüurunu müasir Azərbaycan
fəlsəfəsi milli faktor kateqoriyası adı ilə,
milli fəlsəfi leksikonumuza yeni hadisə və yeni tədqiqatlar
mənbəyi kimi gətirilmişdir. Heydər
Əliyevin banisi olduğu azərbaycançılıq
ideologiyası ilə qoşa qanadlara bənzəyən milli mənlik
şüuru artıq öz əxlaqi aspektləri, milli mədəniyyət
problemləri və bütün bunlarla bağlı milli-mənəvi
dəyərlər məcmusu olaraq milli faktor
anlayışı kimi artıq tədqiqat və
araşdırmalar mərkəzində öz siyasi
yuvasını və geniş rəngarəng üfüqlərini
yaratmışdır. Xalqın milli mənlik
şüurunun oyanması ilə milli ideyanın yaranması
arasında o zamanlar uzaq vaxt və zaman halqaları vardı.
Hamıya məlumdur ki, milli ideya həm də
birmənalı olaraq yalnız millətin oyanması,
formalaşması ilə inkişaf edə bilər, bu yolla da
sivil xalqların sırasına qoşula bilərdi.
Fəlsəfə
elminə o da məlumdur ki, böyük və geniş əhatəli
məhfuma malik olan “milli faktor” öz qətiyyəti və həm
də incə çalarları ilə millətin
varlığında, ən ümdəsi xarakterində, bir də
ən başlıcası sayılan mənəvi-əxlaqi
potensialında, geniş emosional-psixoloji cəhətlərində,
onun ictimai inkişafının tərəqqisinə yönəldiyi
sahələrdə öz varlığını əks
etdirir. Bütün göstərdiyimiz bu tərəfləri,
aspektləri məcmu, dialektik formada qəbul etsək,
onların hamısının bir-bir milli mənlik şüuru
ilə vəhdətinin şahidi olarıq. Milli mədəniyyətimizin
və milli mənlik şüurunun müstəvisində daha
dolğun və önəmli yer tutan ana dili Ulu Öndər
Heydər Əliyev tərəfindən dəfələrlə
dəyərləndirilmişdir: “Azərbaycan dili ilə hər
birimiz fəxr edə bilərik, çünki bu, ana dilimizdir,
çünki bu, zəngin dildir, artıq dünyada
tanınmış dildir” .
Xalqın tarixi yaddaşını, onun artıq qəbul
olunmuş milli-mənəvi mənafeyini, dəyərlərini
və məqsədlərini əhatə edən milli mənlik
anlayışı artıq Azərbaycan fəlsəfi fikrində
öz milli intellektini yaratmış,
formalaşdırmışdır. Artıq milli mənlik
anlayışı və şüuru həmişə hərəkətdə
və təkamüldə olan milli fəlsəfi fikrimizdə
ictimai varlığının əbədi təzahürü
kimi getdikcə yetkinləşir. “Mən fəxr
edirəm ki, MƏN AZƏRBAYCANLIYAM” - sözləri artıq
dillər əzbəridir.
Ulu
Öndər Heydər Əliyevin sinergetik (dinamik) idarəetmə
fəlsəfəsində olduqca önəmli yer tutan bir məsələni
- rəhbərin yaradıcı dövlətçilik təcrübəsini
obyektiv təhlil edənlər görürlər ki, praqmatizimdə
də vacib bilinən bu dəyərli sosial idrak xüsusiyyəti
Heydər Əliyev kimi bir böyük şəxsiyyətin,
siyasət ustadının idarəçilik fəlsəfəsinə,
onun sosial rekonstruksiya praktikasına olduqca xasdır. Fəlsəfi
elmimizdə qloballaşma, demokratik inkişaf modelləri, milli
münasibətlərlə bağlı elmi-fəlsəfi nəzəri
əsərlər, habelə milli ideya və
ideologiyamızı tədqiq edən siqlətli məqalələrlə
yanaşı, müasir Azərbaycan dövlətinin qurucusu
olan Heydər Əliyevin zəngin siyasi irsinin
araşdırılması sahəsində yaradılan yeni əsərlər,
dissertasiyalar müasir siyasi elmdə öz mövqeyini getdikcə
artırır. Müasir Azərbaycan dövlətinin
yaradılmasında, möhkəmləndirilməsində və
inkişaf etdirilməsində müstəsna dövlətçilik
xidmətləri olan Heydər Əliyevin zəngin və təkrarolunmaz
siyasi, elmi-fəlsəfi irsinin araşdırılması,
öyrənilməsi geniş və hərtərəfli tədqiqi
sahəsində böyük xidmətlər göstərilir,
geniş işlər aparılır.
Xalqımızın qalib və müzəffər
oğlu - Azərbaycan Respublikasının yenilməz Prezidenti
İlham Əliyevin bugünkü hər addımı, hər
işi, hər əməli Ulu Öndərin misilsiz xidmətlərinin
uğurlu davamıdır.
Tahir MƏMMƏDOV
YAP Veteranlar Şurasının
üzvü, siyasi elmlər üzrə fəlsəfə
doktoru
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.-
2021.- 24 aprel.- S.8.