Azərbaycançılıq xalqımızın milli həmrəyliyinin əsasında dayanan ideoloji amildir

 

Azərbaycan xalqının həmrəyliyinin gücləndirilməsi dövlətimizin milli maraqlarının qorunmasını təmin edən mühüm strateji faktorlardan biridir

 

Azərbaycanın uğurlu inkişafını təmin edən strateji faktor Prezident İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara əsaslanan daxili və xarici siyasətin həyata keçirilməsidir. Praqmatik siyasət nəticəsində milli maraqlarımız qorunur, müstəqil Azərbaycan dünyaya nümunəvi inkişaf modeli təqdim edir. Respublikamız qısa müddətdə özünün iqtisadi müstəqilliyini tam təmin edib. Hazırda ölkəmiz heç bir kənar mənbədən, beynəlxalq maliyyə qurumlarından asılı deyil. Əksinə, geniş imkanlara malik olan respublikamız ayrı-ayrı xarici ölkələrdə uğurlu investisiya siyasəti həyata keçirir. Azərbaycanın moderatorluğu ilə reallaşdırılan çoxsaylı meqalayihələr bütövlükdə Avrasiya coğrafiyasının enerji və nəqliyyat xəritələrini yeniləyib. Ölkəmizin liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionda yaranan yeni reallıqlar ölkələr və xalqlar arasında etimad mühitinin, təhlükəsizliyin və əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır.

 

Eyni zamanda, Azərbaycanın qısa müstəqillik tarixində güclü iqtisadi-maliyyə dayaqları yaratması ölkəmizin siyasi müstəqilliyini təmin edir. Respublikamız məhz öz gücünə arxalanaraq tam müstəqil xarici siyasət həyata keçirir, özünün milli maraqlarını qətiyyətlə qoruyur. Beynəlxalq miqyasda ölkəmizin nüfuzu kifayət qədər yüksəkdir. Qısa müstəqillik tarixində Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, əksər nüfuzlu beynəlxalq təşkilatlarda uğurla təmsil olunması, hazırda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasına və tərkibində 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik etməsi son dərəcə qürurverici haldır. Qlobal pandemiya dövründə Azərbaycan məsuliyyətli dövlət kimi beynəlxalq həmrəyliyin möhkəmlənməsinə özünün sanballı töhfələrini verir. İndiyədək respublikamız Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində ianə edib, həmçinin 30-dan çox ölkəyə dəstək göstərib. Bundan başqa, Prezident İlham Əliyev qlobal pandemiya şəraitində beynəlxalq səylərin əlaqələndirilməsinə hesablanan bir sıra təşəbbüslərlə çıxış edib. Dövlət başçımızın xoş mərama əsaslanan təşəbbüslərinin BMT səviyyəsində, eləcə də bütün qitələrdən olan dövlətlər tərəfindən dəstəklənməsi ölkəmizin və onun Liderinin bütün dünyada böyük nüfuz qazanmasının təsdiqidir. Onu da qeyd edək ki, pandemiya şəraitində 150-dən artıq ölkə kömək üçün Dünya Bankına, Beynəlxalq Valyuta Fonduna müraciət ünvanlayıb. Azərbaycanın adı bu siyahıda yoxdur. Ölkəmiz pandemiya səbəbindən qarşıya çıxan bütün çətinlikləri sırf daxili imkanları hesabına aradan qaldırır. Respublikamız pandemiyaya qarşı mübarizə tədbirlərinə, o cümlədən də insanların sağlamlığının qorunmasına, onların sosial müdafiəsinin təmin olunmasına ən böyük büdcə ayıran ölkələr sırasında yer alır. Təsadüfi deyildir ki, ÜST Azərbaycanı pandemiyay qarşı milli səviyyədə səmərəli mübarizə aparan nümunəvi ölkə kimi səciyyələndirib.

 

Azərbaycanın milli maraqlarının qorunmasını təmin edən digər strateji faktor xalqımızın milli həmrəyliyinin təmin olunmasıdır. Tam yəqinliklə deyə bilərik ki, qısa müstəqillik tarixində ölkəmizin uğurlu inkişafını şərtləndirən amillər sırasında cəmiyyətdəki həmrəylik, milli birlik müstəsna rol oynayıb. Azərbaycan dövlətinin ideoloji təməl prinsipini xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası təşkil edir. Müdrik dövlət xadimi Heydər Əliyev azərbaycançılığı gənc dövlətimizin ideoloji əsası kimi müəyyənləşdirərkən milli maraqları əsas götürüb. Azərbaycançılıq ölkə vətəndaşlarını, ələlxüsus da gəncləri dövlət maraqları, ümummilli mənafe, Vətənə məhəbbət, tarixdən gələn ənənələrə, bizim bir xalq kimi identikliyimizi şərtləndirən amillərə sədaqət ruhunda tərbiyə edən dəyərlər sistemidir. Zəngin dəyərlər sistemi olan azərbaycançılıq ideologiyasının ölkənin hər bir vətəndaşına sirayət etməsi son nəticədə Azərbaycanın gücünü artırır, cəmiyyətin enerjisini ümummilli məqsədlərə, inkişafa yönəldir. Dünyada gedən proseslərlə müqayisələr apardıqda Azərbaycandakı mənzərənin, sabitliyin və vətəndaş həmrəylinin necə böyük əhəmiyyət daşıdığını yəqin etmək mümkündür. Son illərdə biz ayrı-ayrı ölkələrdə cəmiyyətlərin müxtəlif imperialist güc mərkəzlərindən ötürülən dağıdıcı ideyaların əsirinə çevrildiklərinin şahidi olmuşuq. Belə ölkələrdə proseslər sabitliyin, insanların dinc həyatlarının pozulması, yaşayış şərtlərinin ağırlaşması, sərvətlərin talanması ilə, müqayisəyəgəlməz dağıntılarla müşayiət olunub. Həmin ölkələrin milli inkişafına, dövlətçilik ənənələrinə, xalqların genefonduna ciddi xələl gəlib və necə deyərlər, tunelin sonunda hələ də işıq görünmür.

 

Əslində, bəlli mərkəzlər, dünyadakı islamofob və Azərbaycanafob dairələr zaman-zaman öz çirkin niyyətlərini respublikamızda da reallaşdırmağa cəhdlər göstəriblər. Sirr deyil ki, Azərbaycanın yuxarıda bəhs olunan uğurları, müstəqillik yolu ilə inamla irəliləməsi dostlarımızı sevindirdiyi kimi, ölkəmizin, xalqımızın bədxahlarını da qəm dəryasına batırır, onlar uğurlarımıza hansı yollarlasa xələl gətirmək üçün müxtəlif ssenarilər hazırlayırlar. Lakin bəlli dairələr nə qədər cəhd göstərsələr də, bu ssenariləri ölkəmizdə reallaşdırmaq mümkün olmur. Respublikamızda davamlı sabitlik yüksək səviyyədə təmin olunur. Bunun əsas səbəblərindən biri isə Azərbaycan cəmiyyətinin ideoloji baxımdan yetkinliyi ilə bağlıdır. Ulu Öndərimizin əsasını qoyduğu və ötən dövrdə Prezident İlham Əliyevin səyləri ilə daha da möhkəmlənən, əvəzolunmaz dövlətçilik ideologiyası səviyyəsinə yüksələn, dərsliklərdə, bədii ədəbiyyatda, filmlərdə, kütləvi informasiya vasitələrində geniş şəkildə təbliğ olunan azərbaycançılıq yolumuzu mayak kimi işıqlandırır. Azərbaycançılıq ideologiyası ölkəmizdə milli həmrəyliyin təməlində dayanan əsas amildir və bizi düşmən qüvvələrə qarşı yumruq kimi birləşdirir.

 

Yeri gəlmişkən, Azərbaycan ötən il sentyabrın 27-dən noyabrın 10-dək son üç onillik ərzində ərazilərimizin 20 faizini işğal altında saxlayan, beynəlxalq hüquqa arxa çevirən Ermənistana qarşı “Dəmir yumruq” əməliyyatı həyata keçirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bütün əməliyyatları uğurla həyata keçirən Silahlı Qüvvələrimiz 44 günlük müharibədə şanlı Zəfərə imza ataraq ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Ordumuz 300-dən çox yaşayış məntəqəsini döyüş meydanında işğaldan azad etdi. Müharibədə acınacaqlı məğlubiyyətə uğrayan Ermənistan onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı və bu sənədlə üzərinə götürdüyü öhdəliklərə əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz ölkəmizə təhvil verdi. Prezident İlham Əliyev müharibə dövründə 30-dan çox populyar transmilli media qurumuna verdiyi müsahibələrində, xalqa müraciətlərində və postkonflikt mərhələdə ayrı-ayrı auditoriyalardakı çıxışlarında “Dəmir yumruq” əməliyyatı barədə ətraflı bəhs edib və onun mahiyyətinə diqqət çəkib. “Dəmir yuruq” bir tərəfdən Azərbaycanın gücünün, digər tərəfdən isə cəmiyyətimizin yenilməz həmrəyliyinin rəmzidir. Azərbaycan müharibəni son 17 ildə ölkəmizdə qurulan güclü iqtisadi bazaya, məqsədyönlü şəkildə möhkəmləndirilən Ordusunun gücünə əsaslanmaqla apardı və qalib gəldi. Azərbaycan cəmiyyətinin monolitliyi bu Zəfərin əldə olunmasında müstəsna rol oynadı. Xatırladaq ki, müharibənin elə ilk günlərindən ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyalar birgə bəyanat verərək Prezidentə, Ali Baş Komandana, Orduya dəstəklərini ifadə etdi. Eyni zamanda, müharibədə cəmiyyətin ayrı-ayrı təbəqələri, ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri fəal şəkildə iştirak etdilər. 44 günlük müharibə Azərbaycan cəmiyyətinin həmrəyliyini və gücünü bütün dünyaya nümayiş etdirdi. Xatırlatmaq yerinə düşər ki, müharibənin ilk günlərindən Ermənistan KİV-lərində çirkin təbliğata rəvac verildi və ölkəmizdə yaşayan ayrı-ayrı xalqlara xitabən milli-etnik zəmində çağırışlar edildi. Ancaq Azərbaycanın tamhüquqlu vətəndaşları olan müxtəlif xalqların təmsilçiləri düşmənin belə çağırışlarına məhəl qoymayaraq silaha sarıldılar, səngərlərdə azərbaycanlılarla çiyin-çiyinə vuruşdular və ümumi qələbəmizin təmin olunmasına öz töhfələrini verdilər.

 

Bütün bu kimi faktlar təsdiqləyir ki, respublikamızda ideoloji sahədə siyasət düzgün əsaslarla və ardıcıl şəkildə həyata keçirilir. Bu baxımdan Prezident İlham Əliyevin doğma Azərbaycanın inkişafı, qüdrətinin artması naminə titanik fəaliyyəti və Onun müxtəlif auditoriyalarda çıxışları zamanı ifadə etdiyi fikirlər, azərbaycançılıq ideologiyasının təbliği, milli birliyin daha da gücləndirilməsi ilə bağlı səsləndirdiyi çağırışlar böyük təsir gücünə malikdir. Ölkəmizdə gözəl ənənə formalaşıb: qarşıya ümummilli səciyyə daşıyan hədəflər qoyulur və ölkənin imkanları, cəmiyyətin potensialı bu məqsədlərə çatmaq üçün səfərbər olunur. Bütövlükdə, milli həmrəylik Azərbaycanda həyata keçirilən dövlət siyasətinin strateji prioritetini təşkil edir.

 

Eyni zamanda, son vaxtlarda respublikamızda milli həmrəyliyə və sağlam dialoqa xidmət edən siyasi məzmunlu islahatlara geniş meydan verilir. Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük” fikri dövlət siyasətinin əsas fəlsəfəsinə çevrilib. Əksər partiyaların təmsil olunduğu yeni siyasi konfiqurasiyanın formalaşması ölkəmizin böyük uğurudur. Ölkədə aparılan iqtidar-müxalifət dialoqu nəticəsində əksər siyasi partiyaların həm iqtidarla, həm də öz aralarında sağlam münasibətləri formalaşıb, onlar ümumdövlət məsələlərində vahid mövqe sərgiləyirlər. Biz tez-tez şahidi oluruq ki, dövlətimizin başçısı ölkə vətəndaşlarını, ələlxüsus da gəncləri milli-mənəvi dəyərlərimizə, ənənələrimizə sadiq qalmağa, xalqımızın identikliyini şərtləndirən dilimizi, mədəniyyətimizi yad təsirlərdən qorumağa çağırır. Dövlət başçımızın bu kimi çağırışları, həmçinin 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə Azərbaycan cəmiyyətinin həmrəyliyini, gələcəyə inamını daha da gücləndirib.

 

Mübariz ABDULLAYEV

 

Yeni Azərbaycan.- 2021.- 24 aprel.- S.8.