Azərbaycanın qurtuluşu və
dirçəlişi Ümummilli Lider Heydər Əliyevin
adı ilə bağlıdır
Azərbaycan xalqının tarixində müstəsna
rol oynayan şəxsiyyətlər var. Ümummilli Liderimiz Heydər
Əliyev də xalqımızın və dövlətçiliyimizin
tarixində əvəzolunmaz şəxsiyyətdir. Ulu Öndərimiz
xalqımız qarşısında misilsiz xidmətlər
göstərib.
Sovetlər dönəmində Ulu Öndər
Heydər Əliyev Azərbaycanı inkişaf və tərəqqi
yoluna çıxardı. 1990-cı illərin əvvəlində
isə bu dahi şəxsiyyət Azərbaycan dövlətini məhv
olmaqdan xilas etdi.
1990-cı illərin siyasi mənzərəsi,
həqiqətən də, acınacaqlı idi. 1991-ci ilin
oktyabr ayında dövlət
müstəqilliyi elan olunsa da, bu müstəqillik kağız
üzərində idi. 1992-1993-cü illərdə hakimiyyətdə
olan AXC-”Müsavat” cütlüyü isə ölkəmizi
uçuruma aparırdı. Belə bir şəraitdə Azərbaycan xalqının təkidli tələbi
ilə Ulu Öndər Heydər Əliyev Naxçıvandan
Bakıya qayıtdı. Ümummilli Lider Heydər Əliyev bu
qayıdışı ilə ölkənin xaos, vətəndaş
qarşıdurması, dövlət müstəqilliyinin itirilməsi
təhlükəsindən xilas edilməsi tarixi missiyasını
həyata keçirməyə başladı. İyunun 15-də
Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikası
Ali Sovetinin Sədri seçildi.
Tariximizə Milli Qurtuluş Günü kimi
daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər
Əliyevin Azərbaycan Respublikası Ali Sovetinə Sədr
seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə
yeni bir mərhələnin başlanğıcı oldu. Azərbaycanın
mürəkkəb kataklizmlərlə müşayiət edilən
daxili siyasi böhrandan qurtulması məhz bundan sonra
mümkün oldu. Belə ki, Ümummilli Lider Heydər
Əliyevin zəngin dövlətçilik təcrübəsi
əsasında atdığı praqmatik addımlar sayəsində
ölkədə hökm sürən dağıdıcı
proseslərin neytrallaşdırılmasına nail olundu. Və
Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı
olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin
şanlı qürur səhifəsinə çevrildi. Bir sözlə, böyük dövlət xadimi Heydər
Əliyev Azərbaycanı vətəndaş müharibəsindən
- qarşıdurmadan, tənəzzül və məhv olmaq təhlükəsindən
xilas edərək dirçəliş yoluna
çıxardı və Azərbaycanı parçalamaq,
forposta çevirmək və korporativ maraqlar əsasında
idarə etmək istəyənlər öz niyyətlərinə
çata bilmədilər. Asayiş və
qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların
əmlakının qəsb olunmasına son qoyuldu. Ən əsası,
nizami ordu yaradıldı, Qarabağ müharibəsində atəşkəs
əldə edildi, münaqişənin dinc yolla nizama
salınmasına dair danışıqlara başlandı.
Qanunsuz silahlı qruplaşmaların dövlət
çevrilişləri cəhdlərinə son verilməsi, ilk
parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə
Konstitusiyanın qəbul edilməsi, idarəetmə sisteminin
formalaşdırılması, neft müqavilələrinin
imzalanması, Azərbaycanın iqtisadi dirçəlişinin
əsasının qoyulması, respublikamızın beynəlxalq
əlaqələrinin formalaşdırılması,
ölkənin dünya birliyinə inteqrasiyası prosesinə
başlanması dövlətimizin tərəqqi yolunda inamla irəliləməsini
təmin etdi, Azərbaycanın qarşısında aydın
perspektivlər açıldı. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, Milli Qurtuluş Günü müasir Azərbaycan
tarixində dönüş nöqtəsi idi: “Ulu Öndər
Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində
Azərbaycanda sabitlik bərpa edildi, inkişafa start verildi və
bugünkü Azərbaycan dünya miqyasında seçilən
ölkələrdən biridir. Təəssüf
ki, Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin ilk
günlərindən Azərbaycanda rəhbərlikdə
olmamışdır. Əgər olsaydı, bir qarış
torpaq belə işğal altına düşməzdi.
Əfsuslar olsun ki, müstəqilliyin ilk illərində
ölkəmizə rəhbərlik etmiş şəxslər zəiflik,
qorxaqlıq göstərdilər. O ki qaldı,
AXC-”Müsavat” cütlüyünün hakimiyyətinə, o,
biabırçı dövr idi, xəyanətkar hakimiyyət
torpaqlarımızı qoruya bilmədi”.
Sadalananların qanunauyğun nəticəsi
kimi, 1993-cü il oktyabr ayının 3-də keçirilən
prezident seçkilərinin nəticələrinə
müvafiq olaraq xalqın dərin etimadı ilə Azərbaycan
Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyev
qısa zamanda Özünün ümummilli maraqlara xidmət edən
və ali prinsiplərə söykənən fəaliyyəti
ilə ölkədə milli həmrəyliyi, tərəqqini
və inkişafı təmin etdi. Qeyd etdiyimiz
kimi, müstəqil Azərbaycan Respublikasının
Konstitusiyasının qəbul edilməsi, qarışıq
seçki sistemi əsasında parlament seçkilərinin
keçirilməsi, dövlətin hüquqi əsaslarının
gücləndirilməsi, başqa sözlə, müasir
dövlətçilik sisteminin bərqərar edilməsi
üçün möhkəm hüquqi baza yaradıldı.
Bir sözlə, Ulu Öndər
Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan milli
inkişaf strategiyasının fonunda həyata keçirilən
sistematik işlər və görülən məqsədyönlü
tədbirlər siyasi sistemin təşəkkül
tapmasını, onun struktur elementlərinin mütəmadi təkmilləşməsini təmin etmiş oldu. Öz fəaliyyətini Azərbaycanın
hərtərəfli inkişafına həsr edən Ulu Öndər,
eyni zamanda, dövlətin hüquqi bazasının möhkəmləndirilməsi
istiqamətində mühüm addımlarını atdı.
Milli ideologiyanın yaradılması da Ulu Öndər Heydər
Əliyevin rəhbərliyi ilə həyata keçirilən
dövlət quruculuğu siyasətinin mühüm tərkib
hissəsindən biridir. Məlum olduğu kimi,
Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin müəllifi olduğu azərbaycançılıq
ideologiyası təkcə bu dövlətin ərazisində
yaşayan şəxsləri yox, eyni zamanda, bütün
dünyada məskunlaşan azərbaycanlıları əhatə
edən, dünya azərbaycanlılarını vahid mərkəzdə
birləşdirən milli məfkurəyə çevrildi.
Bunlarla yanaşı, Ümummilli
Lider Heydər Əliyevin əsasını qoyduğu praqmatik və
balanslaşdırılmış xarici siyasət kursu nəticəsində
Azərbaycanın beynəlxalq əlaqələri genişlənməyə
başladı. Ölkəmiz beynəlxalq arenada müstəqil
dövlət kimi tanındı, ikitərəfli və
çoxtərəfli səmərəli xarici əlaqələr
quruldu.
“Əsrin müqaviləsi”nin
imzalanmasından sonra Azərbaycan iqtisadiyyatında
dönüş yarandı və genişmiqyaslı işlərə
başlanıldı. Daha sonra Azərbaycan neftinin dünya
bazarlarına nəqli istiqamətində müstəsna əhəmiyyət
kəsb edən tədbirlər görüldü və
mühüm əməkdaşlıq layihələri
gerçəkləşdirildi. Bütövlükdə, milli
maraqlara əsaslanan uğurlu xarici siyasət Azərbaycanın
beynəlxalq mövqeyini möhkəmləndirdi, Azərbaycan
etibarlı tərəfdaş kimi tanınmağa
başladı.
Şübhəsiz, Ümummilli Lider Heydər
Əliyevin müəllifi olduğu dövlət quruculuğu
siyasətinin fonunda əldə edilən nailiyyətlərin
sayını istənilən qədər artırmaq olar. Amma təkcə sadalananlar da onu deməyə əsas
verir ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanı,
sözün əsl mənasında, müstəqil ölkəyə
çevirdi, müstəqilliyimizi daimi və dönməz etdi.
Ümummilli Lider Heydər Əliyevin əsasını
qoyduğu siyasət bu gün uğurla və inamla davam
etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən strateji kurs Azərbaycanın qüdrətinin
daha da artmasını təmin edib, ölkəmiz möhtəşəm
nailiyyətlər qazanaraq yeni zirvələr fəth edir. Milli inkişaf modelinin uğurla tətbiq edilməsi
və hədəflənən nəticələrin əldə
olunması, sosial-iqtisadi və institusional islahatların
uğurla həyata keçirilməsi, qanunvericilik
bazasının zənginləşdirilməsi, möhkəm təməllərə
söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin
beynəlxalq münasibətlər sisteminin nüfuz və
güc iyerarxiyasında sürətlə irəliləməsi
və digər nailiyyətlər müasir müstəqil Azərbaycanın
gerçəkliklərini təşkil edir.
Ümumiyyətlə, müstəqil Azərbaycanın
müasir mənzərəsini səciyyələndirərkən
bir sıra məqamları xüsusi olaraq diqqətə
çatdırmaq məqsədəmüvafiqdir. Bu
kontekstdə əvvəla, qeyd edək ki, Cənubi Qafqaz
regionunun lider dövləti olan, spesifik inkişaf modeli ilə
fərqlənən Azərbaycanda bütün sahələri əhatə
edən çoxşaxəli və paralel islahatlar həyata
keçirilir. Ölkəmizdə uğurla və inamla davam
etdirilən islahatlar dinamik tərəqqini sürətləndirməklə
yanaşı, yeni inkişaf perspektivləri də
formalaşdırıb. Eyni zamanda, çevik və
məqsədyönlü fəaliyyət göstərən
yeni idarəetmə strukturunun formalaşdırılması
üçün mühüm institusional islahatlar həyata keçirilib,
əhəmiyyətli nəticələr əldə olunub.
Şübhəsiz ki, çoxşaxəli islahatların
reallaşdırılması davamlı xarakter
daşıyır. Dərin iqtisadi və institusional
islahatların davamı kimi hüquqi islahatların
aparılması da bu kontekstdə mühüm əhəmiyyətə
malikdir. Təsadüfi deyil ki, Azərbaycanda həyata
keçirilən çoxşaxəli islahatlar beynəlxalq səviyyədə,
nüfuzlu reytinq agentlikləri tərəfindən də
yüksək qiymətləndirilir.
Bununla yanaşı, milli maraqlara əsaslanan
müstəqil xarici siyasət kursuna malik olan Azərbaycanın
müasir beynəlxalq münasibətlər sistemində
mövqeyi mütəmadi olaraq möhkəmlənir. Prezident İlham Əliyevin həyata keçirdiyi
uğurlu xarici siyasətin nəticəsidir ki, ötən illərdə
müxtəlif beynəlxalq təşkilatlar tərəfindən
Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib
hissəsi tanındı və bu yöndə sənədlər
qəbul edildi. Torpaqlarımızın işğaldan
azad edilməsi prosesində bu beynəlxalq sənədlər
hüquqi baza rolunu oynadı.
Beləliklə, Azərbaycan gələcəyə
doğru inamla, yeni zəfərlərlə addımlayır. Bu
nailiyyətlərin əsasını isə Heydər
Əliyev siyasəti təşkil edir.
Cavanşir
PAŞAZADƏ
Milli Məclisin
deputatı,
YAP Təftiş
Komissiyasının üzvü
Yeni Azərbaycan.-
2021.- 24 aprel.- S.3.