Heydər Əliyev siyasəti Azərbaycanın
uğurlarının əsasını təşkil edir
Bu il mayın 10-da müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, görkəmli dövlət xadimi,
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 98-ci
ildönümü tamam olur. Azərbaycan dövlətçiliyini,
xalqımızın azadlığını və müstəqilliyini
əbədi yaşatmaq üçün Heydər Əliyev
irsi, Onun dövlət idarəçiliyi təcrübəsi
daim öyrənilməli və gələcək nəsillərə
çatdırılmalıdır.
Ulu Öndər Heydər
Əliyevin Azərbaycan dövləti və xalqı
qarşısındakı xidmətlərindən
danışarkən, ilk növbədə, Ümummilli Liderin
banisi olduğu azərbaycançılıq
ideologiyasını qeyd etməliyik. Çünki müasir
tariximizlə yaxından maraqlanan hər bir kəs yaxşı
bilir ki, son üç onillik ərzində ölkəmiz
məhz Ulu Öndər Heydər Əliyevin təməlini
qoyduğu azərbaycançılıq ideologiyası əsasında
inkişaf edərək öz müstəqilliyinin dönməzliyini
təmin edib. Tarixdən bəlli olduğu kimi,
Ulu Öndər Heydər Əliyev 1993-cü ilin yayında
xalqın təkidli tələbi ilə ikinci dəfə Azərbaycanın
siyasi rəhbərliyinə gələndə respublikamızda
vəziyyət çox ağır idi. İqtisadiyyat
dağılmışdı. İşğalçı Ermənistanın
respublikamızın ağır vəziyyətindən
sui-istifadə edərək beynəlxalq birlik tərəfindən
tanınan ərazilərimizin 20 faizini işğal etməsi
böyük qaçqınlar ordusunun yaranması ilə nəticələnmişdi.
Ən ağrılı məqam isə ondan ibarət idi ki,
ölkənin belə çətin sosial-iqtisadi problemlər məngənəsində sıxıldığı, xarici təcavüzlə
üzləşdiyi bir vaxtda cəmiyyətdə
qarşıdurmalar getdikcə daha geniş vüsət
alırdı. Ölkə vətəndaş müharibəsi
astanasında idi və XX yüzilllikdə ikinci dəfə
qazandığımız müstəqilliyin itirilməsi təhlükəsi
tam real idi. Belə vəziyyətdə
müstəqilliyimizi, xalqımızı, ölkənin
bütün vətəndaşlarını vahid ideoloji əsaslar
ətrafında birləşdirməklə xilas etmək
mümkün idi və bunu müdrik dövlət xadimi Heydər
Əliyev məharətlə bacardı. Ümummilli Lider Heydər
Əliyevin təməlini qoyduğu azərbaycançılıq
ideologiyası cəmiyyətin bütün sosial təbəqələrini,
dini-etnik mənsubiyyətindən asılı olmayaraq,
bütün vətəndaşları vahid amal uğrunda birləşdirən
və səfərbər edən güclü platforma idi.
Müdrik dövlət xadimi Heydər Əliyev
azərbaycançılıq ideologiyası vasitəsilə cəmiyyətimizin
istəyini, maraqlarını ölkənin, dövlətimizin
inkişafına, müstəqilliyimizin möhkəmlənməsinə
istiqamətləndirdi. Ulu Öndər Heydər
Əliyev Dünya Azərbaycanlılarının I
Qurultayındakı nitqində milli mənsubiyyəti ilə
qürur duyduğunu fəxrlə nəzərə
çatdıraraq vurğulamışdı: “Öz ürəyimdən
gələn fikirləri bir daha bildirmək istəyirəm ki,
hər bir insan üçün milli mənsubiyyəti
onun qürur mənbəyidir. Həmişə fəxr
etmişəm, bu gün də fəxr edirəm ki, Mən azərbaycanlıyam.
Müstəqil Azərbaycan dövlətinin əsas ideyası
azərbaycançılıqdır. Hər bir azərbaycanlı
öz milli mənsubiyyətinə görə qürur hissi
keçirməlidir və biz azərbaycançılığı
- Azərbaycanın dilini, mədəniyyətini, milli-mənəvi
dəyərlərini, adət-ənənələrini
yaşatmalıyıq”.
1993-cü ilin iyununda xalqın təkidli
tələbi ilə yenidən hakimiyyətə qayıdan Ulu
Öndər Heydər Əliyev ilk olaraq ölkədə
sabitliyin yaranmasına nail olmuşdur. Çünki sabitliyin
yaranması respublikamızın inkişaf etdirilməsi,
dövlət quruculuğu sahəsindəki islahatların həyata
keçirilməsi, Azərbaycanın beynəlxalq aləmə
inteqrasiyası üçün olduqca vacib idi. Beləliklə,
yenidən hakimiyyətə gələndən sonra qısa
zaman kəsiyində vətəndaş
qarşıdurmasının, hərc-mərcliyin
qarşısını məharətlə alan, ölkəmizədə
sabitliyin yaranmasına nail olan Ulu Öndərin rəhbərliyi
ilə Azərbaycan tarixində yeni dövr başladı. Daha
dəqiq desək, Ulu Öndər Heydər Əliyevin gərgin
və əvəzolunmaz fəaliyyəti nəticəsində
ölkəmizdə siyasi sabitlik bərqərar oldu, atəşkəs
əldə edildi, irimiqyaslı iqtisadi islahatlara start verildi. Bunun nəticəsində ölkədə maliyyə
vəziyyəti sabitləşdi, iqtisadiyyata cəlb olunan
investisiyaların həcmi ildən-ilə artdı, xalqın həyat
səviyyəsi yaxşılaşmağa başladı.
Ümummillli Liderimizin uzaqgörən və qətiyyətli
siyasəti nəticəsində 1994-cü il sentyabrın 20-də
“Əsrin müqaviləsi” kimi tarixi ad almış ilk
neft müqaviləsi imzalandı. Bununla da müstəqil Azərbaycanda
yeni neft strategiyasının əsası qoyuldu. Məhz
Ulu Öndər Heydər Əliyevin əsasını
qoyduğu neft strategiyasının uğurla
reallaşdırılması nəticəsində ölkəmizin
iqtisadi qüdrəti və maliyyə imkanları artdı ki,
bu da Azərbaycana digər sahələrdə islahatların həyata
keçirilməsinə, o cümlədən ordu quruculuğu
sahəsində fundamental addımlar atılmasına imkan
yaratdı. Azərbaycanın siyasi və iqtisadi istiqamətlərdə
dünyanın aparıcı ölkələri ilə əlaqələri
təmin edildi, ölkəmizin geosiyasi və tarixi şəraitə
uyğun siyasəti müəyyənləşdirildi.
Həmin dövrdə, eyni zamanda,
Ulu Öndər tərəfindən Azərbaycanda gənclər
siyasətinin əsası qoyuldu ki, bir gənc kimi bu məqamın
üzərində də xüsusi dayanmağı özümə
borc bilirəm. Ümummillli Liderimiz 1993-cü ilin
sentyabrında - Ali Məclisin Sədri işləyərkən
gənclərin böyük bir qrupu ilə
görüşmüşdü. Həmin görüşdə
ətraflı müzakirələr aparılmış, təkliflər
irəli sürülmüşdü. Məhz həmin təkliflər
əsasında 1994-cü ilin iyununda Azərbaycanda dövlət
gənclər siyasətini həyata keçirməli olan
Gənclər və İdman Nazirliyi yaradıldı. 2 fevral
1996-cı il tarixində Heydər Əliyevin təşəbbüsü
ilə Azərbaycan Gənclərinin Birinci Forumu keçirildi.
Bu, müstəqilliyimizi əldə etdikdən sonra gənclərlə
bağlı keçirilən ən böyük tədbir idi.
Həmin forumda geniş nitq söyləyən Ulu Öndər
gənclər siyasətinin məqsəd və vəzifələrini,
prioritetlərini dəqiqliklə açıb göstərmişdi.
Həmin gündən sonra gənclərlə
iş ən yüksək səviyyədə və konkret hədəfə
yönəlməklə aparılmağa başlandı. Bundan
bir il sonra isə Ümummilli Lider gənclərə
böyük qayğısının daha bir təzahürü
kimi, 2 fevralın Azərbaycanda Gənclər Günü
elan edilməsi haqqında müvafiq Sərəncam
imzalayıb. Azərbaycanda həyata keçirilən gənclər
siyasəti, gənclərin ictimai-siyasi fəaliyyəti bir
çox ölkələr üçün nümunədir.
Bu bir həqiqətdir ki, Ümummilli Lider Heydər
Əliyevin əsasını qoyduğu dövlət gənclər
siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə
son 17 ildə eyni ardıcıllıqla davam etdirilib. Prezident
İlham Əliyevin müvafiq Sərəncamı ilə 2007-ci
il respublikamızda “Gənclər ili” elan edilib. Dövlətimizin
başçısı 30 dekabr 2019 tarixində “Azərbaycan
Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan
edilməsi haqqında” Sərəncam imzalayıb ki, bu da
ölkəmizdə, eyni zamanda, gənclərə göstərilən
diqqət və qayğının daha bir bariz nümunəsidir.
Məlumdur ki, ötən 17 il ərzində Azərbaycanda
Prezident İlham Əliyevin siyasi iradəsi əsasında “qara
qızıl”ı insan kapitalına çevirmək prinsipi əsasında
islahatlar aparılıb. O cümlədən ötən
dövrdə gənclər siyasəti ilə bağlı
müxtəlif illəri əhatə edən bir neçə
Dövlət Proqramı uğurla icra edilib.
Müstəqillik illərində ölkəmizdə
aparılan gənclər siyasətinin ən böyük
uğurlarından biri gənc nəslin vətənpərvərlik
ruhunda formalaşmasıdır. Son 17 ildə Prezident İlham
Əliyev daim gənclərə xitab edərək onları ana
Vətəni sevməyə, torpaqlarımızı qorumağa
çağırıb. Digər tərəfdən, dövlətimizin
başçısı şəxsi nümunəsi ilə gənclərə
Vətənə necə xidmət göstərməyin
nümunəvi modelini təqdim edib. Milli
maraqlarımızın qorunması dövlətimizin
başçısının fəaliyyətinin ana xəttini
təşkil edir. Prezident İlham Əliyev son 17 ildə
ölkəmizin ərazi bütövlüyünün təmin
olunması üçün ardıcıl səylər
göstərib, bu məsələdə Ona göstərilən
bütün təzyiqləri qətiyyətlə dəf edib. Gənclərimiz də dövlət
başçısının fəaliyyətini və
çağırışlarını özləri
üçün həyat kredosuna çeviriblər. Ötən
il sentyabrın 27-dən noyabrın 10-dək davam edən və
torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnən
Vətən müharibəsi təsdiqlədi
ki, Azərbaycan gənclərində vətənpərvərlik
ruhu kifayət qədər yüksək səviyyədədir.
İkinci Qarabağ müharibəsinin
iştirakçılarının böyük əksəriyyəti
məhz respublikamızda son 17 ildə formalaşan sağlam
ruhlu, möhkəm əqidəli gəncliyi təmsil
edirlər. Beləliklə, uğurlu gənclər siyasəti
ölkəmizdə Vətənə, torpağa möhkəm
tellərlə bağlı olan gənclər ordusunun
formalaşmasını şərtləndirib. Bu
gün böyük qürur hissi ilə deyə bilərik ki,
44 günlük Vətən müharibəsində
torpaqlarımız işğaldan azad etmiş gənc nəsil
məhz Ulu Öndər Heydər Əliyev məktəbinin, cənab
Prezident İlham Əliyev idarəçiliyinin yetirmələridir.
Sonda bir daha qeyd etmək yerinə
düşər ki, Ümummilli Lider Heydər Əliyevin əsasını
qoyduğu strategiya bu gün ölkəmizin müstəqilliyinin
daha da möhkəmlənməsi, təhlükəsizliyinin
etibarlı təmin olunması, zəngin və qüdrətli
dövlətə çevrilməsi, eləcə də regionun
və dünyanın enerji təhlükəsizliyində əsas
yer tutan dövlət kimi nüfuzunun artması ilə nəticələnib.
Bu siyasət hazırda Ulu Öndərin layiqli
davamçısı, Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir. Məhz Onun rəhbərliyi ilə davam
etdirilən siyasi kurs nəticəsində Azərbaycan dövləti
gündən-günə inkişaf edərək regionun liderinə
çevrilib və yeni reallıq yaradıb. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin dəfələrlə
qeyd etdiyi kimi, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
siyasət hər dövrdə Azərbaycanın hərtərəfli
inkişafına xidmət edib, indi də etməkdədir.
Ülviyyə
AXUNDOVA
YAP Gənclər
Birliyinin üzvü
Yeni Azərbaycan.-
2021.- 24 aprel.- S.3.