İnsanlara nur bəxş edən - işıqlı insan

 

Aprelin 28-də görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın anadan olmasından 98 il ötür

Xalqımız hər il aprelin 28-də tanınmış oftalmoloq-alim, görkəmli ictimai xadim, böyük pedaqoq, fitri istedadı ilə hər kəsi heyran qoyan Zərifə xanım Əliyevanın doğum gününü qeyd edir. O, baharda doğulmuş, elə baharda da dünyasını dəyişmişdi. Zərifə xanım az yaşadı, lakin qısa bir tarixi əhatə edən həyatında çox böyük işlər gördü. O, bu gün də onu tanıyanların qəlbində qayğıkeş, mehriban ana, sədaqətli ömür yoldaşı, istedadlı alim, bacarıqlı həkim, etibarlı dost, səmimi insan kimi yaşayır. Zərifə Əliyeva dedikdə, ilk növbədə, gözümüzün önündə işıq, nur canlanır. Bu, ona görə deyil ki, o gözlərə nur bəxş edib, insanlara görmək sevincini yaşadıb, bu, həm də ona görədir ki, Zərifə xanım şərə, qaranlığa qarşı dayanmaq üçün ta qədim dövrlərdən günümüzədək yaşayan əxlaq triadasında göstərildiyi kimi xeyirxah fikir - xeyirxah söz - xeyirxah əməl qaydalarının bariz nümayəndəsidir.

Hər bir insanın yetişməsində onun ilk sosial mühitinin, yəni ailəsinin mühüm rolu vardır. Akademik Zərifə Əliyevanın qazandığı bütün uğurların kökündə aldığı həyat dərsi dayanırdı. Zərifə xanım XX əsrin görkəmli dövlət xadimi, mahir səhiyyə təşkilatçısı Əziz Məmmədkərim oğlu Əliyevin ailəsində dünyaya göz açmışdı. Atası Əziz Əliyev yüksək vəzifələrdə çalışmış, dərin intellekti və təşkilatçılıq bacarığı ilə böyük nüfuz qazanmışdı. Onun enişli-yoxuşlu həyatının bütün mərhələləri əslində, övladları üçün həyat məktəbi idi. Bu nəslə və ailəyə məxsus ziyalılıq, əməksevərlilik, doğma ocağa, xalqa və vətənə bağlılıq kimi nəcib xüsusiyyətlər onun həyatında öz təcəssümünü tapmışdı. Uşaqlıqdan bu gözəl ailədə yiyələndiyi xüsusiyyətlər bütün həyatı boyu Zərifə xanıma çox kömək etdi. Bu təmkinli, səbirli, dözümlü qadın biliyi, bacarığı, müdrik söhbətləri, duzlu zarafatları, səmimi, xoş rəftarı ilə, ətrafındakılara olan şəfqəti, mərhəməti ilə hamının rəğbətini qazanmışdı. Azərbaycan qadınlarının bütün gözəl keyfiyyətlərini özündə birləşdirən Zərifə xanım bir həkim kimi də insanlara təmənnasız sevgi bəxş etmişdi.

Nə qədər insan bu dünyada həyat sürüb, başqaları ilə ünsiyyətdə olub, başqalarını tanıyıb, işləyib, yaşayıb, amma bir dəfə də olsun özünü tanımaq və öz seçimi ilə hansısa bir iş görmək şansı olmayıb. Bəlkə də insan üçün bu şanslar dəfələrlə olub, lakin o, bu şansdan istifadə etmək cəsarətini özündə tapmayıb. Özünü dərk etmək, özünü tanıtmaq, həyatını öz meyarlarına uyğun şəkildə qurmaq heç də bütün insanlara qismət olmur. Zərifə xanım bu dünyadakı missiyasını çox aydın dərk edən nadir şəxslərdən biri idi. Onun tibb elminə gəldiyi illərdə Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı. Xüsusən rayonlarda bu xəstəlikdən əziyyət çəkənlər daha çox idi. Zərifə xanım yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi. Böyük alim uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Onun təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur. Buna görə də Azərbaycanda traxomanın sosial xəstəlik kimi ləğvi məhz Zərifə xanımın adı ilə bağlıdır.

Eyni zamanda, o, bir sıra məsələlərə, o cümlədən yod-sənaye müəssisələrində, neft-kimya sənayesində çalışan şəxslərin görmə orqanlarına təsir edən amillərə əsas diqqət yetirmişdir. Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparmışdır. Genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zəhərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdir.

Onun apardığı tədqiqatların bir hissəsi də qan qohumu evlilikləri zamanı yeni doğulmuş uşaqlarda göz xəstəliklərinin olma ehtimalının müəyyən edilməsi olmuşdur. Və nəticədə, belə evliliklərin fəsadlarından biri də uşaqlarda digər xəstəliklərlə yanaşı, göz xəstəliyinin olması da müəyyən edilmişdir. O, ciddi elmi-tədqiqatları, mürəkkəb cərrahiyyə əməliyyatları, müalicəvi işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də uğurla davam etdirirdi. Zərifə xanım dosentlikdən professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlmişdi. Zərifə Əliyeva Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü olmuş ilk oftalmoloqdur. Eyni zamanda, gənc nəslin təlim-tərbiyəsində, yüksəksəviyyəli tibb işçilərinin hazırlanmasında, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmiş, sanballı tədqiqatları ilə Azərbaycan elminə töhfələr vermişdi. Bu sahədə əvəzsiz xidmətlərinə görə müxtəlif mükafatlara layiq görülmüşdü.

Xalqımızın təfəkküründə belə bir deyim var: “əli bərəkətlidir”, “əli yüngüldür”. El arasında yaxşı cərrah haqqında söylənilən “əlləri qızıldır” ifadəsi də təsadüfi deyil. Müdrik, xeyirxah insanın üzündən nur yağdığı kimi, əlindən də xeyir və bərəkət gələr. Zərifə xanım bir həkim kimi xəstələrinə can yandırır, onlara doğmaları kimi münasibət bəsləyirdi. İş yoldaşları danışırlar ki, Zərifə xanım uzaq bölgələrdən gəlib xəstəxanada müalicə alan xəstələrə xüsusi diqqətlə yanaşır, evdən yemək, geyim gətirirdi ki, onlar ailədən uzaqda olduqlarını hiss etməsinlər. O, ehtiyacı olan hər kəsə kömək edir, hamının qəlbinə yol tapmağı bacarırdı. Akademik Zərifə Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Sovet Sülhü Müdafiə Komitəsində fəaliyyət göstərən ilk azərbaycanlı qadın idi. Keçmiş SSRİ Qadınlar Komitəsinin sədr müavini (sədr ilk kosmonavt qadın - Valentina Tereşkova idi) kimi qadın hərəkatına mühüm töhfələr vermişdir.

Bu incə təbiətli, kövrək qadın öz zərif çiyinlərində dünya şöhrətli siyasətçinin, böyük bir xalqın Ümummilli Liderinin yaxın silahdaşı və övladlarının anası olmaq missiyasını şərəflə daşıyır, Ulu Öndər Heydər Əliyevin inam və etibarını hər addımında doğruldurdu.

Bu gün onun ruhu şaddır ki, möhtərəm Prezidentimiz İlham Əliyev Böyük Öndərin layiqli davamçısı kimi Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi yolunda nəhəng işlər görür, hər birimizin Qarabağ həsrətinə son qoyaraq, ərazi bütövlüyümüzü bərpa etdi. Biz fəxr edirik ki, onun böyüdüb tərbiyə etdiyi, bu gün Azərbaycanın Prezidenti olan cənab İlham Əliyev özünün yorulmaz və əzmkar fəaliyyəti, böyük zəhməti və doğma Vətənə sonsuz sədaqəti sayəsində ölkəmizin dünyada lider dövlətlərdən birinə çevrilməsini təmin edir.

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirərək, bütün dünyada Azərbaycan qadınlarının imicini yüksəldir. Mehriban xanım milli-mənəvi dəyərlərin qoruyucusu kimi çıxış edir, ölkədə təhsilin, mədəniyyətin və digər sahələrin inkişafına, ilk növbədə, uşaqlara, qadınlara, eyni zamanda qaçqın və məcburi köçkünlərə qayğı göstərir.

Bəlkə də, akademik Zərifə Əliyevaya şəxsiyyət kimi ən doğru dəyəri ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyev verib. 1995-ci ildə Zərifə xanımın məzarı qarşısında “Zərifə xanım çox böyük alim olub. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam. Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər. Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər, formalaşıblar. Ona görə də bu gün bizim üçün müqəddəs gündür... Bu gün xoşbəxt gündür. Çünki bu gün Zərifə xanım kimi böyük bir insan Yer üzünə gəlib, Mənim həyatımı xoşbəxt edib, Mənə gözəl övladlar bəxş edib. Eyni zamanda, qəmli gündür. On il keçsə də, Mən bu qəmdən ayrıla bilmirəm”, - deyərək səmimi, ülvi, bir qədər də kövrək hisslərlə onu belə ehtiramla yad etməsi insanda qeyri-adi hisslər oyadır.

Bəzən kiçik uğurlar da insanda özündən razılıq, başqalarına qarşı laqeydlik hissləri yaradır. Lakin ömrünün üstünə gələn qayğılı-qayğısız illər zəngin mənəviyyata malik, əsl insani keyfiyyətləri özündə birləşdirən Zərifə xanımın təbiətini dəyişə bilmədi. Ailəsi şöhrətləndikcə o, insanlara daha çox yaxınlaşmağa başladı. Ömrünün son günlərinədək hamının mehriban, istiqanlı, bilik və bacarığını xalqına xidmətə yönəldən, ətrafına nur saçan ziyalı kimi tanıdığı Zərifə xanım bu gün də yaddaşlarda ilahi duyğulara malik qadınlıq meyarı kimi yaşayır.

Xalqımız öz vətənpərvər, istedadlı, nəcib qızının müqəddəs xatirəsini həmişə əziz tutur. Bu, böyük xalq məhəbbətinin ifadəsidir. İnanırıq ki, zaman keçdikcə, nəsillər dəyişdikcə bu məhəbbət xalqın ürəyində bir sevgi abidəsi kimi ucalacaq.

Hicran Hüseynova

Milli Məclisin Ailə, qadın

və uşaq məsələləri komitəsinin sədri, professor

 Yeni Azərbaycan.- 2021.- 27 aprel.- S.3.