Ümumdünya Kitab və Müəlliflik
Hüququ Günü və Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə
vebinar keçirilib
Aprelin 26-da Əqli Mülkiyyət
Agentliyi və Mədəniyyət Nazirliyinin
birgə təşkilatçılığı,
UNESCO üzrə Azərbaycan
Respublikası Milli Komissiyasının dəstəyi
ilə “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını
və uydurmalarını
ifşa edir və ya işğaldan
azad edilmiş ərazilərdə mədəni sərvətlərin
sahibləri haqqında”
mövzusunda vebinar keçirilib.
Onlayn tədbir
23 aprel - Ümumdünya
Kitab və Müəlliflik Hüququ Günü və 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə
təşkil olunub.
Vebinarı açan
Əqli Mülkiyyət
Agentliyinin İdarə
Heyətinin sədri Kamran İmanov Vətən müharibəsində
qələbədən sonra
Azərbaycan xalqının
tarixi dövr yaşadığını bildirib.
K.İmanov deyib ki, işğalçı
Ermənistanın hərbçiləri
torpaqlarımızdan qovulduqdan
sonra çoxsaylı köhnə və yeni hay-erməni mifləri dağılır,
hətta yaradılan monoetnik dövlət quruculuğu da buna yardımçı olmur: “Bu sırada
xüsusi yerə malik olan “Dağlıq
Qarabağın təhrif
edilmiş tarixini” və son 30 ilə yaxın müddətdə beyinlərə
yeridilən “yenilməz
erməni ordusu” mifini xüsusi qeyd etməliyik. Gözümüz önündə
rəşadətli Ordumuz
44 gündə erməni
ordusunun yenilməzliyi
haqqında mifi şam kimi əritdi.
Yaşadığımız tarixi dövr - miflərin dağıldığı,
həqiqətin və
ədalətin zəfər
çaldığı dövrdür.
Bu miflərin dağılması
və dediklərimizin
təsdiqi yalnız Yenilməz Sərkərdə,
Ali Baş Komandan kimi deyil,
ümumiyyətlə, Azərbaycanın
Lideri İlham Əliyevin məğlub olan ölkənin liderləri ilə müqayisədə intellektual
üstünlüyü, cəsur
və qətiyyətliliyi,
xalqın əsl rəhbəri olmasındadır”.
Təhsil naziri
Emin Əmrullayev tədbirin mövzusunun təhsil baxımından da aktual olduğunu
bildirib. Vurğulayıb
ki, 44 günlük Vətən müharibəsində
Azərbaycanın Qələbəsi
tədrisin mövzusunda
yenilik yaradıb. Onun sözlərinə görə, növbəti
tədris ilindən Zəfər tarixi mövzusu tədris olunacaq. Nazir qeyd edib ki,
gələcək nəsillərin
hazırlanmasında Azərbaycan
tarixi fənninin məzmununun təkmilləşməsi
olduqca vacib məsələdir.
Mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva
vebinarın mövzusunun
aktuallığını vurğulayıb.
Qeyd edib ki, Ermənistan işğal dövründə
Qarabağ ərazisində
azərbaycanlıların izini
silmək məqsədilə
saxtalaşdırmalar aparıb.
S.Məmmədəliyeva Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyevanın gördüyü
işlər sayəsində
mədəni irsimizin
UNESCO-da təbliğ edildiyini diqqətə çatdırıb.
Xarici İşlər Nazirliyinin
xüsusi tapşırıqlar
üzrə səfiri,
UNESCO üzrə Azərbaycan
Respublikası Milli Komissiyasının baş
katibi Elnur Sultanov Dünya Kitab və Müəlliflik
Hüququ Gününün
və Beynəlxalq Əqli Mülkiyyət Gününün təsis
edilməsinin və Azərbaycanda qeyd olunmasının əhəmiyyətindən danışıb.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili
(Ombudsman) Səbinə
Əliyeva Qarabağın
maddi-mədəni sərvətlərinin
əsl sahibləri olan azərbaycanlıların
tezliklə qayıdacaqlarını
və aparılan işlərə töhfə
verəcəklərini vurğulayıb.
Vebinarda professor Kamran
İmanovun “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını
və uydurmalarını
ifşa edir və ya işğaldan
azad edilmiş ərazilərdə mədəni
sərvətlərin sahibləri
haqqında”, AMEA-nın
A.Bakıxanov adına
Tarix İnstitutunun direktoru Kərim Şükürovun “İşğaldan
azad edilmiş sənət abidələri,
daşınan və daşınmaz tarix və mədəniyyət
abidələrinə qarşı
erməni vandalizmi” və Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlilinin “Qarabağ xristian abidələri barədə” məruzələri
dinlənilib.
Vurğulanıb ki, Azərbaycana qarşı erməniçilik
saxtakarlığı formalaşmış
bir fəaliyyət proqramıdır. Ona qarşı səmərəli
mübarizə üçün
bütün sahələrdə
əldə edilmiş
təcrübə əsasında
konseptual platforma hazırlanması və həyata keçirilməsi
zəruridir.
Tədbirdə, həmçinin Milli Məclisin regional məsələlər komitəsinin
sədri Siyavuş Novruzov, Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov çıxış
ediblər.
Yeni Azərbaycan.- 2021.- 27 aprel.- S.5.