Azərbaycançılıq ideologiyası müstəqil dövlətimizin təməl prinsiplərindən biridir

 

Dünya azərbaycanlıları milli ideologiyamız ətrafında sıx birləşiblər

Məlum olduğu kimi, hər bir xalqın vahid məram və məqsəd ətrafında birləşərək inkişaf yolunu düzgün müəyyənləşdirməsi milli ideologiya ilə sıx şəkildə bağlıdır. Yəni milli ideologiya hər bir xalqın tarixi inkişaf yolundan xəbər verən bələdçidir, cəmiyyətin inkişafının ümumi məqsəd və strategiyasına xidmət etməklə yanaşı, hərtərəfli tərəqqinin vacib amilidir. Digər tərəfdən, hər bir insan üçün Vətən anlayışı onun daxili “mən”i ilə tamamlanan, düşüncə və hisslərini, dünyagörüşünü, ictimai münasibətlər sistemində fərdi davranışını istiqamətləndirən başlıca amil kimi qiymətləndirilir. Bu reallıq getdikcə daha aydın dərk edilir ki, milli kimliyini dərk etməyən, milli özünüdərk hissindən uzaq düşən şəxs heç vaxt kamil insan və vətəndaş kimi formalaşa bilməz. Bütün bu gerçəkliklərin fonunda əminliklə, demək olar ki, dünya azərbaycanlılarının həmrəyliyi, vahid amal, tarixi Vətən ətrafında birliyi də Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi və inkişafı, dövlətimizin siyasi-iqtisadi və mədəni tərəqqisi baxımından son dərəcə vacib amildir.

Bu gün əqidəsindən, dünyagörüşündən asılı olmayaraq, Azərbaycan Respublikasını özünə tarixi Vətən bilən hər bir şəxsin vahid amal və ideologiya ətrafında birləşməsi, həmrəylik nümayiş etdirməsi dövrün tələbi, zamanın çağırışıdır.

Ümumiyyətlə, müasir Azərbaycan dövlətinin müstəqilliyinin təməl sütunlarından biri təkmil, mövcud reallıqlara cavab verən, tarixi varisliyi və yeni dünyanın çağırışlarını özündə əks etdirən milli ideologiyaya sahib olmasıdır. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu milli ideoloji konsepsiyanın ən böyük üstünlüyü cəmiyyətin bütün sosial təbəqələrinin maraqlarını ifadə etməsi, eyni zamanda, müxtəlif siyasi baxışları vahid amal ətrafında birləşdirə bilməsindədir. Azərbaycançılıq ideologiyası milli dövlətçilik ənənələrini əks etdirməklə yanaşı, onu müasir siyasi reallıqlara uyğunlaşdıraraq, bütün azərbaycanlıların mənafelərini ifadə edə bilən milli maraqlar anlayışını ön plana çıxarır. Bu maraqlar sadə vətəndaşın sabit, təhlükəsiz və inkişaf edən bir cəmiyyətdə yaşamaq hüququnu təmin edir və məhz buna görə də milli mənafelərin ifadəçisi kimi qavranılır.

Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində yaşasalar da, onları bir-birinə bağlayan olduqca möhkəm mənəvi-ideoloji vasitələr vardır: Bu, ana dilidir, Vətəndir, tarixən formalaşmış milli-mədəni sistemdir. Müstəqil Azərbaycan Respublikasının inkişafında dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların həmrəyliyi, mənəvi-ideoloji köməyi böyük rol oynayır. Bir xalq olaraq əsas vəzifələrimizdən biri həm həmrəyliyi gücləndirməkdən, həm də həmin köməyin daha ardıcıl, daha intensiv xarakter almasını təmin etməkdən ibarətdir. Dünyanın müxtəlif ölkələrinə səfərlərində Azərbaycan icmalarının nümayəndələri ilə görüşən, onlara hərtərəfli dəstək verən Ulu Öndərimiz dünya azərbaycanlılarının milli birliyi uğrunda mübarizəni Azərbaycan dövlət siyasəti səviyyəsinə yüksəldib.

Azərbaycançılıq ideologiyasında vətənpərvərlik amili də mühüm yer tutur. Vətənpərvərlik insanı öz dövləti ilə sıx bağlayır. Bu hiss hər bir fərdi öz torpağına, Vətəninə sahib çıxmağa səsləyir. Vətəndaşlıq fərdin öz dövlətinə münasibətinin təcəssümüdürsə, vətənpərvərlik insanın öz ailəsinə, Vətəninə, torpağına hərtərəfli bağlığının göstəricisidir.

Azərbaycançılıq kontekstində vətənpərvərlik vətəndaşın öz dövləti ilə daha sıx bağlılığı deməkdir. Vətənpərvərlik loyallığı və tolerantlığı inkar etməyərək hər bir şəxsin öz ölkəsini müdafiə etmək, onun müstəqilliyini qorumaq, inkişafına köməklik etmək istəyidir. Ona görə də vətənpərvərlik Azərbaycan xalqının hər bir üzvünü ucaldan və ona şərəf verən vətəndaşlıq mövqeyidir. Azərbaycançılıq kontekstində vətəndaşlıq, vətənpərvərlik və loyallıq fərdin cəmiyyətə və dövlətə vahid yanaşma sistemdir. Bu üçlüyün vəhdətində birlik və sabit dövlət quruluşu mümkündür.

Son 17 ildə respublikamızda Ulu Öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası dövlətimizin əsas təməl prinsipi kimi qorunub saxlanılıb və daha da zənginləşdirilib. Məlum olduğu kimi, hazırda bütün dünyada qloballaşma meyilləri hədsiz dərəcədə güclənib və xalqların milli xüsusiyyətlərinin, mədəniyyətlərinin və dillərinin əriyib itməsi təhlükəsi yaranıb. Hazırkı şəraitdə qloballaşmanın, inteqrasiya meyillərinin artmasının meydana çıxardığı əsas çağırışlardan biri məhz dünyanı yeknəsəkliyə aparan yolun qarşısını kəsməkdən, rəngarəngliyi, milli çalarları qoruyub daha da zənginləşdirməkdən və bu zənginlikdən ümumi mənafe naminə istifadə etməkdən ibarətdir. Bu mənada, Azərbaycan dövlətinin nümunəsi təqdirəlayiqdir. Qloballaşma şəraitində ölkəmizi fərqləndirən və respublikamızı daha güclü edən amillərdən söhbət açarkən, ilk növbədə, onu vurğulamaq lazımdır ki, Azərbaycan tarixdən gələn milli-mənəvi dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsinə böyük önəm verən dövlətdir. Dünya birliyinin suveren aktoru olan respublikamızın ideoloji əsasları, daxili və xarici siyasətinin prioritetləri məhz milli dəyərlər və milli maraqlar üzərində formalaşıb. Bu kontekstdə azərbaycançılıq ideologiyasının rolu çox böyükdür.

Azərbaycan xalqının zəngin mədəni dəyərlərinin, çoxəsrlik tarixə malik adət-ənənələrinin, dünyanın ən qədim xalqları ilə müqayisə olunacaq mədəni irsinin bütün azərbaycanlılar tərəfindən qorunmasının zəruriliyi, ölkənin tarixi və müasir həyatı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması kimi mühüm ideoloji hədəflərin reallaşdırılmasında gənclərin rolu önəmlidir. Çünki onlar daha müasir və daha qlobal düşüncə tərzinə malik yeni nəslin təmsilçiləridir. Xatırlatmaq yerinə düşər ki, məhz Ümummilli Lider Heydər Əliyevin bilavasitə təşəbbüsü ilə hələ sovet dövründə yüzlərlə azərbaycanlı gənc ittifaqın ən nüfuzlu ali məktəblərində təhsil almaq imkanı əldə etmişdi. Onların bir çoxu sonralar müstəqilliyin ilk illərində Azərbaycanda yüksək vəzifələrdə çalışaraq, milli dövlət quruculuğu prosesinin iştirakçısı olmuşdular. Prezident İlham Əliyev isə xaricdə təhsillə bağlı dövlət proqramları çərçivəsində azərbaycanlı gənclərə dünyanın ən mötəbər universitetlərində təhsil almaq şansı yaratmışdı. Bu gənclər indi müxtəlif dövlət vəzifələrində, fərqli peşələrdə ölkənin inkişafına töhfə verirlər. Bu iki fakt əslində, azərbaycançılıq ideologiyasının müasir dövrün çağırışlarına reaksiyasına ən tutarlı dəlillər kimi qiymətləndirilməyə layiqdir.

Ümumiyyətlə, ötən 17 il ərzində Azərbaycanda Prezident İlham Əliyevin siyasi iradəsi əsasında qara qızılı insan kapitalına çevirmək prinsipi əsasında islahatlar aparılıb. O cümlədən ötən dövrdə gənclər siyasəti ilə bağlı müxtəlif illəri əhatə edən bir neçə Dövlət Proqramı uğurla icra edilib. Hazırda respublikamızda Prezident İlham Əliyevin 15 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiqlənən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının icrası da yüksək səviyyədə təmin olunur. İndiyədək, həmçinin “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə tamamlanıb, yeni “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub və hazırda bu proqram da böyük uğurla yerinə yetirilir.

Digər tərəfdən, gənclərin ictimai-siyasi proseslərdə fəal iştirakı, dövlət idarəçiliyində təmsil olunması nəticə etibarilə Azərbaycanda nəsillərarası harmoniyanın, ənənə və varislik prinsiplərinin dövlət siyasətinin əsas istiqaməti olduğunu sübut edir. Bu siyasətin əsasında isə məhz azərbaycançılıq ideologiyası dayanır. Bu baxımdan, azərbaycançılıq ideologiyasının indi daha çox milli dövlətçilik konsepsiyasının təməl məfkurə sistemi kimi qiymətləndirilməsi daha doğrudur. Azərbaycan dövləti indi tamamilə fərqli bir inkişaf mərhələsindədir.

Güclü orduya, dayanıqlı iqtisadiyyata, beynəlxalq münasibətlər sistemində layiq olduğu yerə sahib olan Azərbaycan Respublikasının gələcək inkişafının əsas məsuliyyəti müstəqil Azərbaycan vətəndaşları kimi doğulmuş gənclərin üzərinə düşür. Məhz onlar əldə olunmuş tarixi nailiyyətləri inkişaf etdirərək ölkənin yeni bir mərhələyə çıxarılmasında iştirakçı olmaq imkanı əldə edəcəklər. Dövlət başçısının həyata keçirdiyi gənclər siyasətinin müxtəlif aspektlərdən təhlili göstərir ki, Azərbaycanda gənclərin dövlət idarəçilik sistemində son dərəcə mühüm rolları ifa etmələri üçün kifayət qədər geniş imkanlar mövcuddur. Bu imkanları layiqincə dəyərləndirməyin yolu isə daha yaxşı təhsil almaq, milli maraqların həqiqi müdafiəçisi kimi özünü təsdiq etmək, dünyada gedən proseslərin səbəb və nəticə əlaqələrini analiz etmək üçün daha dərindən düşünməkdən keçir. İndi müxtəlif siyasi dairələr ən müxtəlif üsul və vasitələrdən istifadə edərək Azərbaycan gənclərinin şüuruna, düşüncəsinə, dünyagörüşünə təsir etmək üçün yollar axtarırlar. Bu, təbii ki, təkcə Azərbaycana münasibətdə deyil, bir çox ölkələrə qarşı yürüdülən ənənəvi siyasətin elementləridir. Məhz buna görə də gənclər üçün azərbaycançılıq ideologiyasının ideya-siyasi mahiyyətini, onu doğuran tarixi reallıqları, bu ideologiyanın qarşısında duran milli hədəfləri öyrənmək, mənimsəmək və ən əsası, öz fəaliyyətində tətbiq etmək olduqca böyük siyasi əhəmiyyətə malikdir. Azərbaycançılıq ideologiyası dövlət müstəqilliyini qorumağı, layiqli vətəndaş yetişdirməyi və onun bütün mənafelərini mümkün qədər müdafiə etməyi, xalqın milli maraqlarını tarixi reallığa çevirməyi, ölkəni dünyada nüfuzlu, güclü dövlət kimi tanıtmağı, möhkəm iqtisadiyyata, qüdrətli orduya sahib dövlət modeli qurmağı qarşıya məqsəd qoyub. Bütün bunlar, əlbəttə ki, hər bir Azərbaycan gəncini düşündürən ən müqəddəs vəzifələrdir. Azərbaycançılıq ideologiyasını gənclər üçün cəlbedici edən də məhz müqəddəs idealları ifadə etməsidir.

 

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan.- 2021.- 28 aprel.- S.8.