Ulu Öndər
Heydər Əliyev “Yeni Azərbaycan”a həmişə böyük
qayğı ilə yanaşırdı
Quş qanadlı
illər tez keçdi. Artıq sevimli “Yeni Azərbaycan”
qəzetinin ilk nömrəsinin işıq
üzü görməsindən
28 il ötür. Belə əlamətdar tarix ərəfəsində o günlərə
qısa ekskurs etmək yerinə düşər. 1992-ci il noyabrın 21-də Naxçıvan
şəhərində Yeni
Azərbaycan Partiyasının
(YAP) təsis konfransı
keçirildi və bu tarixdən etibarən partiyamız Ulu Öndər Heydər Əliyevin liderliyi ilə siyasi fəaliyyət
meydanına daxil oldu. O dövrdə
müxalifətdə olan
YAP-ın ayrıca nəşri yox idi və bu
da yeni yaradılan
partiyanın fəaliyyətinin
təbliğində bir
boşluq yaradırdı.
Yaxşı xatırlayıram,
təsis konfransından
sonra Heydər Əliyev Bakıya gəlmişdi və partiya üzvləri ilə görüş keçirirdi. Görüşün
sonunda partiyanın qəzetinin yaradılması
barədə müzakirələr
oldu. Aparılan müzakirələr nəticəsində
qəzetin “Yeni Azərbaycan” adlandırılması
ilə bağlı razılığa gəlindi.
Bir qədər sonra - 1993-cü il martın 26-da bir qrup partiya fəalı
ilə Naxçıvanda
Heydər Əliyevin yanında olarkən Ulu Öndər məni qəzetin baş redaktoru təyin etdiyini bildirdi. Ulu Öndər
Özünün dəyərli
tövsiyələrini də
verdi, həmçinin
qəzetin nəşrini
təşkil etməyi,
Nizamnaməsini hazırlamağı
tapşırdı, sonra
da əlavə etdi ki, aprelin
10-dək qəzetin ilk
sayı işıq üzü görməlidir.
Mən iş yerinin, kollektivin, maddi-texniki bazanın olmadığını dilə
gətirib bunun mümkünsüz olduğunu
əsaslandırmaq istəyəndə
Ulu Öndər elə belə də dedi: “Xeyrəddin Qoca, bürokrat olma, get, qəzeti burax!”.
Bakıya qayıdandan
sonra ciddi işə başladıq,
partiyanın dəstəyi
ilə qəzetin Nizamnaməsini hazırladıq,
ilk nömrədə yer alacaq materialları
müəyyənləşdirdik. Beləliklə, 1993-cü il
aprelin 10-da - Ulu Öndərimizin dediyi gündə “Yeni Azərbaycan”ın ilk sayı çap olundu.
“Yeni Azərbaycan”ın
ilk sayında Ulu Öndərin təbrikini də dərc etmişdik. Baş redaktor kimi mənim sevincimin həddi-hüdudu
yox idi. Artıq mən Ulu Öndərimizin
parlaq ideyalarını
təbliğ etmək
üçün qadağasız-filansız
bir tribuna qazanmışdım. Əlbəttə,
o dövrdə qəzet
buraxmağın özünəməxsus
çətinlikləri var
idi - nə gizlədim, bəzən kağız qıtlığına,
maddi vəsait çatışmazlığına görə qəzetin çapının
dövrəliliyi pozulurdu.
Ancaq Heydər Əliyev tez maraqlanıb lazımi kömək göstərirdi.
Onun nəzərindən
heç nə yayınmırdı. O, “Yeni
Azərbaycan”ın kollektivinə
böyük qayğı
ilə yanaşırdı.
Ötən 28 ildə “Yeni Azərbaycan” YAP-ın etibarlı ruporu kimi uğurla fəaliyyət göstərib
və ətrafında
geniş auditoriya toplamağı bacarıb.
Tam yəqinliklə deyə bilərik ki, 28 il ərzində
“Yeni Azərbaycan”ın
özünəməxsus siması
formalaşıb və
qəzet bugünkü
KİV bolluğunda öz
dəsti-xətti ilə
seçilir. Qəzetin
peşəkar kollektivi
Ulu Öndərimizin ideyalarının, Prezident
İlham Əliyevin apardığı ardıcıl
siyasətin səmərəli
təbliğinə peşəkarlıqla
nail olur.
“Yeni Azərbaycan”ın
28 yaşının tamam
olması münasibətilə
qəzetin bütün
əməkdaşlarını ürəkdən təbrik
edirəm, onlara öz mübarizələrində
yeni-yeni uğurlar arzulayıram. Qələminiz
hər zaman kəsərli olsun, dostlar!
Xeyrəddin Qoca
Yeni Azərbaycan.- 2021.- 10 aprel.-
S.4.