Ülviyyə Həmzəyeva: Sevindirici
haldır ki, bu gün Naxçıvan rəssamlarının
sıralarında gənclər də xüsusi yer tutur
Naxçıvan Muxtar
Respublikası Rəssamlar Birliyi ötən illər ərzində
böyük inkişaf yolu keçib
Müsahibimiz
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin sədri,
Milli Məclisin deputatı Ülviyyə Həmzəyevadır:
- Ülviyyə xanım, bu il Naxçıvan
Muxtar Respublikası Rəssamlar Birliyinin
yaradılmasının 50 ili tamam olur. Rəhbərlik etdiyiniz
təşkilat muxtar respublikanın mədəni həyatında
nə kimi rol oynayır? Naxçıvan Muxtar Respublikası Rəssamlar
Birliyinin keçdiyi yol haqqında nə deyə bilərsiniz?
- Hər bir xalq öz mədəniyyəti, incəsənəti
ilə tanınır. Odlar yurdu Azərbaycanın da mədəniyyəti
onun öz tarixi qədər qədimdir. Bu milli-mənəvi dəyərlər
nəsillərdən-nəsillərə ötürülərək
daha təkmil formada dövrümüzə gəlib
çatıb. Bu gün Azərbaycanı dünyada inkişaf
etmiş mədəniyyət ölkəsi kimi də
tanıyırlar. Mədəniyyətin mühüm sahələrindən
olan rəssamlıq və dekorativ tətbiqi sənət də
xalqımızın dünyada tanınmasında mühüm
rol oynayıb.
Naxçıvan böyük elm və sənət
korifeylərinin, görkəmli memar, rəssam və siyasətçilərin,
dövlət xadimlərinin vətəni kimi Şərq
intibahına və ictimai fikir tarixinə özünün
layiqli töhfələrini verib. Ulu Öndər Heydər
Əliyevin SSRİ dönəmində respublikamıza rəhbərliyi
dövründə Azərbaycan rəssamlıq məktəbi də
inkişaf edib. Yüksək dəyərli əsərlər
yaranıb, onlar ittifaq və respublika səviyyəsində
mükafatlandırılıblar. İncəsənət xadimlərimiz
Sosialist Əməyi Qəhrəmanı, SSRİ Xalq rəssamı
fəxri adlarına layiq görülüblər. Yeni mədəniyyət obyektləri inşa edilib.
1970-ci ildə muxtar respublikada kifayət qədər rəssamların
olması onların yerli təşkilatda birləşmələrinə
şərait yaratmışdı. Ümummilli Liderimiz Heydər
Əliyev 1971-ci ilin iyun ayında Naxçıvan Rəssamlar Təşkilatının
yaradılmasına hazırlıq işlərinin
tamamlanması barədə hökümət strukturlarına
bir sıra göstərişlər vermişdi. Beləliklə,
1971-ci ildən Azərbaycan Rəssamlar İttifaqı
Naxçıvan Təşkilatı öz fəaliyyətinə
başlayıb. Müstəqillik dövründə də Ulu
Öndərimiz ölkəmizdə rəssamlığın
inkişafına böyük qayğı ilə
yanaşıb, bu siyasət Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilib. Ulu Öndərin siyasi
kursuna sadiq olan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri cənab Vasif Talıbov Naxçıvanda rəssamlıq
sahəsində islahatların daha da sürətlənməsini
təmin edib. 2000-ci ildə Ali Məclisinin Sədri Vasif
Talıbovun təşəbbüsü və
qayğısı ilə Azərbaycan Rəssamlar
İttifaqının Naxçıvan Təşkilatı yeni
müstəqil bir yaradıcılıq qurumuna,
Naxçıvan Muxtar Respublikasının Rəssamlar Birliyinə
çevrilib.
Qeyd etdiyiniz kimi, bu il Naxçıvan Muxtar
Respublikası Rəssamlar Birliyinin yaradılmasından 50 il
ötür. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri Vasif Talıbov “Naxçıvan Muxtar
Respublikası Rəssamlar Birliyinin 50 illik yubileyinin
keçirilməsi haqqında” 2021-ci il 2 mart tarixli Sərəncam
imzalayıb. Xüsusi vurğulamaq istəyirəm ki, təşkilatımız
ötən illər ərzində böyük inkişaf yolu
keçib.
Tarixi varislik əlaqələrinə
əsasən xalqımızın uzun əsrlərboyu
formalaşmış elmi, mədəni və mənəvi dəyərlərinin
davam etdirilməsi, ictimai siyasi və ədəbi-bədii
prosesin daha genişləndirilməsi sahəsində muxtar
respublikada mühüm tədbirlər görülüb,
yaradıcı təşkilatlar qarşısında
konkret vəzifələr qoyulub. Eyni zamanda,
yaradıcı təşkilatların, o cümlədən rəssamların
səmərəli fəaliyyəti üçün
bütün lazımi şərait yaradılıb. 2011-ci ildən
Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin
üzvləri olan rəssamlar, fərdi
yaradıcılıqlarını davam etdirmək
üçün muxtar respublika rəhbərliyi tərəfindən
emalatxanalarla təmin olunublar. Ayrıca hər il üç rəssam
Azərbaycan Respublikası Rəssamlar İttifaqının təsis
etdiyi təqaüdlə təmin edilir.
Sənətkarların yaradıclıq səviyyələrini,
bədii axtarışlarını fəallaşdıran amillər
içərisində onlara fəxri adların, Prezident təqaüdlərinin
verilməsi xüsusi qeyd olunmalıdır. Göstərilən
bu diqqət və qayğı rəssamların üzərinə
həm də böyük məsuliyyət qoyur. Dövlətin
bu diqqət və qayğısını hiss edən rəssamlar
da müvafiq olaraq respublika əhəmiyyətli tədbirlərdə
yaxından iştirak edir, öz əsərlərində Azərbaycanı,
onun ayrılmaz tərkib hissəsi olan doğma
Naxçıvanımızı tərənnüm edirlər.
- Rəssamların beynəlxalq tədbirlərdə
təmsilçiliyi hansı səviyyədədir?
- Naxçıvan MR Rəssamlar Birliyinin təşkilatçılığı
ilə 2012-ci ildən bu günə bienali tipli,
“Naxçıvan-bəşəriyyətin beşiyi” Beynəlxalq
Rəsm Festivalı keçirilir. Festival yüksək səviyyədə
təşkil olunur. Bu günədək bienalimizdə 16
ölkədən 156 rəssam qonaq iştirak edib. Bienalidən
sonra iştirakçıların çəkdikləri rəsm
əsərlərindən ibarət kataloq çap olunaraq
iştirakçılara göndərilib. Festival çərçivəsində
çəkilən əsərlər isə Naxçıvan
Muxtar Respublikasında yerləşən muzey və qalereyalara mühafizə
olunması üçün hədiyyə olunub.
Onu da qeyd edim ki, Naxçıvan Muxtar
Respublikası Rəssamlar Birliyinin üzvləri son illər ərzində
bir çox xarici ölkələrdə keçirilən sərgi-simpoziumlarda,
festivallarda və müsabiqələrdə iştirak ediblər.
Bu ölkələrin siyahısına Türkiyə, İran,
ABŞ, Özbəkistan, Fransa, Portuqaliya, Çin, Almaniya,
Misir, Avstriya, Rusiya, Bolqarıstan, ABŞ-ın Kaliforniya
ştatı və s. daxildir.
Naxçıvan Muxtar Respublikası Rəssamlar
Birliyinin fəaliyyəti respublikadan kənarda da - bir çox
tanınan beynəlxalq birliklər tərəfindən qiymətləndirilir
və tanınır. Bunu Rəssamlar Birliyinin
üzvlüyünə görkəmli rəssamların daxil
olmaq arzularından da görmək olar.
- Rəssamlıq
məktəbi muxtar respublikada necə inkişaf edir? Gənc nəslin rəssamlığa marağı
hansı səviyyədədir?
-
Sevindirici haldır ki, bu gün Naxçıvan rəssamlarının
sıralarında gənclər də xüsusi yer tutur. Onlar müsabiqələrdə iştirak edirlər,
öz yaradıcılıqlarında müxtəlif janrlara
müraciət edir, əsərlərində Naxçıvan rəssamlıq
məktəbinin görkəmli nümayəndələrinin
irsini davam etdirirlər.
Ümumiyyətlə, gənc rəssamların
formalaşması diqqətdə saxlanılır. “Ali və orta ixtisas təhsili
müəssisələrində ixtisasların müvafiq təşkilatlara
hamiliyə verilməsi haqqında” imzalanan Sərəncama
uyğun olaraq Naxçıvan Muxtar Respublikası Rəssamlar
Birliyi tərəfindən, Naxçıvan Dövlət
Universiteti Təsviri incəsənət müəllimliyi və
rəngkarlıq, Naxçıvan Müəllimlər
İnstitutu Təsviri incəsənət müəllimliyi
ixtisaslarında təhsil alan tələbələrlə
işlərin aparılması, onlara ustad dərslərinin
keçirilməsi, sərgilərin təşkili daima diqqət
mərkəzindədir. Bundan əlavə, Rəssamlar
Birliyi tərəfindən uşaq yaradıcılıq mərkəzləri
və orta məktəblərdə də ustad dərsləri
keçirilir.
Biz gənc nəslə rəssamlıq sənətini
sevdirməyə çalışırıq. Naxçıvan Dövlət
Universitetində Təsviri incəsənət və rəsmxətt,
Naxçıvan Müəllimlər İnstitutunda Təsviri
incəsənət müəllimliyi ixtisaslarında təhsil alan tələbələrlə görkəmli
şəxsiyyətlərin Azərbaycan mədəniyyəti xəzinəsinə
daxil olan zəngin bədii irsinin xalqımızın milli sərvəti
kimi qorunması və gələcək nəsillərə
çatdırılması sahəsində də mühüm
işlər görülür.
Qeyd etmək lazımdır ki, Naxçıvan Rəssamlar
Birliyində ənənəvi olaraq istedadı ilə fərqlənən
gənclərin fərdi yaradıcılıq sərgiləri də
keçirilir.
Rəssamlar Birliyi müvafiq nazirlik, komitə və təşkilatlarla
birgə ildə bir neçə dəfə orta məktəb
şagirdləri, orta ixtisas və ali məktəb
tələbələri arasında müxtəlif mövzularda
müsabiqələr və sərgilər keçirir. Görülən işlərin nəticəsidir ki,
2020-ci ildə Naxçıvan MR Rəssamlar Birliyinin nəzdində
Gənc Rəssamlar Bölməsi yaradılıb. Bu gün gənc rəssamlarımız, həmçinin
muxtar respublikanın ictimai həyatında da fəal iştirak
edirlər. Onların sıralarında könüllülər
də az deyil. Gənc rəssamlarımıza
da mütəmadi olaraq sərgilər təşkil edir,
onların ideyaları əsasında müxtəlif tədbirlər
keçiririk.
-
Ümumiyyətlə, şəxsən sizin rəssamlığa
marağınız necə yaranıb? Bu
marağın yaranmasında ailənizin təsiri olubmu? Eyni zamanda, beynəlxalq müsabiqələrdə, sərgilərdə
hansı nailiyyətləriniz olub?
- Bu
gün mənim rəssam kimi formalaşmağımda gözəl
təbiətimizin, təmiz, ətirli havamızın, valideynlərimin
və yaxşı insanların böyük əməyi
vardır. Özümə məxsus
yaradıcılıq yolum var və bunu davam etdirirəm.
Açığı, sevdiyim və özümü biləndən
mənimlə olan bu sənətin və ya mənim
üçün belə müəmma olan bu təbii prosesin
maraqdan, yoxsa digər faktorların təsirindən
yarandığını bilmirəm. Ata nənələrim
xalçaçılıqla məşğul olmuşlar.
Xalçaların çeşnilərini, ipləri
və rənglərini də özləri
hazırlayardılar. Atam metal üzərində döymə
ilə məşğuldur və rəssamdır.
Fikrimcə, rəssamlıq da digər sənətlər
kimi irsidir. Təbii ki, genlərdə
kodlaşdırılmış bu məlumatların hansı
formada və ya üslubda ortaya çıxması insanın
dünyaya baxışı, yaşadığı mühitə
münasibəti, tarixi və müasir dövrün hadisələrinin
təsiri ilə müəyyənləşir deyə
düşünürəm. Düzgün təhsil
və təcrübə ilə yaxşı rəssam olmaq olar.
İnsanın portretini çəkməyi
öyrənmək olar. Ancaq heç vaxt
dahi rəssam olmağı öyrənmək olmaz. Bunun üçün daha artığına ehtiyac
var. Dünyanı fərqli görmək, eksperiment aparmaq və
həqiqətən yaradıcılıqda yeni kəşflər
etmək bacarığı lazımdır. Bunlar isə irsən və müxtəlif həyat təcrübələrindən
əldə edilir.
Rəsm çəkməyə
başladığımdan bəri bir çox ölkədaxili
və xarici rəsm festivallarında, sərgi və müsabiqələrdə
iştirak etmişəm, müxtəlif diplomlar və
mükafatlarla təltif olunmuşam. Orta məktəb
dövründə bir neçə ölkədaxili müsabiqədə
birinci yerə layiq görülmüşəm. Universitet
illərində daha yadda qalan beynəlxalq layihələrdən
ABŞ-da Avrasiya Konfransı, ABŞ Dünya Ticarət Birliyi,
Şimal-Qərbi İndiana, ABŞ Calumet “Purdue” Universiteti,
ABŞ Təşəbbüskarlar Ticarət Sərgisində,
Ərzurumda “Türk Şöleni” Beynəlxalq Türk Festivalında,
Aşqabadda “Azərbaycan Mədəniyyəti Günləri”ndə,
Tbilisidə, Çində keçirilən sərgi və
müsabiqələrini qeyd edə bilərəm. Həmçinin bir neçə əsərim
ABŞ-ın Lonq Ayland şəhərinin məşhur
göydələninin fasadında lazer effekti ilə sərgilənib.
2011-ci ildə ABŞ-ın Californiya şəhərində
çap olunan “Beynəlxalq Müasir Ustadlar” kitabında
yaradıcılığım haqqında məlumat verilib, əsərlərim
çap edilib. 2014-cü ildə
Portuqaliyanın paytaxtı Lissabonda keçirilmiş VIII
Dünya İncəsənət Festivalında əsərlərim
“Unikal Milli Orijinallıq” nominasiyası üzrə birinciliklə
mükafatlandırılıb. 2013-cü
ildə “Yeni Era” Dünya Rəssamlıq Akademiyasının həqiqi
üzvü seçilmişəm. Eləcə də
UNESCO-nun Beynəlxalq İncəsənət
Assosasiyasının üzvüyəm.
Nardar BAYRAMLI
Yeni
Azərbaycan.- 2021.- 3 avqust.- S.4.