“Diaspor quruculuğu
siyasətindəki yeni
mərhələdə üzərimizə
düşən vəzifələrin
öhdəsindən layiqincə
gəlməyə çalışırıq”
Murtaza Qaraçanta:
Həm pandemiya, həm də Vətən müharibəsi
günlərində dünya
azərbaycanlıların birlik
və bərabərliyinin
şahidi oldu
Azərbaycanda digər sahələrdə
olduğu kimi, diaspor quruculuğu sahəsində də uğurlu siyasət həyata keçirilir. Xalqımızın Ümummilli
Lideri Heydər Əliyev tərəfindən
əsası qoyulan bu siyasət hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Xarici ölkələrdə yaşayan soydaşlarımızın
ana Vətənlə daimi əlaqələrinin
qurulması, xaricdəki
diaspor təşkilatları
arasında koordinasiyanın
yaradılması, həmçinin
Azərbaycan haqqında
həqiqətlərin xaricdə
geniş təbliğ
olunmasında diaspor qurumlarının səfərbər
edilməsi bu siyasətin uğurlarından xəbər
verir.
Bu məqamda
qeyd edək ki, 2019-cu ildə İzmirdə yaradılan Çağdaş Azərbaycan
Kültür Dərnəyi
(ÇAKD) də sözügedən
istiqamətdə fəallığı
ilə fərqlənən
diaspor təşkilatlarımızdan
biridir. Dərnəyin sədr müavini
Murtaza Qaraçanta “Yeni Azərbaycan” qəzetinə açıqlamasında
öncə onu bildirib ki, Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
siyasət nəticəsində
Azərbaycanın gündən-günə
daha da inkişaf
etməsi və güclənməsi dispor quruculuğu siyasətinə
də öz müsbət təsirini göstərir.
İzmirdə diaspor fəaliyyəti
barədə onun dediklərinə keçməzdən
öncə bildirək
ki, Murtaza Qaraçanta 3 sentyabr
1961-ci ildə Qarsda, Azərbaycan əsilli ailədə doğulub. Əslən hazırda Ermənistan sərhədləri
çərçivəsində qalan Ağbabadan, Amasiya rayonunun Karaçanta kəndindəndir.
Ulu babaları oradan gəlib Qarsda məskən salıblar. Murtaza Qaraçanta Anadolu Universiteti İqtisadi və İdari Elmlər Fakültəsini
Menecerlik ixtisası üzrə bitirib. Qarsda Sosial Sığorta
İdarəsində məmur
işləyib. Məmurluqdan
baş mühasib vəzifəsinə kimi yüksəlib. 2008-ci ildə
bu vəzifədən
təqaüdə çıxıb.
2009-cu ildə bələdiyyə
seçkilərində MHP-dən
bələdiyyə məclisi
üzvü seçilib.
Və 5 illik üzvlük fəaliyyətindən
sonra 2014-2019-cu illərdə
Qarsın bələdiyyə
sədri olub.
Beləliklə, sədr müavini
olduğu qurumun fəaliyyəti barədə
məlumat verən M.Qaraçanta bildirib ki, Çağdaş Azərbaycan Kültür Dərnəyi Türkiyədə
yaşayan soydaşlarımızın
mədəniyyətinin yaşadılması,
onların Azərbaycanla
əlaqələrinin möhkəmləndirilməsi istiqamətində
davamlı fəaliyyət
göstərir. “Baxmayaraq
ki, bizim dərnəyin yaşı
çox azdır, amma bu qısa
müddət ərzində
bir sıra tədbirlər həyata keçirmişik. Bunların arasında
31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi
Günü, Novruz bayramı, həmçinin
20 Yanvar faciəsi, Xocalı soyqırımı
ilə bağlı tədbirləri xüsusilə
qeyd etmək istəyirəm”, - deyə
müsahibimiz vurğulayıb.
Onun sözlərinə
görə, dünyanı
cənginə alan
COVID-19 pandemiyası zamanı
da Çağdaş Azərbaycan Kültür Dərnəyi soydaşlarımızın
yanında olub: “Həmin günlərdə
karantin qaydaları səbəbi ilə geniş toplantılar keçirə bilməsək
də, “zoom” üzərindən fəaliyyətimizi
davam etdirdik. Ən əsası, həmin günlərdə
İzmirdə yaşayan
və sosial durumu ağır olan azərbaycanlı ailələrlə, xüsusilə
də azərbaycanlı
tələbələrlə sıx əlaqələr qurduq. Onların problemlərinin həlli üçün əlimizdən gələni
etdik. Ümumiyyətlə,
həm pandemiya, həm də Vətən müharibəsi
günlərində dünya
azərbaycanlıların birlik
və bərabərliyinin
şahidi oldu. Azərbaycanın daxilində
olduğu kimi, xarici ölkələrdə
də nümayiş etdirilən bu birlik və bərabərliklə xalqımız
bir nümunə sərgilədi”.
Vətən müharibəsindən söz
düşmüşkən, M.Qaraçanta ötən
ilin iyulunda Ermənistanın növbəti
təxribatlarına cavab
olaraq İzmirdə də soydaşlarımızın
bir araya gəldiyini bildirib. Qeyd edib ki, ÇAKD İzmirdəki digər Azərbaycan diaspor təşkilatları ilə
birlikdə mühüm
addımlar atıb. İzmirdəki diaspor təşkilatlarımız bu
birlik və həmrəyliyi, həmçinin
işğalçı Ermənistanın
sentyabrın 27-də əl
atdığı növbəti
hərbi təxribatdan
sonra bir daha bütün dünyaya nümayiş etdiriblər.
Bununla bağlı bir sıra tədbirlər
keçirilib: “Təbii
ki, bütün bu atılan addımlar zamanı dövlətimizin, diaspor siyasətinin həyata keçirilməsində məsul
olan təşkilat - Azərbaycan Respublikasının
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi
də bizə əlavə güc verir. Onu da
qeyd edim ki, İzmirdəki diaspor təşkilatlarımız
birlik və bərabərlik içində
müharibədən sonra
həyata keçirilən
işlərdə də
ön sırada gedirlər. Belə ki, Diasporla İş
üzrə Dövlət
Komitəsinin və
“YAŞAT” Fondunun təşəbbüsü,
Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə keçirilən
“YAŞAT” Marafonunda da
fəal şəkildə
iştirak etdik. Qəzetinizin yaratdığı
imkandan istifadə edərək mən bir daha tarixi
Zəfərimiz münasibətilə
dövlətimizi və
xalqımızı təbrik
etmək istəyirəm.
Bizə bu xoşbəxtliyi yaşatdığı, torpaqlarımızı
düşmən işğalından
azad etdiyi üçün başda cənab Ali Baş Komandan İlham Əliyev olmaqla qəhrəman Azərbaycan Ordusuna özüm və təmsil olunduğum təşkilat adından bir daha təşəkkür
edirəm. Eyni zamanda,
Vətən müharibəsi
zamanı Azərbaycanımıza
verilən mənəvi-siyasi
dəstəyə görə
başda cənab Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə dövlətinə və xalqına da dərin minnətdarlıq
edirəm”.
Dövlətin diaspor işinə
verdiyi hərtərəfli
dəstəkdən güc
alaraq fəaliyyətlərini
davam etdirdiklərini deyən M.Qaraçanta son vaxtlar, daha
doğrusu, 2018-ci ildən
etibarən Azərbaycan
Respublikasının Diasporla
İş üzrə
Dövlət Komitəsinin
fəaliyyətində tətbiq
edilən yeniliklərin, ümumilikdə, diaspor və lobbi quruculuğu işinə müsbət təsir göstərdiyini
deyib: “Həm diaspor təşkilatlarının
fəaliyyətində yeniliklərin
tətbiqi, həm koordinasiyanın daha da gücləndirilməsi,
həm də gənclərin diaspor işinə cəlb olunması bu istiqamətdə atılan
mühüm addımlardır.
ÇAKD olaraq bu addımları təqdir etməklə yanaşı,
diaspor quruculuğu siyasətindəki yeni mərhələdə üzərimizə
düşən vəzifələrin
öhdəsindən də
layiqincə gəlməyə
çalışırıq”.
Nadir AZƏRİ
Yeni Azərbaycan.- 2021.- 3 avqust.-
S.-5.