Erməni vandalizmi bütün dünyada ifşa olunur
Azərbaycan ötən il
sentyabrın 27-dən noyabrın
10-dək davam edən
Vətən müharibəsində
şanlı qələbə
qazandı. Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə bütün əməliyyatları yüksək
səviyyədə yerinə
yetirən Silahlı Qüvvələrimiz 44 gün
ərzində 300-dən çox
yaşayış məntəqəsini
bilavasitə döyüş
meydanında işğaldan
azad etməyə nail oldu. Noyabrın 8-də Şuşanın, ertəsi
gün isə daha 70-dən çox yaşayış məntəqəsinin,
bir sıra strateji əhəmiyyətli
yüksəkliklərin işğaldan
azad edilməsindən
sonra düşmən
dövlət müharibəni
davam etdirmək iqtidarında olmadığını
başa düşdü
və üçtərəfli Bəyanatı imzalamaq
məcburiyyətində qaldı.
Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin imzaladıqları
sözügedən Bəyanata
əsasən, işğalçı
dövlət məğlub
tərəf kimi üzərinə bir sıra öhdəliklər
götürdü. Sənədə
əsasən, Ermənistan
sonrakı mərhələdə
Ağdam, Kəlbəcər
və Laçın rayonlarını respublikamıza
döyüşsüz təhvil
verdi. Beləliklə,
Azərbaycan Ordumuzun rəşadəti, xalqımızın
yüksək həmrəyliyi
sayəsində özünün
ərazi bütövlüyünü,
tarixi ədaləti bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi və rəhbərliyi ilə qazanılan bu qələbə tariximizdə
əbədi qalacaq.
Üç onillik
davam edən işğal illərində
və 44 günlük
müharibə dövründə
Ermənistan ölkəmizə,
xalqımıza qarşı
humanizm prinsipləri ilə bir araya
sığmayan amansız
müharibə cinayətləri
törədib. Bunların
içində Ermənistan
hərbi birləşmələrinin
1992-ci il fevralın
25-dən 26-na keçən gecə Xocalıda
366-cı motoatıcı alayın
dəstəyi ilə törətdikləri qətliam
xüsusi qəddarlığı
ilə diqqət çəkir. Bu soyqırımı nəticəsində
106-sı qadın, 63-ü uşaq
olmaqla 613 mülki şəxs qəddarlıqla
qətlə yetirildi.
Artıq keçmişdə
qalan Dağlıq Qarabağ münaqişəsinin
tarixinə nəzər
saldıqda görürük
ki, ermənilər heç vaxt açıq döyüşlərdə
qələbə çalmayıblar.
Onlar daim xalqımıza qarşı
təxribatlara, terror aktlarına əl atıblar. Sərhəd bölgələrimizdə şəhər və kəndlərimiz, dinc sakinlər vaxtaşırı
ermənilərin atəş
zərbələrinə məruz
qalıb. İşğal
illərində ermənilər
ölkəmizə qarşı,
sözün əsl mənasında, ekoloji terror siyasəti aparıblar. Zəbt olunan ərazilərdə meşələrimiz qırılıb,
qiymətli ağaclar kəsilərək Ermənistana
daşınıb. Torpaqlarımız,
qızıl və digər faydalı qazıntı yataqlarımız
üç onillik ərzində işğalçı
dövlət tərəfindən
qeyri-qanuni yollarla istismar edilib. Su mənbələrinin çirkləndirilməsi erməni
vəhşiliyinin daha
bir təzahürüdür.
İşğalçılar
özlərinin mənfur
xislətlərini ötən
il 44 günlük müharibə zamanı bir daha nümayiş
etdirdilər. Yenə də döyüş meydanında məğlub olan Ermənistanın hərbi birləşmələri
Azərbaycanın şəhər
və kəndlərini
hədəf aldılar.
Müharibənin davam etdiyi günlərdə Azərbaycanın
Gəncə, Bərdə,
Tərtər, Ağcabədi
və digər şəhərləri uzaqmənzilli
silahlardan artilleriya atəşinə məruz
qaldı. Halbuki həmin yaşayış
məntəqələri münaqişə
bölgəsindən xeyli
uzaqda yerləşir.
Ərazilərin minalanması və minalanmış ərazilərin
xəritələrinin verilməməsi
Ermənistanın növbəti
müharibə cinayətidir.
Ermənistanın minalanmış
ərazilərin xəritələrini
verməməsinin heç
bir izahı yoxdur. Bu o deməkdir
ki, ermənilər müharibədən sonra da özlərinin düşmənçilik, Azərbaycanafobiya
siyasətlərindən əl
çəkməyiblər.
İşğal illərində düşmən
dövlət Azərbaycan
ərazilərində törətdiyi
vəhşilikləri hər
vəchlə xarici aləmdən gizli saxlayırdı. İndi isə artıq Azərbaycanın səyləri
sayəsində erməni
vandalizmi bütün dünyada ifşa olunur. Azərbaycan dövləti bu istiqamətdə məqsədyönlü
siyasət həyata keçirir. Prezident İlham Əliyev
müharibə günlərində
və postmüharibə
mərhələsində nüfuzlu
transmilli media qurumlarına verdiyi müsahibələrdə və
müxtəlif auditoriyalardakı
çıxışlarında ermənilərin törətdikləri
vandalizm əməllərini
Özünəxas yüksək
diplomatik məharətlə
bütün dünyanın diqqətinə çatdırıb. Diplomatların, xarici jurnalistlərin, din xadimlərinin işğaldan azad olunmuş ərazilərə
səfərlərinin təşkili
də Azərbaycanın
necə vəhşi və riyakar düşmənlə üz-üzə
qaldığının dünya
ictimaiyyətinin diqqətinə
çatdırılması baxımından çox önəmlidir. Xəbər verildiyi
kimi, 2021-ci ilin iyul ayında Türkiyə, Pakistan, İtaliya, Avstriya, İsveç, Polşa, İsrail, Çin, Yaponiya, Malayziya, Cənubi Koreya, Belarus, Ukrayna, Braziliya, Meksika, Səudiyyə Ərəbistanı,
Qətər, Əlcəzair
və digər ölkələrin səfirləri,
həmçinin BMT-nin
Qaçqınlar üzrə
Ali Komissarlığının,
Ümumdünya Səhiyyə Təşkilatının
nümayəndələri Azərbaycanın
mədəniyyət paytaxtı
Şuşada oldular. Qafqaz Müsəlmanları
İdarəsinin sədri
şeyxülislam Allahşükür
Paşazadənin başçılığı
ilə Azərbaycandakı
dini konfessiyaların rəhbərləri də
bir qədər bundan əvvəl Şuşaya səfər ediblər. Səfər iştirakçıları işğaldan azad edilmiş ərazilərimizdə
ermənilər tərəfindən
törədilən dağıntıları,
vandalizm aktlarını
öz gözləri ilə görüb, Azərbaycan dövləti
tərəfindən aparılan
abadlıq-quruculuq və
təmir-bərpa işləri
barədə ətraflı məlumatlandırılıblar.
Postmüharibə dövründə, həmçinin
beynəlxalq media qurumlarının, xarici ölkələrin jurnalistlərinin
işğaldan azad edilmiş ərazilərə
səfərləri təşkil
olunub. Bu səfərlərin nəticəsi
olaraq təkcə son vaxtlarda dünyanın
ayrı-ayrı ölkələrində
müxtəlif dillərdə
işıq üzü
görən nəşrlərdə
erməni vandalizmini əks etdirən çoxsaylı yazılar
dərc olunub.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2021.- 6 avqust.- S.6.