Mübariz Qurbanlı: Ölkəmizdə
milli-mənəvi dəyərlərin, birlik və həmrəyliyin
təbliği istiqamətində kompleks tədbirlər
görülüb
Avqustun 5-də Azərbaycan Respublikası Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi
(DQİDK) Kollegiyasının 2021-ci ilin birinci
yarısının yekunları və qarşıda duran vəzifələrə
həsr olunmuş onlayn iclası keçirilib.
DQİDK-nın mətbuat xidmətindən
AZƏRTAC-a bildiriblər ki, kollegiya iclasını giriş
sözü ilə açan komitə sədri Mübariz
Qurbanlı Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən
müharibəsində əldə olunan tarixi Zəfərə
diqqət çəkərək bu qələbənin əsasında
ölkə başçısının məqsədyönlü
müdrik siyasətinin və ordumuzun gücünün
dayandığını deyib. Eyni zamanda, qələbəmizi
şərtləndirən amillərdən biri də
xalqımızın həmrəyliyi, milli dəyərlərə,
birgəyaşayış ənənəsinə verdiyi önəmdir.
Əhalinin rifah halının daha
da yaxşılaşdırılması, bu istiqamətdə
mühüm layihələrin həyata keçirilməsi,
ölkəmizdə sosial müdafiə sisteminin
etibarlılığının ən yüksək səviyyəyə
çatdırılması istiqamətində Prezident İlham
Əliyevin çoxşaxəli fəaliyyətindən bəhs
edən M.Qurbanlı Azərbaycan dövlətinin vətəndaşların
dini etiqad azadlığının təminatı sahəsində
də həyata keçirdiyi tədbirlərin öz müsbət
bəhrəsini verdiyini bildirib. Qeyd edilib ki, hazırda Azərbaycanda
dini durum sabitdir, bu sahədə cərəyan edən proseslər
və tendensiyalar nəzarətdədir.
Tarixi-dini abidələrimizin, o
cümlədən məscid, kilsə, sinaqoqların bərpası
və yenidən qurulması, yeni ibadət evlərinin
inşasının Azərbaycan dövlətinin həyata
keçirdiyi siyasətin tərkib hissəsi olduğunu
vurğulayan Komitə sədri Birinci vitse-prezident Mehriban
Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondu tərəfindən 30 illik
işğaldan azad olunan ərazilərimizdə ermənilərin
dağıtdığı dini abidələrin, o cümlədən
məscidlərin bərpasına dair görülən işlərdən
danışıb, Müzəffər Ali Baş Komandan
İlham Əliyev tərəfindən Şuşada yeni məscidin təməlinin qoyulması, Zəngilanda
erməni vandallığına məruz qalan məscidin, eləcə
də Ağdamda “Qiyaslı” məscidinin yenidən qurulması
işlərinə başlanılması, “Qazançı” kilsəsində
bərpa işlərinin aparılmasını dövlətimizin
milli-mənəvi, tolerantlıq dəyərlərinə
verdiyi önəmin növbəti təzahürü
olduğunu bildirib.
Cari ilin ilk 6 ayında Dövlət
Komitəsinin fəaliyyəti barədə ətraflı məlumat
verən Mübariz Qurbanlı qeyd edib ki, bu dövr həm də
ona görə əlamətdardır ki, iyunun 21-də Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsinin
yaradılmasının 20 ili tamam olub. Hazırda Komitənin
20 illik fəaliyyətini özündə əks etdirən sənədli
film üzərində iş gedir. Eyni zamanda,
vurğulanıb ki, bu il iyun ayından başlayaraq Nazirlər
Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi
müvafiq qərara uyğun olaraq dini məbədlər (məscid,
kilsə və sinaqoqlar) ibadət üçün
açılıb və Dövlət Komitəsi pandemiya şərtləri
çərçivəsində dini məbədlərdə
təşkil olunan mərasimlərin monitorinqini aparmaqdadır.
Bu istiqamətdə, yəni, Operativ Qərargahın müəyyən
etdiyi tələblərdən kənara çıxılma
halı qeydə alınmayıb.
Komitənin maarifləndirmə
istiqamətində reallaşdırdığı layihələrə
toxunan M.Qurbanlı milli-mənəvi dəyərlərimizin,
birlik və həmrəyliyimizin, ölkəmizdə mövcud
olan vəhdət nümunəsinin təbliği, o cümlədən
erməni vandalizmi aktlarının daha geniş auditoriyaya
yayılması sahəsində, habelə bu sahədə
sosial istiqamətdə kompleks tədbirlər həyata
keçirdiyini vurğulayıb. COVID-19
pandemiyasının yaratdığı çətinliklərə
baxmayaraq, Dövlət Komitəsinin maarifləndirmə tədbirlərini
diqqətə çatdıran M.Qurbanlı həmin tədbirlər
çərçivəsində Dövlət Komitəsinin
sifarişi ilə kütləvi informasiya vasitələri və
sosial medianın imkanlarından istifadə etmək, eləcə
də bu sahədə maarifləndirmə
işinin effektivliyini artırmaq məqsədilə sənədli
filmlərin, videoçarxların çəkildiyini,
bunların gənclərin vətənpərvərlik və həmrəylik
ruhunda tərbiyə olunmasına, Ermənistanın Azərbaycanın
tarixi dini-mədəni irsinə qarşı törətdiyi
cinayətlərin ifşa edilməsinə xidmət
göstərdiyini bildirib.
Mübariz Qurbanlı Ulu Öndər
Heydər Əliyev tərəfindən əsası qoyulan
dövlət-din siyasətini Prezident İlham Əliyevin
uğurla davam etdirdiyini, dövlət tərəfindən
mövcud dini konfessiyaların fəaliyyətinin dəstəklənməsi
məqsədilə mütəmadi olaraq onlara maddi dəstək
göstərildiyini xatırladaraq, növbəti belə
Sərəncamın iyulun 8-də imzalandığını
diqqətə çatdırıb.
2021-ci ilin birinci yarısında
görülmüş işlər və ölkədəki
mövcud dini durum barədə hesabatla çıxış
edən Dini qurumlarla iş üzrə şöbənin
müdiri Cahandar Əlifzadə hesabat dövrü ərzində
Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən
biri olan dini icmaların dövlət qeydiyyatına
alınması prosesinin davam etdirildiyini və hesabat
dövründə 15 dini icmanın dövlət
qeydiyyatından keçirildiyini, bununla da dövlət
qeydiyyatına alınmış dini qurumların sayının
970-ə çatdığını deyib. Vurğulayıb
ki, 2021-ci ilin ilk 6 ayında Dövlət Komitəsinə daxil
olmuş müraciətlər əsasında idxalı nəzərdə
tutulan 2762 adda dini məzmunlu ədəbiyyat
dinşünaslıq ekspertizasından keçirilib, nəşr
olunmaq məqsədilə təqdim edilmiş 133 adda dini ədəbiyyata
baxılıb, 238 adda dini təyinatlı ədəbiyyata
337 min 870 ədəd nəzarət markası verilib.
C.Əlifzadə hesabat
dövrü ərzində Komitə tərəfindən
ölkədəki dövlət-din münasibətlərinin tənzimlənməsi,
eyni zamanda, Azərbaycan vətəndaşlarının,
xüsusilə gənclərin zərərli dini cərəyanların
təsiri altına düşməsinin, din adı altında
milli və dövlət maraqlarımıza
zidd zərərli təlimlərin yayılmasının
qarşısının alınması məqsədilə
ayrıca və digər qurumlarla birgə (mərkəzi və
yerli icra hakimiyyəti orqanları, Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi, Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsi,
QMİ, müxtəlif dini konfessiyalara mənsub qurumlar, QHT-lər,
şəhər və rayonlardakı Heydər Əliyev mərkəzləri,
Mədəniyyət və Gənclər və İdman
nazirliklərinin yerli strukturları, Ombudsman Aparatının
regional mərkəzləri, Yeni Azərbaycan Partiyası,
hüquq-mühafizə orqanları və s.) onlayn formatda
ümumilikdə 260-dan artıq tədbir keçirildiyini diqqətə
çatdırıb. Komitə tərəfindən Ulu Öndər
Heydər Əliyevin anadan olmasının 98 illiyi münasibətilə
çoxsaylı tədbirlər, o cümlədən dini
icmalar arasında “Heydər Əliyev irsi: Azərbaycanda
dövlət-din münasibətləri” mövzusunda ənənəvi
yazı müsabiqəsi təşkil olunub.
Qeyd edib ki, dövlət proqramları çərçivəsində
Komitənin bölgə şöbələri tərəfindən
müxtəlif mövzularda maarifləndirici tədbirlər
keçirilib. Eyni zamanda Dövlət Komitəsi,
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət
Təhlükəsizliyi Xidməti arasında “2021-ci ildə
dini ekstremizmə qarşı birgə mübarizəyə dair
birgə tədbirlər planı” çərçivəsində
Bakı şəhəri, Füzuli, Xocavənd, Cəbrayıl,
Zəngilan, Qubadlı, Laçın, Kəlbəcər,
Şuşa, Ağdam, Tərtər şəhər və
rayonları üzrə müvafiq mərkəzi və yerli icra
hakimiyyətlərinin nümayəndələrinin
iştirakı ilə tədbirlər təşkil olunub.
Həmçinin İTV
kanalında yayımlanan “Cəmiyyət və Din”, SPACE
telekanalında yayımlanan “İnam”, Mədəniyyət
kanalında yayımlanan “Haqqın dərgahı” verilişləri
vasitəsi ilə maarifləndirmə işləri davam
etdirilib, Dövlət Komitəsinin mətbu orqanı olan
“Dövlət və Din” ictimai fikir toplusu, “Cəmiyyət
və Din” qəzeti çap edilib. Cari ilin ilk 6
ayı ərzində komitə Azərbaycanın dövlət-din
münasibətlərinin, tolerantlıq təcrübəsi və
multikultural dəyərlərinin, xüsusilə Qarabağla
bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılması, beynəlxalq hesabatlarda ölkəmizə
qarşı qərəzli yanaşmanın aradan qaldırılması,
qeyri-müsəlman icmaların fəaliyyəti ilə əlaqədar
məsələlərin tənzimlənməsi, xarici ölkələrdəki
dini təşkilatlarla ikitərəfli əlaqələrin təmin
edilməsi istiqamətində fəaliyyətini davam etdirib.
Şöbə müdiri bildirib
ki, komitə sədrinin müəllifliyi ilə “Ermənistanın
Azərbaycanı azad edilmiş ərazilərdə “mədəni
cinayətlər” törətmək barədə əsassız
iddiaları” adlı məqaləsi bir çox xarici ölkə
mətbuatında işıqlandırılıb.
Hesabat dövründə Komitə
ikinci dəfə başlatdığı “Könüllü fəaliyyət”
layihəsini yekunlaşdırıb, Açıq hökumətin
təşviqinə dair 2020-2022-ci illər üçün
Milli Fəaliyyət Planının 5.5-ci bəndinə əsasən
Komitə yanında İctimai Şuranın yenidən
formalaşdırılması prosesi çərçivəsində
Şuraya seçkilər keçirilib.
Komitənin bütün istiqamətlər
üzrə fəaliyyəti KİV-də, rəsmi saytında,
sosial şəbəkələrdə operativ şəkildə
işıqlandırılıb. Komitənin rəsmi
saytı vasitəsilə (scwra.gov.az) məlumatların
açıqlığı və əlçatanlığı
təmin edilib, sosial şəbəkələrdəki rəsmi
hesablar üzərindən paylaşılan film və
videoçarxları ümumilikdə 100 mindən çox
sosial şəbəkə istifadəçisi izləyib.
Daha sonra Dövlət Komitəsinin
tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği
Fondunun (MDTF) 2021-ci ilin I yarısında fəaliyyəti və
cari ildə görüləcək işlərə dair
hesabatla Fondun icraçı direktoru Mehman İsmayılov
çıxış edib. Bildirib ki, MDTF tərəfindən
cari ilin ilk 6 ayı ərzində dini etiqad sahəsində
işlər davam etdirilib, o cümlədən bir sıra
İslam və qeyri-islam dini icmalarının maarifləndirici
layihələrinə maddi dəstək göstərilib. Fondun dəstəyi və təşkilatçılığı
ilə Alban-Udi Xristian dini icmasının üzvləri
işğaldan azad edilmiş Xocavənd rayonunun Tuğ kəndindəki
Alban məbədini, eyni zamanda, Kəlbəcər rayonunda yerləşən
Xudavəng məbədini və Laçın rayonu ərazisində
yerləşən qədim alban məbədi “Ağoğlan”
monastırını ziyarət ediblər.
MDTF Müqəddəs Ramazan
ayı münasibətilə müsəlman dini icmalarla birlikdə
keçirilən “Şəhid ailələrinə Ramazan
sovqatı” aksiyası çərçivəsində ölkənin
12 şəhər və rayonunda ümumilikdə 720 nəfər
Vətən müharibəsi şəhidinin ailəsi ziyarət
edilib və onların hər birinə alış-veriş
kartı hədiyyə olunub. Azərbaycan
Respublikasının ərazi bütövlüyü uğrunda
gedən döyüşlərdə iştirak edən dini icma
sədri və din xadimlərinin hər birinə Fond tərəfindən
500 manat məbləğində birdəfəlik maddi yardım
göstərilib.
Mehman İsmayılov qeyd edib ki, Mənəvi
Dəyərlərin Təbliği Fondu 2021-ci ildə təhsilalanların
sosial müdafiəsinin gücləndirilməsi məqsədilə
Azərbaycan İlahiyyat İnstitutunun 20 tələbəsinə
100 manat, 21 tələbəsinə 150 manat məbləğində
aylıq təqaüd verib və 1 nəfər tələbə
üçün adıçəkilən təhsil müəssisəsi
tərəfindən təsis edilmiş 200 manat məbləğində
“Heydər Əliyev mükafatı” maliyyələşdirib. Eyni zamanda, Fond tərəfindən 44 günlük Vətən
Müharibəsində şəhid olmuş qəhrəmanlarımızın
əziz xatirəsini yad etmək, onların
övladlarını sevindirmək məqsədilə 1
İyun - Uşaqların Beynəlxalq Müdafiəsi
Günü münasibətilə “Şəhid yadigarları”
adlı aksiyada ölkəmizin 8 şəhər və
rayonunda 127 nəfər Vətən müharibəsi şəhidlərinin
övladları ziyarət edilib, onlara müxtəlif hədiyyələr
təqdim edilib. Həmçinin Fondun maliyyə dəstəyi
ilə Bakı şəhərində 61 nəfər, Gəncə,
Qazax və Ağstafa rayonlarında 139 nəfər şəhid
və qazi ailəsinin övladlarına hədiyyələr təqdim
edilib.
M.İsmayılov Azərbaycanda
yerləşən Alban tarixi-dini abidələrinin geniş
auditoriyada təbliği, müxtəlif bölgələrimizdə
yerləşən, keçmişimizin izlərini özündə
əks etdirən bu abidələrin daha çox öyrənilməsi,
eləcə də qalib elan edilən materialların müxtəlif
internet resurslarında xarici dillərdə (rus və
ingilis dillərində) yayılmasının həyata
keçirilməsi məqsədilə MDTF tərəfindən
“Mənəvi mirasımız: Alban dini məbədlərimiz”
adlı videoçarx müsabiqəsinin keçirildiyini və
müsabiqənin qaliblərinin Fond tərəfindən
mükafatlandırıldığını qeyd edib.
Azərbaycan İlahiyyat
İnstitutunun 2021-ci ildə fəaliyyəti və 2020-2021-ci tədris
ilinə hazırlıq işləri barədə məlumatlarla
çıxış edən Azərbaycan İlahiyyat
İnstitutunun prorektoru Mübariz Camalov bildirib ki, hesabat
dövründə İnstitutda mövcud pandemiya şəraitinə
uyğun olaraq müxtəlif mövzularda ictimaiyyət
nümayəndələri, elm xadimləri, eləcə də
İnstitut əməkdaşlarının və tələbələrin
iştirakı ilə 25 dən çox onlayn tədbir
(konfrans, seminar, vebinar, müsabiqə və s.) təşkil
edilib.
Hesabat dövründə
İnstitutun müəllim və əməkdaşları tərəfindən
5 kitab və monoqrafiya, 2 dərslik və dərs vəsaiti, 12
fənn proqramı, 1 xaricdə həmmüəllif kitab, 3 tərcümə
əsəri, yerli və beynəlxalq elmi jurnallarda 22 məqalə,
elmi-publisistik jurnallar və qəzetlərdə 11 məqalə, respublika və beynəlxalq konfrans və ya
simpoziumlarda 17 tezis və məqalə nəşr olunub.
İnstitutun “Din araşdırmaları” və “İlahiyyat”
elmi-publisistik jurnalları, eləcə də ali təhsil
müəssisəsinin fəaliyyətini əks etdirən
bülleten, həmçinin “İlahiyyat nəşrləri”
layihəsinə əsasən müəllimlərin
kitabları, bukletlər, qeydiyyat kitabları və digər
multimedia materialları nəşrə hazırlanıb.
Mübariz Camalov vurğulayıb
ki, hesabat dövrü ərzində “Ramazan orucunun hikməti,
yaxud nə üçün oruc tuturuq”, “Oruc və nəfs tərbiyəsi”,
“Səmavi dinlərdə oruc”, “Ramazan və Quran”, “Orucluğun
tarixi”, “Qədr gecəsi”, “Ramazan ayının fəziləti”,
“Fitrə sədəqəsi” və “Bayram namazı” mövzularında
Aİİ-nin müəllimlərinin iştirakı ilə
maarifləndirici videolar hazırlanıb, ictimaiyyətə təqdim
olunub.
Aİİ öz fəaliyyətində
xarici ölkələrin müvafiq ali təhsil müəssisələri
ilə əlaqələrin gücləndirilməsi, ikitərəfli
əməkdaşlıq çərçivəsində birgə
layihələrin həyata keçirilməsi, elm və təhsil
sahəsində beynəlxalq təcrübənin öyrənilməsi,
müəllim və tələbə mübadiləsi
proqramlarının reallaşdırılması məqsədilə
hesabat dövründə Azərbaycan İlahiyyat İnstitutu
ilə Pakistan İslam Respublikasının Müsəlman
İnstitutu arasında Anlaşma Memorandumu imzalanıb.
Daha sonra Dövlət Komitəsinin
sədr müavini Gündüz İsmayılov qarşıdan
gələn Məhərrəm ayı ilə bağlı Komitə
tərəfindən görüləcək maarifləndirmə
tədbirləri ilə bağlı məruzə edib, gələcək
hədəflər, problem və perspektivlər geniş
müzakirə edilib.
Dövlət Komitəsinin sədr
müavinləri Sahib Nağıyev, Səyavuş Heydərov,
həmçinin Naxçıvan Muxtar Respublikası Dini
Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru
Vüqar Babayev gündəlikdə olan məsələlərlə
bağlı fikirlərini bölüşüblər.
Yeni Azərbaycan.- 2021.- 6 avqust.- S.3.