Ramiz Göyüşov: Qaynar sətirlər

 

 

 

44 günlük Vətən müharibəsinin qələbə ilə sonuclanmasının xalqımızda yaratdığı ruh yüksəkliyi və milli birlik hamını vəcdə gətirmişdir. Şairlər şeirləri ilə, nasirlər irihəcmli əsərləri ilə, publisistlər operativ qeydləri ilə qələbənin təhlilini və təbliğini aparmaqla ölkədə ictimai-siyasi ovqatın xalq-rəhbər birliyinə necə qaynayıb-qarışdığını göstərirlər. Bu baxımdan, Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon təşkilatının sədri, publisist Ramiz Göyüşovun da tanınmış ziyalı, fəal ictimai sima olaraq ifadə etdiyi ürək sözlərini toplayaraq kitab halına salması təqdirəlayiqdir.

Onun yeni kitabı “Qaynar sətirlər” adlanır. Burada müəllifin son dövrlərdə müxtəlif qəzet və kütləvi informasiya vasitələrində çap olunan məqalələri, operativ qeydləri və səfər təəssüratları toplanmışdır. Onun müxtəlif mövzuları əks etdirən publisist qeydlərinin ana xəttini Vətən savaşı, tarixi qələbəmiz, Ümummilli Lider Heydər Əliyevin milli dövlət quruculuğu strategiyası və Prezident İlham Əliyevin xalq-dövlət birliyini təmin edən siyasəti təşkil edir.

Ümumiyyətlə, Ramiz Göyüşovun qeyd edilən publisistik əsərindəki materialları bu cür təsnif etmək olar: Qarabağ savaşı - Vətən müharibəsinin təbliği, eləcə də Azərbaycanda həyata keçirilən beynəlxalq layihələrin ölkəmizin regional güc olaraq davamlı inkişafına təsirindən, nəhayət, müəllifin səfər təəssüratlarından və ictimai-siyasi təhlillərindən ibarətdir. Onun yazılarında Heydər Əliyev mövzusu başlıca yer tutur. Haqlı olaraq qeyd edir ki, “tariximizin yarıməsrlik bir dövrü Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin adı ilə bağlıdır. Onun cismani yoxluğundan on səkkiz il keçməsinə baxmayaraq, xalqın qəlbində yaşayır və hələ uzun illər yaşayacaq, nə qədər ki, Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də var olacaqdır”.

Kitab müəllifin “ikisahil.az” saytında 08.05.2020-ci il tarixdə dərc etdirdiyi “Ulu Öndər həmişə bizimlədir” başlıqlı qeydləri ilə başlayır. Kitabı vərəqlədikcə görürük ki, Azərbaycanın inkişafı, beynəlxalq nüfuzu həyata keçirilən nəhəng layihələr fonunda təhlil olunub. “Qurtuluş dastanı”, “Qələbəyə aparan yol”, “Qarabağ uğrunda məfkurə mübarizəsi”, “Torpaq uğrunda ölən varsa vətəndir” (Tovuzda təxribat), “Xocalı qövr edən yara”, “Xocalı soyqırımı bəşəriyyətə qarşı cinayətdir”, “Siyasi partiyaların həmrəylik bəyanatı siyasi mədəniyyət nümunəsidir” adlı qeydləri Vətənin bütövlüyü uğrunda savaşların, milli kimliyin yenidən “dastanlaşması” prosesinin təhlilinə həsr edilmişdir.

Səfər təəssürüatları “Cocuq Mərcanlıda bir gün”, “Çin səfərindən yaranan təəssüratlar və istəklər”, “Azərbaycan reallıqları-kiçik bir müqayisə-Şamaxı təəssüratları”, “İtaliya-Azərbaycan münasibətlərində yeni səhifə”, “Azərbaycan-Böyük Britaniya əlaqələrində yeni perspektivlər” adlı yazılarda əks olunub.

“Səndən ötrü can verməyə cümlə hazırız”, “Əbədi ədəbi mövzu”, “Şuşada bu il Vaqif poeziya günləri keçiriləcək”, “Prezident Qarabağın bu günü və gələcəyi ilə bağlı bütün suallara nöqtə qoydu”, “Şuşanın bərpası və dirçəlişi hamının işidir” adlı yazılar Qarabağla bağlıdır.

“Ulduzunu, ayını göydə mələklər öpər”, “Canlar alan Taclı Mələk (koronavirus)”, “Dünyanı həmrəyliyə dəvət edən çağırış”, “Azərbaycanın dövlət-vətəndaş həmrəyliyinə töhfə: kölgədən işığa doğru” və s. məqalələri bu baxımdan aktual qlobal çağırışlara publisist yanaşmasını ifadə edir.

Ümummilli Liderimiz Heydər Əliyev Öz fitri idarəçilik qabiliyyəti, qətiyyəti, cəsarəti, tükənməz enerjisi, müdrikliyi, fenomenal yaddaşı, misilsiz işgüzarlığı ilə Öz adını Azərbaycan tarixinə əbədi həkk etmiş nadir şəxsiyyətlərdəndir. Onun keşməkeşlərlə dolu, mənalı ömür yolu, xalq və Vətən qarşısında misilsiz xidmətləri, zəngin mənəvi irsi və dövlətçilik təcrübəsi gələcək nəsillərə örnəkdir. R.Göyüşov bu haqda yazır: “Azərbaycan tarixinin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev bu tarix kitabına Öz parlaq səhifəsini yazmamış olsun.

Ulu Öndər 1969-cu ildə Azərbaycana rəhbər vəzifəsinə təyin edilərkən respublikamız çox acınacaqlı durumda idi. Keçmiş ittifaq respublikaları arasında bütün göstəricilərinə görə sonuncu yerlərdə qərar tuturdu. Lakin Heydər Əliyevin gəlişi ilə hər şey dəyişdi. Onun fitri istedadı, yüksək təşkilatçılıq qabiliyyəti, qətiyyəti və cəsarəti sayəsində Azərbaycan bütün göstəriciləri ilə SSRİ miqyasında ön cərgəyə çıxdı. 10 il dalbadal keçmiş SSRİ-nin ən yüksək mükafatına - “Keçici Qırmızı Bayrağa” layiq görüldü.

1991-ci ildə SSRİ bir imperiya kimi süqut etdikdən sonra öz müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan elə müstəqilliyinin ilk illərində daha acınacaqlı halla üzləşdi.

Bir tərəfdən keçmiş SSRİ rəhbərinin himayəsi ilə torpaqlarımızın Ermənistan tərəfindən işğalı, ölkənin cənubunda və şimalında beynəlxalq güclərin təhriki ilə başlamış separatçılıq prosesləri, digər tərəfdən ölkə daxilində hakimiyyət uğrunda mübarizə və ölkənin faktiki olaraq vətəndaş müharibəsi vəziyyətində olması Azərbaycanı məhv olmaq və tarix səhifəsindən silinmək həddinə gətirib çıxarmışdı.

Bax belə bir şəraitdə Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq xilaskar missiyasını yerinə yetirməyə başladı.

Bu dahi şəxsiyyət ömrünün son 10 ilində 100 ilə sığışmayan işlər gördü. 10 ildə Azərbaycanın iqtisadi inkişafının təməl prinsiplərini müəyyənləşdirdi. Respublikamıza rəhbərliyinin birinci dövründə hazırladığı özül üzərində müasir, müstəqil Azərbaycan adlanan möhtəşəm bir dövlətin möhtəşəm binasını kərpic-kərpic ucaltmağa başladı...”

Bu gün müstəqil Azərbaycanımızın idarəetmə sükanının arxasında Ulu Öndərin varisi, Onun siyasi, ideoloji, iqtisadi məktəbinin ən layiqli yetirməsi İlham Əliyev durur. Ulu Öndərin Özü qədər inandığı İlham Əliyev. Ölkə Prezidenti cənab İlham Əliyev Ulu Öndər tərəfindən müəyyənləşdirən strateji xətti müasir tarixi şəraitdə, müasir çağırışlara uyğun olaraq uğurla davam etdirir.

Bu gün yüksək nüfuza malik olan Azərbaycan beynəlxalq münasibətlər sistemində çox mühüm rol oynayır. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi və bir müddət BMT Təhlükəsizlik Şurasına sədrlik etməsi bu baxımdan xüsusi vurğulanmalıdır. Hazırda dövlətimiz iki beynəlxalq təşkilata - Türk Şurasına və Qoşulmama Həraktına uğurla sədrlik edir. Ölkəmiz dünyada az sayda olan kosmik ölkələr sırasındadır.

Azərbaycanın uğurlarını Vətən savaşındakı tarixi qələbəmizlə əlaqələndirən müəllif haqlı olaraq qeyd etmişdir ki, Vətən müharibəsini uğurla başa çatdırmaqla yeni tarix yazan şanlı Azərbaycan Ordusu möcüzələr yaratdı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin böyük cəsarəti, mərdliyi və dönməzliyi sayəsində xalqımızı tarixi zəfərə aparan milli-tarixi missiyanı qətiyyətlə başa çatdırdı.

Öncə sosial-iqtisadi islahatlarla ölkəmizi dirçəltdik, idarəetmə sistemini modernləşdirdik, milli təhlükəsizlik sferasını, o cümlədən Ordu quruculuğunu mobilləşdirdik, bir çox beynəlxalq miqyaslı sosial-iqtisadi və mədəni-humanitar layihələrlə ölkənin nüfuzunu qaldırdıq. Hər şeyi təmin etməklə müqəddəs məqsədə hazırlaşdıq. Şükürlər olsun ki, bu anı dəqiq müəyyənləşdirməklə ümumxalq səfərbərliyinə arxalanaraq düşmən üzərinə yürüdük. Qarabağımızı yeni parlaq günlərimizin müjdəçisinə çevirdik. Xüsusilə:

- Ən son, ən müasir “beşinci nəsil” silahlar adlandırılan döyüş texnologiyalarına malik olan Ordumuz dünyanın ən inkişaf etmiş ölkələrinin Silahlı Qüvvələri ilə müqayisə ediləcək müdafiə qabiliyyəti nümayiş etdirdi;

- Silahlı Qüvvələrimizin yüksək döyüş hazırlığı, peşəkar hərbi təlim səviyyəsi ilə bərabər, milli-vətənpərvərlik ruhu da qələbəmizin rəhni idi. Bu, Şuşanın azad edilməsi zamanı çətin coğrafi şəraitdə göstərilən qələbə ruhunun nümayişi olaraq Vətən müharibəsinin şanlı səhifəsi idi. Xüsusilə, döyüş bölgəsində düşmən tərəfinin yaralıları ilə, mülki əhalisi ilə davranışları baxımından da döyüşçülərimiz yüksək mənəvi səviyyə göstərdilər;

- Arxa cəbhədə xalqımızın milli birliyinin nümayişi də əsgərlərimizin yüksək döyüş ruhunun təmin edilməsinə güclü təsir göstərdi;

- Ali Baş Komandana göstərilən ümumxalq dəstəyi, xalqımızın yüksək milli həmrəylik nümayiş etdirməsi Vətən müharibəsində xalq-iqtidar birliyinin əzəmətini göstərdi;

- Ölkə Prezidenti və Ali Baş Komandan olaraq İlham Əliyevin xalqa müraciətləri təkcə siyasi publisistikanın klassik nümunəsi deyildi, eyni zamanda, milli-vətənpərvərlik ruhunun coşqusu idi. Dövlətimizin başçısının çıxışları xalqın və ordunun milli ruhunu, Silahlı Qüvvələrimizin döyüş əzmini artırdı.

Bir sözlə, İkinci Qarabağ savaşı - Vətən müharibəsi kimi tarixə düşmüş 44 günlük müharibənin dərsləri illərlə öyrəniləcək, tariximizin şanlı səhifəsi olaraq təqdir olunacaq, ölkəmizi Prezident İlham Əliyevin simasında yeni-yeni uğurlara aparacaqdır.

Ramiz Göyüşovun “Qaynar sətirlər” kitabı ictimai publisistikanın dəyərli nümunələrindən olmaqla geniş ictimaiyyət üçün nəzərdə tutulmuş əsər kimi uzun müddət mütaliə olunacaqdır.

 

Həsən Bayramov

 

 

Yeni Azərbaycan.- 2021.- 12 avqust.- S.3