Müzəffər Ali Baş Komandanın
möhtəşəm Zəfər yürüşü
Bəşəriyyət tarixboyu adı qələbə
ilə simvollaşan müxtəlif xalqların zəfər
salnaməsinin yaranmasına şahidlik edib. Xüsusilə də,
vətənin bütövlüyünü, dövlətin
siyasi ləyaqətini qorumaq üçün milli mübarizəyə
qalxan bir sıra xalqlar tarix yazmaq və tarixə yazılmaq
şərəfinə nail olublar. Güclü lideri,
sarsılmaz milli birliyi olan və qüdrətli dövlətə
malik xalqların haqq mübarizəsini qalibiyyətə
çevirməsi çoxəsrlik dünya tarixinin siyasi səhifələrini
bəzəyib.
Bu fikirlər Milli Məclis sədrinin
müavini, Gənclər və idman komitəsinin sədri Adil
Əliyevin “Müzəffər Ali Baş Komandanın möhtəşəm
Zəfər yürüşü” sərlövhəli məqaləsində
yer alıb. AZƏRTAC məqaləni təqdim edir.
Fərəh və məmnunluq
hissi ilə qeyd etmək lazımdır ki, öz adını bəşəriyyətin
tarixi yaddaşına mütərəqqi, sivil dəyərləri
mənimsəmiş humanist, şərəfli və ləyaqətli
xalq kimi yazdırmış Azərbaycan xalqı da Zəfər
salnaməsi yaradaraq öz qüdrətini və
qətiyyətini bütün dünyaya nümayiş etdirib.
2020-ci ildə xalq–lider birliyinin və milli həmrəyliyin sayəsində
mürəkkəb beynəlxalq münasibətlər şəraitində
ərazi bütövlüyünün və tarixi ədalətin
bərpasına nail olan Azərbaycan dövləti
xalqımızın çoxəsrlik tarixinin bənzərsiz
qələbə dastanını yazıb.
Xüsusi vurğulamaq gərəkdir
ki, 44 günlük müharibənin qalibi olan güclü Azərbaycan
postkonflikt mərhələsində strateji addımları ilə
öz qələbəsini möhkəmləndirir, qətiyyətli
mövqeyi ilə qalib xalq və dövlət imicini gücləndirir.
Xüsusilə də, Qələbənin memarı – müəllifi
olan Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan
İlham Əliyevin işğaldan azad olunmuş torpaqlara
mütəmadi səfərləri müstəsna əhəmiyyətli
tarixi-siyasi hadisədir. Bu, heç şübhəsiz, qalib
dövlətin liderinin təntənəli və möhtəşəm
Zəfər yürüşüdür.
Yeri gəlmişkən, Prezident İlham
Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər
və Laçın rayonlarına səfəri də bir
çox cəhətdən olduqca əlamətdardır. Səfər Müzəffər Ali Baş
Komandanımızın həm işğaldan azad olunmuş ərazilərdə
bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması,
Böyük Qayıdışın təmin olunması, həm
sərhədlə bağlı yaranmış vəziyyətə
dair və digər bir sıra məsələlərdə Azərbaycanın qətiyyətli mövqeyinin
ifadə olunması, həm də erməni vandalizminin, Ermənistanın
və onun təxribatçı hərəkətlərə rəvac
verən illeqal fəaliyyətinin ifşası, Zəngəzur
dəhlizinin reallaşdırılması və digər məsələlərlə
əlaqədar verilən konkret və açıq
mesajlarla yadda qaldı. Ona görə də bəhs olunan məsələlər
kontekstində bir sıra strateji nüanslara xüsusi nəzər
yetirmək məqsədəmüvafiqdir.
Bərpa-quruculuq işləri və zəruri
infrastrukturun yaradılması
strateji prioritetlər sırasında...
Dövlət
başçısının Kəlbəcər və
Laçına səfəri işğaldan azad edilmiş ərazilərdə
bərpa-quruculuq və zəruri infrastrukturun yaradılması
vəzifəsinin strateji prioritetlər sırasında
olduğunu, bu istiqamətdə həyata keçirilən tədbirlərin
ardıcıl və məqsədyönlü xarakter
daşıdığını bir daha təsdiqlədi.
Xüsusi qeyd etmək gərəkdir ki, azad edilmiş ərazilərdə
quruculuq işlərini əsasən Azərbaycan şirkətləri
aparır. Ölkəmizlə bərabər böyük layihələrdə
qardaş Türkiyə şirkətləri də fəal
iştirak edirlər.
Kəlbəcər rayonunun bərpası, yenidən
qurulması da bu prosesin mühüm tərkib hissəsidir.
Hazırda Kəlbəcər rayonunun elektrik enerjisi ilə
dayanıqlı təchizatı üçün mühüm
addımlar atılır. Bununla yanaşı,
Prezident İlham Əliyevin Sərəncamına əsasən,
Kəlbəcər-Laçın avtomobil yolunun inşa
olunması, “İstisu”ya öz əvvəlki şöhrətini
qaytarmaq üçün görülən işlər və
digər tədbirlər Azərbaycan dövlətinin siyasi iradəsini
və iqtisadi gücünü nümayiş etdirir.
Digər tərəfdən, Laçın
rayonunun Qorçu kəndinin ərazisində hava
limanının inşası istiqamətində atılan
addımlar da mühüm strateji əhəmiyyətə
malikdir. Birincisi, hava limanının tikilməsi
regionun sosial-iqtisadi inkişafının təmin olunması,
turizm potensialının artırılması baxımından
olduqca əhəmiyyətlidir. İkincisi, Azərbaycanın dəniz
səviyyəsindən ən hündürdə yerləşən
aeroportu olacaq Laçın Hava Limanının fəaliyyəti
logistik mərkəzlərin yaradılmasına
mühüm töhfə verəcək. Bütün növ təyyarələrin,
o cümlədən ən ağır yük təyyarələrinin
də bu hava limanlarına enə bilməsi mühüm
üstünlüklər yaradacaq. Xüsusilə də, bu amil
azad edilmiş bölgələrin – Şərqi Zəngəzurun,
Qarabağın bərpası bu torpaqlara Böyük
Qayıdışın təmin olunması üçün
yeni imkanlar açacaq. Bütövlükdə isə Zəngilan,
Laçın, Füzuli hava limanlarının inşa edilməsi
və istismara verilməsi sosial-iqtisadi yüksəlişin
davamlılığının təmin olunması
baxımından çox önəmlidir. Nəzərə
almaq lazımdır ki, hava limanları sərnişin və
yük daşımaları, habelə hərbi məqsədlər
üçün istifadə ediləcək. Nəticə
etibarilə, bütün bunlar Azərbaycan dövlətinin
gücünün daha da artmasına, ölkəmizin yeni
strateji avantajlar və nailiyyətlər əldə etməsinə
xidmət edir.
İctimai-siyasi və tarixi
yaddaşımızın yenilənməsi
mühüm amil kimi...
Müzəffər Ali Baş
Komandanımızın bəhs olunan səfəri ictimai-siyasi
və tarixi yaddaşımızın yenilənməsi
baxımından da olduqca əlamətdardır. Torpaqlarımızın
işğal altına düşməsini xalqımızın
böyük faciəsi, azad edilməsini isə tarixi hadisə
kimi səciyyələndirən Prezident İlham Əliyevin səsləndirdiyi
fikirlər, verdiyi mesajlar həm tarixi faktlara daha geniş
rakursdan nəzər salmağa və onlardan nəticə
çıxararaq bu əsasda müasir reallıqları dəyərləndirməyə,
həm də bu kontekstdə gələcək yol xəritəsini
müəyyənləşdirməyə imkan verir.
Dövlət başçısının
fikirləri qəhrəmanlıq tariximizin daha yaxşı mənimsənilməsi
ilə yanaşı, torpaqların itkisinə səbəb
olmuş xəyanətlərin, kobud siyasi səhvlərin
unudulmaması üçün də mühüm əhəmiyyətə
malikdir. AXC-Müsavat cütlüyünün torpaqlarımızın
işğalına şərait yaratması və səbəb
olması Azərbaycan xalqının tarixi yaddaşından
silinməyib. Faktlar bu gün antimilli mövqe nümayiş
etdirən, ictimai rəyi manipulyasiyaya məruz qoymaq sayəsində
milli birliyə zərbə vurmağa cəhd göstərən
marginal qrupların əsl simasını – gerçək niyyətini
bir daha aşkar edir. Bu faktların fonunda təzahür olunan
reallıq Azərbaycan xalqının milli şüurunda əksini
tapan və obyektiv qiymətini alan gerçəklikdir.
Azərbaycan Prezidentinin tarixi
adların bərpa olunması və populyarlaşdırılması
ilə bağlı fikirləri də milli şüurun
inkişafı, ictimai həmrəyliyin gücləndirilməsi
kontekstində böyük önəm daşıyır.
Ölkə başçısı mütəmadi olaraq
çıxışlarında “Şərqi Zəngəzur”,
“Qərbi Zəngəzur” toponimlərdən
istifadə edir, tarixi Azərbaycan torpaqlarının
adlarını çəkməklə ictimai yaddaşı təzələyir.
Əlbəttə, bu toponimlərin aktual anlayışlar – məfhumlar
kimi ictimai-siyasi leksikona gətirilməsi indiki və gələcək
nəsillərin obyektiv tarixi
dünyagörüşünün
formalaşdırılmasına xidmət edir. Bu milli məsələnin
təbliğində ictimai fəalların, elm və media
işçilərinin də üzərinə böyük vəzifə
və mühüm məsuliyyət düşür. Prezident
İlham Əliyevin qeyd etdiyi kimi, “indiki Ermənistan ərazisində
yerləşən bütün digər qədim Azərbaycan
yaşayış məntəqələri əsl adları ilə
də çağırılmalıdır. Bütün qədim
yəni, tarixi adlar bərpa edilməlidir”.
Ermənilərin hərbi-siyasi mifologiyası
döyüş meydanında
darmadağın edildi
Dövlət başçısının bəhs
olunan səfər zamanı diqqət yetirdiyi mühüm məqamlardan
biri Azərbaycanın İkinci Qarabağ müharibəsində
möhtəşəm Qələbə qazanmaqla ermənilərin
siyasi mifologiyasının darmadağın edilməsi oldu.
Sirr deyil ki, 30 ilə yaxın müddət ərzində
erməni təbliğat maşını “Ermənistan ordusunun
məğlubedilməzliyi”, “erməni əsgərlərin cəsarəti”
barədə çoxsaylı materiallar yayır, özlərini
“qəhrəman” obrazında təqdim edirdilər. Bəs nəticə nə oldu? 44 günlük Vətən
müharibəsi göstərdi ki, güclü -qüdrətli
Azərbaycan Ordusunun qarşısında aciz vəziyyətə
düşən və darmadağın olan təcavüzkar Ermənistan
silahlı birləşmələri zəif və məğlubiyyətə
məhkum birləşmələr, erməni əsgərləri
isə qorxaq və fəraridirlər. Xocalı cəlladları
Koçaryanın, Sarkisyanın, Ohanyanın müharibə
zamanı qaçıb gizlənmələri timsalında “erməni
sərkərdələri” mifi də Ermənistan ordusu kimi
döyüş meydanında darmadağın edildi,
param-parça oldu. Bundan sonra onlar “qorxaq”, “fərari”, “məğlub”
damğası ilə yaşamağa məhkumdurlar!
Qətiyyətli mövqe və məqsədyönlü
fəaliyyət
strateji hədəflərə çatmağa
imkan verir
Müzəffər Ali Baş Komandanımız
yeni reallıqlar fonunda bir çox məsələlərlə
əlaqədar Azərbaycan dövlətinin qətiyyətli
mövqeyini, prinsipial yanaşmasını növbəti dəfə
ifadə etdi. Xüsusilə də, Prezident
İlham Əliyev Ermənistana və onun hamilərinə
açıq mesaj verdi, ölkəmizin sərhədlərini
möhkəmləndirmək üçün ciddi addımlar
atdığını bildirdi, hazırda sərhədçilərimizin
yerləşdiyi ərazilərin Azərbaycan torpaqları
olduğunu, yeni sərhədlərin də oradan keçəcəyini
diqqətə çatdırdı. Bir daha aydın oldu ki, Azərbaycan
öz prinsipial mövqeyindən bir addım belə geri çəkilməyəcək,
strateji hədəflərini ardıcıl olaraq
reallaşdıracaq. Azərbaycan Prezidentinin “Biz düz yerdə
durmuşuq, harada lazımdır, orada durmuşuq və əgər
istəsək, harada lazım bilsək, orada da duracağıq”
fikri siyasi iradənin nümayişi, ədalətli və qətiyyətli
mövqeyin təntənəsidir.
Bunlarla yanaşı Azərbaycan, eyni zamanda, gələcəyə
aydın strateji baxışlarını ortaya qoyur,
qarşıda duran məqsədlərə çataraq yeni
perspektivlər yaradacağını əminliklə bəyan
edir. Yeni geostrateji situasiya fonunda indi əsas vəzifə Qələbənin
nəticələrini diplomatik müstəvidə möhkəmləndirmək,
siyasi və iqtisadi dayaqları gücləndirməkdir. Buna
paralel olaraq Böyük Qayıdışın yüksək səviyyədə
təmin olunması, Cənubi Qafqaz regionunda təhlükəsizlik
mühitinin yaradılması və çoxtərəfli əməkdaşlığın
dərinləşdirilməsi mühüm perspektivlər vəd
edir. Bütün bunlar isə daha güclü Azərbaycan deməkdir!
Yeni Azərbaycan.- 2021.- 20 avqust.-
S.3.