Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti
Azərbaycan xalqının və dövlətinin mənafeyinə
xidmət edir
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan
Partiyası Sədrinin birinci müavini, UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın Azərbaycan xalqının milli maraqlarına
və ümumbəşəri dəyərlərə əsaslanan
genişmiqyaslı və çoxşaxəli fəaliyyəti
bütün xalqımız tərəfindən
böyük rəğbətlə qarşılanır və
nümunə kimi göstərilir. Birinci
vitse-prezident kimi fəaliyyəti dövründə Mehriban
xanım Əliyeva qısa müddətdə özünün
peşəkarlığı, zəngin təcrübəsi,
böyük humanizmi və hadisələrə
genişmiqyaslı baxışı ilə Azərbaycan tarixində
qadın hərəkatının yeni səhifəsini
açmış, təcrübəli, yüksək idarəetmə
bacarığına və təşkilatçılıq məharətinə
malik olan siyasətçi kimi cəmiyyətimizdə
qadınların rolunun artmasına səbəb olmuşdur.
Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın ali dəyərlərə söykənən,
Azərbaycan xalqı və dövlətinin maraqlarını əks
etdirən fəaliyyətindən bəhs edərkən, ilk
növbədə, Onun rəhbərlik etdiyi Azərbaycanın
böyük humanitar və xeyriyyəçilik təşkilatı
olan Heydər Əliyev Fondunun ölkəmizin
inkişafına verdiyi töhfələrə xüsusi diqqət
yetirmək lazımdır. Təbii ki, bu Fondun əsas
məqsədləri görkəmli dövlət xadimi,
müasir müstəqil Azərbaycanın qurucusu və Yeni Azərbaycan
Partiyasının yaradıcısı Ulu Öndər Heydər
Əliyevin Azərbaycanın sosial-iqtisadi, mədəni tərəqqisi,
sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə
müəyyən etdiyi, həyata keçirdiyi siyasətin
öyrənilməsinə, təbliğinə və bu
ideyaların həyata keçirilməsinə dəstək
vermək, eləcə də Azərbaycanın tərəqqisi
və xalqımızın rifahı naminə Ümummilli Lider
Heydər Əliyevin zəngin irsindən bəhrələnərək
bu işə xidmət edən genişmiqyaslı proqram və
layihələrin reallaşmasına kömək etməkdir.
Əminliklə deyə bilərik ki, Heydər Əliyev Fondu fəaliyyəti
müddətində bu vəzifələrin öhdəsindən
layiqincə gəlmiş və Mehriban xanım Əliyevanın
bilavasitə təşəbbüsü və rəhbərliyi
ilə gözəl işlərə imza atmışdır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Azərbaycanda
elm və təhsilin inkişafı ilə bağlı “Yeniləşən
Azərbaycana yeni məktəb”, “İnternat məktəblərinin
inkişafı”, “Təhsilə dəstək” kimi bir çox
önəmli layihə və proqramlara start verilmiş,
Qarabağ həqiqətlərinin bütün dünyaya
çatdırılması və Xocalı
soyqırımının dünya miqyasında
tanıdılması istiqamətində mühüm işlər
görülmüşdür. Uğurla həyata
keçirilmiş bu layihələr sırasında “Yeniləşən
Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir.
Məhz bu proqramın başlanması nəticəsində
ölkəmizdə üç mindən çox yeni məktəb
tikilmiş və ya əsaslı şəkildə təmir
olunmuşdur. Müasirtipli məktəblərin inşası,
tədris prosesində normal şəraitin yaradılması, təhsilin
keyfiyyətinin yaxşılaşdırılması son illər
ərzində Azərbaycan təhsilinin beynəlxalq təhsil məkanına
inteqrasiyasını gücləndirmişdir.
Mehriban xanım Əliyeva, eyni zamanda, ölkəmizin
müstəqilliyinin ilk dövrlərindən etibarən milli mədəniyyətimizin
qorunması və inkişafı istiqamətində məqsədyönlü
fəaliyyət göstərir. Mehriban xanım
Əliyevanın mədəniyyətə və incəsənətə
göstərdiyi qayğı ilə əlaqədar fəaliyyətinin
böyük bir hissəsi Heydər Əliyev Fondu ilə
bağlıdır. Fond mütəmadi olaraq xarici ölkələrdə
Azərbaycan mədəniyyətinin təbliği istiqamətində
əhəmiyyətli tədbirlər həyata keçirir. Azərbaycan
xalqının milli sərvəti olan muğam sənətinin
yenidən inkişafı və beynəlxalq arenaya
çıxarılması məhz Mehriban xanım
Əliyevanın təşəbbüsü nəticəsində
mümkün olmuşdur. Mehriban xanım
Əliyeva Azərbaycanın maddi və qeyri-maddi irsinin,
Qarabağ mədəniyyətinin, Azərbaycan xalqının
yaratmış olduğu ənənə və dəyərlərin,
milli mətbəxtimizin dünyada tanıdılması
üçün müxtəlif təqdimatlar, sərgilər,
tədbirlər keçirmişdir. Azərbaycan
xalqının yaratmış olduğu mədəni abidələr
dünya irs siyahılarına daxil edilərək qorunma
altına alınmışdır. Fransada, İtaliyada, Rusiyada
və başqa ölkələrdə keçirilən
çoxsaylı tədbirlər nəticəsində dünya
ictimaiyyəti ölkəmizi daha yaxından tanımağa,
öyrənməyə, görməyə
başlamışdır.
Bununla yanaşı, Mehriban
xanımın təşəbbüsü ilə Heydər
Əliyev Fondu Versal sarayının parkındakı ümumbəşəri
abidələrin, Luvr muzeyinin, İkinci Dünya müharibəsi
zamanı yanmış və dağıdılmış Berlin
qəsrinin bərpasında iştirak edib, eyni zamanda, Fond tərəfindən
Romanın Villa Borgeze parkında Nizami Gəncəvinin
abidəsinin ucaldılması, Vatikanda Roma
katakombalarının bərpası, Moskvada M.İ.Rudomino adına Ümumrusiya Dövlət Xarici
Ədəbiyyat Kitabxanasında Azərbaycanın görkəmli
yazıçısı, filosofu və humanist ziyalısı
Mirzə Fətəli Axundzadənin abidəsinin
ucaldılması, Parisdə Azərbaycan Mədəniyyəti
Mərkəzinin yaradılması, Romada Kapitolini muzeyinin
“Filiosoflar zalı”nın təmiri və digər ümumbəşəri
layihələr icra edilib.
Mehriban xanım Əliyeva həm
Milli Məclisin deputatı, həm də respublikamızın
Birinci vitse-prezidenti kimi fəaliyyəti dövründə cəmiyyətimizdə
son dərəcə həssas, aktual məsələlərin həlli,
o cümlədən elm, təhsil, səhiyyə, mədəniyyət,
idman, gənclər siyasəti, ailə,
qaçqın və məcburi köçkünlərin
sosial təminat problemləri kimi mühüm əhəmiyyət
kəsb edən sosial məsələlərlə məşğul
olmuşdur. Ötən dövr ərzində ölkəmizdə
bu sahələrdə müstəsna uğurlar və nəticələr
əldə edilmişdir. Bu barədə yüzlərlə
misal göstərmək olar.
Mehriban xanım cəmiyyətimizdə
daim mərhəmət, insanpərvərlik, qayğı kimi
hisslərin təbliğatçısı olmuşdur. 2007,
2009, 2013, 2016-cı illərdə məhz onun təşəbbüsü
ilə Milli Məclisdə 10 minlərlə məhbusa şamil
olunan genişmiqyaslı amnistiya aktları qəbul olunmuş,
bu qərarlar əsasında, ümumilikdə, 39 min 887 məhkum
cəzadan azad edilmişdir.
Ölkəmizdə həssas əhali
qrupları ilə işləmək, onların problemlərinin
həllinə dəstək olmaq Mehriban xanım
Əliyevanın fəaliyyət sahəsinin mühüm istiqamətlərindən
birini təşkil edir. Bu işdə gündəlik sosial
ehtiyacların qarşılanması, insanların
sağlamlıqlarının qorunması, xəstələrə,
kimsəsizlərə, ahıllara və ehtiyacı olan digər
insanlara qayğı və nəvaziş ən vacib missiya kimi
həyata keçirilməkdədir. Mehriban xanım Əliyeva
daim xüsusi qayğıya ehtiyacı olan uşaqları diqqətdə
saxlayır, xüsusən də valideyn qayğısından məhrum
olan, xəstə uşaqların əsl himayəçisi kimi
fəaliyyət göstərir. Mehriban xanım
olan yerdə haqq-ədalət, mərhəmət, humanizm, həssaslıq,
insanlara diqqət, qayğı və digər bu kimi yüksək
dəyərlər bərqərar olunur və milli-mənəvi
dəyərlərə, adət və ənənələrimizə,
müstəqilliyimizə, dövlətçiliyimizə sədaqət
nümunəsi göstərilir.
Təbii ki, Mehriban xanımın
bütün bu genişmiqyaslı milli və ümumbəşəri
fəaliyyəti Azərbaycan vətəndaşları və
bütövlükdə, dünya ictimaiyyəti tərəfindən
yüksək qiymətləndirilir və dünya səviyyəsində
təqdir edilir. Azərbaycanın birinci xanımı bir
çox beynəlxalq mükafatlara layiq görülüb. Xeyirxahlıq, mərhəmət, insanpərvərlik
nümunəsi olan Mehriban xanım Əliyevanın ölkə
daxilində həyata keçirdiyi humanitar missiyası dövlətimiz
tərəfindən yüksək dəyərləndirilmiş
və Mehriban xanım Azərbaycanın ən ali dövlət
mükafatlarına - “Heydər Əliyev” ordeninə və
“Heydər Əliyev Mükafatına” layiq
görülmüşdür. Xarici ölkələrin ali
dövlət mükafatları sırasında isə xüsusi
olaraq qeyd etmək olar: Fransanın “Şərəf
Legionu”, Rusiyanın “Dostluq”, İtaliyanın “Xidmətlərə
görə” Böyük Xaç Kavaleri, Vatikanın “IX Piy”
ordeninin Böyük Xaçı, Rus Pravoslav kilsəsinin “II dərəcəli
Müqəddəs Mələksima Knyaginya Olqa” ordeni, UNESCO-nun
“Qızıl Motsart” medalı, BMT-nin Ümumdünya Əqli
Mülkiyyət Təşkilatının
Qızıl medalı, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin
“Xüsusi xidmətlərə görə” medalı, Nizami Gəncəvi
Beynəlxalq Mərkəzinin Qızıl medalı, Küveyt
Dövlətinin Fəxri diplomu, Ümumdünya Səhiyyə
Təşkilatı İcraiyyə Komitəsinin
mükafatı, Beynəlxalq Olimpiya Akademiyasının
“Olympic Excellence” xüsusi fəxri mükafatı.
Mehriban xanım Əliyevanın UNESCO-nun
xoşməramlı səfiri və ölkəmizin Birinci
vitse-prezidenti kimi 2019-cu ildə UNESCO-nun Ümumdünya İrs
Komitəsinin 43-cü sessiyasının Azərbaycanda
keçirilməsinə təşəbbüs göstərməsi
və buna nail olması tarixi hadisədir.
Xüsusi olaraq
vurğulanmalıdır ki, Mehriban xanım Əliyeva hər
zaman Vətən uğrunda canından keçən qəhrəmanlarımızın
ailələrinə, doğma torpaqlarından məcburi
köçkün düşmüş vətəndaşlarımıza
xüsusi qayğı ilə yanaşıb, onların sosial
problemlərinin həllinə diqqət göstərib və
ümumiyyətlə, cəmiyyətin diqqətini bu məsələlərə
cəlb edib. Eyni zamanda, erməni
işğalçıları ilə döyüşlərdə
yaralanmış və əlil olmuş hərbçilərimizə
və mülki şəxslərə maddi-mənəvi dəstək,
onların müalicəsi və sağlamlığının
bərpasına lazımi diqqət də Mehriban xanım
Əliyevanın humanizm fəaliyyətinin əsasını
təşkil edir. Müharibə əlillərinin əksəriyyəti
Birinci vitse-prezidentin köməyi ilə dünyanın
nüfuzlu xəstəxanalarında müalicə olunub və
bu gün də bu işlər davam etməkdədir.
Azərbaycan xalqı,
böyük Türk dünyası və bütün dünya
Azərbaycanın 44 günlük Vətən müharibəsindəki
parlaq qələbəsindən sonra misilsiz tarixi hadisələrə,
ölkəmizdə gedən möhtəşəm milli
dirçəliş dövrünə, bir millətin,
xalqın öz tarixi, mədəniyyəti ilə birlikdə
ata-baba torpaqlarına addım-addım Böyük
Qayıdışına şahidlik edir. Prezident,
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi
ilə qəhrəman Azərbaycan Ordusunun, əsgər və
zabitlərimizin şücaəti, mərdliyi, mətanəti,
fədakarlığı, ən əsası isə, ürəklərindəki
müqəddəs Vətən sevgisi və qələbə ruhu nəticəsində 44 günlük Vətən
müharibəsi Azərbaycanın parlaq Zəfəri,
düşmən tapdağı altında olan Vətən
torpaqlarının işğaldan azad olunması, ərazi
bütövlüyümüzün, dövlət sərhədlərimizin
bərpası ilə nəticələndi.
Müharibə bitdikdən sonra
Ali Baş Komandanımızın ailə üzvləri, Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyeva ilə birlikdə işğaldan azad olunmuş
bölgələrə səfərləri, bu səfərlər
zamanı cənab İlham Əliyevin və Mehriban
xanımın səmimi dialoqları, sözlərində,
gözlərində, jest və hərəkətlərində
olan sevinc, qürur hər bir azərbaycanlının
yaddaşına Böyük Qayıdışın rəmzi
kimi əbədi həkk olunur, şanlı Zəfərimiz
Lider-xalq birliyini daha da möhkəmləndirdi və
sarsılmaz etdi. İşğaldan azad olunan Füzuli,
Ağdam, Zəngilan, Qubadlı, Kəlbəcər,
Laçın rayonlarına və bu səfərlərin
kuliminasiya nöqtəsi olan Şuşa şəhərinə
səfərlər zamanı Ali Baş Komandanımızın
və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər
bir müsəlman üçün əziz və müqəddəs
olan dini məbədlərimizə, daha doğrusu,
işğalçı erməni vandallarının İslam
dininə qarşı düşmənçiliyinin nümunəsi
olan dağıdılmış məscidlərimizə, ibadətgahlarımıza
ziyarətləri xüsusi qeyd olunmalıdır. Azərbaycanın viran qoyulmuş torpaqlarına səfərləri
zamanı yolboyu törədilmiş vəhşilik,
barbarlıq, vandalizm nümunələrini,
dağıdılmış kəndlərin, evlərin
canlı kadrlarını dünya ictimaiyyətinin, beynəlxalq
təşkilatların diqqətinə təqdim edən Ali
Baş Komandanımız erməni vəhşiliyini və
onların işğalçı, faşist xislətini bir daha
ifşa etdi. Erməni vandalları tərəfindən
viran qoyulmuş Azərbaycan torpaqlarında bu gün möhtərəm
Prezidentimiz İlham Əliyevin, Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın rəhbərliyi, Heydər Əliyev
Fondunun iştirakı ilə möhtəşəm yenidənqurma,
bərpa, tikinti-quruculuq işləri aparılır və ən
müasir tələblərə cavab verən
infrastruktur yaradılır. Çox qısa zamanda
işğaldan azad olunan ata-baba yurdlarımızda
xalqımızın tarixi, mədəni, dini irsi ən yüksək
səviyyədə, milli ruhumuza uyğun bərpa olunacaq və
o torpaqlar əsl cənnət məkanına çevriləcəkdir.
Xalqımız haqlı olaraq
Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevlə
və ölkə başçısının ən yaxın
və etibarlı silahdaşı, qayğıkeş ana, xeyriyyəçi,
yüksək idarəçilik mədəniyyətinə malik
rəhbər və cəmiyyətimizdə xüsusi yanaşma
tələb edən ən həssas məsələləri
yüksək diqqət və qayğı ilə həll edən
dövlət xadimi kimi böyük məhəbbət və rəğbət
qazanan Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilə,
güclü, müstəqil, məğrur və qüdrətli
Azərbaycan dövlətimizlə fəxr edir. Mehriban xanım Əliyevanın Azərbaycan
xalqının və dövlətinin mənafeyinə xidmət
edən genişmiqyaslı və çoxşaxəli fəaliyyəti
bizim üçün ikiqat fərəhlidir. Çünki
Mehriban xanım Əliyeva həm də Yeni Azərbaycan
Partiyası Sədrinin birinci müavinidir. Biz
Mehriban xanım Əliyevaya möhkəm
cansağlığı, şərəfli və məsuliyyətli
işində daha böyük uğurlar arzu edirik. Əminik ki,
Mehriban xanım Əliyevanın çoxşaxəli və
genişmiqyaslı fəaliyyəti bundan sonra da Azərbaycan
dövlətçiliyinin möhkəmləndirilməsinə,
xalqımızın rifahının yüksəldilməsinə
misilsiz töhfələr verəcəkdir.
Şəmsəddin
Hacıyev
YAP Səbail rayon
təşkilatının sədri, iqtisad elmləri doktoru,
professor
Yeni
Azərbaycan.- 2021.- 26 avqust.- S.4.