Mehriban xanım Əliyeva ümumbəşəri
dəyərlərə əsaslanan milli və qlobal məzmunlu
fəaliyyəti ilə milyonlarla insanın dərin sevgisini,
böyük rəğbətini qazanıb
Müstəqilliyinin 30-cu
ildönümünü qeyd etməyə hazırlaşan Azərbaycan
dövləti ardıcıl nailiyyətlər qazanaraq milli tərəqqi
yolunda sürətlə, inamla və əmin addımlarla irəliləyir,
növbəti müvəffəqiyyətlərə yol
açan yeni strateji zirvələr fəth edir. Bu gün
Azərbaycan dünyada təkcə davamlı və
dayanıqlı inkişaf yolu tutan müasir, demokratik ölkə
kimi, tolerantlıq nümunəsi və multikultiralizm diyarı
olaraq tanınmır. Bir əsrdə iki dəfə
müstəqillik qazanan respublikamız, eyni zamanda, öz ərazi
bütövlüyünü, tarixi ədaləti bərpa
etmiş, müsbət beynəlxalq imicə sahib və
müasir dünya siyasətinin nüfuz - güc
iyerarxiyasında mütəmadi yüksəlişə malik
prestijli dövlət olaraq səciyyələndirilir.
Təbii ki, bütün bu
müsbət reallıqları şərtləndirən başlıca
strateji faktor müstəqillik illərində sabitlik və
inkişafa, dirçəliş və rifaha xidmət edən
rasional, milli maraqlara və müasir
çağırışlara adekvat cavab verən praqmatik
siyasi kursun həyata keçirilməsidir. Ölkəmizi
tənəzzüldən xilas edərək
intibah yoluna çıxaran, real müstəqilliyin əldə
olunmasını təmin edən Ümummilli Lider Heydər
Əliyevin əsasını qoyduğu siyasətin Prezident
İlham Əliyev tərəfindən zamanın tələblərinə,
dövrün ictimai və siyasi qanunauyğunluqlarına
müvafiq surətdə davam etdirilməsi nəticəsində
milli tərəqqinin Azərbaycan nümunəsi adlı fenomen
yaranıb. Bu nümunə öz cəlbediciliyinə görə
bütün dünyada maraqla öyrənilən, nüfuzlu
reytinq agentliklərinin və tədqiqat mərkəzlərinin
hesabatlarında yüksək dəyərləndirilən
strateji model kimi xarakterizə olunur.
Xüsusi qeyd etmək
lazımdır ki, Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin
birinci müavini, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və
ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın müxtəlif sahələri əhatə edən
çoxşaxəli, səmərəli, ardıcıl
və məqsədyönlü fəaliyyəti də ölkəmizin
dayanıqlı inkişafına, xalqımızın
rifahının daha da yaxşılaşmasına, Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılmasına, respublikamızın müsbət
beynəlxalq imicinin möhkəmlənməsinə və
müxtəlif sahələrdə davamlı strateji nailiyyətlərin
əldə olunmasına müstəsna töhfədir.
Xalqa ləyaqətli və şərəfli
xidmət nümunəsi
Ümumiyyətlə, Mehriban xanım
Əliyevanın ictimai-siyasi portretini tamamlayan cizgilər kifayət
qədər zəngin və rəngarəngdir. O,
ilk növbədə, hansı sahə və istiqamətdə
fəaliyyət göstərməsindən asılı
olmayaraq, öz üzərinə düşən vəzifələri
müvəffəqiyyətlə yerinə yetirməklə xalqa
ləyaqətli və şərəfli xidmət nümunəsi
yaradıb. Mehriban xanım Əliyevanın
“Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən
müsbət meyillərdə, dəyişikliklərdə,
inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun
artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi
bacarmışıq. Mən əminəm
ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu,
peşəsini seçəndə hər hansı bir işinə,
əməyinə vicdanla yanaşmalı, qarşısına
aydın məqsədlər qoyub, bu məqsədlərə
nail olmağa çalışmalı, söz və işlərində
bütöv olmalıdır” sözləri, şübhəsiz
ki, onun həyat və fəaliyyət kredosunu təşkil
edir. Bu kontekstdə bir sıra nümunələrə
xüsusi nəzər salmaq - diqqət yetirmək məqsədəmüvafiq
olar.
Əvvəla, qeyd etmək
lazımdır ki, Mehriban xanım Əliyeva məhsuldar
ictimai-siyasi fəaliyyəti ilə fəal, milli-mənəvi
dəyərlərə, tarixi ənənələrə sadiq,
vətənpərvər və xeyirxah Azərbaycan qadını
obrazının formalaşmasında əvəzsiz rol
oynayıb. O, nümunəvi həyat və fəaliyyəti
ilə qadınlar üçün əsl örnək
yaratmaqla yanaşı, zərif cinsin nümayəndələrinin
cəmiyyətdə rolunun, müxtəlif sahələrdə
fəallığının artmasına geniş stimul verib. Sevindirici haldır ki, Mehriban xanım
Əliyevanın timsalında Azərbaycan qadını
hazırda öz istedadı, zəkası və iradəsi ilə
milli-mənəvi dəyərlərimizin və zəngin
irsimizin qorunub saxlanılmasında, yaşadılmasında
müstəsna xidmətlər göstərir. Ölkəmizin
ictimai-siyasi, mədəni həyatında geniş fəaliyyəti,
öz bilik və bacarıqları ilə cəmiyyətimizin
ümumi inkişafında yaxından iştirakı Azərbaycan
qadınının çox böyük potensiala malik
olduğunu bir daha təsdiqləyir.
Bununla yanaşı, Mehriban xanım Əliyeva
Milli Məclisin deputatı kimi məqsədyönlü fəaliyyət
göstərməklə ictimai-siyasi yaddaşda dərin iz
buraxıb. O, millət vəkili statusunda
çox mühüm ictimai əhəmiyyətli təşəbbüslər
irəli sürüb, təkcə seçicilərini deyil,
bütövlükdə, Azərbaycan xalqını
maraqlandıran məsələlərlə əlaqədar zəruri
addımlar atıb, sosial problemlərin həllinə xüsusi
diqqət göstərib və buna müvəffəq
olub. Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə görülən genişmiqyaslı və
ümumi-ictimai əhəmiyyətli tədbirlər
sırasında Amnistiya aktlarının qəbul olunması
xüsusi yer tutur. Daha dəqiq desək, onun təşəbbüsü
ilə Milli Məclisdə Amnistiya aktlarının qəbul
olunması və bunun sayəsində minlərlə məhkumun
azadlığa qovuşması, yenidən cəmiyyətə
inteqrasiya olunması təqdirəlayiq hal kimi sosial-ictimai cəhətdən
çox mühüm əhəmiyyətə malikdir. Təsadüfi deyil ki, həm millət vəkili kimi
təmsil etdiyi seçiciləri, həm də
bütövlükdə, Azərbaycan xalqı Mehriban xanım
Əliyevanın Milli Məclisin deputatı statusunda fəaliyyətini
çox yüksək dəyərləndirərək - təqdirlə
qarşılayaraq öz inam və etimadlarını ifadə
ediblər.
Mehriban xanım Əliyevanın, həmçinin
respublikamızın Birinci vitse-prezidenti kimi öz üzərinə
düşən vəzifələri layiqincə yerinə
yetirməsi xalqın ona olan sevgisinin və rəğbətinin
daha da artmasına səbəb olub. Bu məqamda,
qeyd etmək lazımdır ki, Azərbaycanda həyata
keçirilən çoxşaxəli, genişmiqyaslı,
kompleksxarakterli və sistemli islahatların tərkib hissəsi
kimi vitse-prezidentlik institutunun yaradılması ötən
müddət ərzində idarəetmənin səmərəliliyinin
və çevikliyinin artmasına, bir sıra mühüm
strateji hədəflərin gerçəkləşməsinə
imkan verib. Xüsusilə də, Mehriban xanım
Əliyevanın respublikamızın Birinci vitse-prezidenti kimi məqsədyönlü
fəaliyyəti Azərbaycanın milli gücünün
artmasına müstəsna töhfə olub, ölkəmizin
qarşısında yeni və çox mühüm strateji
perspektivlər açılıb. Daha dəqiq
desək, Prezident İlham Əliyevin 2017-ci il 21 fevral tarixində
imzaladığı müvafiq Sərəncama əsasən,
Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci
vitse-prezidenti təyin olunması ilə Azərbaycanın
inkişafında keyfiyyətcə yeni mərhələnin əsası
qoyulub. “Ölkəmizin və
xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana
layiqincə xidmət etməyə çalışacağam”,
- deyən Mehriban xanım Əliyeva öz vədinə - Vətənə,
xalqa və dövlətə sədaqətlə xidmət
sözünə əməl edərək strateji
missiyasını layiqincə yerinə yetirmək və
qüdrətli Azərbaycan naminə
mühüm nailiyyətlərə imza atmaq xoşbəxtliyinə
müvəffəq olub. Ötən
zaman müddətində Birinci vitse-prezidentin təşəbbüsü
ilə əhalinin geniş təbəqələrini əhatə
edən çox mühüm addımlar atılıb,
xüsusilə də vətəndaşlarımızı
maraqlandıran sosial məsələlərin həlli
istiqamətində ardıcıl tədbirlər həyata
keçirilib. Ayrıca qeyd etmək lazımdır ki, Mehriban
xanım Əliyeva cəmiyyətin həssas təbəqələrinin
istəklərinin yerinə yetirilməsi - onların problemlərinin
həll olunması istiqamətində fəaliyyətə
xüsusi önəm verir. Onun Birinci
vitse-prezident vəzifəsində 2017-ci il martın 9-da
keçirdiyi ilk müşavirənin məhz Bakı və
Sumqayıt şəhərlərinin yataqxanalarında müvəqqəti
məskunlaşmış qaçqın və məcburi
köçkün ailələrinin köçürülməsi
məsələsinə həsr olunması deyilənlərin
bariz nümunəsidir. Vurğulamaq gərəkdir
ki, həmin müşavirədən sonra qəzalı binalarda
yaşayan məcburi köçkün ailələrinin
köçürülməsi üçün tədbirlər
planı hazırlanıb, yeni yaşayış komplekslərinin
təməli qoyulub, məcburi köçkünlərə mənzillər
təqdim edilib və digər müvafiq addımlar
atılıb. Sonrakı illərdə də bu proses davamlı
xarakter daşıyıb. Bunlarla yanaşı,
yeni layihələr əsasında ölkəmizin ərazi
bütövlüyünün təmin olunması uğrunda gedən
döyüşlərdə yaralananların xüsusi tibbi xidmətlərlə
təmin olunmaları, əlillərə, müharibə
veteranlarına, qazilərə, şəhid ailələrinə
və erməni vandalizmindən, müharibədən əziyyət
çəkən digər kateqoriyadan olan insanlara sosial dəstək
xarakterli işlərin görülməsi də xüsusi qeyd
edilməlidir. Bu, Mehriban xanım Əliyevanın dövlət
idarəçiliyi sahəsində fəaliyyətinin milli
maraqlara və çağdaş qlobal
çağırışlara adekvat cavab verməklə
yanaşı, humanizm və vətənpərvərlik prinsiplərinə
də əsaslandığını göstərir.
Mehriban xanım Əliyevanın
dövlətçilik maraqlarının qorunmasına və
milli həmrəyliyin gücləndirilməsinə xidmət
edən ictimai-siyasi fəaliyyətinin çox mühüm
istiqamətlərindən birini qurucusu Ümummilli Liderimiz Heydər
Əliyev olan Yeni Azərbaycan Partiyasının Sədrinin
müavini statusunda gördüyü
işlər təşkil edir. İnkaredilməz həqiqətdir
ki, YAP ötən müddət ərzində Heydər
Əliyev ideyaları əsasında və Prezident İlham
Əliyevin rəhbərliyi ilə zəngin və şərəfli
inkişaf yolu keçib, çox mühüm - tarixi əhəmiyyətə
malik olan nailiyyətlər qazanıb. Sıralarında
Azərbaycan cəmiyyətinin, demək olar ki, bütün təbəqələrindən
olan, sağlamdüşüncəli və möhkəməqidəli
insanları birləşdirən Yeni Azərbaycan
Partiyasının fəaliyyətinin səmərəliliyini təmin
edən mühüm strateji amillərdən biri
partiyanın struktur və təşkilati nöqteyi-nəzərdən
yenilənməsi, islahatlar çərçivəsində təkmilləşməsidir.
Xüsusilə də, partiyanın
qurultaylarında qəbul edilən qərarlar YAP-ın fəaliyyətində
yeni keyfiyyət dəyişikliklərini təmin edən
çox mühüm amildir. Ən əsası, Mehriban
xanım Əliyevanın partiyanın 2013-cü ildə
keçirilmiş V Qurultayında YAP Sədrinin müavini,
2021-ci ilin mart ayının 5-də baş
tutmuş VII Qurultayında isə YAP Sədrinin birinci
müavini təyin olunması partiyamız və
bütövlükdə, cəmiyyət üçün
mühüm əhəmiyyət kəsb etməklə
yanaşı, YAP-ın və dövlətimizin daha da güclənməsinə
xidmət edən mötəbər hadisədir. Əminliklə vurğulamaq olar ki, Mehriban
xanım Əliyevanın fəaliyyəti bundan sonra da
Ümummilli Liderimizin siyasi mirası olan YAP-ın yeni nailiyyətlər
əldə edərək öz nüfuzunu daha da
artırması, Azərbaycanın sürətli və hərtərəfli
inkişafına davamlı töhfə verməsi baxımından
olduqca əlamətdar olacaq.
Heydər Əliyev Fondu milli məqsədlərin
və strateji hədəflərin gerçəkləşdirilməsində
mühüm rol oynayır
Mehriban xanım Əliyevanın
xalqımızın həmrəyliyinin gücləndirilməsinə
və Azərbaycanın davamlı - dayanıqlı
inkişafına xidmət edən çoxşaxəli fəaliyyətinin
mühüm istiqamətlərindən birini Heydər Əliyev
Fonduna uğurla rəhbərlik etməsi təşkil edir.
Fondun genişmiqyaslı və beynəlxalq əhəmiyyətli
fəaliyyəti, müxtəlif sahələri əhatə edən
layihələrin reallaşdırılması, heç
şübhəsiz, ictimai-sosial, tarixi, mədəni, humanitar
nöqteyi-nəzərdən böyük önəm
daşıyır. Bütövlükdə,
2004-cü ildən fəaliyyətə başlamış Heydər
Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət,
idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə
müxtəlif layihələr həyata keçirərək
yeni cəmiyyət quruculuğunda fəal iştirak edir,
ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini
verir.
Ən əsası, Heydər Əliyev Fondu
Ümummilli Liderimizin zəngin irsinin
araşdırılması və bu irsin xalqımızın mənəvi
sərvəti kimi gələcək nəsillərə
çatdırılmasında müstəsna rol oynayır. Bu, həm Heydər Əliyev fenomeninin Azərbaycanın
çoxəsrlik dövlətçilik tarixində əvəzolunmaz
yerinin və rolunun daha dərindən öyrənilməsi, həm
də müstəqil Azərbaycan dövlətinin keçdiyi
inkişaf yolunun siyasi, iqtisadi, mədəni, humanitar, tarixi
aspektlərinin fundamental səviyyədə tədqiq
olunması baxımından xüsusi önəm
daşıyır. Təsadüfi deyil ki, Heydər
Əliyev ideyalarını dərindən mənimsəyən,
milli məfkurəmiz olan azərbaycançılıq
ideologiyasının ətrafında sıx birləşən
gənc nəslin nümayəndələri qüdrətli Azərbaycan
dövlətinin sağlamdüşüncəli vətəndaşları
kimi ölkəmizin inkişafına mühüm töhfə
verir, respublikamızı beynəlxalq arenada layiqincə təmsil
edirlər.
Əlbəttə, Ulu Öndərimizin
adını daşıyan, Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun fəaliyyəti olduqca
genişmiqyaslı və dərinməzmunludur, ictimai həyatın
bütün sahələrini əhatə edir, eyni zamanda, Azərbaycanın
inzibati-coğrafi sərhədləri ilə məhdudlaşmır.
Ümumiləşdirsək, qeyd edə bilərik ki, Fond bir
çox sahələrdə olduqca mühüm işlər
görür. Bu kontekstdə konkret olaraq
aşağıdakı istiqamətlərdə həyata
keçirilən tədbirləri sadalaya bilərik:
- Cəmiyyətin yaradıcı və
elmi-intellektual
potensialının artırılmasına maddi, mənəvi
və təşkilati dəstəyin göstərilməsi;
- Milli-mənəvi dəyərlərin
qorunması, gənc nəslin tarixi ənənələr və
milli dəyərlər əsasında tərbiyə
olunması, vətənpərvərliyin təbliği istiqamətində
məqsədyönlü tədbirlərin həyata
keçirilməsi;
- Multikulturalizmin, tolerantlığın,
sivilizasiyalararası dialoqun, mədəniyyətlərin
inteqrasiyası ideyasının təbliği və təşviqi
istiqamətində ardıcıl işlərin görülməsi
- mühüm layihələrin
reallaşdırılması;
- Vətəndaş cəmiyyəti
quruculuğuna və milli həmrəyliyin gücləndirilməsinə
davamlı dəstək verilməsi;
- Təhsil, səhiyyə, mədəniyyət
və digər sahələrdə infrastruktur quruculuğu
istiqamətində ardıcıl addımlar atılması;
- Xeyirxahlıq, humanizm kimi ümumbəşəri
və ali dəyərlərin təbliğinin həyata
keçirilməsi və s.
Xüsusilə də, Mehriban
xanım Əliyevanın təşəbbüsü ilə
reallaşdırılan layihələr, icra olunan proqramlar, qeyd
etdiyimiz kimi, təhsil və səhiyyə sahəsində
müasir infrastruktur quruculuğuna, bu istiqamətlərdə
davamlı inkişafa ciddi dəstək xarakteri
daşıyır. “Uşaq evləri və
internat məktəblərinin inkişafı”, “Yeniləşən
Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”,
“Məktəbəqədər təhsil müəssisələrinin
inkişafı” və digər proqramların həyata
keçirilməsi, yeni məktəb
binalarının inşa olunması və yenidən
qurulması, uşaq müəssisələrinin əsaslı
şəkildə təmir edilməsi və digər
addımlar cəmiyyətdə böyük minnətdarlıqla
və bütövlükdə, ümummilli təqdirlə
qarşılanır. Eyni zamanda, Mehriban xanım
Əliyevanın təşəbbüsü olan “Diabetli
uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat
naminə”, “Tibb müəssisələrinin yenidən
qurulması və inşası” kimi unikal layihələr
çərçivəsində görülən işlər,
xeyriyyə aksiyalarının təşkil olunması
sağlam ictimai gələcəyin inşasında vacib
rol oynayır.
Azərbaycan reallıqlarının beynəlxalq
ictimaiyyətin diqqətinə təqdim olunması, informasiya
müharibəsi və tarixi Zəfərimiz kontekstində
Mehriban xanım Əliyevanın fəaliyyətinin
çox mühüm istiqamətlərindən birini Azərbaycan
reallıqlarının dünya ictimaiyyətinin diqqətinə
çatdırılması - ölkə həqiqətlərinin
beynəlxalq səviyyədə sistemli təbliği təşkil
edir. İnkaredilməz reallıqdır ki, Prezident İlham
Əliyevin rəhbərliyi ilə həyata keçirilən
dərin strateji diplomatiya siyasəti Azərbaycanın tarixi Zəfər
qazanmasını - ölkəmizin ərazi
bütövlüyünün bərpa olunmasını təmin
edən çox mühüm amillərdən biridir. Bu kontekstdə,
dövlət başçısının qlobal məzmun
daşıyan informasiya strategiyası çox mühüm
faktordur. Daha dəqiq desək, bu strategiya çərçivəsində
şaxələndirilmiş fəaliyyət Azərbaycan həqiqətlərinin
beynəlxalq ictimaiyyətin diqqətinə təqdim
olunması, anti-Azərbaycan dairələrin qara piar
kampaniyasının iflasa uğradılması, erməni
yalanlarının ifşa olunması kimi strateji hədəfləri
əhatə edir. Məhz Mehriban xanım Əliyevanın
rəhbərliyi ilə görülən işlər də bu
kontekstdə effektiv addımların atılması və real nəticələrin
əldə olunması baxımından çox əhəmiyyətlidir.
Bəhs olunan yöndə sistemli fəaliyyətin
əsas istiqamətlərindən biri Azərbaycanın haqq
işi - milli mübarizəsi ilə əlaqədardır. Bu baxımdan, Mehriban xanım Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun artıq tarixə
qovuşmuş Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi ilə əlaqədar beynəlxalq
təbliğat missiyası fonunda məqsədyönlü layihələr
reallaşdırması xüsusi qeyd edilməlidir. Fond tərəfindən keçmiş münaqişə
ilə əlaqədar müasir və təkmil internet
resurslarının yaradılması, müxtəlif dillərdə
“Qarabağ həqiqətləri” adlı bukletlərin
hazırlanması, geniş auditoriyaya paylanması və digər
addımlar dünya ictimaiyyətinə problemin səbəbləri
haqqında kifayət qədər doğru - obyektiv məlumatın
çatdırılmasına imkan verib. Fondun dəstəyi
ilə 2007-ci ildən başlayaraq hər il müxtəlif
ölkələrdə Xocalı faciəsinə həsr
olunmuş konfransların, tədbirlərin keçirilməsi,
“Xocalı soyqırımı” filminin, ermənilərin
Xocalıda törətdikləri vəhşilikləri əks
etdirən fotoşəkillərin, xarici ölkələrin
nüfuzlu nəşrlərində Xocalı faciəsi
haqqında dərc edilmiş materialların təqdim
olunması da sistemli təbliğat işlərinin tərkib
hissəsi kimi xüsusi önəm daşıyır. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla
Əliyevanın təşəbbüsü ilə əsası
qoyulan “Xocalıya ədalət!” beynəlxalq kampaniyası isə
öz səmərəli nəticələri ilə Azərbaycan
dövlətinin bəhs olunan istiqamətdə məqsədyönlü
diplomatik fəaliyyətinə çox mühüm dəstək
kimi böyük əhəmiyyətə malikdir. Bir sıra ölkələrin qanunverici
orqanlarının - parlamentlərinin Xocalı faciəsinin
soyqırımı kimi tanınması ilə bağlı qərarlar
qəbul etməsində, ayrı-ayrı dövlətlərdə
Xocalı soyqırımı abidələri qoyulmasında
“Xocalıya ədalət!” beynəlxalq kampaniyasının
müstəsna rolu vardır.
Yeni mərhələdə - postkonflikt
dövründə də bu beynəlxalq əhəmiyyətli
sistemli fəaliyyət uğurla davam etdirilir. Yeri
gəlmişkən, Qarabağ Dirçəliş Fondunun Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə həyata
keçirdiyi “Karabakh.Center” layihəsi də informasiya
müharibəsində Azərbaycanın strateji mövqelərinin
gücləndirilməsi baxımından xüsusi əhəmiyyətə
malikdir. Bu internet resursunun çoxsaylı
materiallarının konkret nümunələr əsasında
Azərbaycan xalqının Qarabağda maddi-mədəni irsinə,
bu regionun biomüxtəlifliyinə və təbii sərvətlərinə
dəyən ziyanın miqyası ilə tanış olmaq
imkanı yaratması qlobal müstəvidə mövcud reallıqlara
obyektiv baxışın əhatə dairəsinin
genişləndirilməsi üçün çox önəmlidir.
Bütövlükdə, erməni
vandalizminin real faktlar əsasında dünyada ifşa
olunması, beynəlxalq informasiya platformasında Azərbaycanın
mövqeyinin möhkəmləndirilməsi, müharibəsonrası
praqmatik və çoxvektorlu diplomatik fəaliyyətə
informasiya dəstəyinin verilməsi kimi istiqamətlərdə
həyata keçirilən tədbirlər strateji xarakter
daşıyır. Bu, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
hücum diplomatiyasının tərkib hissəsi kimi qlobal ictimai
rəyin daim Azərbaycanın lehinə olması hədəfinə
çatmağa real imkanlar - əlverişli zəmin və
şərait yaradır.
Mədəniyyət diplomatiyası
xalqımızın zəngin tarixi və mədəni irsinin
geniş beynəlxalq auditoriyaya çatdırılmasına
xidmət edən strateji faktor kimi
Qeyd etdiyimiz kimi, Mehriban xanım
Əliyevanın milli mədəniyyətimizin təbliği, mənəvi
irsimizin qorunması, Azərbaycanın zəngin tarixi və mədəni
mirasının dünya ictimaiyyətinə
çatdırılması istiqamətində
genişmiqyaslı fəaliyyəti dərin milli məzmun və
qlobal xarakter daşıyır. 1995-ci ildə
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
hazırda onun rəhbərlik etdiyi Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun, həmçinin 1996-cı ildə Azərbaycan
mədəniyyətinin geniş təbliğ olunması məqsədilə
Azərbaycan, ingilis və rus dillərində çap olunan “Azərbaycan
- İrs” jurnalının təsis edilməsi,
Heydər Əliyev Fondunun təşkilatçılığı
ilə bir çox ölkədə xalqımızın milli-mənəvi
dəyərlərinin, Azərbaycan xalqının zəngin mədəniyyət
nümunələrinin tanıdılması ilə əlaqədar
sərgilərin keçirilməsi kimi addımlar mədəniyyət
diplomatiyasının tərkib hissəsi kimi olduqca
böyük önəmə malikdir. Eyni zamanda,
Heydər Əliyev Fondunun dəstəyi ilə mütəmadi
olaraq Qəbələ Beynəlxalq Musiqi Festivalının
keçirilməsi, Şərq və Qərb musiqisini - mədəni
dəyərlərini nümayiş etdirən bu tədbir
çərçivəsində məşhur ifaçılar
və bəstəkarların bir araya gəlməsi,
Fondun 2009-cu ildən etibarən bir sıra dövlət
qurumları ilə birgə Respublika Muğam Müsabiqəsi və
Beynəlxalq Muğam Festivalı təşkil etməsi və
digər mühüm tədbirlər Azərbaycan
xalqının zəngin mədəni dəyərlərinin, mənəvi
sərvətlərimizin, ölkəmizdəki
yaradıcılıq, tolerantlıq və multikulturalizm
mühitinin geniş beynəlxalq platformada təbliğ
olunması işinə misilsiz töhfədir.
Bunlarla yanaşı, ölkəmizin müsbət
və mütərəqqi simasının
tanıdılmasında, zəngin mədəniyyətimizin təbliğində
UNESCO platformasından geniş istifadə olunması da təqdirəlayiq
hal kimi olduqca faydalıdır. Heydər
Əliyev Fondunun BMT-nin ən mötəbər qurumlarından
olan UNESCO ilə əlaqələri bu baxımdan xüsusi əhəmiyyətə
malikdir. Özəlliklə diqqətə çatdırmaq gərəkdir
ki, Heydər Əliyev Fondunun rəhbəri və UNESCO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
səmərəli fəaliyyətinin nəticəsində
bu zamana qədər İçərişəhər, o
cümlədən Şirvanşahlar Sarayı və Qız
qalası, Qobustan qayaüstü rəsmləri, Xan Sarayı ilə
birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun
Ümumdünya İrs Siyahısına daxil edilib. Həmçinin muğam və aşıq sənətimiz,
“Kamança simli musiqi alətinin hazırlanması və
ifaçılıq sənəti”, “Dədə Qorqud irsi”, Azərbaycan
kəlağayı sənəti Qeyri-Maddi Mədəni İrs
üzrə Reprezentativ Siyahısına salınıb. Həmçinin
Azərbaycan UNESCO-nun Ümumdünya İrs Komitəsinin
43-cü sessiyasına uğurla ev sahibliyi edib. Eyni
zamanda, mötəbər beynəlxalq qurumlarda, dünyanın
müxtəlif ölkələrində sərgilərin, mədəniyyət
gecələrinin və digər tədbirlərin təşkili,
eləcə də Avropa Parlamentinin mənzil-iqamətgahında,
Afinada, Kannda Azərbaycan mədəniyyəti günlərinin
keçirilməsi, Parisdə Azərbaycan Mədəniyyət
Mərkəzinin açılması, dünyanın müxtəlif
şəhərlərində görkəmli şəxsiyyətlərimizin
abidələrinin ucaldılması Azərbaycan
reallıqlarının təbliği kontekstində çox əhəmiyyətlidir.
Mədəniyyət
diplomatiyası çərçivəsində Heydər
Əliyev Fondu tərəfindən həyata keçirilən tədbirlər
- görülən işlər Şərqlə Qərb
arasında mənəvi körpü rolunu oynayan Azərbaycanın
beynəlxalq miqyasda sivilizasiyalarası dialoqun inkişafına
stimul - impuls verməsini də şərtləndirir,
ölkəmizin humanitar sahədə ikitərəfli əlaqələrinin
inkişafına müsbət təsir göstərir. Fransa, İtaliya, Bolqarıstan və başqa bir
sıra ölkələrdə dini-mədəni abidələrin
bərpası kimi addımlar, “Bakı prosesi”nin uğurla davam
etdirilməsi və digər faktorlar Azərbaycanın
multikultural dəyərlərə həssas münasibətinin
və yüksək hörmətinin, xalqlararası əməkdaşlığın
dərinləşdirilməsinə davamlı dəstəyinin
bariz nümunəsi kimi olduqca diqqətəlayiqdir.
Bunlarla yanaşı,
xalqımızın sarsılmaz həmrəyliyinin, qətiyyətli
mübarizə əzminin ifadəsi və dövlətimizin
qüdrətinin rəmzi olan “Dəmir yumruğun” düşmənin
başını əzməsi - belini qırması nəticəsində
qazanılan tarixi Zəfərdən sonra yeni mərhələdə
də mədəniyyət diplomatiyası uğurla davam
etdirilir. Bu, xüsusilə Azərbaycan xalqının maddi
irsinə, tarixi-mədəni abidələrinə qarşı
həyata keçirilmiş terror fəaliyyətinin - erməni
vandalizminin ifşası və faktların beynəlxalq aləmə
təqdim olunması üçün vacibdir.
Yeri gəlmişkən, Azərbaycanın
böyük Qələbəsindən sonra 12-13 may 2021-ci il
tarixində Şuşanın Cıdır düzündə
Prezident İlham Əliyevin təşəbbüsü və
Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun təşkilatçılığı ilə
“Xarıbülbül” musiqi festivalının
keçirilməsi xüsusi tarixi, siyasi, ictimai və mədəni
əhəmiyyətə malikdir. “Xarıbülbül”
festivalı Azərbaycanın zəngin tarixi-mədəni ənənələrini
bir daha dünyaya nümayiş etdirməklə yanaşı,
xalqımızın tolerantlıq və multikulturalizm dəyərlərinə
sadiqliyini, ölkəmizdə müxtəlif dinlərə və
millətlərə mənsub olan insanların vahid ailə kimi
sülh, təhlükəsizlik şəraitində
mehriban birgəyaşayışa malik olduğunu növbəti
dəfə təsdiqlədi. Təbii ki, Azərbaycanın
mədəniyyət paytaxtı və Qarabağın tacı
Şuşanın işğaldan azad olunmasından sonra ilk dəfə
keçirilən “Xarıbülbül” festivalında ölkəmizdə
yaşayan müxtəlif xalqların yaradıcılıq
nümunələrinin nümayiş etdirilməsi həm də
musiqinin dili ilə verilən dərin və konkret ictimai-siyasi
mesaj kimi böyük rəmzi məna daşıyır. Bu, hər
şeydən əvvəl Vətən müharibəsində qələbəmizi
təmin edən çox mühüm amillərdən biri olan
ictimai həmrəyliyin - milli birliyin bariz nümunəsi - əyani
ifadəsidir.
Azərbaycanın müsbət beynəlxalq
imicinin daha da möhkəmlənməsinə müstəsna
töhfə
Sadalananlarla yanaşı, Mehriban
xanım Əliyevanın Azərbaycan reallıqlarının
sistemli təbliğinə və ölkəmizin beynəlxalq
nüfuzunun daha da artmasına xidmət edən məqsədyönlü
fəaliyyətindən bəhs edərkən onun böyük
təşkilatçılıq bacarığı sayəsində
respublikamızın mötəbər tədbirlərə
yüksək səviyyədə ev sahibliyi etməsini
xüsusi vurğulamaq gərəkdir. Sirr deyil ki, sabitlik
adası və təhlükəsizlik məkanı kimi
tanınan Azərbaycan beynəlxalq dialoq və əməkdaşlıq
mərkəzi olaraq səciyyələndirilir. Bunu təsdiq edən
mühüm amillərdən biri respublikamızda mötəbər
beynəlxalq tədbirlərin uğurla keçirilməsidir.
Bu barədə bir neçə fakta nəzər yetirmək məqsədəmüvafiq
olar.
Avropanın “musiqi bayramı” kimi səciyyələndirilən
nüfuzlu “Eurovision” beynəlxalq mahnı müsabiqəsinin
2012-ci ildə Bakıda ən yüksək səviyyədə
keçirilməsi ölkəmizin dünyada
tanıdılması işində xüsusi rol oynayıb. Eyni zamanda, 2015-ci ildə paytaxtımızda baş
tutan ilk Avropa Oyunları zamanı Mehriban xanım
Əliyevanın rəhbərliyi ilə çalışan
“Bakı-2015” I Avropa Oyunları Təşkilat Komitəsinin
yüksək əzmkarlığı sayəsində Azərbaycan
Avropa Oyunlarının standartlarını müəyyənləşdirib.
Sözügedən oyunların möhtəşəm
açılış və bağlanış mərasimləri
unikal - bənzərsiz nümunə kimi beynəlxalq səviyyədə
heyrətlə və rəğbətlə
qarşılanıb. Bu, həmçinin Azərbaycan
dövlətinin potensialını, gücünü,
xalqımızın mənəvi dəyərlərini və
ali keyfiyyətlərini bütün dünyaya nümayiş
etdirib. 2017-ci ildə paytaxt Bakıda keçirilən IV
İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsi
də Mehriban xanım Əliyevanın rəhbərliyi ilə
uğurla fəaliyyət göstərib, nəticə etibarilə,
Azərbaycan IV İslam Həmrəylik Oyunlarına müvəffəqiyyətlə
ev sahibliyi edib. Bu, həm də mədəniyyətlərarası
dialoqun inkişafında və təşviqində vacib rol
oynayan Azərbaycanın İslam həmrəyliyinin gücləndirilməsinə
daha bir töhfəsi olub.
Beləliklə, Mehriban xanım
Əliyevanın yüksək təşkilatçılıq
bacarığı sayəsində ölkəmizdə
uğurla keçirilən bəhs olunan və digər mötəbər
tədbirlər Azərbaycanın beynəlxalq nüfuzunun daha
da artmasına təkan verib. Ümumiyyətlə, Azərbaycanın
prestijli beynəlxalq tədbirlərə, o
cümlədən mədəniyyət və idman tədbirlərinə
ev sahibliyi etməsi bir çox cəhətdən strateji
önəm daşıyır. Ən əsası, bu, ölkəmizin
beynəlxalq arenada mövqeyinin daha da güclənməsi, Azərbaycanın
imkanlarının geniş qlobal ictimaiyyətə təqdim
olunması - milli reallıqların təbliği
baxımından çox əhəmiyyətlidir.
Coğrafi sərhədləri aşan
çoxşaxəli və xoşməramlı fəaliyyət
beynəlxalq arenada - geniş qlobal platformada olduqca yüksək
qiymətləndirilir
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və
ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın çoxşaxəli, ali məqsədlərə
və ümumbəşəri dəyərlərə əsaslanan
fəaliyyəti təkcə ölkə daxilində deyil, beynəlxalq
arenada - geniş qlobal platformada da olduqca yüksək qiymətləndirilir.
Bu isə təsadüfi deyil, çünki
Mehriban Əliyevanın həyat kredosunu təşkil edən
prinsiplərin ehtiva olunduğu genişmiqyaslı fəaliyyəti
xeyirxahlığın və humanizmin nümunəsi olmaqla
yanaşı, xalqlar arasında ortaq dəyərlər əsasında
inteqrasiyanın sürətləndirilməsinə, mədəniyyətlərarası
paritet və ahəngdar dialoqun inkişafına xidmət
göstərir. Təsadüfi deyil ki, müxtəlif
dövlətlərin rəsmiləri, dünya miqyasında
nüfuzlu siyasətçilər, populyar ictimaiyyət və mədəniyyət
xadimləri, alimlər, tədqiqatçılar Mehriban
xanım Əliyevanın ayrı-ayrı sahələrin
inkişafına mühüm töhfələr verən
xoşməramlı fəaliyyətini təqdir edən olduqca
dəyərli fikirlər ifadə edirlər. Bu
isə respublikamızın Birinci vitse-prezidentinin, Heydər
Əliyev Fondunun prezidentinin, UNESCO və ISESCO-nun xoşməramlı
səfirinin yüksək ideallara əsaslanan, mütərəqqi
ideyaları və çağırışları
özündə ehtiva edən, bəşəriyyətin təmənna
və gözləntilərinə adekvat cavab verən fəaliyyətinin
hər hansı inzibati-coğrafi sərhədlərlə
məhdudlaşmadığını, məzmun və mahiyyət
etibarilə, bəşəri əhəmiyyət və beynəlmiləl
xarakter daşıdığını bir daha təsdiqləyir.
Bunlarla yanaşı, Mehriban xanım Əliyevanın
miqyas etibarilə, geniş və əhatəli, mahiyyətcə
dərin və faydalı strateji, xoşməramlı fəaliyyəti
nəticəsində çoxlu sayda nüfuzlu mükafatlara
layiq görülməsi təsadüfi deyil. Təbii
ki, milli və beynəlxalq səviyyədə elm, səhiyyə,
idman, təhsil, texnologiya və ekologiyanın inkişafına
verdiyi töhfələrə, həmçinin ictimai, sosial və
mədəni həyatda fəal iştirakına, mədəniyyətimizin
dünyada təbliği sahəsində əvəzsiz xidmətlərinə,
ümumdünya mədəni irsinin qorunub
saxlanması işinə hərtərəfli dəstəyinə,
sosial ədalət və humanizm prinsiplərinə sadiqliyinə
görə bir çox beynəlxalq mükafata layiq
görülməsi Mehriban xanım Əliyevanın fəaliyyətinə
verilən yüksək dəyərin - obyektiv qiymətin ifadəsidir.
Azərbaycanın ən ali dövlət
mükafatı olan “Heydər Əliyev” ordeninə layiq
görülməsi, Avropa Olimpiya Komitələrinin Ali ordeni,
Fransanın “Şərəf Legionu” ordeni, İtaliyanın
“Xidmətlərə görə” Böyük Xaç Kavaleri
ordeni, Polşanın “Böyük Komandor Xaçı” ordeni,
Rusiyanın “Dostluq” ordeni, UNESCO-nun “Qızıl Motsart”
medalı və digər mükafatlarla təltif olunması
Mehriban xanım Əliyevanın nümunəvi - fenomenal fəaliyyəti
ilə fərqləndiyini və yüksək beynəlxalq
nüfuza malik olduğunu göstərən mühüm
faktorlardandır. Bu, eyni zamanda, müasir beynəlxalq
münasibətlər sistemində güclü dövlət,
müstəqil siyasət həyata keçirən nüfuzlu
respublika kimi tanınan Azərbaycanın müsbət beynəlxalq
imicinin daha da möhkəmlənməsinə müstəsna
töhfədir.
Mehriban xanım Əliyevanın ən
böyük mükafatı xalqın ona olan dərin rəğbəti,
tükənməz sevgisi, sarsılmaz inamı və
güclü etimadıdır
Əlbəttə,
çoxsaylı orden və medallarla təltif olunan, fəxri
adlara layiq görülən Mehriban xanım Əliyevanın ən
böyük mükafatı xalqın ona olan dərin rəğbəti,
tükənməz sevgisi, sarsılmaz inamı və
güclü etimadıdır. Bu isə nüfuzlu siyasətçi
və populyar ictimai persona üçün, sözün əsl
mənasında, böyük üstünlük və mənəvi
sərvətdir.
Yeri gəlmişkən, Mehriban
xanım Əliyeva Birinci vitse-prezident təyin olunduqdan bir
neçə gün sonra “Rossiya 1” telekanalının “Vesti
nedeli” proqramına müsahibəsində “Mən Prezidentin
etimadını, ən başlıcası isə mənə
inanan, ümid bəsləyən insanların etimadını
doğrultmalıyam”, - deyə bildirməklə öz
üzərinə düşən vəzifələri layiqincə
yerinə yetirəcəyini bəyan etmişdi. Ötən
zaman müddəti bu vədin əməli surətdə
özünü doğrultduğunu göstərdi. Daha dəqiq desək, Mehriban xanım Əliyeva
öz nümunəvi fəaliyyəti ilə dövlət
başçısının, ona inamını ifadə edən,
böyük ümidlər bəsləyən insanların
etimadını ən yüksək səviyyədə
doğrultmağı bacarıb!
Nəticə etibarilə, müxtəlif
statuslarda çoxşaxəli və genişmiqyaslı səmərəli
fəaliyyəti ilə həm ölkəmizdə, həm də
beynəlxalq səviyyədə mühüm nailiyyətlərə
imza atan, xalqımızın və dünya miqyasında
geniş ictimaiyyətin böyük rəğbətini qazanan
Mehriban xanım Əliyevanın həyat yolu
parlaq nümunədir. Ülvi məqsədləri, ali dəyərləri
özündə ehtiva edən, müsbət reallıqları əks
etdirən bu fəaliyyət, eyni zamanda, Azərbaycanın gələcəyinə
işıq salır, bundan sonra da milli və qlobal məzmunlu
işlərin böyük əzmlə və qətiyyətlə
davam etdirilməsinə geniş imkanlar yaradır. Əminliklə
söyləmək olar ki, Mehriban xanım Əliyeva
qarşıdakı dövrdə də Azərbaycan
Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin ən yaxın silahdaşı kimi
yerli və beynəlxalq ictimaiyyət tərəfindən
təqdirlə qarşılanan fəaliyyətini uğurla
davam etdirəcək, ölkəmizin strateji hədəflərinin
reallaşdırılmasına öz misilsiz töhfəsini verəcək!
Tahir Budaqov
YAP sədrinin
müavini - Mərkəzi Aparatın rəhbəri
Yeni
Azərbaycan.- 2021.- 27 avqust.- S.6-7