Müasir beynəlxalq
münasibətlər sistemində
güclü və nüfuzlu dövlət kimi tanınan Azərbaycan BMT-nin fəal üzvüdür
Cənubi Qafqaz
regionunun lider dövləti olan Azərbaycanın sıx əməkdaşlıq etdiyi
qurmlardan biri də Birləşmiş Millətlər Təşkilatıdır.
Respublikamız BMT-nin üzvlüyünə 1992-ci il 2 mart tarixində qəbul olunub. Ümummilli liderimiz Heydər Əliyevin 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının
49-cu sessiyasında iştirakı
ilə ölkəmizlə
qurum arasında səmərəli tərəfdaşlığın
əsası qoyulub.
Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı olan
BMT-nin məqsədlərinə
beynəlxalq miqyasda sülhün, təhlükəsizliyin qorunması,
ölkələr arasında
dostluq münasibətlərinin
inkişaf etdirilməsi,
iqtisadi, sosial, mədəni, humanitar xarakterli beynəlxalq problemlərin həlli istiqamətində əməkdaşlığın
həyata keçirilməsi,
insan hüquqları və əsas azadlıqlara hörmətin
təşviq edilməsi
daxildir. Azərbaycanın milli maraqlar
üzərində qurulan
xarici siyasət kursunun əsas prinsipləri də qurumun qeyd olunan
məqsədləri ilə
üst-üstə düşür.
Buna görə də ölkəmizin BMT-də təmsilçiliyi uğurlu olub.
“Azərbaycan həmişə
BMT-nin fəal üzvü olmuşdur”. Bu fikri Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev BMT-nin ölkəmizdə yeni təyin olunmuş rezident əlaqələndiricisi xanım
Vladanka Andreyevanı qəbul edərkən səsləndirib. Xatırladaq ki,
respublikamız beynəlxalq
birliyin böyük dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçilib. Səsvermə prosesində 155 ölkə
Azərbaycanın namizədliyini
dəstəkləyib ki,
bu da respublikamızın
beynəlxalq nüfuzunu
və fəal xarici siyasətini nümayiş etdirir.
Azərbaycan BMT TŞ-də
təmsilçiliyi dövründə
səmərəli fəaliyyət
göstərərək beynəlxalq
gündəliyin bir sıra aktual məsələləri ilə
bağlı mühüm
təşəbbüslər irəli sürüb və onların həyata keçirilməsinə
nail olub. Bəhs olunan qəbulda
da bildirildiyi kimi, hazırda ölkəmiz Qoşulmama Hərəkatının
sədri statusunda beynəlxalq münasibətlər
sistemində mühüm
rol oynayır və BMT Baş katibinin təşəbbüslərinə
dəstək olur.
Qeyd edək ki, ötən ilin sonunda Qoşulmama
Hərəkatının sədri
kimi Azərbaycanın təşəbbüsü
əsasında BMT Baş
Assambleyasının yeni
növ koronavirus pandemiyasına qarşı
mübarizə mövzusunda
Xüsusi sessiyası keçirildi ki, bu da təhlükəli xəstəliyə qarşı
qlobal həmrəyliyin
möhkəmləndirilməsinə ölkəmizin növbəti
töhfəsi oldu. Vurğulamaq yerinə düşər ki, Azərbaycan Prezidentinin BMT Baş Assambleyasının yeni növ koronavirus pandemiyası ilə mübarizə mövzusunda
Xüsusi sessiyasının
keçirilməsi təşəbbüsünə
dünyanın bütün
qitələrindən 150-dən çox dövlət tərəfindən dəstək
ifadə olunmuşdu.
Respublikamızın xoş niyyətə
əsaslanan təşəbbüsünə
yalnız işğalçı
Ermənistan öz etirazını bildirmişdi.
Xatırladaq ki, BMT ötən əsrin doxsanıncı illərinin əvvəllərində
artıq tarixdə qalan Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı dörd qətnamə qəbul edib. Həmin qətnamələrdə
Ermənistanın hərbi
birləşmələrinin zor gücünə öz nəzarəti altına keçirdikləri
Azərbaycan ərazilərindən
qeyd-şərtsiz çıxmaları
tələb edilirdi.
BMT TŞ-nin 1993-cü ildə bu məşhur
qətnamələri qəbul
etməsi zamanında atılan çox müsbət bir addım idi. Həmin qətnamələri dəyərləndirən
Prezident İlham Əliyev “Bizim beynəlxalq səviyyədə
tanınan ərazilərimizdən
erməni qoşunlarının
dərhal, tam və qeyd-şərtsiz çıxarılması
tələbi Təhlükəsizlik
Şurasının çox
mühüm siyasi bir jesti idi”,
- deyə bildirib.
Lakin əfsuslar
olsun ki, həmin qətnamələr
kağız üzərində
qaldı. Bu, olduqca
təzadlı bir mənzərə idi.
Axı bəzi hallarda TŞ-nin qətnamələri qısa müddət ərzində icra olunur, Azərbaycana gəldikdə isə onların beynəlxalq iştirakçılar tərəfindən,
ümumiyyətlə, icrası
təmin olunmadı.
Yeri gəlmişkən, Azərbaycan
Prezidenti İlham Əliyev Təhlükəsizlik
Şurasının qətnamələrinin
icra mexanizminin olmaması məsələsini
dəfələrlə gündəmə
gətirib. Bəhs
olunan qətnamələri
qəbul edənlər,
Təhlükəsizlik Şurasının
daimi üzvü olan beş
ölkədən üçü
ATƏT-in Minsk qrupuna həmsədr
olan və hələ də həmsədrlik edən ölkələrdir. Bu qətnamələrin həyata
keçirilməsinə imkan
yaratmaq üçün
onların mandatı var idi. Lakin, əfsuslar olsun ki, 28 il ərzində Minsk qrupu çox imkanları əldən verib.
Azərbaycan ötən il sentyabrın 27-dən
noyabrın 10-dək davam
edən Vətən müharibəsində şanlı
Qələbə qazanaraq
işğalçı Ermənistanı
kapitulyasiyaya məruz qoydu və tarixi
ədalətin, özünün
ərazi bütövlüyünün
bərpasına nail oldu.
Beləliklə, qalib Azərbaycan
BMT-nin üç onillik ərzində yerinə yetirilməyən
qətnamələrinin icrasını
təkbaşına təmin
etdi.
Postmüharibə dövründə Azərbaycanın
gündəliyində duran
əsas məsələ
işğal dövründə
ermənilər tərəfindən
dağıdılmış, tamamilə viran qoyulmuş ərazilərin
bərpası ilə bağlıdır. Azərbaycan bərpa işlərində
BMT ilə əməkdaşlığa
böyük önəm
verir. İndiyədək
respublikamız işğaldan
azad olunmuş ərazilərdə bərpa
işlərinin görülməsi,
məcburi köçkünlərin
geri qaytarılması
və digər məsələlərlə bağlı
BMT-nin müvafiq təsisatları ilə müəyyən təmaslar
qurub. O cümlədən
BMT işğaldan azad
edilmiş ərazilərin
minalardan təmizlənməsində
ölkəmizə öz
dəstəyini göstərir.
Bəhs olunan qəbulda da bildirildiyi kimi, BMT qısa müddətdə
əvvəlki təmas
xətti boyunca 6 rayonda minaların təmizlənməsi üçün
ANAMA-ya yardım məqsədilə dərhal
1 milyon dollar toplayıb.
Qurum məsələnin prioritetliyini
nəzərə alaraq
gələcəkdə də
minaların təmizlənməsi
işində milli mütəxəssislərə dəstəyi
davam etdirəcək.
Prezident İlham Əliyev Azərbaycanın
işğaldan azad olunmuş ərazilərin
bərpasında BMT ilə
əməkdaşlığı yüksək dəyərləndirdiyini
diqqətə çatdıraraq
vurğulayıb ki, Birləşmiş
Millətlər Təşkilatı
və qurumları ilə əsas məqsədimiz bir-birimizə
etimad göstərərək
və tərəfdaş
olaraq azad edilmiş torpaqlarımızın
bərpa edilməsinə
nail olmaqdır.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2021.- 28 avqust.-
S.4.