Milli Məclisin yaz sessiyası öz
işinə başlayıb
Millət vəkilləri yaz sessiyasının
qanunvericilik işləri planını təsdiq ediblər
Fevralın 1-də Milli Məclisin yaz
sessiyası öz işinə başlayıb. Milli Məclisin
Sədri Sahibə Qafarova yaz sessiyasını açıq elan
etdikdən sonra Azərbaycan Respublikasının Dövlət
Himni səsləndirilib.
İclasda deputatları yaz sessiyasının
başlaması münasibətilə təbrik edən Milli Məclisin
Sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin liderliyi və müdrikliyi Azərbaycanı
qələbədən qələbəyə aparır:
“Xalqımız 2020-ci ili uğurla başa vurub, 2021-ci ilə
böyük ruh yüksəkliyi və ümidlərlə qədəm
qoyub. Bu gün biz bir daha qürurla söyləyirik
ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə
şanlı Ordumuz işğalçı Ermənistan
silahlı qüvvələrini darmadağın edərək
dövlətimizin ərazi bütövlüyünün bərpasına
nail olub. Döyüş meydanında əldə edilən
böyük zəfər siyasi-diplomatik müstəvidə də
təsdiq edilib, uzun illər ərzində ölkəmizin
inkişafına mane olan Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi tarixdə qalıb. Möhtərəm
Prezidentimizin dediyi kimi, “Bu müharibə bütün
dünyaya Azərbaycan xalqının nə qədər
böyük xalq olduğunu göstərdi. ...Biz öz Vətənimizə,
doğma Qarabağımıza qayıdırıq,
Qarabağımızın tacı olan Şuşaya
qayıdırıq və bu torpaqlarda əbədi
yaşayacağıq!”.
Daha sonra Sədr qeyd edib ki, Prezidentimiz İlham
Əliyevin daxili və xarici siyasətini qanunvericilik səviyyəsində
dəstəkləmək üçün Milli Məclis
bütün tədbirləri görüb. Milli Məclisin Sədri
parlamentin indiyə qədər əldə etdiyi
uğurları bu sessiyada da davam etdirəcəyinə və
daha da artıracağına əminliyini ifadə edib. Spiker
bildirib ki, yaz sessiyasının qanunvericilik planı hazırlanıb
və bu sessiyada biz digər qanun layihələri ilə
yanaşı, Konstitusiyanın və qanunların tələbinə
uyğun olaraq, Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik.
Bundan əlavə, 2020-ci ilin dövlət büdcəsinin
icrası haqqında məsələ parlamentin gündəliyinə
çıxarılacaq.
Sədr qeyd edib ki, yaz
sessiyasının iclaslarında Hesablama Palatasının illik
fəaliyyəti haqqında hesabat, İnsan hüquqları
üzrə müvəkkilin (ombudsmanın) və bələdiyyələrin
fəaliyyətinə inzibati nəzarəti həyata
keçirən müvafiq qurumun illik məruzələri də
Milli Məclisə təqdim ediləcək.
Çıxışının sonunda spiker onu
da diqqətə çatdırıb ki, bu gündən etibarən
Milli Məclisin yeni saytı yeni dizaynda istifadəçilərin
ixtiyarına verilib.
Daha sonra cari məsələlərlə
bağlı çıxış edən deputatlar Fazil Mustafa,
Əli Məsimli, Zahid Oruc, Müşfiq Cəfərov,
Siyavuş Novruzov, Aydın Mirzəzadə, Məlahət
İbrahimqızı, Şahin İsmayılov, Tahir Kərimli,
Elman Nəsirov və Erkin Qədirli fikirlərini bildiriblər,
gündəliklə bağlı təkliflərini veriblər.
Sonra Millli Məclisin Sədri Sahibə Qafarova
bildirib ki, gündəliyin 19 məsələsinin ilk 4 məsələsi
qərar layihələridir. Hər sessiyanın əvvəlində
bilirsiniz ki, parlamentin qanunvericilik işləri planı qəbul
olunur və parlament öz fəaliyyətini həmin plan əsasında
qurur. Gündəliyin ilk məsələsi Azərbaycan
Respublikası Milli Məclisinin 2021-ci il yaz sessiyasının
qanunvericilik işləri planı haqqındadır.
Deputatlar qanunvericilik işləri planı
haqqında fikirlərini bildirdikdən sonra Azərbaycan
Respublikası Milli Məclisinin 2021-ci il yaz sessiyasının
qanunvericilik işləri planı səsə qoyularaq təsdiqlənib.
Sonra Milli Məclisin Daxili Nizamnaməsinin tələblərinə
uyğun olaraq Milli Məclisin İntizam və
Hesablayıcı komissiyaları yenidən təşkil edilib.
Daha sonra iclasda Humay Əfəndiyevanın Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin
edilməsi haqqında məsələyə baxılıb. Milli Məclis Sədrinin birinci müavini, Hüquq
siyasəti və dövlət quruculuğu komitəsinin sədri
Əli Hüseynlinin təqdimatından sonra deputatlar Razi
Nurullayev, Hicran Hüseynova, Siyavuş Novruzov və Aydın
Mirzəzadə namizəd barədə fikirlərini səsləndiriblər.
Namizəd Humay Elçin qızı Əfəndiyevanın
Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi barədə
məsələ səsə qoyularaq təsdiqlənib.
Milli Məclisin Sədri Sahibə Qafarova bildirib
ki, Konstitusiya Məhkəməsi haqqında Qanunun 13-cü maddəsinə
görə, Konstitusiya Məhkəməsinin hakimi vəzifəyə
təyin olunduğu gün Milli Məclisin iclasında and
içir.
Humay Əfəndiyeva Milli Məclisin
iclasında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi
hakiminin andını səsləndirib, bu şərəfli və
məsuliyyətli vəzifəyə onun namizədliyini irəli
sürdüyünə görə cənab Prezident İlham
Əliyevə təşəkkürünü bildirib.
Sonra iclasda Milli Məclisin
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Azərbaycan
Respublikası ilə Türkiyə Respublikası arasında
media sahəsində strateji əməkdaşlıq
haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
Qanun layihəsi haqqında prezentasiya ilə
çıxış edib. Bildirib ki, bu sənəd iki
ölkə arasında ikitərəfli əlaqələri
gücləndirməklə strateji media
ortaqlığının qurulmasını nəzərdə
tutur. Qeyd olunub ki, Türkiyə mediasının tərkib hissəsini
böyük media quruluşları təşkil edir və
Türkiyə mediası qlobal medianın tərkib hissəsidir.
Biz bunu praktiki olaraq 44 günlük müharibə
dövründə bir daha gördük. Cənab Prezident
İlham Əliyevin müsahibələrinin də dünyaya
yayılması Türkiyə mediası üzərindən
oldu. Ona görə də bu Memorandum mühüm əhəmiyyətə
malikdir.
Parlamentin Mədəniyyət komitəsinin sədri
Qənirə Paşayeva çıxışında sənədin
əhəmiyyətini vurğulayıb.
Deputat Azay Quliyev Memorandumun imzalanmasını
iki ölkə arasında yüksək münasibətlərin
göstəricisi kimi səciyyələndirib.
“Azərbaycan və Türkiyə
arasında media sahəsində strateji əməkdaşlıq
haqqında” Anlaşma Memorandumunun imzalanması olduqca vacib və
əlamətdar bir hadisədir. Çünki hazırkı
tarixi inkişaf mərhələsində gücdən
danışarkən biz həm də “yumşaq güc” kimi
xarakterizə etdiyimiz informasiya gücündən
danışırıq. Media isə bizim informasiya məkanımızın
keyfiyyətini, trendini təyin edən vasitədir və əslində,
elə həm də milli gücümüzün tərkib hissəsi
kimi çıxış edir”. Bu fikirləri isə “Yeni Azərbaycan”
qəzetinin baş redaktoru, Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin sədr
müavini Hikmət Babaoğlu çıxışı
zamanı deyib.
Hikmət Babaoğlu bildirib ki, şanlı Vətən
müharibəsi zamanı da gördük ki, informasiya nə qədər
güclü silahdır və Azərbaycan Prezidenti bu silahdan da
düşmənin informasiya müharibəsinə qarşı
necə məharətlə istifadə etdi: “Ona
görə də qardaş Türkiyənin mediası ilə
ortaq əməkdaşlıq və koordinasiya edilmiş fəaliyyət
bizim qlobal informasiya məkanında gücümüzü daha
da atıracaq və ortaq media platforması yaradacaqdır.
İmzalanan Memorandumda bütün bu məsələlər
öz əksini tapmaqla bir məsələ ayrıca
vurğulanır. Sənəddə əlaqələrin və
qarşılıqlı anlaşmanın təmin edilməsində
medianın rolu xüsusi olaraq önə çəkilir və
bunun inkişaf etdirilməsinin zəruriliyi qeyd edilir. Bu,
çox mühüm məsələdir. Ona görə ki,
qarşılıqlı dil, ünsiyyət anlaşması
olmasa, birgə mediadan və onun səmərəli fəaliyyətindən
də danışmaq olmaz. Dolayısıyla, sənəddə
elə bir ortaq ünsiyyət mühitindən
danışılır ki, orada anlaşma problemi yoxdur və
bu, vəzifə kimi müəyyənləşdirilir. Ancaq
çox təəssüf ki, bu çağırışlar
bəzi media institutlarımız tərəfindən lazımi
qədər diqqətə alınmır. Xüsusən son
dövrlərdə Azərbaycan televiziya kanallarında efirə
verilən və çox maraqla qarşılanan türk film və
diziləri Azərbaycan dilinə tərcümə edilir”.
Millət vəkilinin fikrincə, bu, əslində,
imzalanan Memorandumda irəli sürülən məqsədlərlə
bir qədər uyğun gəlmir: “Onda belə
çıxır ki, hər gün televiziya efirində ekspert,
şərhçi qismində çıxış edən
Türkiyəli mütəxəssislərin də fikirlərini
tərcümə edib efirə verməliyik? Bu, doğru deyil.
Mirzə Ələkbər Sabir hələ öz
dövründə buna etiraz edərək, “türkcədən
türkcəyə tərcümə də nə demək”, -
deyə fikir bəyan etmişdi. Bəzi hallarda bununla da ürəyimiz
soyumur, qardaş Türkiyə Cümhuriyyətinin
adını Türkiyə Respublikası kimi tələffüz
edirik. Bu, yolverilməzdir. Bu ölkəni quran Mustafa Kamal
Atatürk onun adını Türkiyə Cümhuriyyəti
qoyub. Adlar isə tərcümə edilmir. O başqa məsələdir
ki, ərəb sözü olan “cəmahiriyyə” və ingilis
sözü olan “republic” eyni mənanı verir. Yaxud “Zeytun
dalı” əməliyyatını “Zeytun budağı”,
“Barış Pınarı” əməliyyatını “Sülh
bulağı” kimi yanlış tərcümələr edirik.
Bunlar dil və dilçilik baxımından da təsdiq edəcəyimiz
sənədin strateji məqsədləri baxımından
doğru deyil. Ona görə də, fikrimcə,
televiziyalarımız türk filmlərini tərcümə edərək
efirə verməməlidirlər. Tam əksinə, Türkiyə
televiziyaları ilə birlikdə Vətən müharibəsindən
bəhs edən filmlər, dizilər çəkməlidir”.
Hikmət Babaoğlu bu sənəddə öz əksini
tapan məqsədlərin bütün mediamızın fəaliyyət
proqramına çevriləcəyinə ümidvar olduğunu
söyləyib.
Müzakirələrdən sonra sənəd təsdiqlənib.
Sonra “Azərbaycan Respublikası
Hökuməti ilə Türkiyə Respublikası Hökuməti
arasında qarşılıqlı olaraq vizadan azadetmə
haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində
imzalanmış Sazişə dəyişikliklər edilməsi
haqqında Azərbaycan Respublikası Hökuməti ilə
Türkiyə Respublikası Hökuməti arasında 1
saylı Protokol”un təsdiq edilməsi barədə Azərbaycan
Respublikası qanununun layihəsi müzakirə olunaraq qəbul
edilib.
İclasda “Məşğulluq haqqında” Qanuna
dəyişiklik məsələsi birinci oxunuşda müzakirəyə
çıxarılıb. Bu barədə parlamentin Əmək
və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat
verib. Dəyişikliklərə əsasən, sosial müdafiəyə
xüsusi ehtiyacı olan və işə düzəlməkdə
çətinlik çəkən şəxslərin dairəsinə
şəhid ailələrinin üzvləri də aid edilir.
Bundan sonra peşə hazırlığının, işsiz
şəxslərin özünüməşğulluğunun
və sosial iş yerlərinin təşkili zamanı şəhid
ailələrinin üzvlərinə də digər həssas
qruplarla birlikdə üstünlük veriləcək. Bununla
yanaşı, dəyişikliyə əsasən, sosial
müdafiəyə ehtiyacı olan qrup kimi 5 faizlik növbədənkənar
işə götürülmə kvotası şəhid ailələrinin
üzvlərinə də şamil ediləcək.
Son dövrlər dövlət qəbul etdiyi bir
sıra qanunvericilik aktları ilə şəhid ailələri
ilə bağlı təminatları həm sadələşdirir,
həm də onların təminatlarını daha da
artırır. Bu dəyişikliklə dövlət şəhid
ailələrinin sosial təminatının daha da
yaxşılaşdırılması məqsədini
güdür.
Qanuna dəyişikliklər birinci oxunuşda səsverməyə
qoyularaq qəbul edilib.
Daha sonra iclasda gündəlikdə olan digər
məsələlər də müzakirə edilərək qəbul
olunub.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2021.- 2 fevral.- S.5.