Azərbaycançılıq milli həmrəyliyin
ideoloji əsaslarını təşkil edən mütərəqqi
konsepsiyadır
Xalqımızın milli ideologiyasının əsas
üstünlüklərindən biri qloballaşan
dünyanın müasir çağırışlarına
cavab verməsidir
Dünya azərbaycanlılarının həmrəyliyi
ideyası Azərbaycan dövlətinin həyata keçirdiyi
siyasətin prioritet istiqamətlərindən biri olmaqla
yanaşı, milli birliyi gücləndirən mühüm
amildir. Bu yanaşma azərbaycançılıq
ideologiyasını zənginləşdirən, onun məzmununu
bütövləşdirən konseptual əsaslardan biridir. Hər şeydən əvvəl, ona görə ki,
dünyanın harasında məskunlaşmasından
asılı olmayaraq, azərbaycanlılar eyni etnik mənşəyə,
dinə mənsub olub ortaq mental xüsusiyyətlərin, adət-ənənələrin
daşıyıcısıdırlar. Əlbəttə,
qloballaşan müasir dünyada azərbaycanlıların
siyasi-inzibati sərhədləri aşaraq bir-biriləri ilə
sıx ünsiyyətə girmələri, ümummilli
maraqlarını humanizm, insan hüquqları çərçivəsində
təmin etmələri yalnız milli yox, həm də
ümumbəşəri bir ehtiyacdır.
Xüsusi vurğulamaq gərəkdir
ki, müstəqillik illərində Ümummilli Lider Heydər
Əliyevin və dövlət başçısı İlham
Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının
dünya miqyasında milli-mənəvi, mədəni
bütövlüyünün möhkəmlənməsi
üçün məqsədyönlü, ardıcıl
işlər görülüb və bunun sayəsində azərbaycançılıq
milli həmrəyliyin ideoloji əsaslarını müəyyənləşdirən
və təşkil edən mütərəqqi konsepsiyaya
çevrilib.
Bütün bu məsələlərlə
bağlı Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun
fikirləri və araşdırmaları diqqəti cəlb
edir. Akademik Nizami Cəfərov hesab edir ki, azərbaycançılıq
ideologiyası XIX əsrin sonu - XX əsrin əvvəllərində
təşəkkül tapdıqdan sonra bir əsrdən
artıq mürəkkəb, ziddiyyətli, lakin mənsub
olduğu xalqın iradəsini ifadə etdiyindən
ardıcıl, davamlı bir təkamül yolu keçmişdir.
Azərbaycançılıq ideologiyasının təkamülünün
bir sıra mərhələləri mövcuddur. Akademikin qənaətinə əsasən, bu gün
ölkədəki iqtisadi, ictimai-siyasi və intellektual-mədəni
şərait imkan verir ki, azərbaycançılıq
ideologiyasının keçdiyi tarixi yol hərtərəfli,
dərindən və geniş müzakirələr əsasında
necə varsa, o cür araşdırılıb öyrənilsin,
xüsusilə gənc nəslin Azərbaycan
xalqını, Azərbaycan dövlətini müstəqilliyə
gətirib çıxaran milli ideologiya, onun hansı şəraitdə
formalaşdığı, eləcə də Əli bəy
Hüseynzadə, Məhəmməd ağa Şahtaxtinski,
Əhməd bəy Ağayev, Nəriman Nərimanov, Məmməd
Əmin Rəsulzadə, Səməd Vurğun, Mirzə
İbrahimov kimi müxtəlif miqyaslı və mövqeli milli
ideoloqların tərcümeyi-halları haqqında kifayət qədər
aydın (və mükəmməl) təsəvvürləri
olsun.
Nizami Cəfərovun fikrincə,
Azərbaycan Prezidenti İlham Əliyevin 21 yanvar 2014-cü il
tarixli Sərəncamı ilə türk xalqlarının mədəni
inteqrasiyasının məfkurə kimi təşəkkül
tapmasında mühüm rol oynayan, müasir cəmiyyət
quruculuğunda demokratik prinsiplərin ənənəvi dəyərlər
zəminində bərqərar olmasının
vacibliyini irəli sürən və müstəqil milli
dövlətçiliyin nəzəri əsaslarının
hazırlanmasında yaxından iştirak edən görkəmli
ictimai xadim Əli bəy Hüseynzadənin 150 illik yubileyinin
keçirilməsi müasir Azərbaycan dövlətçiliyinin,
ilk növbədə, milli ideologiyanın tarixinə münasibətinin
göstəricisidir. Və bu sözləri cənab Prezidentin
bir sıra digər sərəncamları barəsində də
demək olar. Onların hər biri, bir tərəfdən,
milli ideologiya klassiklərini geniş ictimai miqyasda
tanıtmağa, ikinci tərəfdən, milli ictimai
şüuru zənginləşdirməyə,
üçüncü tərəfdən isə milli
ideologiyanın köklərini, mənbələrini onun
müasir təzahür texnologiyaları ilə üzvü vəhdətdə
- bir bütöv halında təsəvvür eləməyə
münbit şərait yaradır.
“Məlumdur ki, istər təşəkkül
dövründə, istərsə də müxtəlif təkamül
mərhələlərində, xüsusilə XX əsrin 20-ci
illərinin əvvəllərindən 70-ci illərinin əvvəllərinə
qədər azərbaycançılıq ideologiyası həm
ölkə daxilində, həm də ölkə xaricində
biri digərindən, demək olar ki, təcrid
olunmuş halda fəaliyyət göstərib. Ölkə
daxilində bu ideologiya get-gedə məhdudlaşdırılıb,
hətta tamamilə unutdurulması üçün hər
cür cəhdlər edilib, az-çox təzahürləri isə
müxtəlif mənəvi-ideoloji istiqamətlərə (məsələn, liberal vətənpərvərlik) yönəldilməklə
amorflaşdırılıb. Xaricdə isə sosial
bazası olmayan romantik xəyallara çevrilib. Və
bütün hallarda Azərbaycan xalqının milli
ideallarının qarşısını həm administrativ, həm
diplomatik, həm də ekspressiv yollarla məhz sovet-sosialist
ideologiyası kəsib, lakin milli idealları məhv etmək
mümkün olmadığı kimi, milli ideologiyanı da sona
qədər unutdurmaq, yaddaşlardan silmək mümkün
olmayıb. Ümummilli Liderimiz Heydər Əliyev SSRİ
dövründə respublikamıza rəhbərlik etməyə
başladığı dönəmdən etibarən azərbaycançılığı
milli və dövlət ideologiyasına yüksəldib. Azərbaycançılıq
anlayışının bütün dünyada yüksəldilməsi
nəticəsində bu gün milli qürur yalnız sözdə
deyil, həm də işdə, əməldədir. Ölkədə
abadlaşan, yeni rəmzlərini yaradan şəhərlər,
kəndlər, çəkilən yollar, yaradılan təhsil
müəssisələri, tətbiq edilən
müasir idarəçilik texnologiyaları, dünya
standartları ilə müqayisə olunan müxtəlif təsisatlar,
idmanda, mədəniyyətdə indiyə qədər bu
miqyasda görünməmiş beynəlxalq uğurlar Azərbaycan
insanını mənən, ruhən yüksəldən, belə
demək mümkünsə, onun mənəvi
saflaşmasını təmin edən hadisələrdir”, - deyə
N.Cəfərov vurğulayır.
Akademik qeyd edir ki, Azərbaycançılıq
ideologiyasının təkamülündə Prezident İlham
Əliyev mərhələsinin göstəricilərindən
biri Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevə, Onun milli dövlət quruculuğu fəlsəfəsinə
ölkə, eləcə də dünya miqyasında layiq
olduğu bir ehtiramla, intellektual-analitik həssaslıqla
yanaşılmasıdır. Və bu, ona görə
zəruridir ki, Heydər Əliyev azərbaycançılıq
ideologiyasının bir-birindən əsaslı şəkildə
fərqli olan təkamül mərhələlərinin müəllifi
olmaqla yanaşı, bu gün davam edən mərhələsinin
perspektivlərini də müəyyənləşdirib. Onun sözlərinə görə, Ulu Öndər
Heydər Əliyevin tarixi xidmətlərinin həm ölkə,
həm də dünya miqyasında yüksək qiymətləndirilməsi,
geniş təhlil və təbliğ olunması azərbaycançılıq
ideologiyasının, Azərbaycan xalqının milli
ideallarının təntənəsi deməkdir.
Millət vəkili deyib ki, Azərbaycan
xalqının müasir Türk dünyasının üzvi tərkib
hissəsi olması, beynəlxalq aləmdə Türk
dünyasının ortaq maraqlarının cəsarətlə
müdafiəsi də bu kontekstdə mühüm əhəmiyyət
kəsb edir. Təsadüfi deyil ki, Azərbaycan
Prezidenti Türk dünyasının öndə gedən liderlərindən
biri kimi böyük nüfuz sahibidir. “İslam (müsəlman)
dünyasına mənsubluq da bugünkü Azərbaycanın
həm mənəvi-mədəni, həm də ictimai-siyasi
xarakterində bütün parlaqlığı ilə təzahür
edir. Prezident İlham Əliyevin müsəlman xalqlarına
qarşı müəyyən beynəlxalq dairələrdə
aparılan mürtəce, antihumanist kampaniyalara dəfələrlə
ən yüksək tribunalardan Öz etirazını bildirməsi,
Azərbaycanın bir nümunəvi müsəlman ölkəsi
olaraq inkişafı buna sübutdur. Müasir
qloballaşma şəraitində Azərbaycan dünyaya
sürətlə inteqrasiya olunur. Azərbaycan yalnız regionda
deyil, eyni zamanda, dünyada maraqlı bir dövlətdir. Ona
görə də ölkənin mədəniyyət siyasəti,
o cümlədən dil siyasəti də dünya
üçün maraqlıdır. Azərbaycan dilinin, eyni
zamanda, türk dilləri miqyasında mövqeyi get-gedə
sürətlə yüksəlir. Azərbaycan Prezidenti
İlham Əliyevin çıxışlarında dil, ədəbiyyat
məsələlərinə daim xüsusi diqqət göstərilir.
Müasir beynəlxalq münasibətlər şəraitində
ana dilini həm inkişaf etdirmək, həm də qorumaq həqiqətən
də, çox əhəmiyyətli məsələdir.
Prezident İlham Əliyevin münasibəti göstərir ki,
dövlətimiz həqiqətən xalqın arzuları,
idealları ilə yaşayan bir dövlətdir”, - deyə
akademik bildirib.
Onun sözlərinə görə,
türkçülük, müsəlmançılıq və
müasirlik triadası bu gün Azərbaycanda klassik formulunda tətbiq
edilməklə qalmayıb, mərhələnin və
dövrün tələblərinə uyğun olaraq
yaradıcılıqla yaşanır ki, bu da Azərbaycan dövlətinin
yürütdüyü tarazlaşdırılmış,
humanist və uzaqgörən siyasətin nəticəsidir.
N.Cəfərov onu da söyləyib
ki, müxtəlif mədəniyyətlərə,
dünyagörüşlərinə təmkinli dialoq əsasında
hörmətlə yanaşılması, qloballaşan
dünyanın çağırışlarına həssas,
anlamlı münasibət, multikulturalizm azərbaycançılıq
ideologiyasının təkamülündə
mühüm mərhələlərdən hesab oluna bilər:
“Nə üçün? Ona görə ki, hər hansı
ideologiya nə qədər mütərəqqi olsa da,
özünü təcrid edirsə, həm tarixi, həm
müasir, həm də gələcək çox müxtəlif
ideologiyalarla hesablaşmazsa, prinsip etibarilə, yaşaya bilməz.
Azərbaycan xalqı və dövlətçiliyi tərəfindən
azərbaycançılıq ideologiyasının tətbiqi,
müdafiəsi və inkişaf etdirilib təkmilləşdirilməsi
dünya miqyasında çox müxtəlif ideoloji proseslər
kontekstində baş verdiyi hamıya məlumdur. Və bu
proseslər azərbaycançılığı birmənalı
inkar edə bilmədiyi kimi, birmənalı təsdiq də edə
bilməz. Lakin Azərbaycan xalqının milli
ideologiyasının nəinki danılmaz, hətta mübahisəsiz
bir üstünlüyü vardır ki, onun mahiyyətində
üç tamamilə humanist dəyər komponenti ifadə
olunur. Bunlar etnik mənsubiyyət, dini mənsubiyyət və
dünyəvi mənsubiyyətdir. Bu ideologiyada öz əksini
tapmış fəlsəfə və ya metafizikada, eləcə
də onun mənsub olduğu xalqın təfəkküründə
nə etnik məhdudluq, nə dini dözümsüzlük, nə
də antihumanizm yoxdur. O, var ki, Azərbaycan
xalqı da, dünyanın bütün digər xalqları
kimi, müəyyən bir etnik mənşəyə, müəyyən
bir dini dünyagörüşə mənsubdur və
bütün digər xalqlar kimi, müasir dünyanın
üzvi tərkib hissəsidir”.
Azərbaycançılıq
ideologiyasının təkamülündə Prezident İlham
Əliyev mərhələsi özünəməxsus dinamizmlə
zənginləşməkdə, milli ictimai şüurun əsaslarını
müəyyənləşdirməkdə və Azərbaycan
xalqının dünya birliyindəki mövqeyini inamla yüksəltməkdədir.
Bugünkü Azərbaycan gerçəkliyinin
bütün dünyada diqqətçəkən bir cəhəti
də müxtəlif mədəniyyətlərə,
dünyagörüşlərinə təmkinli dialoq əsasında
hörmətlə yanaşılması, qloballaşan
dünyanın çağırışlarına həssas,
anlamlı münasibət, multikulturalizm hesab oluna bilər.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2021.- 2 fevral.- S.7.