Prezident İlham Əliyev: Mən
Şuşanı mədəniyyət paytaxtı elan etmişəm,
məmurlar paytaxtı elan etməmişəm!
Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial obyektlərin,
Yasamal rayonunda yeni salınan meşə tipli parkın
açılışında iştirak ediblər
Fevralın 1-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Abşeron rayonunda bir sıra sosial
obyektlərin, həmçinin paytaxtın Yasamal rayonunda yeni
salınan meşə tipli parkın
açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısı və birinci xanım əvvəlcə
Ulu Öndər Heydər Əliyevin Xırdalan şəhərindəki
abidəsini ziyarət edərək önünə gül dəstəsi
qoyublar.
Qeyd edək ki, ötən ilin birinci
rübündən pandemiya, sonuncu rübündən -
postmünaqişə dövrü müxtəlif istiqamətlərdə
həyata keçirilən siyasətə yeni reallıqdan
baxılmasını şərtləndirib. Xırdalanda
açılışı nəzərdə tutulan
sosial-iqtisadi obyektlər bir daha sübut edir ki, istənilən
çağırış və təsirlərə baxmayaraq,
regional inkişaf strategiyası ardıcıl həyata
keçirilməkdədir.
* * *
Fevralın 1-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev yenidən
qurulan 220/110/10 kilovoltluq və yeni tikilən 110/35/10 kilovoltluq
“Xırdalan” yarımstansiyalarının açılışında
iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısı “Xırdalan” yarımstansiyasında
yaradılan şəraitlə tanış olub.
Məlumat verilib ki, 220/110/10 kilovoltluq
“Xırdalan” yarımstansiyası istismar müddətini
başa vurduğuna və artan tələbatı qarşılaya
bilmədiyinə görə tam yenidən qurulub.
Bakı şəhərinin dairəvi elektrik təchizatı
üzrə 60 faizini elektrik enerjisi ilə qidalandıran bu
yarımstansiyaya Şirvan şəhərindəki “Cənub”
Elektrik Stansiyasından 108 kilometr məsafədə elektrik
ötürmə xətti çəkilib. Bu, Mingəçevir
şəhərindəki generasiya mənbələrindən
asılılığı azaltmağa xidmət etməklə
yanaşı, paytaxtın etibarlı və dayanıqlı
enerji ilə təmin edilməsində əvəzsiz rol
oynayır.
Sonra Prezident İlham Əliyev məsafədən
idarəolunan SCADA Dispetçer sistemi vasitəsilə yeni tikilən
110/35/10 kilovoltluq “Xırdalan” yarımstansiyasını işə
salıb.
Bildirilib ki, qəzaların
qarşısının alınması və
istehlakçıların keyfiyyətli və fasiləsiz
elektrik enerjisi ilə təchiz edilməsində bu stansiya
mühüm əhəmiyyətə malikdir.
Xırdalan şəhərində
son illərdə tikilən yüzlərlə çoxmərtəbəli
binanın, iqtisadi, sosial, sənaye obyektlərinin elektrik
enerjisinə artan tələbatını qarşılamaq,
güc qıtlığını aradan qaldırmaq
üçün 110/35/10 kilovoltluq yeni “Xırdalan”
yarımstansiyası da tikilib.
Prezident İlham Əliyev bu
yarımstansiyanı da işə salıb.
Dövlətimizin başçısına yeni
SCADA layihəsinin birinci mərhələsinin başa
çatması barədə də məlumat verilib.
Qeyd edilib ki, yarımstansiyanın yeni inzibati
binasında SCADA idarəetmə sisteminin tam həcmdə
ehtiyat dispetçer idarəetmə mərkəzi
yaradılıb. SCADA sistemi sınaqdan keçirilib. Azərbaycanın enerji sisteminin - 25 elektrik
stansiyasını, 100-dən artıq yarımstansiyanı, o
cümlədən “Azərişıq” ASC-nin idarəetmə mərkəzi
ilə əlaqəni özündə əks etdirən məsafədən
idarəolunan SCADA əsas və Ehtiyat Dispetçer İdarəetmə
Mərkəzindən, 7 Regional Monitorinq Mərkəzindən
ibarətdir.
İşğaldan azad olunan
torpaqlarda qurulacaq sistemlər də SCADA sistemi vasitəsilə
məsafədən idarə olunacaq. İndiyədək bu ərazilərdə
görülən işlərə gəldikdə, Suqovuşan
qəsəbəsi və ətraf ərazilərin elektrik
enerjisi təchizatı üçün “Tərtər”
yarımstansiyasından “Suqovuşan” yarımstansiyasına birdövrəli
müasir tipli 35 kilovoltluq elektrik verilişi xətti çəkilir.
Suqovuşan qəsəbəsinədək mövcud 10
kilovoltluq hava xətti təmir edilir. Talış kəndinə
qədər mövcud 10 kilovoltluq hava xəttinin əsaslı
təmiri və 2 yeni mərkəzin
quraşdırılması işləri aparılır. Həmçinin
Qubadlı və Zəngilan rayonlarının ilkin mərhələdə
elektrik enerjisi ilə təmin olunması üçün
mövcud şəbəkələrdən istifadə edilən
10 kilovoltluq elektrik verilişi xətlərinin bərpası və
yenidən qurulması davam etdirilir.
Görülən işlər
sübut edir ki, pandemiya ilə əlaqədar 2020-ci ilin iqtisadi
cəhətdən fərqli il olmasına baxmayaraq, Prezident
İlham Əliyevin davamlı strategiyasına əsasən digər
sahələrdə olduğu kimi, energetika sahəsində həyata
keçirilən layihələr də təxirə
salınmayıb.
* * *
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
fevralın 1-də Abşeron rayonunun Xırdalan şəhərində
3 saylı texniki-təbiət fənləri təmayüllü
məktəb-liseydə yaradılan şəraitlə
tanış olublar.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısının 2019-cu ilin yanvarında
imzaladığı Sərəncamla bu təhsil müəssisəsinin
1176 şagird yerlik korpusu əsaslı təmir olunub və 1200
şagird yerlik yeni əlavə korpus inşa edilib. Yeni tikilən
korpusda müasir sinif otaqları, informatika, hərbi
hazırlıq, əmək təlimi, məktəbəqədər
hazırlıq kabinetləri yaradılıb və zəruri dərs
vəsaiti ilə təchiz olunub. Yeni korpusun Abşeron rayonunda
şagird sıxlığının aradan
qaldırılmasına müsbət təsir göstərəcəyi
proqnozlaşdırılır.
Burada, həmçinin STEAM - elm, texnologiya,
mühəndislik, incəsənət, riyaziyyat otağı,
laboratoriyalar, akt zalı və açıq idman
meydançası yaradılıb. STEAM sistemi işarələrlə,
alqoritmlərlə robotexnologiyanın hazırlanması və
proqramlaşdırılması, onların üzərində
uşaqların birgə əməkdaşlığı, digər
fənlərlə inteqrasiyasını nəzərdə tutur.
Bu, mahiyyət etibarilə yeni təfəkkür
formasının yaradılması deməkdir.
Qeyd edək ki, Xırdalan şəhərindəki
texniki-təbiət fənləri təmayüllü məktəb-lisey
üçün fevralın 1-i azı 3 hadisə ilə əlamətdardır:
əvvəla, uzun fasilədən sonra 1-4-cü sinif şagirdləri
üçün dərslər bərpa olunub. İkincisi,
müasir təhsil infrastrukturuna malik korpus istifadəyə
verilib. Nəhayət ölkədə sayca 3-cü,
Abşeronda isə birinci tədris müəssisəsidir ki,
6-11 yaşlı şagirdlər də daxil olmaqla, STEAM təhsil
metodunun tətbiqinə başlanılır.
* * *
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva
fevralın 1-də Abşeron Rayon Mərkəzi Xəstəxanasının
yeni inşa edilən binasının
açılışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısı İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva xəstəxanada yaradılan şəraitlə
tanış olublar.
Azərbaycan Prezidentinin müvafiq Sərəncamı
ilə 4 hektar sahədə inşa olunan 150
çarpayılıq tibb müəssisəsi Yaponiya, Koreya
Respublikası, İtaliya və Türkiyə istehsalı olan ən
zəruri avadanlıqla təchiz edilib. Xəstəxanada cərrahiyyə,
terapiya, pediatriya, reanimasiya, dializ və digər şöbələr,
həmçinin laboratoriyalar fəaliyyət göstərəcək.
Bu binaya Abşeron Rayon Mərkəzi Xəstəxanasının
nəzdində olan mərkəzi xəstəxana, Abşeron
rayon poliklinikası, Abşeron rayon uşaq poliklinikası və
təcili və təxirəsalınmaz tibbi yardım
şöbəsinin köçürülməsi nəzərdə
tutulub.
Yeni tibb müəssisəsində yaradılan
şəraitlə tanışlıqdan sonra Prezident İlham
Əliyev Azərbaycan Televiziyasına müsahibə verib.
Prezident İlham Əliyevin müsahibəsi
- Cənab Prezident, ilk növbədə,
müsahibəyə vaxt ayırdığınıza görə
Sizə minnətdarlığımızı ifadə edirik.
İlk sualım açılışını etdiyiniz bu səhiyyə
ocağı ilə bağlı təəssüratlarınız
barədə olacaq. Necədir təəssüratlarınız?
- Təəssüratlar çox müsbətdir.
Yeni tikilmiş bu xəstəxana bizim səhiyyə sahəsindəki
fəaliyyətimizi əks etdirir. Bildiyiniz kimi, son illərdə
bir çox xəstəxanalar tikilib və onların da müəyyən
standartları var, həm memarlıq baxımından, həm də
avadanlıqlarla təchizat baxımından. Ona görə əminəm
ki, bu xəstəxanada vətəndaşlara keyfiyyətli tibbi
xidmət göstəriləcək. Çünki bütün
müasir avadanlıqlar burada quraşdırılıb.
Bir də ki, xəstəxana, eyni zamanda, həkimlərin
iş yeridir. Burada 200-dən çox həkim və
bütövlükdə 600-dən artıq tibb işçisi
çalışacaq və təbii ki, onların da iş şəraiti
müsbətə doğru dəyişir. Əminəm ki,
burada göstəriləcək tibbi xidmət vətəndaşların
sağlamlığını təmin edəcək, bərpa
edəcək. Xəstəxananın inşası bir daha onu
göstərir ki, bu sahədəki fəaliyyətimiz
ardıcıl şəkildə davam etdirilir və Abşeron
rayonunda da müasir xəstəxana artıq fəaliyyət
göstərir. Bunun üstünlüyü, eyni
zamanda, ondadır ki, bu vaxta qədər müxtəlif tibb
müəssisələri fərqli-fərqli yerlərdə məskunlaşmışdı,
amma indi burada artıq həm xəstəxana, poliklinika,
uşaq poliklinikası, doğum şöbəsi, təcili
tibbi yardım şöbəsi - bütün şöbələr
bir yerdə fəaliyyət göstərəcək. Əlbəttə
ki, bu, insanların rahatlığı üçün də
çox önəmlidir.
- Cənab Prezident, Sizin təşəbbüsünüzlə
Azərbaycanın bütün bölgələrində ən
müasir standartlara cavab verən xəstəxanalar tikilib.
Bundan sonrakı mərhələ barədə fikrinizi öyrənmək
istəyərdik, yəni, bu proqram artıq bitib, yoxsa icrası
davam etdiriləcək?
- Hesab edirəm ki, bütövlükdə
artıq başa çatmaq üzrədir. Çünki
ölkəmizin bütün bölgələrində xəstəxanalar
fəaliyyət göstərir. Son 17 il ərzində 750-dən
çox xəstəxana ya yenidən tikilib, ya da ki, əsaslı
şəkildə təmir edilib. Səhiyyə sistemimizin bu xəstəxana
və tibb müəssisələri fondu demək olar ki, indi ən
yüksək standartlara cavab verir. Bundan sonra, əlbəttə
ki, biz, ilk növbədə, səhiyyə sisteminin təkmilləşdirilməsi
və tibbi xidmətin xüsusilə indiki dövrdə keyfiyyətini
artırmaq üçün əlavə addımlar
atacağıq.
Səhiyyə sisteminin maddi-texniki
bazasının yaradılması, müasirləşdirilməsi
başlıca vəzifə idi. Mən xatırlayıram,
2004-cü ildə Prezident vəzifəsinə seçiləndən
sonra bəyan etmişdim ki, biz qara qızılı insan
kapitalına çevirməliyik. Sözün
düzü, o vaxt bizim qara qızılımızın həcmi
o qədər də böyük deyildi, Bakı-Tbilisi-Ceyhan
neft kəməri hələ inşa edilməmişdi, ancaq biz
bütün bu işləri artıq proqnozlaşdıra
bilirdik. Bilirdik ki, bizi böyük neft hasilatı
dövrü gözləyir. Ona görə neftdən əldən
edilən gəlirləri insan kapitalına yönəltmək
mənim başlıca vəzifəm idi. Dediyim kimi, bu vəzifə
artıq bütövlükdə icra edildi. Bütün
bölgələrdə ən müasir xəstəxanalar,
poliklinikalar, diaqnostika mərkəzləri fəaliyyət
göstərir. Əgər biz buna nail olmasaydıq, son illərdə
hər il 5 milyon insan tibbi müayinədən keçə
bilməzdi. Hesab edirəm ki, bu da böyük
nailiyyətdir. Çünki mən bəlkə də 100-dən
çox, - bəlkə də daha çox, indi
hamısını xatırlamıram, - xəstəxananın,
tibb müəssisəsinin açılışında olarkən
dəfələrlə bir məsələyə vətəndaşların
diqqətini cəlb edirdim ki, mütləq hər bir insan
ildə bir dəfə müayinədən keçməlidir.
Artıq bunu demirəm, buna ehtiyac yoxdur. Çünki bu, həll
olundu və artıq bir neçə ildir ki, kütləvi surətdə
müayinədənkeçmə prosesi gedir. Yenə də
deyirəm, dövlət hesabına 5 milyon insanı - ölkə
əhalisinin yarısını tibbi müayinədən
keçirmək böyük təşkilatçılıq və
maliyyə resursları tələb edir. Azərbaycan nadir
ölkələrdəndir ki, bu təşəbbüsü həm
irəli sürüb, həm də bunu reallaşdırıb.
Eyni zamanda, bildiyiniz kimi biz indi, icbari tibbi sığorta sisteminə
keçmişik. Bu keçid də mərhələli yollarla
həll olunub. Pilot layihələrin icrası bizə ilkin məlumatlar
verib və məlumatlar da çox müsbət idi. Pilot layihələrlə
əhatə olunmuş üç şəhərdə həm
tibbi xidmətin keyfiyyəti artdı, eyni zamanda, vətəndaşların
məmnunluğu yüksək səviyyədə idi. Ona görə biz artıq bu sistemə də
keçmişik. Əgər müasir xəstəxana fondu
olmasaydı, buna keçmək mümkün olmazdı. Yəni,
biz hər şeyi ardıcıllıqla edirik və yəqin
ki, gələn 1-2 il ərzində böyük xəstəxanaların
tikintisinə artıq son qoyulacaq və daha çox səhiyyə
sisteminin təkmilləşdirilməsi, müasirləşdirilməsi
istiqamətində addımlar atılacaqdır.
- Cənab Prezident, yəqin ki, bu xəstəxananın
açılışının məhz pandemiya
dövründə edilməsinin də bir xüsusi əhəmiyyəti
var. Yəni, qlobal pandemiya bir ildən artıqdır ki, davam
edir. İndiyə qədər Azərbaycanda bu virusla
mübarizədə görülən işləri necə
qiymətəndirirsiniz?
- Bəli, əlbəttə, bu xəstəxananın
açılışının pandemiya dövrünə təsadüf
etməsi əlamətdar hadisədir. Amma təbii
ki, bu xəstəxananın tikintisi pandemiyaya qədər
başlamışdı və biz bu xəstəxanaların
tikilməsi ilə özümüzü mümkün olan
sürprizlərdən sığortalamalı idik.
Çünki heç kimin ağlına gələ bilməzdi
ki, pandemiya baş verəcək. Ancaq başqa hansısa
xoşagəlməz hadisələr baş verə bilərdi.
Ona görə bizim xəstəxana fondu buna hazır olmalı
idi. Pandemiya ilə mübarizədə Azərbaycan ilk günlərdən
qabaqlayıcı tədbirlər görərək, hesab edirəm
ki, istədiyinə nail oldu. Biz vəziyyəti bütün
dövrlərdə, yəni, bu bir il ərzində nəzarətdə
saxlamağı bacarmışıq. Burada əlbəttə
ki, yeni laboratoriyaların ölkəyə gətirilməsi
xüsusi rol oynamışdır. Çünki pandemiyaya qədər
bizdə cəmi 8 laboratoriya var idi və gündə cəmi
min test keçirilə bilərdi. Hazırda laboratoriyaların
sayı 42-dir və 20 min test keçirilə bilər və
bunu biz keçiririk. Bütövlükdə 2 milyon 400 min test
keçirilib. Yəni, bu, çox böyük rəqəmdir.
Eyni zamanda, pandemiya dövründə
ilk günlərdən modul tipli xəstəxanaların ölkəyə
gətirilməsi ilə məşğul olmağa
başlamışdıq və hesab edirəm ki, burada da
liderlik göstərdik. Çünki bizdən sonra bir
çox ölkələr oxşar addımlar
atmışdır. Ancaq istehsalçılar artıq
çatdıra bilmirdilər. Biz isə modul
tipli 13 xəstəxananı Azərbaycana gətirdik,
quraşdırdıq. İndi bizdə xəstəxana fondu tam
imkan verir ki, xəstəliklə bağlı bütün məsələlər
həll olunsun və həm palatalar, həm reanimasiya
palataları kifayət qədərdir. Bunun və eyni
zamanda, son həftələr ərzində dövlət siyasətinin
nəticəsidir ki, müsbət dinamika müşahidə
olunur, sağalanların sayı xəstələnənlərin
sayından xeyli çoxdur. Hesab edirəm ki, vaksinasiya
başladığı üçün bu sahədə daha da
uğurlu addımlar atılacaq. Məhz buna görə biz indi
yumşalma mərhələsinə qədəm qoymuşuq.
Biz il ərzində rejimi gah yumşaldırdıq, gah sərtləşdirirdik,
vəziyyətə uyğun şəkildə addımlar
atırdıq ki, insanların sağlamlığını
qoruyaq, eyni zamanda, insanlar üçün lazım olmayan halda əlavə
çətinliklər yaratmayaq. Yəni, biz daim bu məsələyə
çox həssaslıqla yanaşmışıq ki, bu iki
vacib məsələni həll edək - insanların
sağlamlığı, onların rahatlığı və
necə deyərlər, mənəvi durumu.
- Cənab Prezident, biz həm də
Azərbaycanın bu preventiv, eyni zamanda, mübarizə tədbirlərinin
beynəlxalq səviyyədə çox yüksək qiymətləndirildiyinin
şahidi olmuşuq, müxtəlif aparıcı beynəlxalq
qurumlar bu barədə öz fikirlərini ifadə ediblər.
Hətta mübarizədə “Azərbaycan modeli” ifadəsindən
də bəzi hallarda istifadə olunurdu. Bu barədə fikirlərinizi
bilmək istərdik.
- Bəli, bu, bizi, əlbəttə, çox
sevindirir. Biz, əlbəttə, çox məmnunuq ki, beynəlxalq
təşkilatlar Azərbaycanın fəaliyyətini yüksək
qiymətləndirirlər. Ancaq əsas vəzifəmiz
ondan ibarət idi ki, xalqımızı, vətəndaşlarımızı
qoruyaq. Çünki pandemiyanın ilk günlərində bəlli
deyildi ki, bu xəstəliyin hansı təhlükələri,
yaxud da ki, hansı fəsadları ola bilər və bu gün
də tam axıra qədər tədqiqatlar
aparılmayıb. Ona görə biz ilk günlərdən bu
addımları ataraq və eyni zamanda, Ümumdünya Səhiyyə
Təşkilatı ilə təmaslar quraraq bu sahədə
maksimum səmərəli iş aparmaq üçün
çalışmışıq. Qeyd etdiyiniz kimi, artıq
Ümumdünya Səhiyyə Təşkilatı “Azərbaycan
modeli” haqqında danışır, görülən işlərə
yüksək qiymət verir, bir neçə dəfə Azərbaycanı
nümunəvi ölkə kimi təqdim etmişdir. Eyni zamanda,
bu yaxınlarda mənə verilən məlumata görə,
dünyanın aparıcı rəy sorğusu şirkəti
olan “Gallup” da Azərbaycan vətəndaşları arasında
təhlil-rəy sorğusu aparıb. Vətəndaşların
86 faizi dövlətin bu sahədəki fəaliyyətini
yüksək qiymətləndirir və bu göstəriciyə
görə Azərbaycan dünyada 4-cü yerdədir. Yəni,
həm beynəlxalq təşkilatlar, bu sahədə
aparıcı təşkilat olan Ümumdünya Səhiyyə
Təşkilatı, həm də ölkə əhalisi bizim fəaliyyətimizi
yüksək qiymətləndirir. Bu, özlüyündə
bir göstəricidir və onu göstərir ki, biz
düzgün yoldayıq, hər zaman vətəndaşlara həqiqəti
demişik. Hər zaman vətəndaşlara
problem yarada biləcək hansısa məhdudiyyətlər
haqqında danışanda deyirdik ki, bu, zəruridir, bu,
labüddür, bunu biz etməsək, böyük problemlərlə
üzləşə bilərik, bizim səhiyyə sistemimiz
artan xəstələrin müalicəsi ilə bağlı
öz resurslarını səfərbər
edə bilməyəcək. Şadam ki, bizim bütün
çağırışlarımız vətəndaşlar
tərəfindən də anlayışla
qarşılandı. Nəticə etibarilə həm dövlət
siyasəti, həm vətəndaşların artan məsuliyyəti
imkan verdi ki, bu gün vəziyyət nəzarət
altındadır.
- Biz həm də bu müddət ərzində
xarici ölkələrə Azərbaycanın
yardımının da şahidi olmuşuq.
- Doğrudur. Biz bunu bir məsuliyyətli
ölkə kimi özümüzə borc bildik. Xüsusilə
Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edən
bir ölkə kimi mütləq bunu etməli idi. Bir çox
ölkələrin maddi vəziyyəti, xüsusilə indiki
dövrdə çox aşağıdır. Bir çox
ölkələr vətəndaşların gündəlik tələbatlarını
ödəyə bilmirlər. Belə olan halda, biz hesab edirik ki,
mütləq imkan daxilində bu yardımı etməliyik. Beləliklə,
bu dövr ərzində 30-dan çox ölkəyə maliyyə
və humanitar yardım göstərilmişdir, eyni zamanda, beynəlxalq
təşkilatlara, o cümlədən Ümumdünya Səhiyyə
Təşkilatına 10 milyon dollar məbləğində
könüllü ianə verilmişdir. Onun 5 milyonu onların
ümumi pandemiya ilə bağlı tədbirlərinə, 5
milyonu isə Qoşulmama Hərəkatına üzv olan
xüsusilə kasıb ölkələrin yardımına
istiqamətləndirilmişdir.
Bundan əlavə, biz beynəlxalq müstəvidə
Zirvə görüşlərinin keçirilməsinin də
təşəbbüskarı olmuşuq. Həm Türk
Şurasının, həm Qoşulmama Hərəkatının
iki Zirvə görüşü COVID-19-a həsr edilmişdir.
Onların da çox müsbət nəticələri
olmuşdur. Çünki birinci belə bir təşəbbüs
idi, bunu da biz irəli sürdük, hər iki qurumun sədri
kimi. Ondan sonra artıq Qoşulmama Hərəkatının
üzvlərinin dəstəyi ilə BMT Baş
Assambleyasının xüsusi sessiyasını keçirdik.
Bu, o qədər də asan deyildi. Çünki Baş
Assambleyanın xüsusi sessiyasını keçirmək
üçün bir çox amillər lazımdır. Deyə bilərəm ki, bəzi ölkələr
açıq etiraz etməsələr də, buna o qədər
də maraqlı deyildilər. Çünki bəziləri
hesab edirdi ki, belə bir təşəbbüs, necə deyərlər,
ancaq böyük ölkələrə məxsus
olmalıdır və belə bir təşəbbüs yəqin
ki, onların fikirlərinə görə gərək, daha əvvəl
razılaşdırılaydı. Biz isə onu öz təşəbbüsümüz
kimi irəli sürdük. Bildiyiniz kimi, Ermənistan buna
qarşı çıxmışdır və bu da
böyük təəccüb doğururdu. Yəni, Ermənistanda
azərbaycanafobiyanın nə qədər böyük
olduğunu Ermənistan bir daha bütün dünyaya göstərdi
və bu, müharibədən əvvəl olan hadisə idi.
BMT Baş Assambleyasının
xüsusi sessiyasında mən Qoşulmama Hərəkatının
sədri kimi çıxış edərkən bütün
ölkələri həmrəyliyə
çağırmışdım ki, bu bəlaya qarşı
mübarizədə biz səylərimizi birləşdirməliyik,
burada hansısa birtərəfli addımlar
atılmamalıdır, zəngin ölkələr məsuliyyət
göstərməlidirlər. Peyvənd bütün ölkələrin
xalqlarına çatmalıdır. Hətta
demişdim ki, kasıb olan ölkələrin vətəndaşları
üçün zəngin olan ölkələr o peyvəndi
alıb onlara ötürsünlər. Şirkətlərə
də çağırışlar etmişdim ki, onlar da bu sahədə
qazanc dalınca qaçmasınlar, yəni, məsuliyyətli
olsunlar. Prinsipcə, mənim bu
çağırışlarımı bir çox ölkələr
dəstəklədi, amma əfsuslar olsun ki, real həyat bizə
tam başqa mənzərə nümayiş etdirir. Burada
sözlə əməl arasında böyük bir fərqi
görürük.
- Siz vaksinlərin ədalətli
bölgüsünə toxundunuz. Bir məsələ ilə
bağlı da fikrinizi öyrənmək istəyərdik.
Ümumiyyətlə, hazırda pandemiya ilə mübarizədə
deyə bilərik ki, yeni bir mərhələ başlayıb -
dünya üzrə vaksinasiya. Hətta bu sahədə də
artıq müəyyən ölkələr arasında
ümumən gərginliyin şahidi olmaqdayıq. Misal
üçün, Avropa İttifaqı ilə Böyük
Britaniya arasında olan qalmaqalı göstərə bilərik.
Sizcə, bunun səbəbi nədir?
- Bunun səbəbi, yenə də deyirəm, ədalətsizlikdir,
bu sahədə hətta müttəfiqlər arasındakı
münasibətlərdə olan ziddiyyətlərdir. Dediyiniz bu
fakt özlüyündə çox narahatedici bir faktdır.
Çünki Böyük Britaniya bu vaxta qədər Avropa
İttifaqının üzvü idi və Avropa İttifaqı
ölkələrini Böyük Britaniya ilə çoxəsrlik
tellər bağlayır. Eyni zamanda, bu ölkələr
NATO-nun üzvləridir və onların arasında belə
qalmaqal, əlbəttə ki, bir çox suallar doğurur. Biz
bunu açıq mətbuatdan görürük. Misal
üçün, mən bu yaxınlarda görmüşəm
ki, Avropa İttifaqı nümayəndələri Böyük
Britaniyanı ittiham edirlər ki, onların istehsal etdikləri
vaksinin qeyri-ədalətli bölünməsi ilə
bağlı çox ciddi proseslər gedir. Hətta mən o rəqəmləri
də xatırlayıram. Bildirilmişdir ki,
Böyük Britaniya vətəndaşlarının 13 faizi
artıq peyvəndi alıb, Avropa İttifaqı vətəndaşları
isə 2 faiz. Əgər belə gedərsə, Böyük
Britaniya əhalinin 75 faizini iyul ayına qədər vaksinlə
təmin edəcək, Avropa İttifaqı isə oktyabr
ayına qədər. Yəni, bu, çox
düşündürücü açıqlamalardır. Hətta
ondan sonra biz gördük ki, bəzi embarqolar da qoyuldu.
Bildiyiniz kimi, bəzi istehsal sahələri Avropada təşkil
olunub. Ona görə belə bir qalmaqal
yarandı. Əlbəttə ki, biz gərək buna diqqətlə
nəzər salaq. Əgər inkişaf etmiş ölkələr
bu vaksinləri öz aralarında ədalətli bölə
bilmirlərsə və qarşılıqlı ittihamlar irəli
sürürlərsə, onda başqa ölkələr nə
fikirləşməlidir? Kasıb ölkələr,
inkişafda olan ölkələrin vətəndaşları,
bəs onlara kim kömək göstərəcək? Bu haqda
düşünülmür? Mən inkişaf etmiş bir
çox ölkələrin liderlərindən bu günə qədər
bu çağırışları eşitməmişəm.
Ona görə biz Qoşulmama Hərəkatının
sədri olaraq və öz bəyanatlarımıza sadiq qalaraq
artıq dünya arenasında bu məsələni
qaldırırıq. Mən sədrliyi öz üzərimə
götürərkən demişdim ki, Azərbaycan beynəlxalq
hüququ və ədaləti müdafiə edəcək,
bütün üzv ölkələrin maraqlarını
müdafiə edəcək və biz bunu edirik. Bu
iki Zirvə görüşünün və bir xüsusi
sessiyanın keçirilməsi onu göstərir ki, biz
özümüzü bu sahədə də məsuliyyətli
ölkə kimi aparırıq və bundan sonra da öz səsimizi
daim ucaldacağıq. Çünki istisna edilmir ki, bundan sonra
vaksinlər uğrunda mübarizə daha da kəskinləşəcək
və bu, çox faciəvi fəsadlara gətirib
çıxara bilər.
- Cənab Prezident, icazənizlə vaksinləmə
prosesinin Azərbaycana aid olan hissəsinə qayıdaq. Siz
çıxışınızın əvvəlində
artıq qeyd etdiniz ki, ölkəmizdə bu prosesə
başlanılıb. Görülən işləri necə
qiymətləndirirsiniz?
- Mən müsbət qiymətləndirirəm.
Çünki Azərbaycan Cənubi Qafqazda ilk olaraq artıq
vaksinasiya işlərinə start verdi. Eyni zamanda, yerləşdiyimiz
bölgədə Azərbaycan birincilər
sırasındadır. Onun nəticəsidir ki, pandemiyanın
ilk günlərindən işlər düzgün
qurulmuşdur, bütün lazımi addımlar
atılmışdır, beynəlxalq təşkilatlarla təmaslar
qurulmuşdur. Biz COVAKS təşəbbüsünün
üzvüyük və COVAKS xətti ilə müxtəlif
vaksinləri ölkəmizə gətirəcəyik. Eyni
zamanda, biz bir neçə şirkətlə vaksinlərin
ölkəmizə gətirilməsi ilə bağlı
müqavilələr bağlamışıq. Amma
onların bəzilərinin icrası indi yubanır, yəqin
ki, bax, dediyim bu səbəblərə görə. Eyni zamanda,
biz artıq 4 milyon doz vaksin sifariş etmişik və
onların artıq Azərbaycana gəlməsi təmin edilib,
Çin istehsalı olan vaksinlər. Yanvarın 18-dən
başlayaraq Azərbaycanda vaksinasiya başlamışdır.
Müqayisə üçün deyə bilərəm ki, Avropa
İttifaqında bu, keçən il dekabrın 18-də
başlamışdır. Yəni, bir aydan sonra artıq Azərbaycan
vətəndaşları bu vaksinləri alırlar, peyvənd
olunurlar, əlbəttə ki, bu, vaksinasiya sahəsində də
bizim səmərəli işimizin təzahürüdür.
Onu da bildirməliyəm ki, indiki şəraitdə,
xüsusilə zəngin ölkələr arasında olan bu
ixtilaflar istehsalçılara da mənfi təsir göstərir,
bir çox ölkələrin vətəndaşlarını
bu vaksinlərdən məhrum edir. Ondan başqa, bu, dünyada
ölkələr arasındakı inamsızlığı da
alovlandırır. İndi siz Avropa İttifaqı ilə
Böyük Britaniya arasındakı qalmaqaldan
danışdınız, amma başqa misallar da var. Misal
üçün, yenə də açıq mətbuata istinad
edərək deyə bilərəm ki, inkişaf etmiş
ölkələr dünya əhalisinin 14 faizini təşkil
edir. Halbuki inkişaf etmiş ölkələr bu günə
qədər dünya vaksinlərinin 53 faizini sifariş ediblər.
Yəni, bu, yenə də ədalətsizlik, qeyri-bərabərlikdir.
“Moderna” vaksini var, səhv etmirəmsə, Amerika
istehsalıdır. “Moderna” vaksininin 98 faizini zəngin ölkələr
sifariş ediblər. “Pfizer” Avropa istehsalı vaksinidir. “Pfizer”
vaksininin 96 faizini zəngin ölkələr sifariş ediblər.
Yaxşı, bəs kasıb ölkələrin vətəndaşları
nə etməlidirlər, xəstələnməlidirlər?
Onlar xəstələnəndə onların ölmək
ehtimalı daha böyükdür. Çünki o ölkələrdə
səhiyyə sistemi inkişaf etmiş ölkələrdən
müqayisəedilməz dərəcədə geridə
qalıb. Ona görə, bax, bu məsələlər
haqqında biz danışmalıyıq, bunu gizlətməməliyik.
Ancaq bu məlumat
açıq mətbuatda gedir, sanki ondan sonra unudulur. Çünki
sərf etmir. Dünya mediasına rəhbərlik
edən qurumlara sərf etmir. Çünki
bu, o aktorların sözlərinin əməlləri ilə
böyük fərqini göstərir.
Bir misal da gətirə bilərəm. Bu
yaxınlarda verilən məlumata görə Kanada 154 milyon əhali
üçün vaksinlər sifariş edib. Kanadanın əhalisi 38 milyondur. Yəni, bu
ölkə, bu ölkənin hökuməti, hansı ki, Vətən
müharibəsi zamanı sırf ermənipərəst
mövqe sərgiləyirdi, işğalçıları dəstəkləyirdi,
bizim haqq işimizə kölgə salmaq istəyirdi və hətta
“Bayrakdar” pilotsuz uçuş aparatlarının
kameralarının Türkiyəyə ixrac edilməsi ilə
bağlı əsassız embarqo qoymuşdu. Həmin
bu ermənipərəst ölkə 154 milyon vaksin sifariş
edir, onun pulunu verir, öz ölkə əhalisinin sayı 38
milyondur. Yəni, dörd dəfə
çox. Deməli, 120 milyona bu vaksin
çatmayacaq. Onlar almayacaqlar, onlar xəstələnəcəklər,
öləcəklər. Bunların vecinə
deyil. Bunlar ancaq eqoist hisslərə
qapılaraq öz maraqlarını təmin etmək istəyirlər.
Belə olan halda hansı demokratiyadan söhbət
gedə bilər? Hansı ədalətdən,
mərhəmətdən, insan haqlarından söhbət gedə
bilər? Deməli, kasıb ölkələrin
insanlarının haqları tapdalanır, onların səhhəti,
sağlamlığı risk altına düşür. Amma zəngin ölkələr öz
maraqlarını artıqlaması ilə, o maraqların 4-5
mislini təmin etməklə, necə deyərlər, öz
maraqlarını təmin edirlər.
Bu, sadəcə olaraq, bu xəstəliklə
bağlı olan məsələ deyil. Bunun çox
dərin kökləri var və bu, təsadüfi deyil. Çünki bu dərin köklər bizi müstəmləkəçilik
dövrünə aparır. Amma elə bil
ki, biz neomüstəmləkəçilik dövrünü
qeyri-rəsmi müşahidə edirik, yaxud da ki, elan edilməmiş
müstəmləkəçilik, bunun başqa adı yoxdur.
Belə olan halda bu ölkələrin mənəvi haqqı
varmı kiməsə nəsə desin, kimisə nədəsə
ittiham etsin? Bu, eqoizmdir, vicdansızlıqdır.
Azərbaycan - Qoşulmama Hərəkatına sədrlik
edən ölkə burada səssiz qalmır və qalmayacaq.
Bu gün mən bu imkandan istifadə edərək
Qoşulmama Hərəkatının üzvlərinə də
çağırış edirəm ki, onlar da bizim səsimizə
qoşulsunlar və biz bu məsələni beynəlxalq
kürsülərdə, BMT kürsüsündə
qaldırmalıyıq. Ümumdünya Səhiyyə
Təşkilatına müraciət etməliyik, şirkətlərə
müraciət etməliyik, zəngin ölkələrə
müraciət etməliyik ki, bu ölkələr bu praktikadan əl
çəksinlər. Bu, ədalətsizlikdir.
Buna göz yummaq olmaz. Bunun
üstünü örtmək olmaz. Bu barədə
Azərbaycan BMT-dən sonra ikinci böyük təsisatın
lideri kimi, öz sözünü bundan sonra da deyəcək.
- Siz Vətən müharibəsi məsələsinə
toxundunuz. İcazənizlə, növbəti sualım erməni
işğalından azad edilən torpaqlarla bağlı olacaq.
Həmin ərazilərə artıq bir neçə
dəfə səfər etmisiniz. Təəssüratlarınızı
bir daha eşitmək istəyərdik.
- Təəssüratlar
- əlbəttə ki, hər bir Azərbaycan vətəndaşı
hansı hissləri keçirir, mən də o hissləri
keçirirəm, bəlkə daha çox. Çünki
mən artıq əyani şəkildə o torpaqlarda
olmuşam. İndi vaxtaşırı
televiziya reportajlarında dağıdılmış, viran
qoyulmuş o ərazilər göstərilir. Amma, əlbəttə ki, onu əyani şəkildə
görəndə mənzərə tam başqadır. Bu, bir daha onu göstərir ki, biz hansı bəlaya
qarşı mübarizə aparmışıq. Bu gün bizim haqlı davamıza kölgə salmaq
istəyən ermənipərəst, anti-Azərbaycan, islamofob
dairələr bunu bilməlidirlər ki, mənfur Ermənistan
bizim torpaqlarımızı zəbt edərək, işğal
edərək bütün infrastrukturu dağıdıb.
Mən Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan
rayonlarında, Şuşa şəhərində
olmuşam. Ağdam şəhəri tamamilə
dağıdılıb. Bir dənə də
salamat bina yoxdur. Bir
yarıdağılmış məscid qalıb, onu da ermənilər
təhqir ediblər. Füzuli şəhərində
bir dənə də bina yoxdur, bircə hərbi hissənin
üç-dörd mərtəbəli binasıdır. Cəbrayıl şəhərinin girəcəyində
bir hərbi hissə var, şəhər yoxdur. Qubadlı
və Zəngilanda, sadəcə olaraq, bir neçə ev qalıbdır, özü də yarıdağılmış
vəziyyətdə. O evlərdən də onlar polis
şöbəsi kimi, deməli, hərbi baza kimi istifadə
edirdilər. Yol boyunca kəndlərdə bir dənə
də salamat bina yoxdur. Kəndlərin
bütün binaları dağıdılıb, talan edilib.
Bu mənzərə indi bütün dünyaya təqdim
edilir və təqdim edilməlidir. Uzun illər
Ermənistan rəhbərliyi və onun havadarları bunu gizlədirdilər.
Sanki belə bir şey yoxdur. Beynəlxalq təşkilatların o bölgələrdə
olan nümayəndələri də bunun üstünü
örtürdülər. Bu
talançılıq, bu vəhşilik, bu düşmənçilik
bütün dünyanın diqqətini cəlb etməlidir.
Məhz buna görə biz oraya jurnalistləri,
diplomatik korpusun nümayəndələrini dəvət edirik.
Daha da böyük sayda dəvət etməliyik
ki, hər kəs görsün. Biz təkcə
öz ərazi bütövlüyümüzü bərpa etməmişik,
biz erməni faşizmini məhv etmişik, erməni vəhşiliyini
məhv etmişik. Biz bölgəmizi
faşist ideologiyasından tam xilas etməsək də, onun
böyük hissəsini məhv etmişik. Buna görə bizim şanlı Qələbəmiz
bölgə üçün, dünya üçün
çox böyük əhəmiyyət daşıyır.
Mən özümə sual verirdim ki, nə
üçün onlar bunu edib? Sözün
düzü suala cavab tapa bilmirəm, bu günə qədər
də. Bir səbəb ondan ibarətdir ki,
onlar hesab edirdilər, belə olarsa, bütün evlər yerlə-yeksan
edilərsə, azərbaycanlılar o torpaqlara
qayıtmayacaqlar. Çünki onlar hesab
etmirdilər ki, biz o faciədən sonra ayağa dura bilərik,
möhkəmlənə bilərik, zəngin təbii
ehtiyatlarımızdan səmərəli şəkildə
istifadə edib, ölkəmizi inkişaf etdirə bilərik,
bu torpaqları, əraziləri bərpa edə bilərik.
Onlar hesab edirdilər ki, heç vaxt biz oraya
qayıtmayacağıq. Bu, birinci səbəb.
İkinci səbəb, - bəlkə də bu,
birinci səbəbdir, - onların ürəyində bizə
qarşı olan düşmənçilikdir. Biz bunu sovet dövründə bilmirdik, hiss etmirdik.
İndi mən o illəri yaxşı
xatırlayıram. Azərbaycanda minlərlə
erməni yaşayırdı. Bizim onlara
münasibətimiz çox müsbət idi. Onlar da özlərini burada cəmiyyətin normal
üzvləri kimi aparırdılar. Heç
bir ədavətdən, düşmənçilikdən
söhbət gedə bilmirdi. Bəs necə
oldu ki, 1992-93-cü illərdə onlar bizə qarşı bu qədər
qəddarlıq göstərdilər? Xocalı
soyqırımı, günahsız insanların
öldürülməsi ilə nəticələnən
onların digər hərbi əməliyyatları, dinc əhaliyə
qarşı bu qədər qəddarlıq. Deməli, bunların ürəyində bu
düşmənçilik toxumları həmişə var idi.
İndi bu gün Azərbaycan onların belini
qırıb, onların başını əzib, onların
ordusunu məhv edib, onların ideologiyasını məhv edib,
illər boyunca, onilliklər boyunca onların yetişdirdikləri
ideoloji əsasları məhv edib. Əlbəttə
ki, aydın məsələdir, bu gün onların bizə
münasibəti nədir? Bəs o vaxt biz nə
pislik etmişdik? Heç bir pislik etməmişdik.
Bülbülün, Natəvanın, Üzeyir Hacıbəylinin
büstlərini gülləbaran etmək üçün gərək
adamın ürəyində nə qədər nifrət olsun,
nə qədər düşmənçilik olsun, özü
də kimə? O xalqa ki, sənə burada yer verib. Sən burada yuva salmısan. Sənin
üçün yad olan torpağa, Qarabağa
köçürülmüsən, Anadoludan, İrandan
köçürülmüsən, gəlmisən, sənə
burada qucaq açıb Azərbaycan xalqı, çörək
verib. Sən çox sağ ol əvəzinə,
1992-93-cü illərdə bütün binaları
dağıdırsan, məscidləri dağıdırsan, təhqir
edirsən. Bu kadrlar var internetdə. O, hərbi
cinayətkar və bu dəfə Qarabağ müharibəsində
Qarabağa gəlmiş və siçan kimi oradan
qaçmış Koçaryan Ağdam məscidinin
önündə dayanıb və Ağdam məscidinin
divarının üzərində təhqiramiz ifadələr.
O, bax, budur. O, bu hisslərlə yaşayıb. Biz
onların belini qırdıq, onları məhv etdik.
Hesab edirəm ki, müasir dünya ikinci belə vəhşilik
görməmişdir. Əliyalın insanları
yandırıblar, öldürüblər, uşaqları
yandırıblar. Bütün binaları,
məscidlərimizi dağıdıblar. Erməni
faşizmi ən qəddar, ən təhlükəli, ən mənfur,
ən çirkin ideologiyadır və biz bu ideologiyanı məhv
etdik. Hesab edirəm ki, illər keçdikcə
bizim bu tarixi xidmətlər dünya tərəfindən daha
da dolğun şəkildə dərk ediləcək. O
cümlədən erməni xalqı vaxt keçəcək,
bizə minnətdar olacaq ki, biz onları bu bəladan xilas etmək
istədik. Ümid edirəm ki, onlar xilas
olunacaqlar. Əks-təqdirdə, Ermənistan
dövlətinin dövlət kimi gələcəyi çox
böyük şübhə altında olacaq.
- Cənab
Prezident, mətbuatda gedən bir məlumatda deyilir ki, Mərkəzi
Bankın sədri təmsil etdiyi qurumun Şuşada nümayəndəliyinin
açılacağını bildirib və bu məsələyə
münasibətinizi öyrənmək istəyərdik.
- Mənim
buna münasibətim mənfidir. Özü də
mən deyim nəyə görə. Birincisi,
bu, özbaşınalıqdır. Belə
açıqlama veriləndə mütləq rəhbərliklə
gərək məsləhətləşmə
aparılsın. Azad edilmiş
torpaqların bərpası ilə bağlı mənim tərəfimdən
bir çox önəmli qərarlar qəbul edilib, qərargah
yaradılıb. Qərargaha Prezident
Administrasiyasının rəhbəri rəhbərlik edir.
Mən demişdim ki, bütün təkliflər,
bütün təşəbbüslər oraya göndərilməlidir.
Çünki biz kim necə istəyir o
torpaqları, əraziləri bərpa edə bilmərik. Biri filial açmaq istəyir, biri nə bilim
başqa qurum açmaq istəyir. Bu,
yolverilməzdir və qəbuledilməzdir. Ona görə burada subardinasiya olmalıdır.
Ucuz populyarlıq qazanmaq üçün, yaxud
da ki, özünə hansısa bir ofis, yeni ofis yaratmaq
üçün belə açıqlamaların verilməsi
tamamilə qəbuledilməzdir və buna son
qoyulmalıdır.
İkincisi, biz bütün işləri
ardıcıllıqla edirik. Mən bu
ardıcıllıq haqqında Azərbaycan xalqına dəfələrlə
demişəm ki, biz hansı işləri görəcəyik,
insanlar da bilsinlər. İlk növbədə,
keçmiş köçkünlər, nə vaxt qayıda
bilərlər o torpaqlara. Birinci, minalardan təmizləmə.
Bu, böyük bir prosesdir. Ermənilər
bizə mina sahələrinin xəritələrini vermirlər.
Ona görə indi partlayışlar da tez-tez
olur. Biz indi Minatəmizləmə
Agentliyini yenidən formalaşdırırıq və onun fəaliyyəti
daha səmərəli olacaq. Ancaq bu, müəyyən
vaxt aparacaq. Mina təmizləməklə əlaqədar
işlər, əlbəttə ki, başa
çatmalıdır. Ondan sonra ziyanın
qiymətləndirilməsi. Əgər biz ziyanın qiymətləndirilməsini
etməsək, sabah təzminat davasında
da uğur qazana bilmərik. Ona görə də,
ilk növbədə, yerli qurumlar dağıdılmış
bütün evlərin pasportlaşdırılmasını
aparmalıdır. Video, foto çəkilişlər,
dron çəkilişləri, protokollaşma
aparmalıdır. Hər bir binanın, hər
kənddə yerləşən binanın, hər şəhərdə
yerləşən binanın öz pasportu olmalıdır.
Bu məlumatı biz verəcəyik cəlb
edilmiş beynəlxalq şirkətlərə, onlar özləri
tədqiqat aparacaqlar, özləri monitorinq missiyaları həyata
keçirəcəklər və onlar bizə Ermənistana
qarşı açılacaq təzminat davasında kömək
göstərəcəklər. Yəni, bu
ardıcıllıq budur.
Bu işlər görüləndən sonra infrastruktur
layihələri icra edilməlidir. Axı, infrastruktur
olmasa, orada insan necə yaşayacaq? Su yox,
işıq yox, yol yoxdursa, necə yaşaya bilər? Ondan sonra evlər tikilməlidir. Mən
göstəriş vermişəm, artıq bizim qurumlar işləyirlər,
bütün şəhərlərin baş planları
hazırlanır, özü də elə-belə yox -
“ağıllı şəhər” konsepsiyası,
“ağıllı kənd” konsepsiyası. Bu,
zaman tələb edir. Eyni zamanda, hər
şey planlı şəkildə olmalıdır. Yoxsa biri oradan durub deyəcək ki, mən burada bunu
tikəcəyəm, biri oradan duracaq ki, mən bunu. Kimsən sən? Sən get öz işinlə
məşğul ol. Yenə də deyirəm,
ucuz populyarlıq dalınca qaçanların axırı pis
olur, bu, birincisi. İkincisi, qayda-qanun var
ölkədə. Heç kim
özbaşınalıq edə bilməz. Əgər
kimsə unudur, biz onun yadına salarıq. Təkcə
bu işlərlə, əlbəttə ki, məsələ
bitməyəcək. Sosial obyektlər də
tikilməlidir. Evlərin tikintisi ilə
paralel olaraq sosial obyektlər - xəstəxanalar, məktəblər,
mədəniyyət ocaqları, idman qurğuları.
Yoxsa əgər biz indi gedib haradasa, necə deyərlər, məktəb
tiksək, ya xəstəxana tiksək, amma kim
oraya gedəcək. Orada adam yoxdur.
Şuşa
şəhərinə gəldikdə, Şuşa
şəhəri mənim tərəfimdən ölkəmizin
mədəniyyət paytaxtı elan edilib. Bunu hər
kəs bilir və bu qərar yüksək qiymətləndirilib.
Şuşa nəinki Azərbaycanın, bölgənin,
bəlkə də dünyanın mədəniyyət
paytaxtlarından birinə çevriləcəkdir. Şuşada çox zəngin mədəni həyat
olmalıdır. Şuşada yaşayacaq
soydaşlarımız da, bütün işlər
görüləndən sonra oraya qayıtmalıdırlar.
Şuşa demək olar ki, dağılıb,
bütün binalar dağılıb. Bir
keçmiş raykom binası qalıb, harada ki, mənfur xunta
özü üçün yuva salmışdır, bir də
xunta başçısının villası və bir-iki də
cinayətkar, rüşvətxor erməni məmurunun
villası. Orada başqa bina yoxdur. Bir də “xruşşovkalar”, hansılar ki,
çoxdan öz ömrünü bitirib, orada da 2 min erməni
yaşayırdı. İndi Mərkəzi
Bank insanlara xidmət göstərib ki, orada filial açsın?
Kimin üçün filial açacaq? Özü üçün ki, gedib orada otursun, yaxud
da gedəndə bunun bir iqamətgahı olsun, şəraiti
olsun, oraya pullar xərclənsin və bunun insanlara hansı
xeyri dəyəcək? Heç bir. Təkcə bu, deyil. Digər
qurumlar da, indi mənə müraciət etmişlər.
Onların hər halda ağlı çatıb mənə
müraciət etməyə və mən onlara dedim ki, gedin
oturun yerinizdə. Onları da mən deyə bilərəm,
sadalaya bilərəm, qoy, Azərbaycan vətəndaşları
bilsinlər. “Azəravtoyol”. Onun rəhbəri mənə müraciət edib ki,
icazə verin, Şuşada “Azəravtoyol” qurumunun regional mərkəzini
açaq. Nə üçün? Yol çəkmək lazımdır, get, yol çək.
Heç kim öz hesabına yol çəkmir,
dövlət büdcə ayırır. Şuşada “Azəravtoyol”un regional mərkəzinin nə işi var? İstəyir ki, özü üçün şərait
yaratsın, getsin o torpağı zəbt etsin, özü
üçün iqamətgah tikdirsin, onu hasara alsın, bir
qarovulçu qoysun və bəli, oraya gedəndə otursun
orada necə deyərlər, təbiəti seyr etsin. AZAL. Onun da rəhbəri mənə
müraciət etmişdir ki, AZAL-ın hansısa qurumunu
Şuşada yaratmaq istəyirlər. Bu,
prinsipcə absurddur. Ona da lazımi sözləri
demişəm ki, get otur yerində. Ondan
sonra Dövlət Gömrük Komitəsi Şuşada
Qarabağ Regional Mərkəzinin yaradılması ilə
bağlı müraciət edib. Şuşada
sərhəd var ki, gömrüyün regional mərkəzi
olsun?
Bilirsiniz, bu adamların beyninə belə ziyanlı fikirlər
gəlir və onlar da bunu tələffüz edirlər. Siyahı davam
edir hələ. Fövqəladə Hallar
Nazirliyi. Nazir mənə müraciət edib ki, icazə
verin, orada biz Fövqəladə Hallar Nazirliyinin Qarabağ
regional mərkəzini yaradaq, Şuşa
şəhərində. Yenə də eyni məqsədlə,
yenə də torpaq, hələ ki, orada indi heç kim yoxdur, yenə də hasar, yenə də nə
bilim tikanlı məftil, iqamətgah. Dövlət
Sərhəd Xidməti. Bu təklifi indi
desəm yəqin ki, mənim kimi Azərbaycan xalqı da
güləcək. Xidmətin rəisi mənə zəng
edib deyir ki, icazə verin biz sərhəd xidmətinin Şuşa zastavasını da yaradaq. Dedim ki, a
kişi Şuşada sərhəd var? Deyin
də mənə Şuşada sərhəd var, yoxsa yox? Deyir yoxdur. Deyirəm, bəs nə
zastava yaradırsan? İndi bizim o boyda sərhədimiz
yaranıb, ta şimaldan cənuba qədər, Kəlbəcərdən
Cəbrayıla qədər, Ermənistanla sərhəd.
Cəbrayıl rayonunda İranla sərhəd,
get orada yarat da. Şuşada nə işin
var sənin?! Yenə də gəlim, oturum,
yerləşim, iqamətgah qurum, hamısı da dövlət
hesabına, hamısı dövlət hesabına. Burada mənim bir rezidensiyam olsun. Mən
bəzən bu şeyləri demirəm vətəndaşlara
ki, onları iyrəndirməyim, bağışlayın
sözümə görə, ifadəmə görə. Amma mənim də artıq səbrim tükənir və
deyirəm ki, vətəndaşlar da bilsinlər, bu məmurlar
da bilsinlər. Məmurlar öz yerlərini
bilsinlər, öz işləri ilə məşğul
olsunlar.
Bir də
ki, mən Şuşanı mədəniyyət paytaxtı elan
etmişəm, məmurlar paytaxtı elan etməmişəm! Ona görə hər kəs otursun yerində, öz
işi ilə məşğul olsun, məni də əsəbləşdirməsin.
Şuşanın ərazisinin
ölçüsü 300 hektardır. Mən
qoymamışam ki, bir dənə daş daş üstə
qoyulsun. Çünki birinci təhlil
aparmalıyıq. Ondan sonra o tarixi
binaları bərpa etməliyik, necə bərpa etməliyik,
bunu mən də deyə bilmərəm, mütəxəssislər
deməlidir, biz indi cəlb etmişik. Misal
üçün, Xurşidbanu Natəvanın sarayı necə
bərpa edilməlidir? Çünki onun
bir divarı var, qalan divarlar uçub. O, hansı formada bərpa
edilməlidir? Onun yenidənmi eyni stildə qalan
o uçan hissəsi tikilməlidir, yaxud da elə formada tikilməlidir
ki, oraya gələn görsün ki, bax bu, buradan
dağılıb, oradan sökülüb. Bu suala mənim cavabım yoxdur, çünki mən
mütəxəssis deyiləm. İndi
müxtəlif yerli, xarici şirkətlər məşğul
olurlar artıq bu işlərlə. Şuşada
biz ancaq və ancaq tarixi binaları bərpa etməliyik, mən
belə hesab edirəm. Ondan sonra
“xruşşovkalar”la bağlı, - indi qabaqlamaq istəmirəm,
- mənim fikrim var ki, onların bir çoxu oradan
yığışdırılmalıdır. Onların yerində yəqin ki, müasir 4-5 mərtəbəli
yaşayış binaları tikilməlidir. Ancaq bununla bağlı mən, sadəcə olaraq,
öz fikirlərimi bölüşürəm. Amma necə olacaq, onu mütəxəssislər,
memarlar, tarixçilər, şuşalılar özləri deyəcəklər
ki, bu şəhəri necə görmək istəyirlər,
çünki bu, onların şəhəridir. Yoxsa bütün bunlar, bu işlər kənarda
qala-qala biri durur ki, mən filial açıram, biri deyir ki, mən
zastava açıram, biri deyir ki, mən fövqəladə
hallar açıram. Vallah adam söz
tapmır. Mən söz tapmışam, onlara elə
söz demişəm ki, onlar o sözü unutmayacaqlar. Azərbaycan vətəndaşlarına da deyirəm,
bərpa ilə bağlı görüləcək işlərdə
mütləq ictimai nəzarət olmalıdır. Olmasa, bilin ki, yenə də eybəcər binalar tikiləcək,
torpaqlar zəbt ediləcək, hərə özü
üçün bir obyekt tikəcək.
Mən indi o biri məsələni də demək istəyirəm. Mən müvəqqəti
idarəetmə strukturu yaratmışam. Nəyə
görə? Çünki mən
görürəm, bilirəm, artıq gözlər dikilib
oraya. İndi oraya elə bil ki, hücum
gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim,
o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam,
hamısını, özü də necə lazımdır.
Otursun hərə öz yerində öz işi
ilə məşğul olsun. Bütün
torpaqlar planlı şəkildə bərpa ediləcək.
Orada insanlar üçün şərait
yaradılacaq, elə şərait ki, dünya
üçün nümunə olacaq. Heç bir qanunsuz hərəkət
ola bilməz. Heç bir
torpaq zəbt oluna bilməz. Hər şey
planlı və əsaslı şəkildə
olmalıdır. Mən əminəm ki, biz
buna nail olacağıq. Biz hamımız
istəyirik ki, dağıdılmış şəhərlər
tezliklə bərpa edilsin, amma, eyni zamanda, elə olsun ki, bu,
oraya qayıdacaq insanların rahatlığını təmin
etsin və müasir, güclü Azərbaycanın
gücünü bütün dünyaya göstərsin.
- Cənab
Prezident, vaxt ayırdığınıza görə bir daha
Sizə minnətdarıq.
Prezident
İlham Əliyev: Sağ olun.
* * *
Fevralın 1-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban
Əliyeva paytaxtın Yasamal rayonunda yeni salınan meşə
tipli parkın açılışında da iştirak ediblər.
AZƏRTAC
xəbər verir ki, dövlətimizin başçısı
və birinci xanım parkda yaradılan şəraitlə tanış olublar.
Qeyd edək ki, dövlətimizin
başçısının tapşırığına əsasən
salınan bu parkın ümumi ərazisi 4 hektardır. Vaxtilə
bu ərazi bəzi adamlar tərəfindən zəbt
olunmuşdu və onlar bunu hissə-hissə satmaq niyyətində
idilər. Məhz Prezident İlham Əliyevin müdaxiləsindən
sonra bu proses dayandırıldı və bu torpaqlar dövlət
fonduna qaytarıldı.
Yeni salınan parkda yaşıllıq zonası
ərazinin 70 faizindən çoxunu əhatə edir. Artıq
yeni parkda ətraf ərazilərin sakinlərinin istirahəti
üçün bütün şərait var.
Yaxınlıqdakı çoxmərtəbəli
binanın sakinləri mənzillərinin eyvanlarından
dövlətimizin başçısını və
xanımını salamlayıblar.
Qeyd edək ki, yeni istifadəyə verilən
park şəhərsalmanın standartlarına və müasir
tələblərə uyğun şəkildə qurulub.
Ərazi yüksəksəviyyəli infrastruktur əsasında
abadlaşdırılıb. Yeni park həm də şəhərin
sosial-ekoloji vəziyyətinin yaxşılaşması
baxımından əhəmiyyətlidir.
Yeni Azərbaycan.- 2021.- 2 fevral.-
S.2.3.