Milli Məclisdə
gənc ailələrlə
bağlı dinləmə
keçirilib
Fevralın 3-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin
təşkilatçılığı ilə videokonfrans formatında “Gənc ailələrlə bağlı
mövcud vəziyyət:
imkan və çətinliklər” mövzusunda
dinləmə keçirilib.
Milli Məclisin Mətbuat
və ictimaiyyətlə
əlaqələr şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
tədbirdə Milli Məclis sədrinin müavini, gənclər və idman komitəsinin
sədri Adil Əliyev, deputatlar, əlaqədar dövlət
qurumlarının və
gənclər təşkilatlarının
təmsilçiləri, vətəndaş cəmiyyətinin
nümayəndələri iştirak
ediblər.
Ailə, qadın və
uşaq məsələləri
komitəsinin sədri
Hicran Hüseynova bu il Gənclər
Gününü qalib
xalq olaraq qeyd etdiyimizi vurğulayaraq deyib ki, Vətən müharibəsi günlərində
Azərbaycan gəncləri
səngərdə, diplomatiya
müstəvisində və
informasiya məkanında bütün qüvvələrini səfərbər
edərək Ali Baş Komandanın rəhbərliyi altında
tarixi Qələbə
qazandılar, igid oğullarımız öz
canları, qanları bahasına 30 illik Vətən həsrətimizə
son qoydular.
Komitə sədri
bildirib ki, Azərbaycan əhalisinin
23,6 faizini təşkil
edən gənclərə
qayğı dövlət
siyasətinin mühüm
tərkib hissəsidir.
Bu siyasətin həyata keçirilməsi
üçün müvafiq
qanunvericilik bazası yaradılıb. Hazırda
Azərbaycan dövləti
postpandemiya və postkonflikt dövründə
keyfiyyətcə yeni strateji mərhələyə
daxil olur. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə
“Azərbaycan 2030: sosial-iqtisadi
inkişafa dair Milli Prioritetlər” təsdiq edilib. Növbəti 10 ildə ölkənin sosial-iqtisadi
inkişafına dair 5
Milli Prioritet həyata keçiriləcək
ki, bu da
hər bir vətəndaşı əhatə
edəcək. Həmin
prioritetlər, xüsusilə,
gənclərin inkişafına,
gənc ailələrin
sosial vəziyyətinin
yaxşılaşmasına kömək olacaq.
Son 56 ildə qlobal
miqyasda nikahların sayının 3 dəfədən
çox azaldığını,
boşanmaların sayının
isə 3 dəfəyədək
artdığını qeyd
edən Hicran Hüseynova hazırda qərbdə ailə dəyərlərinin mənəvi
deqradasiyaya uğradığını,
övladsız ailə
və birgə yaşayışa əsaslanan vətəndaş
nikahlarının artdığını
təhlükəli hal
kimi dəyərləndirib.
O, bu tendensiyanın ölkəmizə sirayət
etməməsi üçün
adekvat addımların
atılmasının vacibliyini
qeyd edib.
Komitə sədri son
dövrlərdə “ailə
psixoloqu” məsələsinin
gündəmə gəldiyini,
narkotik və psixotrop maddə istifadəçilərinin sayının
gəncləşdiyini, reproduktiv
sağlamlıq məsələlərinin
aktuallaşdığını, erkən nikahların qarşısının alınmasının
vacibliyini, məşğulluğun
təmin olunması zərurətini
və digər aktual məsələləri
diqqətə çatdırıb.
Bildirib ki, ailələrimizi qorumaq məqsədilə Milli Məclisin müvafiq komitələrində
bir sıra təkliflər hazırlanır,
həmçinin Ailə
Məcəlləsinin və
bir sıra qanunların yenidən ekspertizadan keçməsi
istiqamətində iş
aparılır.
Tədbirdə çıxış edən
Milli Məclis sədrinin müavini, gənclər və idman komitəsinin sədri Adil Əliyev gənc ailələrlə bağlı
konkret problemlərə
toxunub. Sədr müavini COVID-19 pandemiyası
səbəbindən ötən
il dünyada boşanmaların sayının
artdığını və
bu halın daha çox gənc ailələrdə
baş verdiyini təəssüflə qeyd
edib. Bildirib ki, 2020-ci ilin may ayında ölkəmizdə 1501 boşanma
halı rəsmiləşib.
O deyib ki,
ailə cəmiyyətin
özəyidir və dövlətin götürdüyü
öhdəliklərdən biri
də ailə problemlərinin həlli, sağlam ailə mühitinin yaradılmasıdır.
Boşanmaların artmasına təsir
edən amillər sırasında bəzi gənclərin narkotikə,
alkoqol və digər zərərli vərdişlərə qurşanma
məsələsinə diqqəti
çəkən Adil
Əliyev qeyd edib ki, bizdə
“Mediasiya haqqında” Qanun qəbul olunduğuna görə, boşanmalarla əlaqədar bir sıra
mübahisələrin məhkəməyə
qədər həlli mümkündür. Mediasiya
çərçivəsində psixoloqların və digər sosial işçilərin xidmətindən
yararlanmaqla əsassız
boşanmaların qarşısını
almaq olar.
Gənclər və idman komitəsində həyata
keçirilən və
nəzərdə tutulan
işlər barədə
məlumat verən sədr müavini vurğulayıb ki, Vətən müharibəsində
gənclərimiz döyüş
meydanında böyük
şücaət göstərdilər,
arxa cəbhədə informasiya müharibəsində əzmkarlıq
nümayiş etdirdilər.
Gənc ailələrin
çətinliklərinin həlli
istiqamətində həyata
keçirilən bütün
tədbirlərlə yanaşı,
gənclərimizin milli-mənəvi
dəyərlərimizə uyğun
tərbiyəsinə xüsusi
diqqət yetirilməlidir.
Sonra dinləmədə
Gənclər və idman nazirinin müavini İntiqam Babayev “Gənclər siyasətinin həyata keçirilməsində dövlətin
üzərinə düşən
vəzifə və öhdəliklər” mövzusunda
məruzə edib. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva “Müasir Azərbaycan cəmiyyətində gənc
ailənin statusu”ndan söhbət açıb.
Gənclər Fondunun sədri Fərid Cəfərov “Azərbaycan
gəncliyinin inkişafında
Gənclər Fondunun rolu” barədə danışıb.
Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb.
Tərxis Olunmuş Hərbçilərin
Gəncləri Maarifləndirmə
İctimai Birliyinin sədri Emin Həsənli, “Azəri Gənclər Alyansı” İctimai Birliyinin sədri Leyla Məmmədli-Sadıqova, “Gender
Hub Azerbaijan” təşkilatının sədri
Məryəm Məcidova
bir sıra aktual məsələlərə
toxunublar, təkliflər irəli sürüblər.
Dinləmədə Ailə, qadın
və uşaq məsələləri komitəsinin
sədr müavini Jalə Əliyeva, deputatlar Tamam Cəfərova, Nigar Arpadarai və Rauf Əliyev gənc ailələrin mövcud vəziyyəti, maddi təminat məsələsi, boşanmaları
doğuran səbəblər,
narkomaniyaya qurşanma
meyilləri, sosial şəbəkələrin
zərərli tərəfləri,
qərbdən ixrac olunan yad psixologiya
və yad adətlərin, yad vərdişlərin Azərbaycan
gənclərinə təsiri
və digər vacib məqamlardan bəhs ediblər, təkliflərini diqqətə
çatdırıblar.
Videokonfrans formatında keçirilən
dinləmədə deputatlar
Ramin Məmmədov, Sevil Mikayılova, Pərvin Kərimzadə, Sədaqət Vəliyeva, Rəşad Mahmudov və Könül Nurullayeva, Azərbaycan Respublikası Gənclər
Təşkilatları Milli
Şurasının sədri
Azər Əliyev, Azərbaycan Tələbə
Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, İnsan Alverinə qarşı Mübarizə Təşkilatının
sədri Ramiz Alıyev, Maarifpərvərlik
Azərbaycan Gənclərinin
İctimai Yardım Assosiasiyasının sədri
Afiq Məlikov, “Qadın və Gənc Ailələrin Sosial İnkişafı” İctimai Birliyinin sədri Tünzalə Cavadova, “Müasir Gənclərin İnkişafına Dəstək”
İctimai Birliyinin sədri Fəqan Hüseynov iştirak ediblər.
Müzakirələrə yekun vuran komitə
sədri Hicran Hüseynova çıxışlarda
səslənmiş fikirlərə
münasibət bildirib,
qanunvericiliyə dair təkliflərin nəzərə
alınacağını qeyd
edib. Tədbir iştirakçılarına öz
təkliflərini yazılı
şəkildə komitəyə
təqdim etmələri
tövsiyə olunub.
Yeni Azərbaycan.- 2021.- 4 fevral.-
S.3.