Azərbaycançılıq
ideologiyası və yetişməkdə olan yeni nəslin vətənpərvərlik
ruhunda tərbiyəsi
Azərbaycanın Vətən
müharibəsində qazandığı şanlı qələbənin
məktəblərdə geniş təbliğ olunması, dərsliklərdə
qəhrəmanlarımızın keçdikləri həyat
yolundan, onların döyüş meydanında göstərdikləri
şücaətlərdən bəhs edilməsi böyüməkdə
olan nəslin milli ruhda tərbiyəsi baxımından
mühüm əhəmiyyətə malikdir
Azərbaycançılıq müasir müstəqil
dövlətimizin ideya əsasını təşkil edir. Bu
ideologiya ölkəmizin bütün vətəndaşlarını
vahid amal uğrunda birləşdirir. Heç şübhəsiz
ki, azərbaycançılıq ideologiyası mütərəqqi
baxışları özündə ehtiva edən bir sıra
prinsipləri önə çəkir. Bunlardan biri də vətənpərvərliyin
təbliği və yaxud milli ruhda tərbiyə məsələsidir.
Bu konteksdən çıxış edərək
vurğulayaq ki, gənc nəslin milli köklərimizə, mənəvi
dəyərlərimizə, tarixdən gələn ənənələrimizə
bağlılıq, Vətənə sevgi, dövlətçiliyə
sədaqət ruhunda tərbiyə olunması indiki dövrdə
də qarşıda duran ən ümdə vəzifələrdəndir.
Azərbaycan gəncləri onlara bəslənilən
ümidləri Vətən müharibəsində layiqincə
doğrultdular
Heç şübhəsiz, müstəqil Azərbaycanda
uğurlu gənclər siyasəti aparılır. Bu gün tam əminliklə demək
mümkündür ki, respublikamızda Ulu Öndər Heydər
Əliyevin əsasını qoyduğu dövlət gənclər
siyasəti keyfiyyətcə yeni mərhələyə daxil
olub. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə
uyğun olaraq gənclərə hərtərəfli qayğı
göstərilir, “qara qızıl”ın insan kapitalına
çevrilməsi, gənclərin keyfiyyətli təhsilə əlçatanlığının
təmin olunması istiqamətində ardıcıl tədbirlər
görülür. Azərbaycan gəncləri isə
bu diqqət və qayğını yüksək dəyərləndirməklə
yanaşı, öz məsuliyyətlərini dərindən dərk
edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi
strateji vəzifələrin uğurla həyata keçirilməsinə,
respublikamızın qüdrətinin daha da artmasına
öz töhfələrini verməyə
çalışırlar.
Azərbaycan gəncləri üçün
mühüm sınaqlardan biri də ötən il sentyabrın
27-dən noyabrın 10-dək davam edən Vətən
müharibəsi oldu. Gənclər onlara bəslənilən
ümidləri Vətən müharibəsində layiqincə
doğrultdular. Məhz gənc əsgər və zabitlərimizin
rəşadəti sayəsində Azərbaycan ərazi
bütövlüyünü bərpa etdi, xalqımız otuz
illik həsrətdən sonra tarixi torpaqlarımıza
qovuşdu. Müharibənin əsas
ağırlığı isə məhz gənclərin
üzərinə düşdü. Müharibə
dövründə Azərbaycan gəncləri Müzəffər
Ali Baş Komandanın bütün əmrlərini yerinə
yetirməyə, sərhədlərimizi qorumağa,
torpaqlarımızı erməni
işğalçılarından azad etməyə
hazır olduqlarını bir daha nümayiş etdirdilər.
Müharibənin ilk günlərindən on minlərlə gənc
Səfərbərlik və Hərbi Xidmətə
Çağırış üzrə Dövlət Xidmətinin
ərazi şöbələrinə müraciət edərək
ordu sıralarına yazılmaq istədiyini bildirdi. Müharibədə
torpaqlarımızın azadlığı uğrunda
düşmənə qarşı vuruşmaq hər bir Azərbaycan
gəncinin həyat amalına çevrilmişdi. Gənclərimiz
döyüş meydanında göstərdikləri
şücaətləri ilə Prezident, Ali Baş Komandan
İlham Əliyevin etimadını layiqincə
doğrultmağa, üzərlərinə düşən
missiyanı yerinə yetirməyə qadir olduqlarını təsdiqlədilər.
Vətən müharibəsində Ordumuzun qəhrəmanlıq
salnaməsi dərsliklərə salınır
Əlbəttə gənc əsgər və
zabitlərimizin Vətən müharibəsində göstərdikləri
qəhrəmanlıqların yüksək səviyyədə
təbliğ olunması müstəsna əhəmiyyətə
malikdir. Bu, böyüməkdə olan nəslin vətənpərvərlik
ruhunda formalaşması üçün çox vacibdir. Yeni
dərsliklərin yazılması, bu dərsliklərdə qəhrəmanlarımızın
keçdikləri həyat yolundan, onların döyüş
meydanında göstərdikləri şücaətlərdən
bəhs edilməsi mühüm önəm daşıyır. Yeri gəlmişkən, Azərbaycan
Respublikasının təhsil naziri Emin Əmrullayev mətbuata
açıqlamasında Vətən müharibəsinin
ayrı-ayrı məqamlarının incəliklə
araşdırılacağını və tədrisin məzmununda
əks etdiriləcəyini vurğulayıb.
Təhsil Nazirliyinin təsdiqlədiyi Fəaliyyət
Planına əsasən Ordumuzun şanlı qələbəsi
9 istiqamətdə təbliğ olunacaq
Yeri gəlmişkən, bu günlərdə Təhsil
Nazirliyinin “Azərbaycan xalqının tarixi qələbəsinin
tədrisdə əks etdirilməsi haqqında” 2020-2021-ci tədris
ili üçün Fəaliyyət Planı təsdiqlənib.
Bəhs olunan planın təsdiqlənməsində məqsəd
dövlətimizin qazandığı nailiyyətləri təşviq
etməkdən, Azərbaycan Ordusunun şanlı qələbəsi
barədə maarifləndirici tədbirlər görməkdən
ibarətdir. Nazirlikdən qəzetimizə bildirilib ki, Fəaliyyət
Planı 9 əsas istiqaməti əhatə edir. Sənəddə
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsində
Azərbaycanı şanlı qələbəyə aparan
daxili və xarici siyasəti, Azərbaycan Ordusunun dünya hərb
tarixində açdığı yeni səhifə ilə
bağlı ətraflı məlumatların bütün
fənlərin məzmununa uyğun şəkildə
inteqrasiyasının təmin olunması nəzərdə
tutulub. Fəaliyyət Planında Qarabağ və
işğaldan azad olmuş bölgələrin
(yaşayış məntəqələrinin) tarixi və
coğrafiyası, flora və faunası, mədəni abidələri,
dini ibadətgahları, adət-ənənələri,
şifahi xalq yaradıcılığı, tanınmış
şəxsiyyətləri və s. barədə məlumatların
dərslərə inteqrasiyası, müxtəlif layihə və
tədbirlərin təşkili, vətəndaşlıq
mövqeyinin formalaşmasında mənəvi və fiziki
sağlamlıq amilinin əhəmiyyətinin təbliği əsas
yer alır.
Bəhs olunan Fəaliyyət Planına əsasən,
Vətən müharibəsi şəhidlərinin anım
günləri keçiriləcək, onların həyat və
mübarizə yolunu əks etdirən videobülletenlər
hazırlanacaq. Bundan əlavə, “Dərs vaxtı” layihəsi
çərçivəsində Vətən müharibəsinə,
Azərbaycan Ordusunun şanlı qələbəsinə həsr
edilən dərslər, videoçarxlar hazırlanması və
telekanallarda yayımlanması nəzərdə tutulur.
“Qələbə dərsləri” adı
altında müxtəlif siniflər və müxtəlif fənlər
üzrə mövzular hazırlanıb
Məsələ ilə
bağlı qəzetimizə açıqlama verən Nazirliyin
Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə
şöbəsinin müdiri Vəfa Yaqublu bildirib ki, Azərbaycan
Ordusunun döyüş meydanında yazdığı qəhrəmanlıq
tarixini gələcək nəsillərin daha rahat öyrənmələri
üçün dərsliklərə dəyişikliklər
edilir. Artıq bununla bağlı işlərə
başlanıb: “Tarixi qələbəmiz təhsilin məzmununda
öz yerini tutmaqdadır. Bu proses mütəmadi davam etdiriləcəkdir.
Dərsliklərin yazılması, çap edilməsi xeyli
vaxt, əmək, maliyyə tələb edən prosesdir. Bu
gün bütün dərslikləri birdən-birə dəyişdirmək,
təkmilləşdirmək mümkün deyil. Lakin bizim
kağız dərsliklərlə yanaşı, elektron dərsliklərimiz
də vardır ki, kiçik və operativ düzəlişləri
həmin versiyalarda etmək mümkündür. Artıq bu
istiqamətdə işlərə başlanılıb. Vətən müharibəsində qələbəmiz
elə bir mühüm hadisədir ki, mütləq hər bir
sinif otağında - bu gün virtual sinifdə olsa da, öyrənilməli,
müzakirə obyektinə çevrilməli və inkişaf
stimulu olmalıdır. İnkişaf stimulu haqqında
xüsusi danışmaq lazımdır. Bu qələbə
bizi sevindirməklə yanaşı, çiyinlərimizə məsuliyyət
də qoyub. Bu məsuliyyət əzəli
torpaqlarımızı qoruyub saxlamaq qeyrəti, düşmənin
xaraba qoyduğu əraziləri rahat yaşayıb işləmək
üçün qurmaq əzmi deməkdir”.
Dəyişikliklərlə bağlı məlumatlar
artıq məktəblərə çatdırılıb. Vəfa Yaqublunun sözlərinə görə,
müəllimlərə tapşırıq verilib ki, bəhs
olunan mövzulardan virtual dərslərdə istifadə etsinlər:
“Ötən müddət ərzində dərslik müəlliflərimiz,
nəşriyyatlarımız “Qələbə dərsləri”
adı altında müxtəlif siniflər və müxtəlif
fənlər üzrə mövzular hazırlayıblar. Bunlar
xüsusi dərs mövzularıdır və həmin dərs
mövzuları Təhsil İnstitutunun elektron səhifəsində
yerləşdirilib. Həmçinin bu barədə məlumatlar
məktəblərə çatdırılıb. Teledərslərdə
də qələbəyə həsr olunan süjetlər
hazırlanıb. Tapşırıq verilib ki, müəllimlər
öz virtual dərslərində həmin mövzulardan istifadə
etsinlər”, - deyə Vəfa Yaqublu bildirib.
Azərbaycançılıq və vətənpərvərlik
kimi dəyərlər nə qədər geniş təbliğ
olunarsa, dövlətimiz də bir o qədər güclü və
yenilməz olar
Milli Məclisin deputatı Məlahət
İbrahimqızı isə qəzetimizə
açıqlamasında məsələnin böyük
aktuallıq daşıdığını diqqətə
çatdırıb. Millət vəkili Azərbaycanın
möhtəşəm tarixi qələbəsinin geniş təbliğ
olunmasının mühüm əhəmiyyətə malik
olduğunu, bu amilin yeni nəslin vətənpərvərlik
ruhunda tərbiyəsi baxımından xüsusi önəm
daşıdığını vurğulayıb. Məlahət
İbrahimqızı deyib: “Elə xalqlar var ki, onların
tarixində qəhrəmanlıq səhifələri çox
azdır və yaxud heç yoxdur. İşğalçı
Ermənistanın tarixi də buna misaldır. Bu ölkənin
tarixi ixtilaflar, xəyanətlər üzərində qurulub.
Üç onillik ərzində davam edən Dağlıq
Qarabağ münaqişəsi deyilənlərə bir
nümunədir. Erməni hərbi birləşmələri Azərbaycan
Ordusuna qarşı açıq döyüşlərdə
heç vaxt qələbə çalmayıb. Aciz durumda olan
ermənilər məğlubiyyətlərinin əvəzini
yaşayış məntəqələrini, dinc sakinləri
atəşə tutmaqla çıxmağa
çalışıblar. Azərbaycan Ordusu isə
düşmənə qarşı döyüşləri həmişə
mərdliklə aparıb. 44 günlük Vətən
müharibəsində qazandığımız möhtəşəm
qələbə Azərbaycan Ordusunun gücünü -
qüdrətini, xalqımızın mübarizliyini və milli
birliyini göstərən bariz nümunədir”, - deyə
Milli Məclisin deputatı vurğulayıb.
Məlahət İbrahimqızı bildirib ki,
böyüməkdə olan nəslə vətənpərvərlik
ruhunun aşılanması məsələsinə, xüsusilə
tədris müəssisələrində diqqət yetirilməsi
böyük əhəmiyyətə malikdir. Milli Məclisin
deputatının sözlərinə görə, azərbaycançılıq
ideologiyası ilə vətənpərvərlik
anlayışı bir-biri ilə sıx vəhdət təşkil
edir: “Bu dəyərlərin hər ikisini orta məktəblərdə,
institutlarda daim təbliğ etməliyik. Heç şübhəsiz,
azərbaycançılıq və vətənpərvərlik
kimi dəyərlər nə qədər geniş təbliğ
olunarsa, dövlətimiz də bir o qədər güclü və
yenilməz olar”.
Müşfiqə
BAYRAMLI
Yeni Azərbaycan.-
2021.- 11 fevral.- S.7.