Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva: Biz yalnız müsəlmanlara deyil, bütün dinlərə
məxsus mədəni
irsi bərpa edəcəyik
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ICESCO-nun “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə
keçirdiyi tədbirdə
videoformatda çıxış
edib
ICESCO tərəfindən elan olunan “Qadınlar
ili” çərçivəsində
“Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü münasibətilə fevralın
11-də videokonfrans formatında
tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan
Respublikasının Birinci
vitse-prezidenti Mehriban Əliyeva tədbirdə videoformatda çıxış
edib.
Tədbir iştirakçılarını
salamlayan ICESCO-nun Baş direktoru Salim əl-Malik gənc nəslin gələcəyində elmin
oynadığı rolun
əhəmiyyətini vurğulayıb.
O, ICESCO tərəfindən elan olunan “Qadınlar
ili” çərçivəsində
qadınların elmdə
iştirakına dair tədbirlərin keçiriləcəyini
qeyd edib.
Tədbirdə mötəbər şəxslərin
çıxış edəcəyini
deyən Salim əl-Malik əvvəlcə
Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyevanın videoçıxışını təqdim edib.
Birinci vitse-prezident
Mehriban Əliyevanın
çıxışı: “Hörmətli ICESCO-nun Baş direktoru doktor Salim əl-Malik.
Xanımlar və
cənablar.
Əziz dostlar.
İlk olaraq
belə bir mötəbər tədbirdə
fəxri qonaq qismində iştirak üçün nəzakətli
dəvətə görə
Baş direktora təşəkkürümü bildirmək istərdim.
Bu, mənim
üçün böyük
şərəfdir və
mən bu dəvəti bizim qadınların təhsil və elmdə iştirakının inkişafı
ilə bağlı siyasətimizin yüksək
qiymətləndirilməsinin təzahürü hesab edirəm.
Mən İslam mədəni
irsinin qorunması və müsəlman dünyasında təhsil və elmin təşviqi
ilə bağlı İslam Dünyası Təhsil, Elm və Mədəniyyət
Təşkilatının nəcib
missiyasını təqdir
edir və Azərbaycan ilə ICESCO arasında məhsuldar əməkdaşlığı minnətdarlıqla qeyd edirəm.
BMT Baş Assambleyasının qəbul
etdiyi, 11 fevral tarixini “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edən qətnaməyə
uyğun olaraq, bugünkü müzakirə
mövzusuna Baş direktor tərəfindən
diqqətin yönəldilməsini
alqışlayıram.
Əziz dostlar,
qlobal çağırışlara
cavab vermək üçün elm, texnologiya və innovasiya zərurətə
çevrilib. Elm və gender bərabərliyi “Davamlı
İnkişaf üzrə
2030 Gündəliyi” daxil
olmaqla, beynəlxalq inkişaf məqsədlərinə
nail olunması üçün mühüm
əhəmiyyətə malikdir.
ICESCO-nu 2021-ci ili “Qadınlar ili” elan etməsi
ilə bağlı təşəbbüsünə görə təbrik etmək istəyirəm. Bu, yalnız təşkilat tərəfindən
qadınların cəmiyyətimizdəki
roluna verilən əhəmiyyətin təzahürü
deyil. Bu, həmçinin onların
daha firavan və təhlükəsiz
dünya naminə misilsiz töhfəsinin təsdiqidir. Biz bu gün COVID-19 ilə mübarizənin ön cəbhəsində
dayanan qadın alim, həkim və səhiyyə işçilərinə ehtiramımızı
ifadə etməliyik. Biz test üsullarının
təkmilləşdirilməsindən tutmuş vaksinlərin hazırlanmasına qədər
COVID-19 ilə mübarizənin
müxtəlif mərhələlərində
həlledici rol oynayan tədqiqatçı
qadınlarımızla fərəhlənə
bilərik.
Mən yalnız onunla
fəxr etmirəm ki, dünyada ilk dəfə, - bir əsrdən öncə, - sənaye üsulu ilə neft quyusunun qazıldığı, Şərqdə
ilk operanın açıldığı və
ən vacib olan, müsəlman dünyasında ilk demokratik respublikanın yaranmasına görə tanınan ölkədənəm.
Azərbaycan həm də 1918-ci ildə qadınlara seçmək
və seçilmək
hüququnu verən ilk ölkələrdən
biri olaraq tarixə düşmüşdür.
Qızların təhsilinə
gəldikdə isə,
müsəlman Şərqində
ilk dünyəvi qızlar məktəbi azərbaycanlı xeyriyyəçi
Zeynalabdin Tağıyev
tərəfindən 1901-ci ildə
mənim doğulduğum
Bakı şəhərində
yaradılmışdır.
Bu gün
Azərbaycanda savadlılıq
səviyyəsi 100 faizə
yaxındır. Qadınlar
ölkəmizdə ali
təhsil ocaqlarında
magistrlərin 54 faizini,
fəlsəfə doktorlarının
51 faizini, elmlər doktoru dərəcəsinə
malik olanların 46 faizini və elmi tədqiqatçıların
56 faizini təşkil
edir. Azərbaycan Milli Elmlər Akademiyasının ümumi
kollektivinin 59 faizi qadınlardan ibarətdir.
Bununla yanaşı,
sürətlə dəyişən
dünyamızda qızların
təhsili və onların elm sahəsində iştirakı
yeni çağırışlara
müvafiq olmalıdır.
Dünyada elm, texnologiya, mühəndislik
və riyaziyyat fənləri üzrə təhsil alanların 35 faizi qızlardır. Bizim ölkədə bu rəqəm 40 faizdir, yəni orta dünya göstəricisindən artıqdır.
Qeyd etdiyim
kimi, bir çox azərbaycanlı
qadın elmə böyük töhfələr
verib və onlar elm sahəsi
ilə məşğul
olan qızlar və gənc xanımlar üçün
əsl ilham mənbəyidir. Lakin bu gün ən
vacib məsələ
qızlar və gənc xanımların iştirak səviyyəsinin
yaxşılaşdırılması üçün münbit
şəraitin yaradılmasının
davam etdirilməsi və elm sahəsində
gender boşluğunun
doldurulmasıdır.
Bir nümunə olaraq
bu yaxınlarda BMT-nin İnkişaf Proqramı ilə bərabər başladığımız
“Qadınlar elm, texnologiya, mühəndislik
və riyaziyyatda” adlı mentorluq proqramını qeyd edə bilərəm ki, burada məqsəd
tələbə və
gənc xanımların
həmin sahədə
uğur qazanmış
nümunəvi şəxslərlə təmas
yaratması və onlara təhsil və karyera sahəsində çağırışların
öhdəsindən gəlmək
üçün məsləhətlərin
verilməsidir.
Xanımlar və
cənablar, razılaşaq
ki, elm, texnologiya və innovasiya dünyada cəmiyyətlərin sosial-iqtisadi
inkişafının aparıcı
qüvvəsidir. ICESCO-nun
xoşməramlı səfiri
qismində mən bütün üzv dövlətlərə bu
sahələrə daha
çox sərmayə
yatırmağa, habelə
zəruri siyasət və birgə fəaliyyət planları
işləyib hazırlamağa
dair çağırış
edirəm. Biz qadınlar və qızların sabahın əmək bazarına lazımi bacarıqlara yiyələnmələri üçün
innovativ maliyyə mexanizmləri yaratmalıyıq.
Azərbaycan bu mənada öz töhfəsini verməyə
hazırdır.
Hörmətli tədbir iştirakçıları,
qeyd edilənlərlə
yanaşı, mən fürsətdən istifadə
edərək, Ermənistanın
işğal etdiyi ərazilərimizin 30 ildən
sonra Azərbaycan tərəfindən azad olunması və tarixi ədalətin bərpası ilə nəticələnən ötənilki
44 günlük Vətən müharibəsi
zamanı dəyərli
dəstəyinə görə
ICESCO-ya, şəxsən
onun Baş direktoru doktor Salim əl-Malikə dərin minnətdarlığımı
ifadə etmək istəyirəm. Bir ay bundan əvvəl
Azərbaycan Prezidentinin
dəvətinə əsasən
Baş direktorun rəhbərliyi ilə
ICESCO-nun nümayəndə
heyəti Azərbaycanda
səfərdə olmuşdur.
Qonaqlarımız azad
olunmuş bəzi ərazilərə səfər
etmək imkanı əldə etmiş və onlarla məscidlərimizin təhqir
olunması və yüzlərlə tarixi abidələrimizin dağıdılması
daxil olmaqla, ümumi dağıntı
və vandalizmin miqyasının şahidi olmuşlar.
Hazırda dövlət
qarşısında azad
olunmuş ərazilərin
canlandırılması və
azərbaycanlı məcburi
köçkünlərin doğma
yurdlarına təhlükəsiz
qayıdışının təmin edilməsi kimi nəhəng vəzifə dayanır. Biz bunun öhdəsindən
gələcəyik. Biz
dağıdılmış şəhərləri və
kəndləri bərpa
edəcəyik. Biz orada məktəblər tikəcəyik. Biz yalnız müsəlmanlara
deyil, bütün dinlərə məxsus mədəni irsi bərpa edəcəyik. Biz işğal zamanı zərər görmüş mədəni
irs abidələrinin vəziyyətinin qiymətləndirilməsində
ICESCO-nun Azərbaycan hökuməti ilə birgə çalışmağa
hazır olduğunu yüksək qiymətləndiririk.
Eyni zamanda, ICESCO-nun Azərbaycanda regional nümayəndəlik
təsis etməsi imkanının nəzərdən
keçirilməsinə görə
xüsusi minnətdarlığımızı
bildiririk. Həmin nümayəndəlik digər
sahələrlə yanaşı,
qadınlar və qızların elmdə rolunun artırılmasına
konkret diqqət yetirməklə elm sahəsində əməkdaşlığımızı
gücləndirə bilər.
Sonda ICESCO-ya
nəcib və mühüm işində uğurlar diləyir, bütün iştirakçılara
və onların yaxınlarına cansağlığı,
səadət və xoşbəxtlik arzu edirəm. Sağ olun”.
* * *
Baş direktor
Salim əl-Malik deyib: “Birinci vitse-prezident, ICESCO-ya və alimlərə ünvanladığınız bu
ruhlandırıcı çıxışa
görə sağ olun. Biz Sizin
bu tədbirdə iştirakınızı yüksək
qiymətləndiririk. Əmin
ola bilərsiniz ki, ICESCO elm, təhsil, mədəniyyət
sahələrində bütün
üzv dövlətlərə
dəstəyini göstərəcək.
Bir daha minnətdaram”.
* * *
Tədbirdə çıxış edənlər
qlobal səviyyədə
təhsil sahəsində
mövcud boşluğun
aradan qaldırılmasının,
bu sferada gender bərabərliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar.
Bildiriblər ki, gənc qızların elmlə məşğul olmalarını, qadınların
elm sahəsində karyerasını düzgün
qurmalarını təmin
etmək mühüm məsələdir. Vurğulanıb
ki, bəşəri problemlərin həlli üçün qadınlar
daha çox elmə cəlb olunmalı, inklüziv və keyfiyyətli təhsillə təmin edilməlidirlər.
Yeni Azərbaycn.- 2021.- 12 fevral.-
S.3.