Prezident İlham
Əliyev: Bütün işlər görülür,
planlı şəkildə görüləcək və biz
bundan sonra bu torpaqlarda əbədi yaşayacağıq
Prezident İlham Əliyev və birinci xanım
Mehriban Əliyeva Füzuli, Zəngilan, Laçın və Cəbrayıl
rayonlarında olublar
Xəbər verildiyi kimi, Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva və qızları Leyla Əliyeva
fevralın 14-də Füzuli, Zəngilan, Laçın və
Cəbrayıl rayonlarında olublar.
AZƏRTAC xəbər verir ki, Prezident İlham
Əliyev Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlini
qoymaq üçün Füzuli rayonuna gəlib.
Məlumat verilib ki, ümumi
uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin strateji əhəmiyyəti
olduqca böyükdür. Çünki bu nəqliyyat
infrastrukturu Azərbaycan vətəndaşlarının azad
olunmuş torpaqlara gediş-gəlişinin təminatında əhəmiyyətli
rol oynayacaq və ən mühüm məsələ Azərbaycanın
əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası
arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsinin
yaranmasına böyük töhfə verəcək.
Dövlətimizin başçısı Horadiz-Ağbənd
dəmir yolu xəttinin təməlini qoyub.
* * *
Sonra Prezident İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva və qızları Leyla Əliyeva Zəngilan
rayonunun Üçüncü Ağalı kəndində
olublar.
Zəngilana gedərkən avtomobili özü
idarə edən Prezident İlham Əliyev deyib: Zəngilan
rayonuna gəlmişik. Yolumuz Laçın rayonunadır. Yol
boyunca Zəngilan rayonunda da tədbirlər var. Yenə də
azad edilmiş torpaqlardayıq. Torpaqların bərpası
prosesi artıq başlamışdır.
Bura Zəngilan şəhəridir. Biz burada
artıq olmuşuq, yenə də gəlmişik. Zəngilan
şəhəri də digər şəhərlər kimi
düşmən tərəfindən demək olar tamamilə
dağıdılmışdır. Bir neçə ev
qalmışdır. Burada onların hərbi hissəsi, polis
bölməsi yerləşirdi. Bir də ki, xaricdən gələn
ermənilər, burada qanunsuz yaşayan ermənilər. Zəngilanı,
bax, bu günə qoyub mənfur düşmən.
Bütün şəhərlərimizin baş
planları hazırlanır. Təqdim olunacaq, müzakirə
ediləcək. Ondan sonra bərpa işlərinə start veriləcək.
Keçən dəfə Zəngilan şəhərinə gələndə
bu bayrağı burada mən ucaltdım.
Zəngilan rayonunda birinci “ağıllı kənd”
layihəsi icra ediləcək. Bu gün layihəyə start
verilir. Artıq ilkin araşdırmalar aparılıb. Bu,
dağılmış Ağalı kəndidir. Bərpa ediləcək
birinci kənd məhz bu kənddir.
Dövlətimizin başçısına Zəngilan
rayonunun Üçüncü Ağalı kəndində icra
olunacaq “ağıllı kənd” layihəsi barədə məlumat
verilib.
Bildirilib ki, kənddə layihənin icrası əsasən
5 komponent üzrə aparılacaq. Onlar yaşayış,
istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”,
alternativ enerji sahələridir.
Qeyd edək ki, Prezident İlham Əliyev
çıxışlarında azad olunmuş ərazilərin
“yaşıl enerji” zonasına çevriləcəyini dəfələrlə
bildirib. Erməni işğalından azad
olunmuş ərazilərin dövlətimizin
başçısının birbaşa təşəbbüsü
və tapşırıqları ilə nəinki bərpa edilməsi
və yenidən qurulması planlaşdırılır, hətta
orada “ağıllı şəhər” və
“ağıllı kənd” konsepsiyalarının
reallaşdırılması nəzərdə tutulur. Hazırkı pandemiya şəraitində dünya
iqtisadiyyatında böyük problemlərin
yarandığı bir dövrdə Azərbaycan Prezidentinin bu
təşəbbüsü bir daha dövlətimizin
gücünü və qüdrətini nümayiş etdirir.
İnşa ediləcək 200 evdən ibarət kəndin
enerjiyə olan tələbatı yalnız alternativ enerji
mənbələrindən əldə olunacaq.
Dövlətimizin başçısı
görüləcək işlərlə bağlı
tapşırıq və göstərişlərini verib.
* * *
Daha sonra dövlətimizin
başçısı, birinci xanım və qızları
Leyla Laçın rayonuna yola düşüblər.
Yol boyunca Qubadlı rayonunun işğaldan azad
edilən kəndləri barədə danışan Prezident
İlham Əliyev deyib: Bura Qubadlı rayonunun Xəndək kəndidir.
Burada da şiddətli döyüşlər gedib. Ordumuz
düşməni buradan qovaraq, məhv edərək bu əraziləri
də azad etmişdir. Düşmən burada da qanunsuz olaraq məskunlaşmışdı.
Çox ağır şəraitdə yaşayıblar.
Baxın, görün, onların yaşadıqları evlər
it damından artıq deyil. Mən deyəndə ki, o vaxt
işğal edilmiş torpaqlarda ermənilər səfalət
içində yaşayırlar, bax, bunu nəzərdə
tuturdum. Aclıq, səfalət, qanunsuzluq hökm
sürürdü. Belə bərbad yollardan istifadə edirdilər.
Bu işıq dirəklərini biz torpaqları azad edəndən
sonra quraşdırdıq.
Qubadlı rayonunun Muradxanlı kəndi, ermənilər
burada yaşayıblar, buranı da dağıdıblar.
Artıq bərpa işləri gedir. Bu da Həkəri kəndidir.
Baxın, nə gündədir, ermənilər bu it damında
yaşayıblar. Dağıdılmış bu evlər erməni
faşizminin törətdiyi əməllərdir. Bütün
dünya görsün bunları. Bu da onların traktorudur.
Bala Soltanlı kəndi. Burada evlərin
böyük hissəsi dağıdılıb, amma bəzi evlərdə
düşmən qanunsuz məskunlaşma aparmışdı.
Bu da hərbi cinayət sayılır. Bütün bu cinayətlərə
görə düşmən artıq öz payını
alıb, cavabını verib, beynəlxalq müstəvidə də
cavabını verəcəkdir. Bizim şanlı ordumuz, bax, bu
yolla Laçın rayonuna keçmişdir və
Laçın rayonunun bir neçə kəndini
işğaldan azad etmişdir. O cümlədən Güləbird
kəndi də ordumuz tərəfindən
işğalçılardan azad edilmişdir. Bura
Laçın rayonunun cənub hissəsidir. Ordumuz
işğalçılardan azad etmişdir. Şimal hissəsi
isə Ermənistanın kapitulyasiyasından sonra bizə
qaytarıldı.
Bu da Padar kəndidir.
Qubadlı rayonunun Yusifbəyli kəndi. Bu kənd
də düşmən tərəfindən tamamilə
dağıdılıb. Biz indi Laçın rayonuna gedirik.
Laçın rayonunun Güləbird kəndinə. Zəngilan
rayonunun İkinci Ağalı kəndində olduq, kəndin
inkişafı ilə bağlı təqdimat edildi. Bir
neçə aydan sonra İkinci Ağalı kəndinin yenidən
qurulması prosesinə start veriləcək. Bu, bərpa ediləcək
birinci kənd olacaq. İkinci Ağalı kəndi
“ağıllı kənd” konsepsiyası əsasında
qurulacaq. Eyni zamanda, Birinci və Üçüncü
Ağalı kəndlərinə qayıdacaq
soydaşlarımız da eyni imkanlardan istifadə edəcəklər.
İndi isə Mərdanlı kəndinə
daxil oluruq. Günəş də çıxır, yolumuzu
işıqlandırır. Mən demişdim ki, azad edilmiş
torpaqlarda bütün bərpa işləri ən yüksək
səviyyədə təşkil olunacaq.
Dağılmış bütün bu kəndləri biz bərpa
edəcəyik. Baxın, mənfur düşmən bizim
bütün yaşayış məntəqələrimizi nə
günə salıb. Vandallar, barbarlar işğal dövründə
bütün binaları söküblər, talayıblar,
daşları oğurlayıblar. Hamısını bərpa edəcəyik.
Bura artıq Laçın rayonunun ərazisidir.
Bu, Həkəri çayıdır. Görün, nə
gözəl çaydır? Çayımızı da
düşmən istismar etmişdir, təbiətimizi də
istismar etmişdir. Biz buna son qoyduq, düşməni rədd
etdik.
Artıq Güləbird kəndindəyik.
Güləbird kəndini də düşmən
dağıdıb, talan edib. Güləbird kəndinə gəlməyimizin
səbəbi qısa müddət ərzində inşa
edilmiş su elektrik stansiyasının
açılışıdır və bu layihə azad
edilmiş torpaqlarda birinci elektrik stansiyası olacaq, digər
stansiyalar da tikiləcək. Azad edilmiş bütün
torpaqlarda su, Günəş, külək enerjisindən istifadə
edəcəyik.
Prezident, Silahlı Qüvvələrin Müzəffər
Ali Baş Komandanı İlham Əliyev Güləbird kəndində
Azərbaycan bayrağını qaldırıb və
çıxış edib.
Prezident İlham Əliyevin
çıxışı: “Bu gün mən azad edilmiş
torpaqlara yenidən gəlmişəm. Bu gün bu torpaqlarda bir
neçə tədbir keçirilir. Bu tədbirlərin məqsədi
azad olunmuş torpaqları tezliklə bərpa etməkdir ki,
insanlar buraya qayıtsınlar və bu torpaqlara həyat gəlsin.
Bərpa işləri arasında elektrik enerjisi təchizatı,
əlbəttə ki, xüsusi yer tutur. Bu məqsədlə
müharibədən dərhal sonra ilk günlərdən biz
bu işlərlə məşğul olmağa
başlamışıq. İlk növbədə, Şuşa
şəhərini elektrik enerjisi ilə təchiz etmək
üçün əməli addımlara start verilmişdir və
birinci mərhələ başa çatıb. “Azərişıq” artıq Şuşa şəhərinə
elektrik xətlərini çəkib. Şuşa şəhərini
dayanıqlı elektrik enerjisi ilə təmin etmək və
ondan sonra şəhərin inkişafını təmin etmək
üçün “Azərenerji” Səhmdar Cəmiyyəti də
Şuşa şəhərinə yüksəkgərginlikli xətləri
çəkir və Şuşa şəhərində
elektrik yarımstansiyası inşa edir.
Bu gün isə Laçın rayonunun cənub
hissəsindəyik, Güləbird kəndinin ərazisində.
Bu gün Güləbird kəndində Su Elektrik
Stansiyasının açılışıdır.
Laçın rayonu işğaldan azad olunandan heç iki ay
keçməmiş - ay yarımdan sonra artıq burada Su
Elektrik Stansiyası istismara verilir. Bu Su Elektrik
Stansiyasının generasiya gücü 8 meqavatdır. Kiçik su elektrik stansiyaları arasında 8
meqavatlıq stansiya orta həcmli stansiya sayıla bilər.
Əsas məsələ ondadır ki, bu stansiya işə
düşəndən sonra artıq burada generasiya gücləri
yaranır və beləliklə, biz təbiətimizdən - Həkəri
çayından səmərəli şəkildə
istifadə edəcəyik.
Kəlbəcər-Laçın zonasında su
elektrik stansiyaları üçün təbii şərait
çox əlverişlidir və vaxtilə burada bir çox
stansiyalar olub. Mənfur düşmən də işğal
dövründə bu stansiyalardan istifadə edib. Ancaq Ermənistan
kapitulyasiyadan sonra 20 gün ərzində - dekabrın 1-nə
qədər demək olar ki, bütün bu su elektrik
stansiyalarını darmadağın edib, avadanlığı
buradan çıxarıb, stansiyaların binalarını da
dağıdıb. O cümlədən Güləbird Su
Elektrik Stansiyası düşmən tərəfindən
dağıdılmışdır. Əks-təqdirdə, bu
stansiya elə dekabrın 1-dən bizə xidmət göstərəcəkdi.
Ancaq verilən tapşırıqlarım qısa müddət
ərzində yerinə yetirildi və bu gün biz 8 meqavat
gücündə Güləbird Su Elektrik Stansiyasının
açılışını qeyd edirik. Bu, azad edilmiş
torpaqlarda istismara verilən birinci elektrik stansiyasıdır və
bunun çox böyük əhəmiyyəti, böyük rəmzi
mənası var. Biz qayıdırıq bu torpaqlara. Biz Kəlbəcər
və Laçın rayonlarında ermənilər tərəfindən
uzun illər ərzində qanunsuz istismar edilmiş, onlar tərəfindən
dağıdılmış bütün su elektrik stansiyalarını
bərpa edəcəyik. Düşmən təkcə
Laçın rayonu ərazisində 5 su elektrik
stansiyasını dağıdıb. Onların hamısı bərpa
ediləcək. Kəlbəcər rayonunun ərazisində isə
12 su elektrik stansiyası yenidən qurulacaq. Beləliklə,
yalnız Kəlbəcər və Laçın rayonlarında
dağıdılmış və bərpa ediləcək
stansiyaların generasiya gücü 120 meqavat olacaqdır. Bu,
çox böyük generasiya gücüdür. Bu generasiya gücü ilə biz bu əraziləri bərpa
edəcəyik, dayanıqlı enerji ilə təmin edəcəyik.
Əgər biz nəzərdə tutduğumuz digər layihələrə
də nəzər salsaq görərik ki, bərpaolunan enerji
növlərinin bu bölgədə çox böyük
potensialı var. Onların arasında ən böyük
potensiala “Xudafərin” və “Qız Qalası” su elektrik
stansiyaları malik olacaqdır. Bu stansiyaların tikintisi ilə
bağlı İran İslam Respublikası ilə
razılığa gəlmişik. Yaxın gələcəkdə
bu su elektrik stansiyaları tikiləcək və beləliklə,
Azərbaycan tərəfinə bu stansiyaların fəaliyyətindən
düşən generasiya gücü 120 meqavat olacaqdır. Yəni,
biz bir neçə ildən sonra 120 meqavat “Xudafərin” və
“Qız Qalası” stansiyalarından, 120 meqavat isə Kəlbəcər
və Laçın rayonlarındakı su elektrik
stansiyalarından alacağıq. Bu, 240 meqavat generasiya
gücü deməkdir və bunun üstünlüyü odur
ki, bu, su elektrik stansiyalarıdır və enerjinin maya dəyəri
çox aşağıdır. Bununla paralel olaraq, artıq
göstəriş vermişəm ki, bizim azad edilmiş
bütün digər torpaqlarda bərpaolunan enerji növlərinin
və yerlərin müəyyənləşdirilməsi
prosesinə start verilsin. Belə bir göstəriş verildi və
bu gün Zəngilan rayonunda birinci pilot “ağıllı kənd”
layihəsi də məhz bərpaolunan enerji ilə təchiz
ediləcəkdir.
Mən bəyan etmişdim ki, azad edilmiş
torpaqlar “yaşıl enerji” zonası olacaq. Mən artıq
xarici və yerli investorları dəvət etmişəm. Onu
da bildirməliyəm ki, bütün əsas işləri
dövlət olaraq biz özümüz görürük və
görəcəyik. Xarici və yerli investorlar
investisiya qoymaqla həm öz biznes maraqlarını təmin
edə bilərlər və həm də Azərbaycanı
uzunmüddətli, dayanıqlı, ucuz və ekoloji cəhətdən
təmiz enerji növləri ilə təmin etmək
üçün öz sözlərini deyə bilərlər.
Bizim planlarımız bundan ibarətdir. Kəlbəcər
və Laçın rayonlarında külək enerjisinin
çox böyük potensialı var. Zəngilan, Cəbrayıl
rayonlarında daha çox Günəş enerjisinin
böyük potensialı var. Artıq ilkin tədqiqatlar
aparılıb və beləliklə, biz enerji generasiya güclərimizi,
ötürücü xətlərimizi yenidən quraraq
Qarabağı “yaşıl enerji” zonasına çevirəcəyik.
Mən bu proqramı elan edəndə bunu nəzərdə
tuturdum və bu gün birinci layihə - bax, orada
gördüyünüz Güləbird Su Elektrik Stansiyası
artıq istismara verilir.
Bizim böyük planlarımız var. Biz bərpa işlərinə start verdik.
Çalışacağıq ki, minalardan təmizləmə
işləri qısa müddət ərzində başa
çatsın, dəymiş ziyanın qiymətləndirilməsi
aparılsın və bununla paralel olaraq, artıq infrastruktur
layihələrinə start verildi. Bu gün Horadizdə
Horadiz-Zəngilan-Ağbənd dəmir yolunun təməl
daşı qoyuldu. Bu dəmir yolunun çox
böyük strateji əhəmiyyəti var. İlk növbədə
ona görə ki, bu dəmir yolu azad edilmiş torpaqlara həm
vətəndaşların gəlməsi, həm də yüklərin
daşınması üçün böyük əhəmiyyətə
malik olacaq. Digər tərəfdən, bu dəmir yolu
Naxçıvana gedəcək. Noyabrın 10-da
imzalanmış Birgə Bəyanatda Naxçıvan dəhlizinin
yaradılması ilə bağlı xüsusi müddəa
var. Artıq bu işlərə start verildi. Bizim təşəbbüsümüzlə
həyata keçirilən bu layihə, əminəm ki, icra
ediləcək. Uzun fasilədən sonra Azərbaycan və onun
ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası dəmir
yolu ilə bir-birinə bağlanacaq və beləliklə,
bizim həm strateji, həm iqtisadi, həm də siyasi məqsədlərimiz
həyata keçiriləcək.
Vətən müharibəsinin çoxşaxəli
əhəmiyyəti bundan ibarətdir - biz həm doğma
torpaqlarımızı işğalçılardan azad etdik,
düşməni torpaqlarımızdan qovduq, həm də
ölkəmizin ərazi bütövlüyünü bərpa
etdik. Bütün dünyaya xalqımızın, dövlətimizin
qüdrətini göstərdik, xalqımızın əyilməz
ruhunu göstərdik. Eyni zamanda, ölkəmizin gələcəyi
ilə bağlı strateji hədəflərə çatmaq
üçün əməli addımlar ataraq önəmli sənədləri
imzaladıq. Noyabrın 10-da imzalanmış Birgə Bəyanat,
əlbəttə ki, Laçın, Kəlbəcər və
Ağdam rayonunun qaytarılmasını təmin etdi, bir
güllə atmadan biz bu torpaqlara qayıtdıq. Eyni zamanda, Azərbaycanın
onun ayrılmaz hissəsi olan Naxçıvanla birləşməsi
də məhz o Bəyanatda təsbit olunur. Həmçinin bu
dəmir yolu infrastrukturu Türkiyəyə qədər
uzanacaq və beləliklə Azərbaycanı Türkiyə ilə
birləşdirən ikinci dəmir yolu şəbəkəsi
yaradılacaqdır. Biz üç il yarım bundan əvvəl
Bakı-Tbilisi-Qars dəmir yolunu istismara verdik. Bu da tarixi nailiyyət
idi. Tarixdə ilk dəfə biz Azərbaycanı və
Türkiyəni dəmir yolu ilə birləşdirdik. İndi
isə ikinci dəmir yolu çəkiləcək və eyni
zamanda, bu yoldan bütün bölgə ölkələri
istifadə edə bilərlər. Bölgə ölkələri
bu yolun tikintisinə də böyük maraqla yanaşırlar.
Demək olar ki, bizim bölgəmizdə yerləşən
ölkələr bu layihəyə öz müsbət qiymətini
vermişlər.
Biz təklif etmişdik ki,
bölgəmizin uzunmüddətli inkişafı, sabitliyin təmin
edilməsi və müharibə risklərinin sıfra endirilməsi
üçün bölgədə nəqliyyat layihələrinin
xüsusi rolu vardır və burada iştirak edən
bütün ölkələr ancaq xeyir götürəcək,
fayda götürəcək. Azərbaycan Naxçıvanla,
Türkiyə ilə birləşir. Eyni zamanda, Rusiyadan Ermənistana
dəmir yolu xətti açıla bilər. Bu xətt
yalnız Azərbaycan ərazisindən keçə bilər.
Həmçinin Rusiya ilə İran arasında
Naxçıvan ərazisi ilə dəmir yolu
bağlantısı olacaq. İran ilə Ermənistan
arasında dəmir yolu bağlantısı olacaq. Türkiyə
ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq.
Yəni, bütün bölgə ölkələri bundan ancaq
xeyir görəcəklər.
Onu da bildirməliyəm ki, Bakı-Tbilisi-Qars dəmir
yolunun istismara verilməsi nəticəsində artıq Rusiya
ilə Türkiyə arasında bu dəmir yolundan istifadə
edərək yüklər daşınmağa
başlamışdır. Görün, biz nə qədər
böyük uzaqgörənlik göstərmişdik,
böyük iradə göstərmişdik. Eyni zamanda, maliyyə
resurslarını səfərbər etmişdik və bu dəmir
yolları bağlantılarını biz təmin edirik. Bu, ölkəmiz üçün lazımdır.
Çünki bu, ölkəmizin geosiyasi əhəmiyyətini
artırır, iqtisadi gücünü artırır.
Çünki biz etibarlı tranzit ölkəsi kimi bundan
böyük maliyyə gəliri əldə edəcəyik,
eyni zamanda, bölgədə sabitliyin və sülhün təmin
edilməsi üçün də bunun çox
böyük əhəmiyyəti var.
Bu, eyni zamanda, ona görə önəmlidir ki,
bu gün də Ermənistanda revanşist qüvvələr
baş qaldırmağa çalışır. Azərbaycanı
növbəti təxribatlarla, növbəti müharibə ilə
hədələməyə çalışırlar. Onlar
anlamalıdırlar ki, biz hər şeyə diqqət yetiririk,
hər şeyə nəzarət edirik və heç vaxt imkan
verə bilmərik ki, erməni faşizmi bir daha
başını qaldırsın. Biz erməni faşizmini məhv
etmişik. Düşməni öz doğma
torpaqlarımızdan qovmuşuq. Onları torpaqlarımızdan
rədd etmişik. Ermənistan ordusunu demək olar ki, məhv
etmişik. Ermənistan ordusu yoxdur, dağılıb. Həm
texnika dağılıb, həm canlı qüvvə
dağılıb. Özləri etiraf edirlər ki, müharibə
zamanı onların 10 min fərarisi olubdur. Azərbaycan
Ordusunda bir dənə də fərari olmayıbdır. Bu,
xalqımızın, Ordumuzun yüksək mənəvi ruhunun
təzahürüdür. Aparılan siyasətin təzahürüdür.
Biz döyüş meydanında Qələbə qazandıq.
Biz bu torpaqları vuruşaraq işğalçılardan azad
etmişik. Ermənistanı məğlub edib məcbur
etdik ki, noyabrın 10-da kapitulyasiya aktına imza atsın və
Laçın, Kəlbəcər, Ağdam rayonlarını məcbur
olub bizə qaytarsın. Çünki danışıqlar
zamanı heç vaxt Laçın və Kəlbəcər
rayonlarını bizə qaytarmaq istəmirdi. Danışıqlarda razılığa gəlməməsinin
əsas səbəbi də məhz bunda idi. Əfsuslar olsun ki,
Ermənistanın və onun bəzi xarici havadarlarının
mövqeyi ondan ibarət idi ki, beş rayon Azərbaycana
qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və
Dağlıq Qarabağa nə vaxtsa müstəqillik
verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın
əbədi nəzarəti altında qalsın. Mən bu təklifi
rədd etdim.
Həyat göstərdi ki, biz güclü iradə,
cəsarət göstərərək istədiyimizə nail
ola bildik. Laçın rayonunu qaytarmaq fikirləri belə yox
idi onların. Biz gəldiyim yolla gələrək, yol boyunca
yerləşən bütün rayonları, kəndləri,
şəhərləri azad edərək, bax, buralara gəldik.
Laçın rayonunun cənub hissəsini
işğalçılardan azad etdik, Güləbird kəndini
azad etdik. Burada Səfiyan və Türklər kəndləri
yerləşir, onları da azad etdik və Laçın dəhlizinə
nəzarət etmək üçün hərbi plasdarm
yaratdıq və artıq Laçın dəhlizi atəşimiz
altında idi. Faktiki olaraq bu istiqamətdən hərəkət
edərək biz strateji əməliyyatlarımızı
aparmışdıq. Eyni zamanda, əks tərəfdən -
Xocavənd rayonundan Şuşa şəhərinə gedərək,
dağlardan, dərələrdən keçərək
uğurlu əməliyyat apara bilmişik. Laçın
rayonunun, bax, bu cənub hissəsi hərbi əməliyyat nəticəsində
azad edilmişdir. Biz döyüş meydanında düşməni
məğlub etdik və tarixi ədaləti bərpa etdik.
Laçın rayonu Şuşadan sonra
işğala məruz qalmış ikinci rayondur. Laçın
rayonunun işğal altına düşməsi faktiki olaraq Ermənistanla
Dağlıq Qarabağ arasında coğrafi bağlantı
yaratmışdır. Halbuki sovet vaxtında bu bağlantı
yox idi. 1992-ci il mayın 8-də Şuşanın
işğalından 10 gün keçəndən sonra
Laçın rayonu işğal altına düşdü. Bu,
böyük faciə idi. Hər bir rayonun itirilməsi
böyük faciə idi. İnsanlar həlak olub, insanların əmlakı
dağıdılıb, insanlar öz dədə-baba
torpaqlarından didərgin salınıb. Eyni zamanda,
Laçın rayonunun işğal altına düşməsi
strateji nöqteyi-nəzərdən çox böyük məğlubiyyətimiz
idi. Laçın rayonunu satanlar, Şuşanı satanlar eyni
adamlardır. Mən bunu demişəm. Bir daha demək istəyirəm
ki, Azərbaycan xalqı bunu bilsin və heç vaxt
unutmasın. AXC-Müsavat mənfur cütlüyü hakimiyyətə
gəlmək üçün bu torpaqları düşmənə
satıb. O vaxt hakimiyyəti yıxmaq üçün
Bakıda mitinqlər təşkil edirdilər,
çaxnaşma təşkil edirdilər, hakimiyyətə gəlmək
üçün istənilən satqınlığa hazır
idilər və bu satqınlığı etdilər.
Şuşanı boşaltdılar. Halbuki onların nəzarəti
altında qüvvələr var idi. Şuşa ermənilər
oraya girəndə, faktiki olaraq, boş idi. Şuşanı
heç kim müdafiə etmirdi. Sonra Laçın rayonunu da
satdılar və ondan sonra heç bir ay keçməmiş
hakimiyyətə gəldilər. AXC-Müsavat
cütlüyü bu satqınlığı, bu xəyanəti
edib, bu cinayəti törədib. 1993-cü ilin aprelində Kəlbəcər
də işğal altına düşəndən sonra
qorxaqcasına qaçıb gizlənib, fərarilik edib. Azərbaycan
xalqı bunu heç vaxt unutmamalıdır, bu
satqınları, bu xainləri, bu düşmənləri
unutmamalıdır! Onlar satıblar bizim
torpaqlarımızı. Biz qaytarmışıq bu
torpaqları, qayıtmışıq. Bax, durmuşam burada -
Laçın rayonunda. Bu torpaqları düşməndən
azad edən Müzəffər Ordunun Ali Baş Komandanı kimi
Azərbaycan bayrağını qaldırmışam və bu
bayrağın altında Azərbaycan xalqına doğma
Laçın diyarından müraciət edirəm. Bizim Qələbəmiz
tarixi Qələbədir. Biz tarixi ədaləti bərpa etdik.
Biz öz haqlarımızı bərpa etdik, biz şəhidlərimizin
qanını aldıq, biz düşməndən qisas aldıq
və qayıtmışıq. İndi isə bərpa işləri
gedir və gedəcək. Mən demişəm, biz bu bölgəni
- Qarabağı cənnətə çevirəcəyik.
Artıq bütün göstərişlər verilib.
Bütün işlər görülür, planlı şəkildə
görüləcək və biz bundan sonra bu torpaqlarda əbədi
yaşayacağıq. Heç kim bizi bundan sonra bu torpaqlardan tərpədə
bilməz. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”.
* * *
Sonra Prezident İlham Əliyev Həkəri
çayı üzərində yerləşən 8 meqavat
gücündə “Güləbird” Su Elektrik Stansiyasının
açılışında iştirak edib.
Erməni qəsbkarlar işğal
dövründə xislətlərinə uyğun olaraq digər
yerlərdəki kimi, bu stansiyanı da darmadağın ediblər.
Dövlətimizin başçısının
tapşırığı ilə qısa müddət ərzində
istismara verilən bu stansiya işğaldan azad olunmuş ərazilərdə
infrastrukturun yaradılması və nəzərdə tutulan
digər işlərin həyata keçirilməsi
baxımından böyük önəm daşıyır.
Prezident İlham Əliyev “Güləbird” Su
Elektrik Stansiyasını işə salıb.
Qeyd edək ki, “Güləbird” Su Elektrik
Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar
hadisədir. Bu, işğaldan azad olunan rayonlarda Prezident
İlham Əliyevin iştirakı ilə istifadəyə verilən
ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər
əhalinin elektrik enerjisi ilə təminatında mühüm
rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun
Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini
və ərazidə yerləşən digər infrastruktur
layihələrini elektrik enerjisi ilə təmin edəcək.
* * *
Sonra dövlətimizin başçısı,
birinci xanım və qızları Leyla Zəngilan
rayonundakı Bəsitçay Dövlət Təbiət
Qoruğunun ərazisinə gəliblər.
Erməni qəsbkarlar işğal altında
saxladıqları dövrdə digər ərazilərdə
olduğu kimi, Bəsitçay qoruğunda da ekoloji terror
törədiblər. Mənfur düşmən qoruğun
meşəlik ərazisinin demək olar ki, yarısını məhv
edib, ağacların kökünü, oduncağını
yandırıb. Burada illərlə formalaşmış təbii
ekosistemin tarazlığına erməni vandalizmi nəticəsində
ciddi zərbə vurulub.
Prezident İlham Əliyev, birinci xanım
Mehriban Əliyeva və qızları Leyla Əliyeva Bəsitçay
qoruğunda çinar ağacları əkiblər.
Sonra dövlətimizin başçısı,
birinci xanım və qızları Bəsitçaya balıq
buraxıblar.
Prezident İlham Əliyev: Bəsitçay
Dövlət Təbiət Qoruğunda çinar
ağacları əkdik. Bəsitçay qoruğu 1974-cü
ildə Ulu Öndər Heydər Əliyevin
tapşırığı ilə yaradılmışdır.
Burada 100 hektardan çox sahədə nadir çinar
ağacları dövlət tərəfindən qorunurdu. Bu,
nadir çinar ağacları meşəsi idi.
İşğaldan sonra mənfur düşmən
çinarların böyük hissəsini kəsib,
doğrayıb, talayıb və yandırıb. Bu, erməni
vandalizminin növbəti əlamətidir. Bu gün Bəsitçay
təbiət qoruğunun bərpasına start verildi.
Biz bu qoruğu bərpa edəcəyik. Əlbəttə
ki, burada kəsilmiş ağacların yaşı təqribən
200-300 ilə bərabər idi. Ancaq hər halda öz borcumuzu
yerinə yetirdik.
Eyni zamanda, Bəsitçaya balıqlar da
buraxdıq. Bəsitçay da çox gözəl
çaydır. Ümumiyyətlə, bu bölgə
çaylarla zəngindir. Tərtərçay,
Xaçınçay, Bəsitçay, Bazarçay, Həkəri
çayı və digər çaylar bundan sonra Azərbaycan
xalqına xidmət edəcək. Mənfur düşmən
işğal dövründə Tərtərçayın da
suyunun qabağını kəsmişdir və bir neçə
rayonumuzda yüz min hektardan çox torpaq susuz
qalmışdır. Bizə qarşı ekoloji terror törədilmişdir.
* * *
Sonra dövlətimizin başçısı
İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və
qızları Leyla Əliyeva Cəbrayıl rayonunun Soltanlı
kəndinə yola düşüblər.
Prezident İlham Əliyev: Tapşırıq
verilib tədbirlər görülsün ki, bu günə qədər
suvarılmayan 100 min hektar torpaq sahələrinə su verilsin.
Beləliklə, 6-7 rayonun kənd təsərrüfatı sahəsi
daha sürətlə inkişaf edəcək, məhsuldarlıq
artacaq, fermerlər, kəndlilər daha çox pul qazanacaqlar.
Evləri də, təbiəti də bərpa edəcəyik.
Eyni zamanda, göstəriş vermişdim ki, vaxt itirmədən
payızlıq əkin də aparılsın. Biz qısa
müddət ərzində bütün
imkanlarımızı, texnikanı, işçi qüvvəsini
səfərbər etmişik və 7 min hektarda əkin işləri
aparılmışdır. O əkin sahələrinə də
baxacağam. Builki mövsümdə təqribən 20-25 min
hektarda əkin işləri aparılacaq. Yəni,
biz vaxt itirmədən kənd təsərrüfatını
dirçəldəcəyik. Əlbəttə ki, azad
edilmiş torpaqların kənd təsərrüfatı
potensialı çox böyükdür.
İşğalçılar bizim torpağımızdan da
istifadə edib qanunsuz gəlirlər əldə etmişdilər.
İşğal dövründə ən azı 90 min
hektarda taxıl əkilmişdi. Buna da son qoyuldu. Azad edilmiş
torpaqlarda bitkiçilik, meyvəçilik, heyvandarlıq
sürətlə inkişaf edəcək.
Cəbrayıl rayonunun Soltanlı kəndinin ərazisinə
gələn Prezident İlham Əliyevə işğaldan azad
olunmuş torpaqlarda əkinlərlə bağlı
görülən işlər barədə məlumat verilib.
Yeni Azərbaycan.-
2021.- 16 fevral.- S.2.3.