Azərbaycan xalqının milli dəyərlərinin qorunmasında KİV-in mühüm rolu var

 

Ekspertlərin fikrincə, perspektivdə media xalqımızın milli məfkurəsi olan azərbaycançılıq ideologiyasının təbliği yönündə fəaliyyətini daha da genişləndirməlidir

Müasir Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyası milli birliyin formalaşdırılmasında təməl prinsipi rolunu oynayır. 1990-cı illərin əvvəlində kövrək, yeni əldə olunmuş müstəqilliyimizin, suverenliyimizin qorunmasında mühüm konsepsiyaya çevrilmiş milli məfkurəmizin təbliği istiqamətindəki fəaliyyətin uğurla davam və inkişaf etdirilməsi digər sahələrə təsir etməklə yanaşı, eyni zamanda, gəncliyin milli vətənpərvərlik ruhunda yetişməsinə də yol açdı. 44 günlük Vətən müharibəsi dövründə gənclərimizin ölkəmizin ərazi bütövlüyü uğrunda bir nəfər kimi silaha sarılması, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından belə keçməyə hazır olması deyilənləri təsdiqləyir. Qeyd edilməlidir ki, məhz vahid ideologiya ətrafında birliyimiz, milli həmrəyliyimiz bütün çətinliklərə sinə gərməyimizə, düşmənlə mübarizədə uğura nail olmağımızda əsaslı rol oynadı.

Bununla yanaşı, azərbaycançılıq ideologiyası milli dəyərlərimizin bəşəri təbliğində də müstəsna rol oynayır. Bu gün Azərbaycan Respublikasının hər bir vətəndaşı öz dövlətinin inkişafı, milli vəhdətin və birliyin qorunub saxlanılması, daha da gücləndirilməsi üçün üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışır. Bu mübarizədə azərbaycançılıq ideologiyası xalqımız, ölkə daxilində və xaricdə yaşayan soydaşlarımız üçün bir çətir altında bir yumruq kimi birləşmənin vahid formuludur. Nəticə etibarilə azərbaycançılıq ideologiyası müasir Azərbaycanın inkişafında mühüm rol oynayan şərtə çevrilməyi bacarıb. Bu baxımdan milli məfkurəmizin daha çox təbliğ edilməsi, gənclər arasında vətənpərvərlik ruhunun yüksəldilməsi işi günün aktual məsələlərindən birini təşkil edir. Bu vəzifə isə birmənalı şəkildə ölkə KİV-nin üzərinə düşür. İnformasiya əsrində yaşadığımızı nəzərə alsaq, gənclərin milli məfkurəmizlə daha yaxından tanış olması, bu haqda çox bilgilənməsi üçün mütəmadi olaraq bu istiqamətdə təbliğat aparılmalıdır. Bu, azərbaycançılıq ideologiyasının cəmiyyətdə daha mökəm əsaslarda bərqərar olmasını təmin edir.

Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı, Əməkdar jurnalist Sevil Mikayılova bildirib ki, Azərbaycan xalqı tarixən öz milli dəyərlərinə, milli irsinə, Vətəninə və dövlətinə bağlı olub. Bu isə özlüyündə xalqın öz milli məfkurəsi ətrafında sıx birləşməsini təmin edib. Millət vəkili qeyd edib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli birliyimizin, həmrəyliyimizin əsas təminatçısı olmaqla yanaşı, xalq, millət kimi formalaşmamızı da təmin etdi. Gənc, müstəqil Azərbaycan dövlətinin inkişafında əhəmiyyətli yer tutan azərbaycançılıq ideologiyası istər ölkə daxilində, istərsə də ölkə xaricində yaşayan azərbaycanlıların istinadgahına çevrildi və bu amil dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq bütün soydaşlarımızın Vətəninə bağlılığını daha da gücləndirdi: “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət siyasətini yeni, müasir dövrün çağırış və tələblərinə uyğun şəkildə uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyev azərbaycançılıq ideologiyasının daha da möhkəmlənməsi, xalqımızın milli məfkurə ətrafında daha sıx birləşməsi üçün qətiyyətli iradə nümayiş etdirdi. Xüsusi vurğulanmalıdır ki, bu gün Vətəni üçün bütün çətinliklərə sinə gərməyi bacaran, torpaqlarımızı düşmən işğalından azad edən müasir Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyev məktəbinin, Prezident İlham Əliyev idarəçiliyinin yetirməsidir. Gənclərimiz məhz milli-mənəvi dəyərlər əsasında tərbiyə alıb. Bir daha qeyd etmək istəyirəm ki, bunu 44 günlük Vətən müharibəsi də təsdiqlədi. Bu, həm də dövlətimizin apardığı siyasi kursun cəmiyyətin sağlam əsaslar üzərində qurulmasını təmin etdiyinin göstərcisidir”.

Azərbaycançılıq ideologiyası, milli dəyərlər və Vətənə bağlılıq kimi ülvi hislərin cəmiyyətdə daim təbliğ edilməsinin vacibliyi məsələsinə də toxunan millət vəkili ölkə KİV-nin bu istiqamətdəki fəaliyyətini birmənalı şəkildə yüksək qiymətləndirib. S.Mikayılova qeyd edib ki, müstəqilliyin əldə olunmasından sonra ölkəmizdə müasir və milli dəyərlərə bağlı, dövlətin və dövlətçiliyin təəssübkeşliyini çəkə biləcək jurnalistika formalaşıb. “Təbii ki, ölkəmizdə hər zaman söz, fikir azadlığı, plüralizm təmin edilir. Azərbaycanda fərqli siyasi baxışa və ya fikirə, tənqidə hər zaman dözümlü, tolerant münasibət sərgilənib. Bununla belə, mövzu dövlət, Vətən, ərazi bütövlüyümüz kimi ümummilli məsələlər olduğu təqdirdə nəinki jurnalistikamızda və ya siyasi palitramızda, hətta cəmiyyətimizdə belə demək olar ki, fikir ayrılığı olmur. Azərbaycan xalqının milli dəyərləri qorumasında, inkişaf etdirməsində isə KİV-in böyük rolu var. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan jurnalistlərinin cəbhə bölgəsindəki fəaliyyəti, xarici ölkələrdən gələn jurnalist həmkarlarını Azərbaycan həqiqətləri ilə yaxından tanış etməsi, ölkəmizin haqlı mübarizəsi haqqındakı fikirləri bunu bir daha təsdiqləyir. Bu, uzun illər aparılmış işin məntiqi nəticəsidir”, - deyən S.Mikayılova onu da əlavə edib ki, bu ənənənin qorunması olduqca vacibdir.

Millət vəkili bildirib ki, hər birimiz bundan sonra da ali dəyərlərimizə sahib çıxmalı və bunu dəyərləndirməliyik, milli maraqlarımızın təmin olunması üçün həmrəy olmağı bacarmalıyıq: “Fikrimcə, gələcək perspektivdə də təbliğatımızın mühüm istiqamətini məhz azərbaycançılıq ideologiyasının işığı altında birləşmiş xalqımızın ərazi bütövlüyünü təmin etməsi, ən çətin vəzifələrin öhdəsindən gəlməsi təşkil etməlidir. Biz öz zəfər tariximizi təbliğ etməliyik. Bu, həm də gələcək nəsil üçün böyük bir irsdir. Gələcək nəsillər məhz bu irsin üzərində öz Vətəninə, dövlətinə sahib çıxmağı bacarmalıdır. Torpaqlarımız uğrunda döyüşən insanlarımızı, həm I, həm də II Qarabağ müharibələrində qəhrəmanlıqla şəhid olan igidlərimizi, sağlamlıqlarını itirən qazilərimizi xalqımıza, gələcək nəsillərə tanıtmalıyıq”.

“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının dövlətçiliyimizin möhkəmləndirilməsində önəmli rol oynadığını diqqətə çatdırıb. Baş redaktor bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu milli məfkurəmiz Azərbaycanda xalq-iqtidar birliyini formalaşdırmaqla yanaşı, gələcək qüdrətli, güclü dövlətin təməlini qoydu. Məhz milli birliyin təmin olunması Azərbaycanın o dövrdəki çoxsaylı problemlərinin öhdəsindən gəlməyə, çoxşaxəli inkişafın əldə olunmasına, dövlət olaraq beynəlxalq aləmdə mövqelərin daha da möhkəmləndirilməsinə zəmin yaratdı. Ulu Öndər Heydər Əliyev ölkə daxilindəki milli birliklə yanaşı, dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın Vətənlə bağlarının daha da möhkəmlənməsinə şərait yaratdı: “Həmin dövrdə dünya azərbaycanlıları hələ tam təşkilatlanmamışdılar. Ulu Öndərimizin səyi nəticəsində xaricdə yaşayan azərbaycanlılarla işləyən müvafiq dövlət strukturu yaradıldı, onların problemlərinin həlli ilə bağlı addımlar atıldı. Təbii ki, bütün bu işlər nəticə etibarilə Azərbaycanın dünyada tanınmasına yol açırdı. Həmin soydaşlarımız yaşadıqları ölkələrdə Azərbaycanın təmsilçilərinə çevrilirdi və ölkəmizin tanıdılması, Qarabağ həqiqətlərinin təbliğ olunması işinə mühüm töhfələr verirdilər. Bu mənada, azərbaycançılıq məfkurəsi ölkəmizdə milli birliyin formalaşması ilə yanaşı, dünya azərbaycanlılarının da vahid ideoloji birliyinə zəmin yaratmış oldu”.

2003-cü ildən bu prosesin Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildiyini bildirən baş redaktor qeyd edib ki, ölkə başçısı milli dəyərlərimizin qorunması, xüsusilə gənclərimizin vətənpərvər ruhda yetişdirilməsi istiqamətində mühüm addımlar atır. Onun fikrincə, bu gün hansı sahədə çalışmasından asılı olmayaraq hər bir gəncimiz milli maraqların qorunmasını ən ümdə vəzifəsi hesab edir. “Biz bunu 44 günlük Vətən müharibəsində əyani şəkildə izlədik. Peşəsindən, təhsilindən, ictimai fəaliyyətindən asılı olmayaraq, hər bir gəncimiz cənab Prezidentin çağırışına cavab verdi və Vətəni düşməndən azad etmək üçün könüllü olaraq orduya yazıldı. Bu az-az təsadüf olunan və qürur duyulacaq bir haldır. Azərbaycan gənci bir daha Vətən sevgisinin, millət, xalq sevgisinin hər şeydən üstün olduğunu əməli ilə sübut etdi. Bu gün hər birimiz Azərbaycan gəncliyi ilə qürur duyuruq, Vətəni üçün canından keçməyə hazır olan gənclərimizi alqışlayırıq”, - deyən B.Quliyev onu da bildirib ki, gənclərin vətənpərvər ruhda yetişməsində ölkə mətbuatının, KİV-in qurduğu təbliğat işinin böyük rolu var.

Azərbaycan mətbuatının vətənpərvərlik, milli ənənələrin qorunması yönündə mütəmadi təbliğat işi apardığını önə çəkən baş redaktor qeyd edib ki, bu olduqca vacib bir nüansdır: “Mətbuat həm də cəmiyyətin, ictimaiyyətin hər hansı bir məsələ ilə bağlı rəyinin formalaşmasında əhəmiyyətli rol oynayan sahədir. Gənclərimizin dövlətçiliyə bağlılığının daha da artırılması yönündə qurulan fəaliyyət öz müsbət nəticələrini verir. 44 günlük Vətən müharibəsi bunu bir daha təsdiqləyir. Həmin dövrdə kimliyindən asılı olmayaraq, hər kəs üçün bir müqəddəs anlayış vardı - Vətən uğrunda. O çətin günlərdə cəbhə bölgələrindən reportajlar hazırlayan həmkarlarımız öz həyatlarını təhlükəyə atırdılar. Təbii ki, bütün bunlar Vətənə bağlılıqdan, sevgidən irəli gəlirdi. Fikrimcə, gələcək perspektivdə, mətbuat azərbaycançılıq ideologiyasının, vətənpərvərliyin, milli məfkurənin təbliği yönündəki fəaliyyətini daha da genişləndirməlidir. Çünki ideologiyasız, məfkurəsiz xalq olmaq mümkün deyil. Bizim ilk vəzifəmiz də qürur tariximizi, milli irsimizi gələcək nəsillərə çatdırmaq, onların da vətənpərvər ruhda yetişməsini təmin etməkdir”.

 

Pərviz SADAYOĞLU

 

Yeni Azərbaycan.- 2021.- 16 fevral.- S.6.