Azərbaycan Respublikası
Müharibə, Əmək
və Silahlı Qüvvələr Veteranları
Təşkilatının X plenumu keçirilib
Plenumda Prezident,
Müzəffər Ali
Baş Komandan İlham Əliyevə müraciət qəbul edilib
Fevralın 16-da Azərbaycan Respublikası
Müharibə, Əmək
və Silahlı Qüvvələr Veteranları
Təşkilatının X plenumu keçirilib.
AZƏRTAC xəbər
verir ki, tədbirdə Azərbaycan
Respublikası Prezidenti
Administrasiyasının, Əmək
və Əhalinin Sosial Müdafiəsi və Müdafiə nazirliklərinin nümayəndələri,
Təşkilatın Rəyasət
Heyətinin üzvləri,
respublikanın şəhər
və rayon veteran təşkilatlarının
sədrləri, veteranlar
iştirak ediblər.
Respublika Veteranlar
Təşkilatının sədri
vəzifəsini icra edən, İkinci Dünya müharibəsi veteranı Fatma Səttarova plenumu açaraq tədbirin gündəliyi barədə
məlumat verib. Bildirib ki, tədbirdə
təşkilatın ötənilki
fəaliyyətinin yekunları,
2021-ci il üçün
tədbirlər planı,
təşkilati və
cari məsələlər
müzakirə olunacaq.
Gündəlik təsdiqləndikdən sonra
Respublika Veteranlar Təşkilatının sədr
müavini, polkovnik Cəlil Xəlilov qurumun cari ildəki
fəaliyyətinin yekunlarına
və qarşıda duran vəzifələrə
dair hesabat məruzəsi ilə çıxış edib.
O, ölkəmizin müasir tarixinin ən qüdrətli dövrünü yaşadığını,
otuz il düşmən
tapdağı altında
qalan torpaqlarımızın
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin düşünülmüş və məqsədyönlü
siyasəti sayəsində
azad olunaraq əsl sahiblərinə qovuşduğunu bildirib.
Ulu Öndər
Heydər Əliyevin veteranlara daim diqqət və qayğı göstərdiyini
vurğulayan məruzəçi
bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirildiyini deyib. Qeyd olunub
ki, Respublika Veteranlar Təşkilatı
bu qayğı və diqqəti yüksək qiymətləndirir,
fəaliyyətini daha
səmərəli qurmağa
çalışır. C.Xəlilov bildirib
ki, 44 günlük Vətən müharibəsi
veteranlarının daim
diqqət mərkəzində
saxlanılması, sosial
problemlərinin həlli,
onların bilik və bacarıqlarından
gənclərin vətənpərvərlik
ruhunda tərbiyəsində
istifadə Təşkilatın
qarşısında duran
əsas vəzifələrdəndir. 2020-ci ildə təşkilat respublikamızda pandemiya ilə mübarizədə
veteranlara daim dəstək olub və fəaliyyətini sanitar-epidemioloji vəziyyətə
uyğun təşkil
edib.
C.Xəlilov Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin tapşırıq
və tövsiyələrini
rəhbər tutaraq, cari ildə Respublika Veteranlar Təşkilatının qarşısında
duran vəzifələrin
əsas istiqamətlərini
plenum iştirakçılarının
diqqətinə çatdırıb.
Sonra məruzə
ətrafında çıxışlar
olub, təşkilati məsələlərə baxılıb.
Tədbirdə müzakirəyə çıxarılan məsələlər,
eləcə də İkinci Dünya müharibəsinin veteranı
Fatma Səttarovanın
Təşkilatın sədri
vəzifəsinə seçilməsinə
dair Respublika Veteranlar Təşkilatının
Rəyasət Heyətinin
qərarı plenumun səsverməsində təsdiqlənib.
Bundan başqa, Respublika Veteranlar Təşkilatının 2021-ci il üçün hazırlanan tədbirlər
planı da səsə qoyularaq qəbul olunub. Təşkilatın nizamnaməsində dəyişiklik barədə
məlumat verilib, Rəyasət Heyətinin və Nəzarət-təftiş
komissiyasının yeni
tərkibi təsdiqlənib.
İclasda, həmçinin
44 günlük Vətən
müharibəsinin bir
qrup iştirakçısı
Təşkilatın Rəyasət
Heyətinə üzvlüyünə qəbul edilib.
Fatma Səttarova Respublika
Veteranlar Təşkilatına
göstərdiyi diqqət
və qayğıya görə Prezident İlham Əliyevə səmimi təşəkkürlərini
çatdırıb, təmsil
etdiyi qurumun dövlətimizin başçısının
çağırışlarına cavab verməsi üçün öz təcrübəsindən maksimum
istifadə edəcəyini
bildirib.
Sonda plenum
iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti,
Silahlı Qüvvələrin
Müzəffər Ali
Baş Komandanı İlham Əliyevə müraciət qəbul olunub.
Müraciətdə deyilir: “Möhtərəm
Prezident, cənab Ali Baş Komandan!
Azərbaycanın ərazi bütövlüyünün
bərpası, torpaqlarımızın
işğaldan azad edilməsi uğrunda aparılan müqəddəs
Vətən müharibəsində
əldə olunan möhtəşəm Zəfər
münasibətilə ölkəmizin
çoxsaylı veteranları
adından Sizi - bu Qələbənin memarını ürəkdən təbrik
edirik.
Sizin müdrik
və qətiyyətli
rəhbərliyinizlə Azərbaycan
bu Qələbəyə
doğru çətin
və şərəfli
yol keçdi. Münaqişənin davam etdiyi illərdə Siz çox böyük uzaqgörənlik, səbir
və təmkinlə həm xalqımızı,
həm də rəşadətli ordumuzu
haqqın və ədalətin bərpası
uğrunda müqəddəs
Vətən müharibəsinə
hazırladınız, Azərbaycan
Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, ən
müasir hərbi texnika ilə təchiz edilməsi üçün misilsiz səylər göstərdiniz.
Siz ən yüksək
beynəlxalq tribunalardan
Qarabağ həqiqətlərini
dünyaya bəyan etdiniz, aparıcı dövlətlərin rəhbərlərini
Qarabağın ölkəmizin
əzəli torpaqları
olduğuna və işğaldan azad edilməsinin labüdlüyünə
inandırdınız. Qardaş Türkiyə Respublikası başda olmaqla bütün türkdilli dövlətlərin,
həmçinin Pakistan,
İsrail kimi nüfuzlu dövlətlərin
Azərbaycanın haqq
işinə dəstəyinə
nail oldunuz.
Müharibənin davam etdiyi günlərdə xarici ölkələrin nüfuzlu
kütləvi informasiya
vasitələrinə, telekanallarına
verdiyiniz tutarlı arqumentlərlə zəngin
müsahibələrinizlə ölkəmizin haqq səsini dünya ictimaiyyətinə bir daha çatdırdınız,
ölkə vətəndaşlarını
öz ətrafınıza
səfərbər
edərək milli birlik formalaşdırdınız.
Azərbaycanın beynəlxalq hüququn
tələblərinə uyğun
olaraq öz torpaqlarında savaş apardığını sübut
etməklə ermənipərəst
xarici dairələrin
müharibənin gedişinə
müdaxilələrinin qarşısını
böyük məharətlə
aldınız.
Hərbi əməliyyatların gedişində Sizin müntəzəm olaraq bəyan etdiyiniz Qələbə müjdələrini,
işğaldan azad olunan yaşayış məntəqələri, düşmənin
məhv edilən qüvvəsi və hərbi texnikası barədə məlumatları
ölkəmizin hər
bir vətəndaşı səbirsizliklə
gözləyirdi. Bu xəbərləri böyük
sevinc və qürur hissi ilə dinləyir və səfərbər olurdular.
Sizin bilavasitə rəhbərliyinizlə
rəşadətli Azərbaycan
Ordusu vasitəçi
dövlətlərin 30 il
ərzində həll
edə bilmədiyi məsələni cəmi
44 gün ərzində
həll etdi, torpaqlarımızı erməni
işğalından azad
edərək ölkəmizin
ərazi bütövlüyünün,
Konstitusiya quruluşunun
və milli təhlükəsizliyinin bərpasına
nail oldu.
Siz şəhidlərimizin və Qarabağ qazilərinin qanlarının
yerdə qalmasına yol vermədiniz, üçrəngli bayrağımızı
illərdir yolumuzu gözləyən şəhər
və kəndlərimizdə
dalğalandırdınız, anaların göz yaşlarını sevinc yaşları ilə əvəzlədiniz.
Bu müharibə
Sizin müdrik və uzaqgörən siyasətçi olmaqla yanaşı, həm də mahir sərkərdəlik
bacarığınızın nümayişi oldu. Müqəddəs Qələbə sevincini yaşamağı
nəsib etdiyinizə görə Azərbaycan xalqı Sizinlə və Sizin yaratdığınız
Silahlı Qüvvələrlə,
onların peşəkar
zabitləri və rəşadətli əsgərləri
ilə qürur duyur. Əminik ki, yüz illər
bundan sonra gələn nəsillər
də Sizin qəhrəmanlıq, xilaskarlıq,
azadlıq missiyanız
haqqında oxuyaraq fəxr edəcəklər.
Bu gün
Siz Ulu Öndər
Heydər Əliyevin ideyalarına sadiq qalaraq azad, Müstəqil
Azərbaycanımızın veteranlarına çox böyük hörmətlə
yanaşır, onlara daim diqqət və qayğı göstərirsiniz. Plenumun iştirakçıları
və veteranlar adından Sizə dərin minnətdarlığımızı
çatdırır, Respublika
Veteranlar Təşkilatının
həmişə dövlətin,
xalqın yanında olduğunu, möhtərəm
Prezidenti dəstəklədiyini
bildirir, bir daha fəxrlə bəyan edir: Eşq olsun Ali Baş Komandan
İlham Əliyevə!
Yaşasın Azərbaycan
xalqı! Yaşasın
Azərbaycan Ordusu!. Qarabağ Azərbaycandır!”.
Yeni Azərbaycan.- 2021.- 17 fevral.- S.4.