“Wall Street Journal”: Azərbaycanlılar
birinci Qarabağ müharibəsindən sonra
dağıdılmış şəhərlərə qayıtmaq
istəyirlər
Beynəlxalq
KİV-lərdə Azərbaycanın işğaldan azad
olunmuş ərazilərində münaqişədən
sonrakı dövrün və indi doğma diyarlarını
ziyarət edə biləcək məcburi köçkünlərlə
bağlı hadisələrin işıqlandırılması
davam edir. 30 ildən çox bundan əvvəl Ermənistanla
birinci müharibə nəticəsində 1 milyona
yaxın azərbaycanlı
qaçqın və məcburi köçkün
vəziyyətinə düşüb,
lakin onların öz evlərinə qayıtması çətinliklərlə
və gərgin emosiyalarla bağlıdır.
AZƏRTAC xəbər verir ki, bu
fikirlər “Wall Street Journal” nəşrinin müxbiri M.Simmonsun həmin jurnalda dərc edilmiş məqaləsindən
götürülüb. Simmons
yazır: “Artıq
minlərlə azərbaycanlı
qaçqın və məcburi köçkün
erməni silahlı qüvvələri tərəfindən
30 illik işğaldan
sonra azad edilmiş ərazilərə
qayıda biləcək,
lakin hələlik həmin rayonlarda yaşamaq üçün
zəruri infrastruktur yoxdur. Əslən Ağdamdan olan 74 yaşlı Sayalı Paşayevanı və digər məcburi köçkünləri narahat
edən odur ki, şəhərlər və kəndlər xarabalığa çevrilib,
orada yaşamaq və işləmək üçün hələ
şərait yoxdur.
Sayalı Paşayeva
əhalisinin sayı
40 min nəfər olmuş Ağdama birinci səfəri zamanı deyib: “Allaha şükür edirəm ki, mənim öz yurdumda ölməyim üçün oraya qayıtmağıma imkan verib”. Sayalı Paşayeva, onun oğlu və qızı Ağdama gələrkən qırmızı
rəngli bir xalçanı oradakı məscidə hədiyyə
ediblər. Bu məscid Ağdamda salamat qalmış yeganə binadır. Şəhərdəki digər
tikililər tamamilə
dağıdılıb. Ağdamın işğalından Paşayevlər
ailəsi ikimərtəbəli
evdə yaşayırdı.
Münaqişə nəticəsində
bu ailə uzun illər boyu çadır şəhərciyində yaşamalı
olub. Ötən ilin payızında Azərbaycan Ordusu işğalçı erməni
qüvvələrinə qarşı
əks-hücum nəticəsində Ağdamı və digər rayonları nəzarət altına götürməyə
müvəffəq olub.
İşğaldan azad edilmiş rayonlarda zəruri yenidənqurma işlərinin
miqyası çox böyükdür. Azərbaycan Parlamentində
İqtisadi planlaşdırma
və biznes komitəsinin sədri Tahir Mirkişilinin sözlərinə görə,
1990-cı illərdə Ermənistan
tərəfindən zəbt
edilmiş rayonlarda 150
mindən çox ev, 9 minə qədər ictimai bina, o cümlədən
700 məktəb dağıdılıb.
Torpaqların minalanması və partlamamış döyüş
sursatları işğaldan
azad olunmuş ərazilərdə həyat
üçün yenə
təhlükə yaradır.
Dəmiryol və aeroport dağıdıldığına
görə, işğaldan
azad olunmuş ərazilərə yeganə
yol avtomobil yoludur. Bu da
öz növbəsində
kommunal xidmətlərin
və dağıdılmış
şəhərlərin bərpasını
çətinləşdirir. Buna baxmayaraq, 1990-cı illərin əvvəlində
bu bölgəni tərk etməyə məcbur olmuş azərbaycanlılar arasında
nostalgiya və vətənpərvərlik hissləri
dərin kök salıb. Sayalı Paşayevanın oğlu deyib: “Biz Ağdamda
olduğumuz dövrdə
milyoner idik. Qaçqın vəziyyətinə
düşmək bizim
üçün təhqir
idi”.
Jurnalist daha
sonra əslən Füzulidən olan ssenarist Elxan Xanəlizadə barədə
söhbət açır.
Ermənilər Elxanın yaşadığı
kəndi tutanda onun 13 yaşı vardı. Elxanın ailəsinin də 8 otaqdan ibarət ikimərtəbəli evi vardı. Elxan o faciəli günləri indi də xatırlayır:
60 kilometr yolu ayaqyalın getməli olmuşdu, ayaqları qan içində idi. Ailənin hər hansı qiymətli əşyalarını
götürməyə vaxt
yox idi.
Məqalədə münaqişənin tarixindən, ermənilərin
Dağlıq Qarabağ
regionunu ilhaq etməyə cəhd göstərməsindən də
bəhs edilir, hərçənd BMT bütün
bu müddətdə Azərbaycanın ərazi
bütövlüyünü tanımaqda davam edib.
Simmons yazır
ki, Azərbaycan hökuməti Dağlıq
Qarabağı və ona bitişik rayonları geri qaytarmağı vəd edərkən əhalinin dəstəyinə güvənirdi.
Azərbaycan hökumətinin
məlumatına görə,
800 minə yaxın azərbaycanlı öz əzəli torpaqlarına
qayıtmaq arzusunda olduğunu bildirib. Azərbaycan Prezidenti İlham Əliyevin xarici siyasət məsələləri üzrə
köməkçisi Hikmət
Hacıyev bildirib ki, bu fakt
qürur doğurur. Müəllif yazır: “Bəzi müstəqil iqtisadçıların hesablamalarına
görə, işğaldan
azad edilmiş ərazilərin bərpasına
çəkiləcək xərclər
Azərbaycanın ildə
15 milyard dollara yaxın olan illik büdcəsindən çox ola bilər. Azərbaycan hökuməti Qarabağda
yeni infrastruktur yaradılması üçün
indiyə qədər
bu məbləğin təqribən 10 faizini ayırıb.
Rəsmi şəxslər
də ümid edirlər ki, işğaldan azad olunmuş rayonlarda yenidənqurma proqramının
həyata keçirilməsinə
özəl və xarici investisiyalar da kömək edəcək. Türkiyə, İran, Macarıstan,
İtaliya və Böyük Britaniya hökumətləri bu regionun bərpasına töhfə verməyə,
o cümlədən sənayeyə
sərmayə qoymağa
və ərazilərin
minalardan təmizlənməsinə
kömək etməyə
hazır olduqlarını
bildiriblər. İşğaldan
azad edilmiş bəzi rayonlarda bərpa işləri artıq başlanıb. Füzuli rayonunda yol boyunca vurulmuş
yeni yol nişanlarında kəndlərin
adları göstərilib.
Hazırda orada aeroport tikilir. Bu rayondan olan
azərbaycanlıların çoxu
oraya qayıtmaq imkanını nəzərdən
keçirir”.
Yeni Azərbaycan.- 17 fevral.- S.5.