“Zəfər salnaməsi”
Yeni Azərbaycan Partiyası
tərəfindən nəşr
olunan bu kitabda Azərbaycanın Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə diplomatiya və informasiya cəbhəsində qətiyyətli
mübarizə aparması,
şanlı
Ordumuzun 44 günlük
Vətən müharibəsi
zamanı xilaskarlıq
missiyasını şərəflə yerinə yetirməsi nəticəsində
tarixi ədalətin bərpa olunması və digər mühüm məsələlər
öz əksini tapıb.
Azərbaycanın Vətən müharibəsi
zamanı möhtəşəm
qələbə qazanması,
uzun müddətdir ki, Ermənistanın işğalı altında
olan torpaqlarımızın
azad olunması, ölkəmizin ərazi bütövlüyünün və
tarixi ədalətin bərpa edilməsi, heç şübhəsiz,
xalqımızın çoxəsrlik
dövlətçilik tarixinin
ən şərəfli
səhifələrindən biridir. Qüdrətli Azərbaycan Ordusunun
44 günlük Qələbə
yürüşü nəticəsində
yazılan şanlı
qəhrəmanlıq dastanı
unudulmaz Zəfər salnaməsi olmaqla yanaşı, dünya hərb tarixinə düşən unikal nümunədir. Əlbəttə,
ölkəmizin bu tarixi nailiyyəti təsadüfi xarakter daşımır və ötən
müddət ərzində
həm ordu quruculuğu sahəsində,
həm diplomatiya cəbhəsində görülən
işlərin, eyni zamanda, beynəlxalq informasiya müstəvisində
Azərbaycan reallıqlarının
sistemli və məqsədyönlü şəkildə
təbliğinin nəticəsidir.
O da xüsusi
olaraq vurğulanmalıdır
ki, Azərbaycanın bu qürurverici və əzəmətli qələbəsinin müəllifi
xalqımızın Ümummilli
lideri Heydər Əliyevin layiqli davamçısı möhtərəm
Prezident İlham Əliyevdir. Cənab İlham Əliyev
hərb meydanında müzəffər sərkərdə,
diplomatik cəbhədə
mahir strateq nümunəsi ortaya qoymaqla yanaşı, informasiya müharibəsində
Azərbaycanın haqq-ədalət
səsi oldu, qətiyyətlə və
cəsarətlə bütün
təzyiqləri dəf
etdi, xalqın dəstəyindən güc alan prinsipial Lider kimi mübarizlik rəmzinə çevrildi.
Ölkə rəhbəri
ötən müddət
ərzində hücum
diplomatiyası həyata
keçirməklə, müxtəlif
beynəlxalq kürsülərdən
tarixi həqiqətləri,
Dağlıq Qarabağ
münaqişənin tənzimlənməsi
ilə əlaqədar
vacib hüquqi və siyasi məsələləri
diqqətə çatdırmaqla,
dünya miqyasında ictimai rəyin Azərbaycanın lehinə
dəyişməsini təmin
etdi. Qeyd olunması vacib
olan ən mühüm məsələlərdən
biri budur ki, Azərbaycan Ordusunun 44 günlük müharibə zamanı ardıcıl uğurlarına
paralel olaraq, dövlətimizin başçısı
dünyanın nüfuzlu
nəşrlərinə müsahibələri,
xalqa müraciətləri
zamanı bütün reallıqları dünya ictimaiyyətinin diqqətinə
çatdırdı, erməni
yalanlarını ifşa
etdi, anti-Azərbaycan dairələrin qarayaxma kampaniyasını iflasa uğratdı. Bunun nəticəsidir ki, beynəlxalq mediada Azərbaycanın haqlı,
ədalətli mövqeyini
əks etdirən çoxlu sayda məlumatlar, təhlil xarakterli materiallar tirajlandı, müxtəlif
süjetlər yayımlandı.
Bu isə informasiya müharibəsində
Azərbaycanın mütləq
üstünlüyünü təmin edən mühüm amil oldu.
Bu gün
də bəhs olunan məsələləri
özündə ehtiva
edən materiallar nəşr olunur, yerli və beynəlxalq
auditoriyanın – geniş
ictimaiyyətin diqqətinə
təqdim edilir. Yeri gəlmişkən, Yeni Azərbaycan Partiyası tərəfindən bu günlərdə nəşr
olunan “Zəfər salnaməsi” adlı kitabda Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə diplomatiya və informasiya cəbhəsində
apardığı uğurlu
və qətiyyətli
mübarizə, Azərbaycan
Ordusunun 44 günlük
müharibə zamanı
döyüş meydanında
öz sözünü
deməsi və xilaskarlıq missiyasını
şərəflə yerinə
yetirməsi ilə əlaqədar məsələlər
öz əksini tapıb.
“Şərq-Qərb”
mətbəəsində işıq
üzü görən
536 səhifəlik nəşrdə
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin Azərbaycan həqiqətləri,
müharibə reallıqları
ilə bağlı dünyanın aparıcı
televiziya kanallarına,
informasiya agentliklərinə
və qəzetlərinə verdiyi
müsahibələr, Türkiyənin, eləcə
də müxtəlif ölkələrin
hökumət və
dövlət başçıları
ilə görüşləri zamanı
çıxışları, Azərbaycan xalqına müraciətləri, xüsusilə
də Şuşanın
işğaldan azad olunması ilə əlaqədar Şəhidlər
xiyabanından xalqımıza
səslənişi öz
əksini tapıb. Ən əsası, kitabda müasir, müstəqil Azərbaycan
dövlətinin qurucusu,
Ulu öndər Heydər Əliyevin “Şuşasız Qarabağ,
Qarabağsız isə,
ümumiyyətlə, Azərbaycan
yoxdur!” fikirlərinin ardınca Müzəffər
Ali Baş Komandan İlham Əliyevin 44 günlük
Vətən müharibəsi dövründə xalqa müraciətlərində yer
alan, bu gün də fəxrlə ifadə etdiyimiz “Bu gün böyük
qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir, Zəngilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir,
Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! Eşq
olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!” sözlərinə
yer verilib.
Yeri gəlmişkən,
nəşrdə ilk olaraq Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışının
yer alması müstəsna əhəmiyyətə
malikdir. O mənada ki, Vətən müharibəsində əsas
şüara çevrilən
“Qarabağ Azərbaycandır
və nida işarəsi” çağırışı
məhz bu sessiyada Prezident İlham Əliyev tərəfindən qətiyyətlə
və cəsarətlə bəyan edilmişdi.
Diqqət çəkən məqamlardan biri cənab İlham Əliyevin bəzi nüfuzlu nəşrlərin,
informasiya agentliklərinin
və televiziya kanallarının jurnalistlərinin
bəzən qərəzdən,
bəzən isə məlumatsızlıqdan irəli
gələn qeyri-adekvat
suallarını səbrlə,
təmkinlə, diplomatik
tərzdə
cavablandırması,
bu müsahibələri
ilə həm işğalçı
Ermənistana, həm də dünyaya tarix, hüquq və qürur dərsi keçməsi oldu. Məhz bu mühüm
məqamlar da ətraflı şəkildə
“Zəfər salnaməsi”ndə
yer alıb.
Nəşr oxuculara,
həmçinin dövlətimizin
başçısı İlham
Əliyevin və birinci xanım Mehriban Əliyevanın 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşünün
mühüm məqamlarını
çatdırıb. Həmin görüşdə
Müzəffər Ali
Baş Komandan İlham Əliyevin “Biz bu müharibəni
şəhidlərimizin canı-qanı
bahasına, hərbçilərimizin
rəşadəti hesabına,
dövlətimizin siyasəti
hesabına qazanmışıq”
sözləri 44 günlük
Vətən müharibəsində
Azərbaycanın unudulmaz
tarixi zəfərini təmin edən amillərin həm daxili, həm də beynəlxalq auditoriyanın diqqətinə
çatdırılması baxımından çox önəmli fikirlər kimi nəşrdə əks olunub.
Kitabda dövlətimizin
başçısı, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza
səfərlərinə də
geniş yer ayrılıb.
“Zəfər salnaməsi” Bakının
Azadlıq meydanında
Vətən müharibəsində
şanlı Qələbəyə
həsr olunmuş Zəfər paradı ilə tamamlanıb. Bu hissədə dövlətimizin başçısının
dərinməzmunlu nitqi
və tarixi əhəmiyyətə malik
fikirləri öz əksini tapıb.
Bunlarla yanaşı,
ölkə Prezidentinin
işğal altında
olan torpaqlarımızın
bir-birinin ardınca işğaldan azad edilməsi ilə bağlı “Twitter” səhifəsində paylaşdığı
müjdəli xəbərlər
də kitabın səhifələrini bəzəyir.
Bir sözlə, “Zəfər
salnaməsi” Azərbaycanın
tarixi ədalətin bərpası uğunda mübarizəsi ilə əlaqədar faktların
öyrənilməsinə və
möhtəşəm qələbəmizlə
bağlı həqiqətlərin
təbliğinə imkan
verən çox əhəmiyyətli, zəruri
informasiyalarla zəngindir.
Nəşr, bütövlükdə,
Azərbaycanın tarixi
zəfərinin ayrı-ayrı
məqamlarını özündə
əks etdirən dəyərli, zəngin və mötəbər mənbədir.
Yeni Azərbaycan.- 19 fevral.-2021.-
S.3.