İşğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri hər bir vətəndaş üçün qürurvericidir

 

Milli Məclisin İntizam Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov www.yap.org.az saytına müsahibə verib:

 

 

 Eldar müəllim, hazırda işğaldan azad edilmiş ərazilərdə quruculuq-bərpa işləri həyata keçirilir. Artıq Laçın rayonunda Prezident İlham Əliyevin iştirakı ilə “Güləbird” SES-in açılışı oldu. Həmçinin Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyuldu. Bu barədə fikirlərinizi bilmək istərdik...

- Əlbəttə, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən quruculuq işləri hər bir vətəndaş üçün qürurvericidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri həmişə böyük maraq və ruh yüksəkliyi ilə qarşılanır. Dövlətimizin başçısının hər səfəri böyük əhəmiyyət daşıyan əlamətdar hadisələrlə yadda qalır. Azərbaycan Prezidentinin fevralın 14-də işğaldan azad olunmuş ərazilərimizə səfərində də ilkin infrastruktur layihələrinin təməlqoyma mərasimlərinin keçirilməsinin və açılışının şahidi olduq. Dövlətimizin başçısının qeyd etdiyi kimi, biz tezliklə doğma Qarabağımızı cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən tədbirlər bunu deməyə əsas verir.

Ümumiyyətlə, Vətən müharibəsində dövlətimizin möhtəşəm qələbəsini şərtləndirən bir sıra mühüm amillər var. Ötən illər ərzində Azərbaycanın həyata keçirdiyi uğurlu siyasət ölkəmizin beynəlxalq müstəvidə imicini daha da gücləndirib. Bu gün Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır.

Son 17 il ərzində Ulu Öndər Heydər Əliyevin siyasi kursunun uğurla davam etdirilməsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl şəkildə həyata keçirilən məqsədyönlü siyasət sayəsində Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün əlverişli hüquqi baza formalaşmış, vacib beynəlxalq sənədlər qəbul olunmuşdu. Təbii ki, bu məsələdə dövlətimizin başçısının bütün beynəlxalq platformalarda Ermənistanın işğalçılıq siyasətini, bu münaqişə ilə bağlı ölkəmizin tarixi faktlara və beynəlxalq hüquqa əsaslanan prinsipial mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırması mühüm rol oynayıb. Digər vacib bir məqam isə ölkəmizin iqtisadi sahədə əldə etdiyi uğurlar hesabına Silahlı Qüvvələrimizin hərbi qüdrətinin artırılması üçün ötən 17 ildə atılan davamlı addımlarla bağlıdır. Yəni 17 il ərzində Azərbaycan münaqişənin həlli istiqamətində siyasi müstəvidə fəallıq göstərməklə yanaşı, həm də ölkəmizin iqtisadi, hərbi gücünün artırılması istiqamətində məqsədyönlü iş aparıb. 1990-cı illərin əvvəlində AXC-”Müsavat” cütlüyündən bizə miras qalmış işğal faktı məhz düşünülmüş və uzaqgörən siyasət nəticəsində 44 günlük Vətən müharibəsi ilə aradan qalxdı.

Bu gün biz müşahidə edirik ki, o vaxtlar AXC-”Müsavat” cütlüyünün hakimiyyətində təmsil olunmuş, hazırda radikal müxalifət mövqeyində dayanan bəzi adamlar işğalçı Ermənistan üzərində qazanılmış qələbəmizin miqyasını kiçiltməyə çalışırlar. Amma onların cəhdlərinin heç bir mənası yoxdur. Çünki xalq kimin kim olduğunu yaxşı bilir. Onların miras qoyduğu problemi Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu həll etdi.

- Təməli qoyulan Horadiz-Ağbənd dəmir yolu xəttinin əhəmiyyətini necə qiymətləndirirsiniz?

- Prezident İlham Əliyevin təməlini qoyduğu, uzunluğu 100 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin strateji əhəmiyyəti olduqca böyükdür. Bu nəqliyyat infrastrukturu vətəndaşlarımızın azad olunmuş torpaqlara gediş-gəlişini asanlaşdıracaq, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa dəmir yolu nəqliyyat əlaqəsini yaradacaq.

Noyabrın 10-da imzalanmış birgə Bəyanatda Naxçıvan dəhlizinin yaradılması ilə bağlı xüsusi müddəa var. Naxçıvana quru dəhlizin açılması mühüm tarixi nailiyyətdir. Məhz Azərbaycan Prezidentinin təkidi ilə əvvəllər nəzərdə tutulmayan Azərbaycanın qərb rayonları və Naxçıvan MR arasında nəqliyyat əlaqəsi yaradılacaq. Bununla da Naxçıvan blokadadan çıxarılır, eyni zamanda, yeni nəqliyyat damarı yaradılır. Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvanla, həmçinin Türkiyə ilə birləşir. Belə bir yeni nəqliyyat dəhlizinin yaradılması regionda mühüm hadisədir və region ölkələrinin əməkdaşlığını daha da gücləndirəcək.

- Bu günlərdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında VII iclası keçirildi. Ümumiyyətlə, ölkəmizin həyata keçirdiyi enerji siyasətinin əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Son illərdə Azərbaycanın liderliyi ilə reallaşdırılan layihələr sayəsində regionun və Avropanın enerji xəritəsi əhəmiyyətli dərəcədə yenilənib. Ölkəmiz özünün zəngin neft və qaz resurslarının istehlakçılara şaxələndirilmiş marşrutlarla çatdırılmasına güclü siyasi iradə göstərir. Bu, həm təchizatçı ölkə kimi Azərbaycanın, həm də istehlakçı dövlətlərin maraqlarına uyğundur. Bu baxımdan Azərbaycanın zəngin “Şahdəniz” yatağının ehtiyatlarının işlənməsinə və Avropa ölkələrinə çatdırılmasına hesablanan Cənub Qaz Dəhlizi müstəsna əhəmiyyət daşıyır.

Yeni dəhliz zaman-zaman enerji amilinin siyasi təzyiq vasitəsinə çevrilməsindən əziyyət çəkən Avropa ölkələri üçün nəql marşrutlarının şaxələndirilməsi deməkdir. Elə bu və digər səbəblərə görə də Cənub Qaz Dəhlizinə maraq kifayət qədər böyükdür. Bunu fevralın 11-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin videokonfrans formatında keçirilən VII iclası bir daha təsdiqlədi. Budəfəki tədbirə əvvəlki iclaslarla müqayisədə daha çox sayda iştirakçının qatılması məmnunluq doğurur. Qeyd edim ki, qlobal pandemiya səbəbindən onlayn formatda baş tutan tədbirə 18 ölkənin, 19 şirkətin və 5 aparıcı beynəlxalq maliyyə təsisatının təmsilçiləri qatılıb. İclasda çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib ki, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbədir.

Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. Tikilib istifadəyə verilmiş kəmərlər vasitəsilə Azərbaycan qazı dünya və Avropa bazarlarına nəql olunur, respublikamız qlobal miqyasda qaz ixrac edən ölkəyə çevrilir. Bununla da Azərbaycan regionun, eləcə də Avropanın enerji təhlükəsizliyinin formalaşmasına töhfə verən ölkələrdən birinə çevrilir. Azərbaycan bu gün öz enerji məsələlərini uğurla həll edir. Cənub Qaz Dəhlizi, eləcə də Azərbaycanın dəstəyi ilə reallaşan digər enerji layihələri regionun təhlükəsizliyinə, iqtisadi inkişafına dəstək olmaqla yanaşı, Azərbaycanın özünün iqtisadi inkişafının artırılması baxımından çox əhəmiyyətlidir.

Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin formalaşdırıldığı bütün seqmentlərdə əsas payçılardan biridir, eyni zamanda, bu layihənin əsas təməlini meydana gətirən TANAP layihəsində ən çox paya sahib olan ölkədir. Bu da ona əsas verir ki, Azərbaycan hasil etdiyi təbii qazını özünün boru kəmərləri vasitəsilə daşıyaraq bu istiqamətdə əlavə dəyərini artıracaq, iqtisadi dividendlər əldə edəcək. Bununla da, Azərbaycan qazı Avropa üçün yeni, etibarlı və uzunmüddətli mənbə olacaq. Gələcəkdə Türkmənistan və Qazaxıstan kimi ölkələrin təbii qazının nəqlinin həyata keçirilməsi, digər tərəfdən, Şərqi Aralıq dənizindən çıxarılacaq təbii qazın, əsasən də, İsrailin təbii qazının gələcəkdə bu boru kəməri ilə daşına bilməsi Azərbaycanın dövlət büdcəsi gəlirlərinin daha da artması, ölkəyə valyutanın davamlı şəkildə daxil olması baxımından olduqca vacibdir.

- Eldar müəllim, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”i təsdiq edilib. Milli Prioritetlərin hazırlanmasını zəruri edən əsas amillər nədən ibarətdir?

- Son 17 il ərzində ölkəmizdə regionların inkişafına, yoxsulluğun azaldılmasına, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, habelə iqtisadiyyatın güclənməsinə və sosial həyatımızın yaxşılaşmasına dair bir çox irihəcmli və əhatəli Dövlət proqramları qəbul edilib və uğurla icra olunub. Onlardan bəzilərinin icrası hazırda da davam etdirilir. Həyata keçirilən bu və ya digər tədbirlər sayəsində ölkəmizdə uğurlu sosial-iqtisadi nailiyyətlər əldə edilib və Azərbaycanda qüdrətli dövlət və yüksək rifah cəmiyyətinin qurulmasına etibarlı zəmin yaradılıb.

Hazırda qarşıda duran əsas vəzifə ölkəmizin uzunmüddətli davamlı və sürətli inkişafı üçün cəmiyyət, biznes və dövlət üçlüyünün uğurlu əlaqəsini bundan sonra da möhkəmləndirmək, biznesə dost dövlət idarəetməsini genişləndirmək, xarici bazarlara yerli məhsulların çıxışını artırmaq və iqtisadi resursların daha yüksək əlavə dəyər yaradan sahələrə istiqamətlənməsini təmin etmək, işğaldan azad olunmuş ərazilərdə mövcud təbii sərvətlərdən səmərəli istifadə etməkdir.

Bu məqsədlərin reallaşdırılması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il 2 fevral tarixli Sərəncam imzalayıb. Sərəncamda növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritetin reallaşdırılması nəzərdə tutulur. Bunlar: dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət; rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı; işğaldan azad olunmuş ərazilərə böyük qayıdış; təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi. Qeyd etmək lazımdır ki, Milli Prioritetlər bir-biri ilə sıx əlaqədə olmaqla bir-birini tamamlayır. Sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılır ki, bu Sərəncamda təsdiq olunan Milli Prioritetlərə uyğun olaraq “2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsini doqquz ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Sərəncamda 2021-2025-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi hazırlanarkən qabaqcıl beynəlxalq təşkilatlar və ixtisaslaşmış məsləhətçi şirkətlərlə səmərəli əməkdaşlığın həyata keçirilməsi ilə yanaşı, ölkəmizin aidiyyəti dövlət orqanlarının (qurumlarının), elmi təşkilatların, mütəxəssislərin və vətəndaş cəmiyyəti təsisatlarının da cəlb olunması təmin edilməlidir. Bu isə o deməkdir ki, qeyd olunan strategiyanın hazırlanmasında, beynəlxalq təşkilatlar və məsləhətçilərlə yanaşı, ölkəmizdə fəaliyyət göstərən istənilən təşkilat, mütəxəssislər və bütövlükdə vətəndaş cəmiyyəti iştirak etmək imkanı qazanır. Ona görə də hər birimiz bu strategiyanın hazırlanmasında fəal iştirak etməklə onun daha ədalətli və gələcək çağırışlara cavab verəcək bir proqram olmasına öz töhfəmizi verməliyik. Çünki bu strategiya respublikamızda qüdrətli dövlət və yüksək rifah cəmiyyətinin formalaşmasına yönəlməklə mövcud və gələcək nəsillərin mənafeyinə tam uyğundur.

 

Yeni Azərbaycan.- 19 fevral.-2021.- S.4.